Təhsil eksperti BU İDDİA ilə bağlı görün, nələri dedi... - AÇIQLAMA
13-11-2024, 00:07
Bu günlərdə sosial şəbəkələrdə qiyabi təhsilin ləğvi ilə əlaqədar söz-söhbətlər yayılmaqdadır. Bəs görəsən yayılan söz-söhbətlərin bir əsası varmı və bu nədən qaynaqlanır?
Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Moderator.az-a danışdı. Bildirib ki, qiyabi təhsilin ləğvinin müzakirəyə çıxarılmasının bir neçə səbəbi var:
"Qiyabi təhsil modelində təhsil alan tələbələrin dərs yükü və saatı əyani təhsil alanlara nisbətən az olur və bu, onların təhsil keyfiyyətinə mənfi təsir göstərir. Əyani təhsil alanlar universitetdə mütəmadi olaraq tədris prosesində iştirak etdikləri halda, qiyabi təhsil alanlar daha az dərs saatı ilə məhdudlaşır və bu da onların praktik və nəzəri biliklərini tam mənimsəməsinə mane olur. Bu səbəbdən, qiyabi təhsil bəzi hallarda tam peşəkar kompetensiyalarla uyğun gəlmir.
Lakin qiyabi təhsilin ləğv edilməsi halında bu təhsil formasından istifadə edən tələbələrin aqibəti və təhsillərinə davam edə bilmə imkanları nəzərə alınmalıdır. Qiyabi təhsil əsasən işləyən şəxslər və ya ailə öhdəlikləri olan tələbələr üçün uyğun seçim olduğu üçün ləğv olunması onların təhsil hüquqlarını məhdudlaşdıra bilər. Bu baxımdan, qiyabi təhsil modelinin tamamilə ləğv edilməsindən daha çox, onun təkmilləşdirilməsi üzərində düşünmək daha faydalı olar.
Bunun üçün bir neçə istiqamətdə dəyişikliklər təklif edilə bilər. Məsələn, qiyabi təhsil modelini onlayn və ya hibrid təhsil modeli ilə əvəzləmək mümkündür. Belə bir model tələbələrə daha rahat və çevik təhsil imkanı təqdim edə bilər. Onlayn dərslər və interaktiv platformalar vasitəsilə tələbələr dərslərə uzaqdan qoşula bilər, həmçinin, tədris prosesində daha aktiv iştirak edə bilərlər. Bu yanaşma, qiyabi təhsilin ləğvi halında tələbələrin təhsil prosesindən uzaqlaşmamasını təmin edər.
Eyni zamanda, qiyabi təhsil alan tələbələr üçün nəzərdə tutulan dərs proqramları və dərs saatlarının artırılması da digər bir alternativdir. Beləliklə, qiyabi təhsil alan tələbələr tədris prosesinə daha çox vaxt ayıraraq peşəkar bilik və bacarıqlarını gücləndirə bilərlər. Bu, onların əyani təhsil alan tələbələrlə rəqabətə davamlı olmasını təmin edər və təhsilin keyfiyyətini yüksəldər.
Nəticə etibarilə, qiyabi təhsilin ləğvi qərarı müzakirə edilərkən onun təhsil alanlar üçün yaratdığı imkanlar və çətinliklər diqqətlə nəzərə alınmalıdır. Qiyabi təhsil almaq məcburiyyətində olanlar üçün alternativ modellər təqdim edilmədən ləğv olunması, sosial bərabərsizliyə və təhsil imkanlarının məhdudlaşmasına gətirib çıxara bilər. Bu səbəbdən, daha çox təhsil imkanları və çevik tədris modelləri üzərində düşünmək təhsil sisteminin gələcək inkişafı üçün daha məqsədəuyğun olacaqdır".