Şahin Xiyavlı: Görünür ki, prezident türk olsa belə, İranda türklərə qarşı ayrı-seçkilik siyasəti davam edəcək

23-10-2024, 16:34           
Şahin Xiyavlı: Görünür ki, prezident türk olsa belə, İranda türklərə qarşı ayrı-seçkilik siyasəti davam edəcək
Hüquq müdafiəçisi Şahin Xiyavlı Amerikanın Səsi ilə söhbətində fevral ayından bəri Tehranın Evin həbsxanasında saxlanılan milli fəallar və rekord həddə çatan edamlar haqqında danışıb. O həmçinin Tehran mediasındada bəzi siyasətçilərə qarşı pantürkist ittihamının irəli sürüldüyünü dəyərləndirib.

Tehran İnqilab Məhkəməsinin hakimi Əbülqasım Salavati bu yaxınlarda İran Azərbaycanı, Gilan, Tehran və Əlburz vilayətlərindən olan bir neçə türk fəalı 3 ildən 13 ilə qədər həbsə məhkum edib. Bu fəallar keçən fevral ayında müxtəlif vilayətlərdə saxlanılaraq Tehranın Evin həbsxanasına göndərilmişdilər. Onların bəzisinin həbsi hələ davam edir.

Şahin Xiyavlının nümayəndəsi olduğu AHRAZ hüquq müdafiə qurumu daxil olmaqla, 24 insan haqları qrupu keçən həftə birgə bəyanat yayımlayaraq, həmin fəalların vəziyyəti ilə bağlı narahat olduqlarını bildirmişdilər.
“Bunların həbsi 9-cu aya girib və durumları qeyri-müəyyən bir şəkildə Evin həbsxanasında saxlanılırdılar. Əslində, o bəyanat AHRAZ tərəfindən hazırlandı və 24 təşkilatın imzası ilə dörd dildə yayımlandı. Məqsəd məhz bu fəalların durumunun bir an öncə aydınlaşması idi. Bəyanatda onların pis vəziyyətdə saxlanılması, qanun pozuntularına məruz qalmaları, ədalətsiz məhkəmə gedişatı və tibbi imkanlardan məhrum saxlanılmalarına etiraz bildirib və beynəlxalq qurumlardan bu məsələyə görə təpki orta qoymalarını tələb etmişik,” Şahin Xiyavlı bildirib.

İnsan haqları qruplarının yaydığı hesabatlara əsasən oktyabr 2023-dən oktyabr 2024-ə qədər İranda 800-dən artıq məhkumun ölüm cəzası tətbiq edilib.

Şahin Xiyavlının sözlərinə görə, “İslam Cümhuriyyəti edam kültürünü normallaşdırmaq istəyir.”

“Edam məsələsi ilə bağlı o həssasiyyət nə xaricdəki siyasi təşkilatlar və müxaliflər arasında var, nə də daxildə toplum arasında. Xaricdə bəlli insan haqları qurumları var edamla bağlı fəaliyyət edirlər. BMT və bəzi qurumlar tərəfindən İran üzərində bəlli basqı mexanizmləri vardır, amma, nəticədə işin bir cəhəti də içəriyə qayıdır. Bəzən biz açıq edam səhnələrinə şahid oluruq ki, insanlar orada edamı izləmək üçün bir-birləri ilə yarışa girirlər. Verilən rəqəmlər ağır rəqəmlərdir və mən düşünürəm ki, toplum tərəfindən buna həssasiyyət və təpki olmadığı zamana qədər təəssüf ki, edamlar davam edəcək”, o bildirib.
Onun bildirdiyinə görə, İslam Respublikası ictimai etirazları yatırmaq və ya önləmək üçün ölüm hökmünün tətbiqi ilə yaranan qorxu atmosferindən yararlanır.

Xiyavlı müsahibədə həmçinin son vaxtlar İran mediasında pantürkist damğasının geniş şəkildə yayıldığını dəyərləndirib.

“İranda türkərə qarşı ayr-seçkilik və aşağılama geçmişdən günümüzə qədər fərqli platformlarda, o cümlədən televizya, qəzetlər, filmlər və başqa yerlərdə davam edib. Bu gün də baxdığımızda, özəlliklə Pezeşkian prezident seçildikdən sonra bunun dozası daha da artıb. Məsələn, bir təyyarədə türkcə xoşgəldin deyilməsi və üst qurumlar tərəfindən bunun yasaq olduğunun dilə gətirilməsi. Bunlar göstərir ki, İranda o mərkəzi düşüncə sisteminə görə, orada bir fars dövləti hakimdir və prezident türk olsa da bu siyasət davam edəcək” - deyə, Şahin Xiyavlı əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.