İrəvan İranın zəifləməsindən istifadə edir, “ova” çıxıb - keçmiş səfirdən ilginc açıqlamalar
Bu gün, 10:27
ABŞ qüvvələrinin İran-Azərbaycan-Ermənistan sərhədinə gəlməsi məsələsi, məncə, daha böyük və əhəmiyyətli hadisədir. Bu qüvvələrin gəlməsinin əsas məqsədi ABŞ-ın Cənubi Qafqazda baş verən hadisələrdə aktiv rol oynamaq və regiona yerləşmək istəyidir. Hətta Ermənistan sərhədlərini qoruyan rus əsgərlərin buradan çıxarılması və amerikalıların yerləşdirilməsi məsələsi də gündəmə gələ bilər.
Bu sözləri Axar.az-a açıqlamasında İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq haqqında sazişin imzalanmasını şərh edərkən deyib.
“Ermənistanın qərbmeyilli siyasətini inkişaf etdirməsi şəxsən mənim üçün gözlənilən addım idi. Nəticə etibarı ilə Ermənistan kimi xristian bir dövlətin Qərb ölkələri ilə ittifaqı müsəlman ölkələrlə müqayisədə daha mümkün variantdır”, - o bildirib.
O ki qaldı İranın bu prosesə susqun qalmasına, sabiq səfirin sözlərinə görə, İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın Ermənistana səfərindən dərhal sonra Amerika-Ermənistan xarici işlər nazirləri arasında strateji tərəfdaşlığa dair xartiyanın imzalanması sıradan hadisə deyil:
“Bu, o deməkdir ki, Ermənistan artıq birmənalı olaraq ABŞ-la yaxınlaşmaq istəyir. Hətta ABŞ ordusunun yüksək səviyyəli generalları Ermənistanın Müdafiə Nazirliyində oturub və istiqamətləri onlar təyin edir. Avropa Birliyinin “mülki missiyası” adı ilə İran sərhədində məlumat toplanılması prosesi də gedir. Ümumilikdə bütün sadalanan halları nəzərə aldıqda aydın olur ki, Ermənistan KTMT-də iştirakda və “3+3” formatında maraqlı deyil. Ermənistan Rusiyanın Cənubi Qafqazda, İranın isə Yaxın Şərqdə mövqelərinin zəifləməsindən istifadə edərək, “ova” çıxıb”.
Bu qüvvələrin regionda yerləşdirilməsi təhlükəsinə gəlincə, Əfşar Süleymani deyib ki, bu, İran-Ermənistan əlaqələrində problemlərə və Azərbaycan-Ermənistan sülh sazişinin gecikməsinə səbəb ola bilər:
“Hər nə qədər NATO ölkəsi olması səbəbindən Türkiyə bu vəziyyətə neytral qalmağa çalışsa da, proseslərin inkişafından narazı olacaq. Bu saziş Azərbaycan-Ermənistan sülh sazişini yubadacağından, Türkiyə-Ermənistan əlaqələrinə də zərər verə bilər. Paşinyan elə düşünür ki, hər şeyi Qərbə bağlayıb, Rusiyadan uzaqlaşa və bəzi siyasi alverlər edə bilər. Halbuki bu proses hərbi gərginliyin artmasına gətirib çıxaracaq. Həmçinin Ukraynada müharibə yekunlaşdıqdan sonra Rusiyaya yönələn sanksiyalar götürülərsə, bu da öz növbəsində Ermənistana zərbə olacaq. Çünki Ermənistan Rusiya-Ukrayna müharibəsindən öz xeyrinə istifadə edən ölkələr siyahısında başda gəlir”.