Mixail Krutixin: İran inqilab və islahat arasında – ekspert baxışı
13-08-2024, 18:35
Bu gün ASTNA rusiyalı analitik, neft və qaz bazarı üzrə tanınmış mütəxəssis, tərcüməçi, jurnalist, tarixçi, İran və ərəb ölkələri üzrə ixtisaslaşmış şərqşünas Mixail Krutixini salamlayır. Yaxın Şərqin, eləcə də İranda iqtisadi və siyasi vəziyyətin öyrənilməsində dərin biliyi və böyük təcrübəsi onu bu sahədə aparıcı mütəxəssislərdən birinə çevirir.
Mixail Krutixin bu bölgədə baş verən mürəkkəb proseslərlə bağlı unikal fikir yaradan çoxsaylı nəşrlərin və analitik icmalların müəllifidir. Bu yaxınlarda yazdığı “İnqilab oyunu: İran Kremlinin agentləri” kitabında sovet agentlərinin İranın siyasi proseslərilə qarşılıqlı əlaqəsini ortaya qoyaraq İran kommunizminin tarixinə yeni baxış təklif edir.
Bu müsahibədə İranla bağlı məsələlərə – onun tarixi və müasir problemlərinə, siyasi incəliklərinə və iqtisadi perspektivlərinə diqqət yetirəcəyik. Mixail islam inqilabı, etnik qrupların İran siyasətindəki rolu və ölkənin beynəlxalq arenada gələcəyi ilə bağlı fikirlərini bölüşəcək. Biz həm də İranı demokratik dəyişikliklərə apara biləcək yollar və bunun regional sabitliyə necə təsir göstərə biləcəyi barədə onun fikirlərini müzakirə edəcəyik.
* * *
Sual: Hörmətli Mixail İvanoviç, siz neft bazarı üzrə tanınmış analitik və İran üzrə nüfuzlu mütəxəssissiniz. Tədqiqatlarınızın hər iki istiqaməti oxucularımıza çox yaxındır: İran bizim yaxın qonşumuz və neft istehsal edən ölkədir. Lakin bu müsahibədə yalnız İran haqqında danışacağıq. Bu yaxınlarda sizin “İnqilab oyunu: İran Kremlinin agentləri” kitabınız çapdan çıxıb. Oxucularımıza bildiririk ki, kitabı Freedom Letters saytında sifariş etmək olar. Kitabın adından aydın olur ki, SSRİ-nin İrandakı daxili siyasi proseslərlə bağlı hərəkətlərinə xüsusi yanaşmanız var. Kitabın annotasiyasında qeyd olunur ki, kommunist ideologiyası, sadəcə, hakimiyyət və təsir oyunu üçün örtük rolunu oynayırdı. Xahiş edirəm bu tezisi oxucularımıza izah edəsiniz.
Cavab: Bu kitab 1920-1990-cı illərdə İranda kommunistlərin qısa tarixini əks etdirir. Sovet və Rusiya tarixşünaslığı üçün bu, yeni yanaşmadır, çünki İranın “sol” qüvvələri emosional sovet perspektivi olmadan – şah rejimi tərəfindən təqib olunan və məhv edilən vətənpərvərlər və qəhrəmanlar kimi yox, İranın maraqlarına xəyanət edənlər, gözəl ideoloji maskalarla bəzədilmiş olsa da (onlar İrana Stalinin və QULAQ-ın himayəsi altında “xoşbəxt” gələcək arzulayırdılar) Moskvanın pullu agentləri kimi nəzərdən keçirilir. İran üzərində nəzarəti planlaşdıran SSRİ üçün və daha sonra İran kommunistlərini maliyyələşdirən və yönlənirən Sov.İKP MK-nın beynəlxalq şöbəsi üçün onlar, sadəcə, öz vətəninə xəyanət etməyə hazır olan agentlər idilər.
Kitabda bu agentliyin Kreml tərəfindən bacarıqsız idarə edilməsinə və bu agentlərin xəyanətinin İranda çoxsaylı uğursuzluqlara səbəb olmasına dair nümunələr verilib.
Sual: İran islam inqilabının səbəblərilə bağlı tədqiqatçıların ənənəvi versiyaları ilə razısınızmı, yoxsa öz xüsusi baxışınız var? Sizin fikrinizcə, vəziyyətə xarici qüvvələr tərəfindən təhrik edilmişdi, yoxsa inqilab şahın səhvlərindən qaynaqlandı və xarici oyunçular sonradan qoşuldular?
Cavab: Şah rejiminin süqutunun əsas səbəbi (bu barədə öz yeni kitabımda – monarxiyanın son günlərində TASS-ın İrandakı müxbirinin gündəliyində ətraflı yazıram) şahın səhvləri idi. 1960-cı illərdə “ağ inqilab” şəklində modernləşmə üzrə düzgün kurs götürərək o, özünün “böyük sivilizasiyasında” yeri olmayan milyonlarla iranlıya məhəl qoymadı. Repressiya və kolossal hərbi xərclərə arxalanaraq demokratikləşmə olmadan mütərəqqi iqtisadiyyat qurmaq cəhdi uğursuz oldu.
Heç bir xarici qüvvə bu inqilabı təşkil etmədi və istiqamətləndirmədi. Amerikalıların müdaxilə cəhdləri, üsyanı yatırmaq tövsiyələri uğursuz oldu. Hətta Moskva ümumi neytrallığı saxlayaraq İrandakı agenturası vasitəsilə heç nə edə bilmədi.
Sual: İran dünyanın imperiya keçmişinə malik, öz tarixi torpaqlarının böyük hissəsini qoruyub saxlaya bilmiş ən qədim dövlətlərindən biridir. Bu ölkə həmişə sivilizasiyanın yüksək səviyyəsilə fərqlənib. Bu qədər zəngin dövlətçilik təcrübəsinə baxmayaraq, indiki İran hökuməti təkcə böyük güc mərkəzlərilə yox, həm də onun sərhədlərini əhatə edən ölkələrlə qarşıdurma siyasətini seçib. İslam inqilabından sonra Tehran Vaşinqton və Moskvanı şeytan elan edib, Türkiyə və ərəb dünyası ilə soyuq münasibətlərə malikdir. Niyə Xomeyni rejimi zəiflədən və ölkənin inkişafına mənfi təsir göstərən qarşıdurma yolunu seçdi? Xomeyninin ölkədən çıxarıldıqdan sonra Qərbə sığındığını (15 il Fransada) və geri dönməsinin ABŞ ilə gizli razılaşmaların nəticəsi olduğunu nəzərə alsaq, bu, bir qədər qəribə görünür. Bundan sonra Vaşinqton HHQ komandanlığını dini liderin təyyarəsini İranın hava məkanına buraxmamaqdan çəkindirməyi bacardı. Niyə İran ənənəvi dəyərləri qoruyaraq ətraf aləmlə ahəngdar münasibətləri saxlayan Fars körfəzi ölkələrinin yolu ilə getmədi?
Cavab: Bunu qismən Xomeyninin xarakteri və baxışları ilə izah etmək olar, lakin əsas səbəb indiki İran hökuməti tərəfindən şiəliyin digər müsəlman cərəyanlarına qarşı radikal qarşı qoyulmasıdır.
Sual: İslam inqilabında azərbaycanlıların əhəmiyyətli rolu mütəxəssislərə yaxşı məlumdur. İran Azərbaycanının paytaxtı Təbriz inqilabi fəallığın mərkəzi olub. Azərbaycanlılar da Tehranda çox fəal olublar. Onları hərəkətə gətirən nə idi? Çətin ki onlar islam rejiminin tərəfdarları olsunlar, belə ki, bu yaxınlarda onlar sosialist ideyalarına yönəlmiş muxtar hökumətə sahib idilər. Onların inqilabdan gözləntiləri özünü doğrultdumu? Hazırda azərbaycanlılar arasında əhval-ruhiyyə necədir? Bu gün onlar İranın siyasi sahəsində fəaldırlarmı?
Cavab: İran azərbaycanlıları inqilabda xüsusi rol oynamayblar. Şiraz, Məşhəd və İsfahanla birlikdə Təbriz şaha qarşı kütləvi nümayişlərin keçirildiyi böyük şəhərlərdən biriydi.
İndiki hakimiyyət Xomeyninin dövründə olduğu kimi etnik mənşə amili roluna tamamilə məhəl qoymamağa yönəlib. Müsəlmanlar (şiələr) və digərləri var. Bu hakimiyyətin ideologiyasında millətlər üzrə bölgü yoxdur. İrandakı bütün millətlər rejim tərəfindən eyni təzyiq altındadır və azərbaycanlıları ayırmaq üçün heç bir səbəb yoxdur.
Sual: Facebook-dakı yazılarınızın birində qeyd edirsiniz ki, İran Tudə Partiyasını tənqid etmisiniz. Yazmısınız ki, Moskva İran kommunistlərini alıb satırdı, onlar isə SSRİ-nin mənafeyi naminə öz ölkələrinə xəyanət edirdilər, həmçinin bir-birinə qarşı satqınlıq edirdilər. Bu məsələ üzərində daha ətraflı dayanmağınızı istərdim. Tudə Partiyası şahın süqutundan sonra hakimiyyətə ehtimal olunan iddiaçılardan biri sayılırdı, lakin Xomeyninin tərəfdarlarına məğlub oldu. Onların məğlubiyyətinin səbəbi nə idi?
Cavab: Tudə Kremlin tamamən itaətkar, hətta kor silahı idi. İranda deyirdilər: “Əgər Moskvada soyuq olsa, İranda Tudə asqırmağa başlayar”. Moskvanın göstərişilə strategiyada kəskin dönüşlər də buradan qaynaqlanır.
Kitabda Tudə üzvlərinin bir-birindən Sov.İKP MK-nın beynəlxalq şöbəsinin kuratorlarına necə çuğulluq etməsinə dair sənədləşdirilmiş nümunələr verilib. Partiyanın azərbaycanlı və fars üzvləri arasında hətta Kremlin də həll edə bilmədiyi mübahisələr və parçalanmalar ayrıca təsvir olunur.
İnqilaba qədər Tudənin İranda heç bir təşkilatı və tərəfdarı yox idi. Partiya hadisələrdə heç bir rol oynamırdı. Hətta fədailərin daha çox qüvvəsi və tərəfdarı vardı, ancaq onlar da Xomeyninin qüvvələrindən zəif idilər.
Sual: Uzun illər İran və ABŞ arasındakı qarşıdurmanı müşahidə edərək, istər-istəməz belə nəticəyə gəlirsən ki, İranın təcavüzkar siyasəti amerikalılara sərfəlidir, çünki ABŞ-ın Fars körfəzində alternativ qüvvə kimi əhəmiyyətini artırır və Vaşinqton da bundan məharətlə istifadə edir. Odur ki, amerikalılar bu rejimi devirməklə bağlı niyyətlərində ardıcıl görünmürlər. Bu barədə fikrinizi bilmək istərdim.
Cavab: Mən belə spekulyasiyalarla razılaşa bilmərəm. Tramp İranı durmağa məcbur edəndə ABŞ bölgədə əhəmiyyətli dərəcədə qalib gəldi. Amerikalılara Yaxın Şərqdə sabitlik lazımdır, rejim dəyişikliyi ilə oyun yox.
Sual: İlk baxışdan İranın dövlət sistemi arxaik, keçmişin qalığı kimi görünür. Lakin qarşıdurmalara, sanksiyalara və müntəzəm xalq iğtişaşlarına baxmayaraq, 45 ildir uğurla fəaliyyət göstərir. Hansı resurs onun mövcudluğuna imkan yaradır? Uzun müddət İranda çalışmış rusiyalı jurnalist Nikita Smaqinin fikrincə, İslam Respublikası müasirlikdən yaranıb, bu, proqressiv, yeni sol (bəzən marksist) islama cəhddir. Onlar müasir dünyəvi dövləti götürdülər və ona islam məzmunu əlavə etdilər. Qanunlar islam normalarının əlavə edilməsilə fransız kodeksi, ali təhsil islam fənlərinin tətbiqilə Amerika sistemidir. Bu yanaşma ilə razısınızmı?
Cavab: Zənnimcə, bu, qismən doğrudur. İranın şiə rəhbərliyində islamın “sol interpretasiyası” yoxdur. Lakin rejim və təhsilli, Qərbə yönəlmiş əhali təbəqəsi (azlıqda qalan) arasındakı ziddiyyət göz önündədir. Bu təbəqələrlə güzəştə getmək üçün hərəkət var, ancaq radikal üsyankar islamçılar buna mane olurlar.
Sual: İranlı turistlər tez-tez Bakıya gəlirlər. Onlarla söhbətlərdə mollakratiyanın tənqidini eşitmək mümkündür, ancaq vəziyyəti dəyişdirmək istəyi yoxdur. Sizcə, İranda bu siyasi sistemin perspektivləri necədir? Ölkədə siyasi partiyaların olmadığını nəzərə alaraq, İranın hakimiyyət dəyişikliyilə demokratik cəmiyyət qurmaq şansı varmı?
Cavab: Mən İran rejiminin mümkün dəyişməsi barədə fərziyyələr irəli sürə bilmərəm. Bunu əvvəlki cavabda da qeyd etdim.