“Bakıda sevə-sevə konsert verərəm…” –Məşhur "Taxt -tac oyunları" filminin bəstəkarı Ramin Cavadi /MÜSAHİBƏ

4-11-2024, 09:44           
“Bakıda sevə-sevə konsert verərəm…” –Məşhur "Taxt -tac oyunları" filminin bəstəkarı Ramin Cavadi /MÜSAHİBƏ
Ramin Cavadi (Djawadi) – Dünya şöhrətli film musiqisi bəstəkarı, dirijor və səsyazma prodüseri. “Prison Break” (Həbsdən qaçış), “Game of Thrones” (Taxt oyunları), “Westworld” (Qərb dünyası) kimi milyonlarla tamaşaçısı olan serialların musiqilərini bəstələyib. O, daha çox “Game of Thrones” serialındakı musiqiləri ilə bütün dünyada tanınır, 2018 və 2020-ci illərdə “Grammy” mükafatına namizəd göstərilib. Hollivudun ən məşhur musiqiçilərindən biri olan R. Cavadi həm film, həm də TV üçün 100-dən çox film musiqisinin müəllifidir.

HafizTimes.com-un təsisçisi, azərbaycanlı jurnalist Hafiz Əhmədov məşhur bəstəkar Ramin Cavadinin Almaniyada yaşayan ailə üzvlərini tapıb, həmsöhbət olmağa çalışıb. Jurnalist Hafiz Əhmədovun suallarını cavablandıran Cavadi ailəsinin üzvləri bir çox mühüm məqamdan söhbət açıblar, ilk dəfə olaraq Azərbaycanla bağlı fikirlərini də ifadə ediblər.

Əmir Qafur oğlu Cavadi – Ramin Cavadinin Almaniyada yaşayan doğma qardaşı.

– Sizi yaxından tanımaq istərdik.

– Almaniyada yaşayıram. Uşaq və Yeniyetmə psixiatriyam. İşimin ən yaxşı tərəfi isə hər gün gənclərlə ünsiyyətdə qurub onlara dəstək olmağımdır. İki övlad atasıyam; Arun və Nəvid.

– Cavadi ailəsi ilə bağlı bizə nələri açıqlaya bilərsiniz? Atanız kim idi?

– Biz ailədə iki qardaşıq. Ramin Cavadi də mənim doğma və yeganə qardaşımdır. Maraqlıdır ki, siz məni necə tapa bildiniz, çünki, biz bu barədə heç vaxt danışmamışıq. Atam Qafur Cavadi həkim idi, çox xəstələri sağaldıb.

Atamın ailəsi İranda yaşayıb. Atam da orada dünyaya göz açıb (25 may 1935-ci il). Daha sonra tibb təhsili almaq üçün Almaniyaya (Münhen) gəlib. Münhen şəhərində tibb təhsili alıb, daha sonra orada həkim kimi çalışmağa başlayıb. Anamla da burada tanış olublar, bir-birini sevib, ailə qurublar. Bu nikahdan qardaşım Ramin və mən dünyaya gəlmişik. Anam Antonio əslən almandır.

Atam sonralar heç vaxt İrana qayıtmayıb. Bəzi qohumlarımız da Almaniyaya köçüblər. Atam Almaniyaya köçdükdən sonra ilk vaxtlar bəzi çətinliklər yaşamalı olub. Yavaş-yavaş onun işləri də yoluna düşüb. Atam İrandakı həyatı ilə bağlı bizə heç nə danışmazdı. Anam isə bu barədə bizə az da olsa məlumat verib. Onlar birlikdə bütün çətinliklərin öhdəsindən gəliblər. Atam Qafur Cavadi 2016-cı ildə Almaniyada dünyasını dəyişdi. Bizim üçün çox ağır bir gün idi. Ramin də dəfn mərasiminə gəlmişdi.

Qardaşım Ramin isə uzun illərdir ki, Amerika yaşayır. Lap uşaq yaşlarından Amerikaya getdi, musiqi təhsili aldı. İndi də orada ailəsi ilə birlikdə yaşayır, müxtəlif musiqi layihələri üzərində çalışır. Həyat yoldaşı Cenifer də musiqi sənayesində çalışır.

Ramin Cavadi anası ilə.

– Mən həkim Qafur Cavadini Almaniyada tanıdım. Onun ailəsi İranda yaşayırdı. Müharibə, yoxsulluq, müxtəlif çətinliklərlə qarşılaşıblar. Ona görə Qafur təhsil almaq üçün Almaniyaya gəldi və bir daha geri qayıtmadı. Qafur Cavadi müsəlman idi, türk dilini də bilirdi.

Xatırladığım qədəri ilə, onun ailəsi İranın müxtəlif yerlərində (Tehranda) yol çəkmək işi ilə məşğul olub, evləri isə bir çayın (“Araz çayı”) yanında olub. Qafur bu barədə çox danışmazdı. O, yaxşı həkim idi, işini də sevirdi. Bütün həyatını öz peşəsinə həsr etmişdi. İndi isə bizim İranla heç bir əlaqəmiz yoxdur. Qohumlarının çoxu da İrandan köçüb Avropa, Amerikada yaşayırlar.

Ramin 4 yaşından bəri piano və gitara çalır. Berklee Musiqi Kollecini fərqlənmə diplomu ilə bitirdi (1998-ci ildə). Ailəsi, həyat yoldaşı və övladları ilə birlikdə Amerikada yaşayır. Onun 4 əkiz övladı var; Miles, Payiqe və Rene, Ceni.

Dünya şöhrətli film musiqisi bəstəkarı Ramin Cavadi də öz agenti vasitəsi ilə sorğumuzu cavablandırdı:

“Hazırda mənim iş cədvəlim tam doludur və yeni musiqi layihəsi üzərində çalışıram. Gələcəkdə konsert proqramımda Bakı olarsa sevərək gedib, çıxış edərəm”.

– Mənim musiqilərimi sevən hər kəsə çox sağ olun deyirəm. Ailəmizə göstərdiyiniz diqqətə, yüksək hörmətə görə sizə təşəkkür edirəm. Öz sevgi və salamımızı göndərirəm.


Ramin Cavadi həyat yoldaşı Cenifer Havk ilə.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.