“Ona görə də musiqi karyeramı atıb universitetə getməli oldum” – Müslüm Maqomayevin Amerikadakı qızı (EKSKLÜZİV-FOTOLAR)

23-08-2024, 12:54           
“Ona görə də musiqi karyeramı atıb universitetə getməli oldum” –
HafizTimes.com-un budəfəki müsahibi dünyaca məşhur müğənni, bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin uzun illərdir ki, Amerikada yaşayan qızı Marina Maqomayevadır.

Jurnalist Hafiz Əhmədovun suallarını cavablandıran Marina Maqomayeva müsahibə zamanı bir çox mühüm məqamdan söhbət açıb və ailəsi ilə bağlı illərlə gizli qalmış faktlara da münasibət bildirib. Qeyd edək ki, avqustun 17-də unudulmaz müğənni Müslüm Maqomayevin anadan olmasının 82-ci ildönümü tamam oldu.

– Marina xanım, uşaqlıq illərinizi necə xatırlayırsınız?

– Çox gözəl, xoşbəxt uşaqlığım olub. Həmin illər üçün darıxıram. Teleteatrın binasının yaxınlığında yaşayırdıq, qonşular bizim ailəmiz kimi idi, çoxlu dostlarım vardı. Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil almışam. Ümumi təhsil fənləri ilə yanaşı, musiqi qaydalarını da öyrənməli idim. İndi başa düşürəm ki, onları birləşdirmək çox çətin iş idi. Dərs oxumaqla yanaşı, rəsm çəkməyə, kitab və qəzet oxumağa, hətta bir az televizora baxmağa da vaxt tapırdım. Mənim həyatımda xoşbəxt bir dövr idi.

– Bəs böyüdüyünüz ailədə nə çatışmırdı?

– Atamın yoxluğunu hiss etdiyimi deyə bilmərəm. Düşünürəm ki, bizim bütöv bir ailəmiz vardı. Mən anam, babam və nənəmlə birlikdə yaşayıb, böyüdüm. Yaxşı tərbiyə almağımda da hər birinin əməyi olub. Babam isə mənimlə daha çox vaxt keçirərdi, həyatımda bir mentor rolunu oynayıb. 7 yaşımda isə atamı görməyə başladım. Onun mürəkkəb qastrol cədvəli vardı, o da Moskvada yaşamağa başladı. Lakin atam həmişə, ildə bir neçə dəfə Bakıya gələrdi və hər zaman mənimlə görüşməyə vaxt tapardı. O, həmişə yayı öz vətənində, Bakıda keçirərdi. Mən də atamla tez-tez Zaqulbada istirahət edirdim. Atamla çox yaxın idik. O, mənim üçün həm ata, həm də yaxın dost idi. Mənim gözəl ailəm vardı.

– Müslüm Maqomayevin qızı olmağın ən böyük çətinliyi nə idi? Soyadınız həyatınıza necə təsir edir?

– Mən həmişə çox utancaq və təvazökar olmuşam. Bəlkə də bu, uşaqlıqdan böyük bir müğənninin, musiqiçinin qızı kimi mənə göstərilən hədsiz diqqət və marağın nəticəsi idi. Bu məni utandırırdı. Soyadımı bilən kimi dərhal soruşurdular ki, sən onun qohumusan? Mən dürüst insanam və yalan danışmağı da bilmirəm. Ona görə də həqiqəti söyləməli olurdum. Bundan sonra isə onlar mən və ailəm haqqında maraqlanmağa başlayırdılar və bu barədə mənə çoxlu suallar verirdilər. Bu da mənim xoşuma gəlmirdi və özümü qəribə hiss edirdim. Həmişə mənə elə gəlirdi ki, məni izləyirlər və hər addımımı ölçüb-biçməyə çalışırdım ki, insanlar pis söz deməsinlər. Düşünürdüm ki, insanlar yalnız Müslüm Maqomayevin qızı olduğum üçün mənə maraq göstərirlər, amma bir insan kimi mənə dəyər vermələrini istəyirdim. Bu, mənim şəxsi həyatımda da öz əksini tapırdı. Ona görə də mümkün qədər gizli hərəkət etdim. Baxmayaraq ki, yaxın dostlarım heç vaxt mənə lazımsız suallar vermirdilər və onlar həmişə səmimi olublar. Digər tərəfdən də insanlar atama öz sevgi və heyranlıq hisslərini ifadə edəndə sevinirdim. Nəzakətli və səmimi fikirlər eşitmək həmişə xoşdur.

(Məktəb illərim)

– Atanızla bağlı hansı unudulmaz xatirələriniz var?

– Atamla bağlı bir çox unudulmaz xatirələrim var və onlar arasından dəqiq birini seçmək çətindir. Atamın məni həyatımda ilk dəfə ciddi opera tamaşasına necə apardığını danışmağı xoşlayıram. Ona görə ki, bunlar mənim yaddaşıma canlı həkk olunmuş uşaqlıq xatirələridir. Bir gün atam anama zəng edib dedi ki, uşağı ciddi opera sənəti ilə tanış etməyin vaxtıdır. Onda mənim təxminən 7 yaşım var idi. Baxmayaraq ki, opera teatrına tez-tez gedirdim, çünki anam həmin vaxt orada işləyirdi. Mən də uşaq tamaşalarına gedirdim. Amma bu, həyatımda ilk ciddi opera tamaşası idi – “Aida” operası. Yeri gəlmişkən, o həm də mənim ən sevimli operam oldu. Atam mənə süjeti danışdı və mən də səbirsizliklə qaraşın, gözəl Aida xanımın səhnəyə çıxmasını gözlədim. Nəhayət, səhnəyə tünd makiyajlı, kök, qısaboylu qadın çıxdı və mən sadəlövhcəsinə pıçıldadım: Bu kimdir? Atam gülümsədi və dedi ki, bu Aidadır. Həmin vaxt çox məyus olmuşdum. Atam izah etdi ki, operada sənətçilərin necə oxuduqları onların görünüşündən daha vacibdir. O zaman atamın sözünü qəbul etdim və sonra bunun daha doğru olduğunu anladım.

– Sizcə, Müslüm Maqomayevlə bağlı ən böyük yanlış təsəvvür nədir?

– Məncə, atamla bağlı ən böyük yanlış fikir onun əsl klassik opera təhsili aldığı halda, hamının onun estrada müğənnisi olduğunu düşünməsidir. Atamın özəl musiqi məktəbi, musiqi kolleci, konservatoriya təhsili var və İtaliyada “La Skala” Teatrında təcrübə keçib… Təəssüf ki, bir çoxları bilmir, ya da xatırlamırlar ki, atam M.F. Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solist olub və müğənnilik karyerasına da opera müğənnisi kimi başlayıb. “La Skala” Teatrında təcrübə keçdikdən sonra bir çox tamaşalarda iştirak edib, “Sevilya bərbəri”də “Fiqaro” və “Toska” operasında “Skarpiya” rollarında çıxış edib. Atam Avropa, o cümlədən 17-ci əsrin italyan bəstəkarlarının çoxlu kamera musiqisini, eləcə də klassik vokal repertuarının qızılı hesab edilən – P.I.Çaykovski və S.V. Raxmaninovun romanslarını da ifa edib.
– Marina xanım, Amerikaya köçdüyünüzə görə peşmansınız? Orada nəyi bəyənmirsiniz?

– Xeyr, deyə bilmərəm ki, bura köçdüyümə görə peşmanam. Amma təbii ki, Bakı üçün çox darıxıram… Amerika böyük imkanlara malik, gözəl ölkədir. Lakin hər ölkənin öz üstünlükləri və mənfi cəhətləri də var. Amerikalıların həyata baxış tərzi və mentaliteti bizimkindən fərqlidir və mən onlara öyrəşmirəm. Çünki mən başqa ölkədə, fərqli əxlaqi prinsiplər və insan münasibətləri ilə böyümüşəm.

– Bəs sizin aşdığınız ən böyük əngəl nə olub?

– Məşhur musiqi məktəbində təhsil alırdım və pianoçu kimi parlaq karyeram olacağını deyirdilər. 11 illik təhsil həyatım mənim üçün çox yaddaqalan və gözəl oldu. Musiqi ilə dolu illər idi, eyni zamanda dözülməzdi. Çünki səhnədən dəhşətli dərəcədə qorxurdum. Mənə dedilər ki, yaş və təcrübə nəticəsində bu qorxu keçib gedəcək. Amma mən bu panik halımdan xilas ola bilmədim. Ona görə də musiqi karyeramı atıb universitetə ​​getməli oldum. Bu addımı atmaq çox çətin idi və atamın buna necə reaksiya verəcəyini bilmirdim. Qərarımı ona demək çox çətin idi…

– Hansı kitab sizin həyatınızı dəyişib?

– Belə bir kitab xatırlamıram, amma Mixail Bulqakovun “Master və Marqarita” romanı yəqin ki, gəncliyimdə mənə çox təsir edib.

– Amerikada siz özünüzü necə təqdim edirsiniz? Azərbaycanlı yoxsa rus?

– Təbii ki, azərbaycanlı. Amma mən Amerikaya ilk gələndə özbək, gürcü və ya moldovalı olsanız belə “rus” demək adi hal idi. Çünki sadə amerikalılar bu ölkələr haqqında heç eşitməmişdilər. Mən izah edəndə ki, bu, keçmiş SSRİ-dir, həmişə Rusiya ilə eyniləşdirilirdi. İndi isə Prezidentimiz cənab İlham Əliyev vətənimizin bütün dünyada tanınması və hörmət qazanması üçün çox uğurlu işlər görüb. Bunun nəticəsində, mən də böyük fəxrlə deyirəm ki, mən azərbaycanlıyam. Tam əminliklə qeyd edim ki, amerikalılar Azərbaycanı tanıyırlar.

– Etdiyiniz ən böyük fədakarlıq nə olub?

– Qohumlarımla ünsiyyətimi qurban verməli oldum. Mən anamı bura yalnız 7 ildən sonra gətirə bildim və ABŞ-a köçəndən sonra cəmi 2 dəfə atamı görmüşəm. Bundan başqa, Bakıda çox sevdiyim, darıxdığım qohumlarım (ana tərəfi), imkan daxilində ünsiyyətdə olmağa çalışdığım uşaqlıq və gənclik dostlarım var.

– Dinin həyatınızdakı rolu nədir?

– Mən dindar bir insanam və digər bütün dinlərə də hörmətlə yanaşıram. İslam dininə əməl edirəm.

– Müharibə sizin üçün nə deməkdir? Ukraynaya heç səfər etmisinizmi?

– Müharibə insanlığın çirkin təzahürüdür, normal insanın müharibəyə, insanların ölümünə xoş münasibəti ola bilməz. Mübahisələri sülh yolu ilə həll etmək əlbəttə ki, çox gözəldir. Amma elə olur ki, məsələn, bizim ölkəmiz Azərbaycanın etməli olduğu kimi, işğalçıları torpaqlarınızdan qovmaq və öz suverenliyinizi bərpa etmək üçün silaha sarılmalısınız. Fürsətdən istifadə edərək qeyd edim ki, son nəfəsinə qədər döyüşmüş igid, mərd, fədakar əsgərlərimizə dərin minnətdarlığımı bildirirəm. Ata-baba, tarixi torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu qarşısında baş əyirəm.

Mən tələbə kimi bir neçə dəfə Ukraynada da olmuşam. Hətta bir ay Kiyevdə işləmişəm, “British Airways” ofisinin açılmasında onlara kömək etmişəm. Çox gözəl şəhərdir. Mənim Xarkovda qohumlarım var. Ümid edirəm və dua edirəm ki, müharibə tezliklə bitsin, sülh olsun!

– Zamanı geri qaytara bilsəydiniz hara gedərdiniz?

– Bütün qohumlarımın sağ olduğu dövrə qayıtmaq istərdim… Amma oğlumu və həyat yoldaşımı da özümlə həmin dövrə aparardım.

– Doğrudan da Marina atanızın ilk sevgilisinin adı idi?

– Bəli, atam bir müsahibəsində belə demişdi. Mən isə elə bilirdim ki, atam o vaxtlar çox məşhur olan və böyük həvəslə oxuduğu “Marina” italyan mahnısına görə mənə bu adı qoyub. Yeri gəlmişkən, babam mənim adımı Cəmilə qoymaq istəyib, amma atam isə Marina deyib. Axırda isə babam atamın fikri ilə razılaşıb, Marina olmuşam.

(Atam və anam)

– Ananız nə vaxtsa atanızdan boşandığına görə peşman oldu?

– Elə düşünmürəm, anam heç vaxt bu haqda danışmayıb. Onlar qarşılıqlı razılıq əsasında ayrılıblar. Hər ikisi də güclü şəxsiyyət idi və sərt xasiyyətlərə sahib idilər. Buna görə də bir-birlərinə hiss etdikləri güclü sevgiyə baxmayaraq, bir araya gələ bilmirdilər. Çox kədərliydi, kimsə təslim olmalı idi. Anam çox mülayim, mehriban və səxavətli insan olsa da, kişilərlə münasibətində qətiyyətli idi. Bu baxımdan, mən də anama oxşayıram. Biz çox vaxt valideynlərimizə bənzəyirik və mənim həm atam, həm də anamla çox oxşar cəhətlərim var.

– Sizcə, Müslüm Maqomayevin uğur sirri nədə idi?

– Təbiət atama çox dəyərli hədiyyə bəxş etmişdi. O, istedadı ilə yanaşı, güclü səsi, gözəl məxmər tembri, müstəsna musiqi duyumu, eləcə də parlaq, heyrətamiz görünüşü ilə hər bir dinləyici üçün ayrı-ayrılıqda ürəkdən oxuyurdu. Hər mahnıda, hər notda özünü bütünlüklə dinləyicilərə həsr edirdi. O, səmimiyyəti, alicənablığı ilə ruhun tellərinə toxunmağı bacarırdı. Dinləyici də yəqin ki, bunu çox qiymətləndirirdi.

– Siz nə vaxt xoşbəxt olursunuz?

– Sevdiklərim sağ-salamat və mümkünsə yanımda olanda.

– Ən sevdiyiniz söz nədir?

– Həyat.

(Oğlum Allenlə birlikdə)

– Azərbaycan sizin üçün nə deməkdir? Bakıya gəlmək istərdinizmi?

– Azərbaycan mənim vətənimdir, doğulduğum, böyüdüyüm, xoşbəxt illərimi keçirdiyim yerdir. Bu, mənə təhsil verən, dünyagörüşümə, həyata baxışıma müəyyən dərəcədə təsir edən, vətəndaş mövqeyimi formalaşdıran ölkədir. Mən ölkəmi sevirəm və onunla çox fəxr edirəm. Bütün qəlbimlə vətənimə başının üstündə aydın və dinc səma, daha da tərəqqi arzulayıram! Allah Azərbaycan xalqını qorusun. Əlbəttə ki, mən Bakıya gəlməyi çox istərdim və ümid edirəm ki, nə vaxtsa bu baş verəcək.

– Azərbaycan gənclərinə nə söyləmək istərdiniz?

– Atam bir dəfə dedi ki, “əgər mənə bu dünyada yaşamaq üçün ikinci şans verilsəydi, hər şeyi eyni şəkildə yaşayardım, bircə siqaret çəkməzdim…” Azərbaycan gəncliyinə də arzu edirəm ki, həyatlarını elə yaşamağa çalışsınlar ki, sonradan heç nəyə görə peşman olmasınlar.

Hafiz Əhmədov

HafizTimes.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.