Qızları Türkiyə universitetində birinci olan partiya sədri: "Nəsib bəy Yusifbəylinin nəvəsi "qürurumuzu göylərə qaldırdınız" dedi" - MÜSAHİBƏ
30-06-2017, 20:31
Elşad Musayev: "Nəsib bəy Yusifbəylinin nəvəsi göz yaşları içində "ailənizə təşəkkür edirəm dedi"
Azərbaycanlı Günel və Xeyransa Musayeva bacıları bu il Türkiyənin Bahçeşehir Universitetindən məzun olublar. Bahçeşehir Universitetinin Beynəlxalq maliyyə və iqtisad fakültəsinin azərbaycanlı məzunu Günel Musayeva universitet birincisi olub və “Altun beyin” ödülü qazanıb. Günel Musayeva 106 ölkə təmsilçisi içərisində universitet birincisi olub.
Digər bacı, Bahçeşehir Universitetinin Beynəlxalq maliyyə və menecment fakültəsinin azərbaycanlı məzunu Xeyransa Musayeva isə yüksək nəticə göstərərək, universitet üçüncüsü olub.
Modern.az saytı Musayeva bacılarının atası, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayevdən müsahibə alıb.
- Elşad bəy, bu il Türkiyənin Bahçeşehir universitetindən məzun olan qızlarınız Günel və Xeyransa Musayeva bacıları haqqında silsilə yazılar təqdim etdik. Bir ata olaraq qızlarınızın uğur qazanmasını hansı meyarlarla dəyərləndirirsiz? Bu cür uğur əldə etməyin yolları nədir?
- Övladlarımın bu cür uğur əldə etməsi ailə ilə bağlıdır. Hesab edirəm ki, hər bir valideyn övladının təhsili ilə ibtidai sinfidən başlayaraq maraqlanmalıdır. Qızlarım məktəbə getməmişdən belə yazıb-oxuya bilirdi. Orta məktəb vaxtı hansı dərsdən çətinlikləri yaranırdısa, yay tətilində müəllim yanına aparmaqla yaranan çətinlik aradan qalxırdı. Bu formada dərslərini uğurla davam etdirdilər və Türkiyənin Bahçeşehir universitetini yüksək nəticə ilə başa vurdular. Valideyn olaraq hər zaman nəzarətimiz üzərlərində oldu. Uşaqları yalnız qoymamağa çalışdıq. Qürurverici hal odur ki, fəxri kürsüdə duran 3 nəfərdən 2-si azərbaycanlı idi. Hesab edirəm ki, təhsilə diqqət yetirməliyik və ən böyük kapital da təhsilə qoyulan kapitaldır.
- Siz müxalifət cəbhəsində təmsil olunursuz. Sizin müxalif olmağınız bu məsələdə necə rol oynadı?
- Hazırda da müxalifət cəbhəsində təmsil olunuram. Böyük Azərbaycan Partiyasının sədriyəm. Özümü ölkənin milli demokratik qüvvələrindən hesab edirəm. Övladlarımın harda oxumalarından asılı olmayaraq onlar öz milliliklərini qoruyub saxlamalıdırlar. Bizim ailə dəyərlərimizdən biri də budur. Ölkəni təmsil edənlər həm də dünyəvi olmalı, dünyanı təmsil etməyi bacarmalıdırlar. Dünyanın ən güclü tələbəsi hansı dildə və hansı səviyyədə təhsil alırsa, Azərbaycan övladı da eyni yolu getməlidir. Burada iqtidar-müxalifət məsələsi fərqlidir. Hakimiyyətə müxalif olmaq tamam başqa məsələdir. Bizim üçün Azərbaycan bayrağının dünya tribunasında dalğalanması önəmli olmalıdır.
- Bir məqamı da vurğulamaq istərdik. Müxalifət dairələri israrla bildirirlər ki, onların içindən kiminsə önə çıxması hər zaman əngəllənir. Amma müxalifət üzvü olaraq sizdə tam əksinə şahidlik etdik.
- Düzünü deyim ki, hər zaman millətimlə fəxr etmişəm. Azərbaycan xalqı bir daha göstərdi ki, onun öndə olan övladlarına hər zaman dəstək var. Amma bir məsələni qeyd etməliyəm. Qızlarımın uğurlarına dövlət media orqanları çox qısqanclıqla yanaşdı. Nə AzTv, nə də digərləri bu uğuru işıqlandırdı. Sosial mediada Musayeva bacılarının uğurları çox yaxşı işıqlandırıldı. Bəzi KİV-lər sanki yuxarıdan göstəriş gözləyirlər. Amma göstərişə ehtiyac yoxdur. Bu uşaqlar Azərbaycanı təmsil edib, müxalifəti təmsil etməyib ki! Ona görə də Azərbaycan KİV-dən narazıyam.
- O zaman demək olarmı ki, müxalifət düşərgəsində təmsil olunmağınız, övladlarınızın uğurunu işıqlandırmaq məsələsində maneə rolunu oynadı?
- Əlbəttə. Məhz mənim övladlarım olduğu üçün onların uğurlarını işıqlandırmaqdan çəkindilər. Halbuki biz uğurlarımızı paylaşmağı bacarmalıyıq. Nə qədər ki, yeni nəsil gəlir, onlar öz həmvətənlərinin bacarığını görməlidir. Tanınmış azərbaycanlı ailələr var ki, övladlarının bizim qızlarla görüşməsini istəyir. Biz buna şərait yaratmalıyıq. Uşaqlarımız ölkəmizi elm sahəsində təmsil etməyi bacarmalıdır. Yoxsa gedib şou göstərməklə biədəb formada təmsil etməklə kifayətlənmək olmaz.
- Amma Günel və Xeyransa Musayeva bacılarının uğurlarını ilk olaraq Modern.az saytı işıqlandırdı. Özü də bir dəfə yox, dəfələrlə. Ardınca “Yeni Müsavat” qəzeti də bu uğurun üzərindən sakitcə keçmədi.
- Əlbəttə. Modern.az ilk gündən bizim qızların uğurlarını cəmiyyətə təqdim etdi. Həm Modern.az-a, həm də “Yeni Müsavat”a təşəkkür edirəm. Hətta, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov qızlarla görüşdü. Bu, sevindirici haldır. Fuad Muradova da təşəkkürümü bildirirəm. Amma böyük televiziya kanalları və Təhsil Nazirliyi bu uğuru işıqlandırmaqdan çəkindi. Buna bir vətəndaş olaraq təəssüf edirəm. Maraqlıdır, Təhsil Nazirliyi niyə səsini çıxartmadı?!
Mən Azərbaycan təhsil sistemini altını üstünə çevirən adamam. Sadəcə, mənim övladlarım olduğu üçün bu məsələdə qərəzli mövqe sərgilədilər. Halbuki 106 ölkə təmsilçisi içindən ilk üçlüyə düşmək asan məsələ deyil. Günel fürsətdən istifadə edərək çıxışı zamanı Xocalı soyqırımı ifadəsini işlətdi.
106 ölkənin konsulu orada iştirak edirdi. Təəssüf ki, bizim konsulumuz orada yox idi. Ümumiyyətlə, ölkəmizlə bağlı bütün tədbirlərdə qızlarımız aktiv iştirak ediblər. Cümhuriyyətimizin ilk baş nazirlərindən olmuş Nəsib bəy Yusifbəylinin nəvəsi məni arayıb axtardı və göz yaşları içində bunları dedi. “Bizim qırılmış qürurumuzu göylərə qaldırdınız. Ailənizə təşəkkür edirəm”. Açığı, başqa azərbaycanlının övladı da bu cür uğur əldə etsəydi, mən də sevinərdim.