“Dedilər ki, hamınızı divara düzüb güllələyəcəyik” - Sumqayıt hadisələri
28-02-2017, 11:40
Bu il Sumqayıt hadisələrinin baş verməsindən 29 il ötür. 1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər öldürülüb. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlıdır.
Sumqayıt hadisələri SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ermənilərin özlərilə birgə təşkil etdiyi və həyata keçirdiyi ssenarinin tərkib hissəsi idi. Bu, Azərbaycana qarşı böyük təxribat idi. Heç kimə sirr deyil ki, həmin hadisənin baş verməsində Sumqayıtda yerləşdirilən və Azərbaycan dilini təmiz bilən ermənilərdən ibarət təxribatçı qruplar xüsusi rol oynayıb.
Sumqayıt hadisələrinin canlı şahidlərindən biri Afiq Əsgərovdur. O, 29 il əvvəl ermənilər tərəfindən şərlənərək günahsız yerə həbs edilib.
A.Əsgərov AzVision.az -a müsahibəsində deyib ki, 28 fevral tarixinə qədər heç kim Sumqayıtda belə hadisənin baş verəcəyini gözləməyib:
-Ermənilər həmin ərəfədə İrəvanda mitinq keçirərək, Qarabağın onlara məxsus olduğunu iddia edirdilər. Onlar eyni zamanda Qərbi Azərbaycanda, Ermənistanda yaşayan soydaşlarımızı incidirdilər. 1988-ci ilin fevral ayının 14-15-də ermənilər Qafanda azərbaycanlıları qətlə yetirdikdən sonra vəziyyət gərginləşmişdi.
Bu hadisələr barədə heç kim, heç nə bilmirdi. KİV-lər də bu haqda heç nə yazmırdılar. Həmin ərəfədə Qafandan ilk qaçqınlar Sumqayıta gəlməyə başladılar. Sumqayıt əhalisi bundan sonra öyrəndi ki, azərbaycanlılar öz torpaqlarından qovulur. Bu hadisələr Sumqayıtda yaşayanlara pis təsir etdi. Camaat ətraflı məlumat almaq üçün küçələrə yığışmağa başladı. Qafandan gələn azərbaycanlıların vəziyyəti, orada baş verən hadisələrdən narahat idik.
24-26 fevral tarixlərində mitinqlər keçirildi. Həmin mitinqlərdə qızışdırıcı fikirlər səsləndirildi, təxribatlar baş verdi. Biz indi anlayırıq ki, o vaxt yerdən söz atanlar, aranı qızışdırmaq üçün belə edirmişlər. Haradan biləydik ki, bu şəxslər əvvəlcədən hazırlanmış, öyrədilmiş təxribatçılardır. Sumqayıtda hamı çaş-baş qalmışdı. Neçə illərdir ermənilərlə bir şəhərdə yaşayarıq. Necə olur ki, onlar “Qarabağ mənimdir, səni öldürürəm” deməyə başladılar?!. Hamı çaşqınlıq içində idi. Heç kim heç nəyi bilmirdi. Sumqayıt şəhər komitəsinin birinci katibi Müslimzadə şəhər sakinlərinin qarşısına çıxaraq onları sakitləşdirməyə çalışırdı.
Hadisə günü ermənilərin çoxunu azərbaycanlılar öz evlərində gizlətmişdilər
-Təsəvvür edin ki, bir blokda üç erməni, dörd azərbaycanlı yaşayırdı. Ermənilər Sumqayıtda əsasən 3-cü mikrarayon, 42-ci məhəllə, 18-ci mikrorayonda məskən salmışdılar. Biz indi dərk edirik ki, ermənilər hiyləgər millətdir. Erməni bildiyini içində saxlayır, səninlə düşmən olsa belə üzünə gülür. Bu, ermənilərin xislətidir, tərbiyəsidir. Tarixən onlar belə olublar.
Sumqayıtda heç kim hadisə baş verən günə qədər ermənilərin əsl niyyətini bilməyib. Sumqayıt hadisələrində ermənilər özləri bir-birilərinə öldürüblər. Bu təxribat qabaqcadan hazırlanmışdı. Biz bunu sonradan bildik.
Sual olunur ki, niyə Sumqayıt hadisələri çəkiliş aparıla-aparıla baş verib?
Bu, onu göstərir ki, hər şey ermənilərin özləri tərəfindən hazırlanmış oyun idi. Bizim heç nədən xəbərimiz yox idi.
Fevralın 28-i Sovet rəhbərliyi insanların “Qarkom”un (indiki Sumqayıt İcra Hakimiyyəti-red) qarşısında toplanmasına icazə vermədi. Həmin vaxt əhali 45-ci məhəllə ilə xəstəxana arasında yerləşən parka yığışmağa başladı. Təxminən saat 2-3 idi. Milislər əhalini dağıtmağa çalışsa da, hamı orada qaldı. Bundan sonra yanğınsöndürən maşın gəldi və suyu buraxdıqdan sonra insanlar dağılışdı. Üstüm islandığı üçün mən də evə gedib paltarlarımı dəyişdim. Saat 5-6 radələrində eyvandan həyətə baxanda şəhəri qara tüstünün bürüdüyün gördüm. Geyindim həyətə düşdüm. Gördüm ki, milis maşınını yandırıblar.
Üçüncü mikrorayonda yerləşən mənzilə baxdıqda 5-ci mərtəbədən qab-qacaq, televizor, əşyaların atıldığını gördüm. Hadisələr baş verəndən sonra yerli camaat nələrin baş verdiyini anlamağa başladı.
-Gecə saat 21:00-22:00 radələrində rus hərbçiləri “Ural” markalı avtomobillərlə əraziyə gəldilər. Fevralın 29-u şəhərdə komendant saatı tətbiq edildi. Hadisələr nəticəsində Əhmədov soyadlı şəxs də daxil olmaqla iki üç azərbaycanlı güllələndi. Ermənilər üçün bu hadisələr üçün günahkar lazım idi. Onlar yerli sakinlərin üstünə şər ataraq bir neçə nəfəri tutdurdular.
Sumqayıt hadisələri fevralın 28-29-u baş versə də, artıq martın 2-si Fransa televiziyalarında görüntülər yayımlanmışdı. Deməli, bu, ermənilərin əvvəlcədən hazırladığı plan idi.
Hadisələr baş verən gün bizim direktorumuz indiki 9 saylı məktəbdə gecə növbəsi təşkil etdi. Lakin komendant saatı olduğu üçün məktəbdə qala bilmədik. Bizi məktəbdən qovub çıxardılar. Oradan çıxanda bizi hərbçilər tutdu. 4 nəfər idik.
İnsanları polis idarəsinin qarşısında sıra ilə düzmüşdülər. Onların sıra ilə binanın pəncərəsinin qarşında qoyulan stolun yanında dayanıb, ad soyad iş yeri və ünvanını deyirdilər. Daha sonra başqa pəncərinin qarşısında sorğu-sual aparılırdı və bu proses bir neçə dəfə baş tutdu.
Burada məqsəd nə idi? Çünki ünvanı bir dəfə soruşmuşdular. Əsl hadisələr isə pəncərinin o biri tərəfində baş verirdi. Pəncərə qar şüşə idi. İçəridə oturanlar gecə kütlənin içərisində olan təhlükəsizlik komitəsinin əməkdaşları idi. Onlar hadisələrdə iştirak edən şəxsləri müəyyənləşdirirdilər. Bizi yoxladıqdan sonra 20-30 nəfəri milis maşınlarına yığıb Şüvələn həbsxanasına apardılar. Həbsxana insanlarla dolmuşdu. Şüvalan həbsxanası dolduğu üçün bizi Bayıl həbsxanasına gətirdilər.12 gün orada qaldıq. Moskvanın müstəntiqləri bizi gündə 5-6 dəfə dindirirdilər. Sorğu-sualdan sonra Sumqayıtda məhkəmə oldu və həbs olunan şəxslər məhkəmə qərar ilə azadlığa buraxıldılar.
Erməni qızlar yerli sakinlərin üzünə dururdu
-Bir oğlan bu hadisələrdə iştirak etmədiyini desə də, erməniləri onu şərlədirlər.
Mən sual verdim ki, 10 minə yaxın günahsız insanı bura niyə yığımısınız? Nə edəcəksiniz? Dedilər ki, hamınızı divara düzüb güllələcəyik.