“İranın proksilərinə xərclənmiş milyardlarının “səmərəsi” göz önündədir”... - ONA GÖRƏ DƏ...
30-09-2024, 17:36
“Məsələyə daha geniş prizmadan baxsaq, görərik ki, hal-hazırda dünyada XXI əsrin ən azı 60-70 ili üçün geo-siyasi düzən müəyyənləşdirilir və hazırlanır. Bu prosesin və onun arxasında duran güclərin qarşısında dayanmaq “çətindi” desəm, az demiş olaram, gəlin həqiqəti açıq etiraf edək: mümkün deyil... Başa düşməliyik ki, ayrı-ayrı dövlətlərin bu qlobal dəyişiklik etmək istəyən mərkəzlərin qabağında nəsə edə bilməsi mümkünsüzdür. Bu mənada Yaxın Şərqdə gedən proseslər də göstərir ki, burada böyük dəyişikliklər olacaq”.
Bu fikri Moderator.az-a açıqlamasında “ “Hizbullah” lideri H. Nəsrullahın da qətlindən sonra, sizcə, İran hansı yolla gedəcək; əvvəlki kəskin ritorikanı, İraqdakı, Yəməndəki proksiləri vasitəsilə radikal siyasi kursunu davam etdirəcək, yoxsa İsraillə danışıqlar masasına əyləşəcək?” sualını cavablandırarkən ifadə edib.
“Aydın görürük ki, son aylar İranın proksi qüvvələrinin, onların müxtəlif qurumlarının liderləri bir-bir, iki-iki aradan götürülür. Özü də elə götürülür ki, sanki bunu təşkil edənlər onları öz əlləri ilə vurulduqları yerlərə qoyub. Yəni həmin liderlərin harada oturduğu, yaşadığı, yatdığını və s. dəqiq müəyyənləşdirərək onları zərərsizləşdirirlər. Və həmin sarsıdılmaqda olan proksi qüvvələr İranın faktiki olaraq xarici siyasətində bir qoludur. Deməli, dolayısıyla məhz bu siyasətə güclü zərbələr endirilir. İranın daxili siyasətinə gəldikdə, ötən söhbətlərimizdə də qeyd etdiyimiz kimi, ölkədə əhalinin iqtisadi-sosial durumu çox ağırdır. Sosial problemlər həddən artıq çoxdur. Bunu İran mediasının yazdıqlarının əsasında deyirəm. Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, yerli əhali bunu açıq şəkildə söyləyir ki, İran dövləti xaricdəki qüvvələrə milyardlarla xərclədiyi halda daxildə insanların tələbatlarını ödəyə bilmir”, -deyə davamında sabiq səfir bildirib.
“İranın bir neçə aydır ki, fəaliyyət göstərən yeni prezidenti Məsud Pezeşkian isə Amerikada BMT-nin Baş Assambelyasındakı çıxışında, həmin çıxışdan əvvəl və sonra müxtəlif dünya agentliklərinə verdiyi müsahibələrdə açıq-aydın deyir ki, biz Şərqlə də, Qərblə də, bütün qonşularla da danışıqlara getməyə, ziddiyyətli məsələlərdə dil tapmağa hazırıq. Yəni artıq köhnə ritorika yoxdur və yanaşmalar dəyişib. İndi İran rəhbərliyində də yaxşı başa düşürlər ki, dünya ilə gərək yola gedəsən, müxtəlif ölkələrlə əlaqələr qurasan. Əlaqələr, münasibətlər qurmağın da bir yolu var – danışıqlar... Eyni zamanda elə daxili və xarici siyasət yürütməlidirlər ki, ölkəni bu vəziyyətdən çıxarsınlar. Yetərincə zəngin təbii sərvətlərə, neft-qaz potensialına malik, hər cür nemət verilmiş bir ölkə, təəssüf ki, həmin varidatdan, potensialdan səmərəli istifadə edərək xalqının rifah içində yaşamasına nail olmur. Bu da o deməkdir ki, siyasətdə qüsurlar var. Və həmin qüsurları da, bu gün aparılan siyasəti də təhlil etdikdən sonra İranı nə gözlədiyini və onun hansı yolla getməli olduğunu söyləmək mümkündür. Sualınızda qeyd etdiyiniz kimi, bu dövlət İsraillə danışıqlar masasına əyləşməli, yoxsa, ölkənin bu ağır durumunda xaricdəki digər qüvvələrlə birgə mübarizəni davam etdirməlidir. Buna cavab olaraq yenə deməyə məcburam, İran elə bir vəziyyətdədir ki, öncə hələ daxili problemlərini həll etməlidir. Və bunu xalq tələb edir. İşsizlik və inflyasiya dəhşətli bir həddə gəlib çatıb – bundan o tərəfi yoxdur. Məhz bu cür kəskin problemləri də həll etmək üçün rəsmi Tehran mülayim xarici siyasətə keçməyə məcburdur. Bütün ziddiyyətləri yalnız danışıqlar yolu ilə, diplomatiya ilə həll etməyə çalışmalıdır. Heç bir dövlətlə kəllə-kəlləyə gəlməməlidir. Bu cür siyasətin effekti və perspektivi yoxdur və olmayacaq. Zəmanə dəyişdiyi üçün ritorika da dəyişməlidir. Belə düşünürəm ki, onsuz da bundan sonra regionda böyük, qlobal layihələrin həyata keçirilməsi üçün danışıqlar başlayacaq. Çünki başqa yol yoxdur. Hər hansı dövlət özünü dünyadan təcrid edərək, təklikdə region ölkələri ilə ziddiyyətlər yaradıb uğur əldə etməyə çalışmamalıdır. Bütün bunlar onu göstərir ki, İran real vəziyyəti nəzərə alaraq siyasətini, bir qədər də olsa, dəyişməyə məcburdur. Başqa yol İranın xeyrinə deyil. Müharibə nə İrana, nə də region ölkələrinə xeyir gətirməyəcək. Müharibəni başlamaq asandır, ancaq həmin savaşın neçə ilə bitəcəyi, necə bitəcəyini, nəticələrinin necə olacağını heç bir kəs dəqiq, düzgün deyə bilməz. Və o da açıq aydın oldu ki, İranın köhnə siyasi dəsti-xətti özünü qətiyyən doğrultmadı. Və bu istiqamətdə xərclənmiş milyardların “səmərəsi” də göz qabağındadır”, -deyə diplomat vurğulayıb.