Uşaqları belə cəzalandırın: fransalı pedaqoqla a-dan z-yə HƏR ŞEY - MÜSAHİBƏ
9-08-2017, 00:32
Albert Eynşteyn deyirdi ki, hər bir körpə doğuşdan dahidir. Onun içərisindəki dahini öncə valideynlər sonra isə qəlbsiz və hissiyatsız müəllimlər öldürüb, cəmiyyətin dözülməz qaydaları ilə yaşamağa vadar edirlər. Ruhu qəfəsə qapanmış uşaq böyüyüb, nə ətrafındakılara, nə də özünə xeyir verə bilər.
Həqiqətən uşaqların həm fiziki, həm də zehni inkişafında müəllimlərin rolu ən az valideynlər qədər böyükdür.
Artıq yeni tədris ilinə 1 aydan bir qədər artıq vaxt qalıb. Övladları 1-ci sinifə qədəm qoyan valideynlərin həyəcanı və məsuliyyəti isə daha çoxdur.
Bəs uşaq hansı yaşda 1-ci sinifə getməlidir? Müəllimlə şagird arasındakı münasibət necə olmalıdır? Övladımız solaxay olarsa nə kimi tədbirlər görməliyik?
Publika.az bu və qaranlıq qalan digər məqamlarla bağlı sualları 40 ildən artıq təcürbəsi olan, peşəkar fransalı pedaqoq Üget Roza (Huguette Rose) ünvanladı.
- Əziz Üget, uzun illər uşaqlarla çalışmısınız. Necə düşünürsünüz azyaşlılar məktəbə necə hazırlanmalıdırlar? Gün ərzində qəbul etdiyi informasiyalar hansı bölgüdə hesablanmalıdır? Ümumiyyətlə, uşağın imtahanla 1-ci sinifə qəbul edilməsi nə dərəcədə doğrudur?
- Fransada uşaqlar 4 yaşından etibarən “ana məktəbi”nə qəbul edilirlər. Burada onlar daha sərbəst olmağa, öz ayaqları üstə durmağa, təbii ehtiyaclarını tam ödəmək və s. kimi vərdişlərə alışdırılırlar. Hər gün fasilələrlə bir neçə saat uşaqlarla məşğələlər keçirilir. Bu, isə sözsüz ki, əyləncəli şəkildə baş verir. Müxtəlif uşaq mahnıları, oyunlar və əlvan şəkilli kitabların köməyilə onlar əlifbanı öyrənməyə hazırlaşırlar. Əl işləri hazırlayır, rəsmlər çəkirlər.
İkinci mərhələ isə 6 yaşdan etibarən başlayır. Bu mərhələdə balacaları yormadan, oxuyub-yazmaq öyrədilir. Onlar hazırlıq dövründə keçdiyi məşğələlərdən sonra bu mərələdə yorulmurlar. Bəzən isə yazıb, oxumaq mərhələsini də iki hissəyə ayırırıq. Məsələn, 6 yaşda hazırlıq, 7 yaşdan sonra isə yazıb, oxumaq. İmtahan 6 yaşlı uşağın sinir sisteminə çox pis təsir edə bilər. Hesab edirəm ki, bu yaşda uşağın belə məsuliyyətə cəlb edilməsi düzgün deyil.
- İbtidai siniflərdə uşaqlara hansı fənlər tədris edilməlidir?
- Bu yaş dövründəki uşaqlara ilk tədris illərində yazıb, oxumaq, rəqəmləri öyrənib, sadə hesablama işlərinin öhdəsindən gəlmək, həndəsi fiqurlar haqda anlayış vermək, ətraf aləmlə bağlı sadə biliklər toplamaq, musiqi və idman dərsləri tədris etmək, sadə hekayələr öyrətmək yetərlidir.
"Uşaqları cəzalandırarkən belə bunu daxili rahatlğınızı qoruyaraq və səsini yüksəltmədən edin"
- Təcrübənizdən qaynaqlanaraq deyə bilərsinizmi, müəllim ibtidai sinif şagirdi ilə hansı səs tonunda danışmalı və nə dərəcədə mülayim davranmalıdır?
- Müəllim uşağın güvənini qazanacaq qədər təbii və sakit səslə ünsiyyətdə olmalıdır. Yenə də vurğulayıram müəllimin əsas məqsədi şagirdinin inamını qazanmaqdır. Əgər uşaq bir neçə dəfə irad tutmağınıza rəğmən səhvini anlamırsa, səs tonunuzu bir az qaldırıb, daha amiranə tərzdə danışmaq olar. Lakin hətta cəzalandırarkən belə bunu daxili rahatlğınızı qoruyaraq , səsini yüksəltmədən edin.
- Cəza deyərkən nəyi nəzərdə tutursunuz? Fiziki şiddət nə dərəcədə yolveriləndir?
- Təbii ki, inkişaf etmiş sivilizasiyalarda fiziki şiddətdən söhbət gedə bilməz. Bu barbar cəza üsulu sayılır. Lakin səhvini başa salmaq üçün onu sevimli məşğuliyyətindən uzaqlaşdırmaq və ya sinif yoldaşları ilə birgə əylənməkdən məhrum etmək olar. Hətta bunu edərkən belə təmkini qorumaq mütləqdir.
- Bizim ölkəmizdə ibtidai sinif müəllimləri əsasən xanımlar olur. Analar düşünürlər ki, onların övladına qadından yaxşı heç kim baxa bilməz. Çünki o da anadır və şagirdlərinə də öz övladı kimi həssas yanaşacaq. Hətta Fransada yaşayan bir rəfiqəm övladının ilk müəlliminin kişi olduğunu öyrənəndə çox məyus olmuşdu. Bu haqda nə düşünürsünüz?
- Bu fikirin tam yalnış olduğunu düşünürən. Bəli, uşaq bağçalarında tərbiyəçilər qadın olmalıdırlar. Lakin ibtidai sinif müəlliminin cinsiyyətini əsas götürmək və bu məsələyə bu qədər həssas yanaşmaq lazım deyil. Əksinə kişi müəllimlə ünsiyyət övladınızın atası ilə münasibətinə də müsbət təsir edəcək. O, atası ilə də anası qədər rahat və sərbəst davrana biləcəyini dərk edəcək. Bu hal cəmiyyətimizdə böyüyən oğlan övladlarımıza daha çox fayda verir. Çünki onlar qarşılarındakı müəllimdən nümunə götürüb, onun kimi güclü, cəsarəli və mərhəmətli olmağı öyrənəcəklər.
"Uşaqlarda solaxaylığın əsas səbəbi odur ki, o dünyanı kəşf edərkən qarşısında sizi görür"
- Sonda isə keçək məni və bütün gənc valideynləri daha çox narahat edən suala... Uşaq hansı əllə yazmalıdır? Bu mövzu ətrafında fərziyələr və fikirlər çoxdur. Bəzən deyirlər ki, solaxay insanlarda yazan zaman hər iki beyin yarımkürəsi çalışır. Digərləri isə bu halın qarşısının alımasından bəhs edirlər. Siz necə düşünürsünüz? Övladının sol əllə yazmağa meyil etdiyini görən valideyn hansı tədbirlər görməlidir?
- Övladınızın sağ və ya sol əllə yazmağa meyilli olduğunu bilmək üçün məktəbə getməsini gözləməyin. Bu hal kiçik yaşlarından başlayaraq özünü göstərəcək. Yemək yeyərkən, sizdən oyuncaq və ya digər əşyaları alarkən hansı əlinə daha çox güc verdiyinə diqqət edin.
Uşaqlarda solaxaylığın çox zaman bir neçə səbəbi olur. Əsas səbəb odur ki, o dünyanı kəşf edərkən qarşısında sizi görür. Sizə sanki güzgüdən baxır. Siz sağ əlinizlə yazanda o, qarşınızda oturubsa, qeyri-ixtiyari olaraq sol əllə yazmağa başlayacaq. Odur ki, davamlı olaraq qələmi və ya karandaşı alıb, sağ əlinə vermək lazımdır. Uşaq etirazını bildirsə də, onu kiçik səhvini düzətməyə vadar edin. Hər iki əlinin işinə yarayacağını başa salın. Lakin buna baxmayaraq bəzən uşaqlarda sol əl dominant olaraq qalır.
- Bəs bu zaman nə etmək lazımdır?
- Nəzərinizə XX əsrdə yaşamış fransız pediatrı Cenni Obrinin nəzəriyyəsini çatdırmaq istərdim. Madam Obri pediatriyadan əlavə psixonevroloq, psixoanalitik idi. O, keçirdiyi silsilə təcrüblərdə məktəbəqədər dövrdə anaları tərəfdən sağ əllə yazmağa məcbur edilən solaxay uşaqların üzərindəki psixoloji təzyiqin fəsadlarını aradan qaldırmaq üçün bir sıra məktəblərdə silsilə təcrübələr keçmişdi.
Həkim Obri öz qeydlərində yazırdı ki, ibtidai sinif şagirdləri öz yoldaşının inciyib-inciməyəcəyindən çox da ehtiyat etmirlər. O, sinifdə bütün uşaqların sağ əllə yazdığını və yalnız bir neçə yoldaşının solaxay olduğunu sezəndə həmin uşaqlara istehza ilə yanaşır, məsxərəyə qoymaqdan çəkinmir. Odur ki, ananın təsirindən yenicə can qurtaran uşaq sinif yoldaşlarının təzyiqinə məruz qalır. Öncə cəmiyyətdə bu halı qaydasına salmaq lazımdır. Solaxay uşaqların sağaxayların əhatəsində inkişafı zəifləməsin deyə, öncə dərslərdə, oyun otağında, idman zalında və yeməkxanalarda solaxay uşaqlar üçün rahatığı təmin etmək və digərlər həmyaşıdlarını təlimatlandırmaq lazımdır.
Baxın, tarixdə iz qoymuş ən parlaq simaların əksəriyyəti solaxay olublar. Məsələn, Leonardo Da Vinçi haqda danışanda bəzən zarafatla onun hər 10 barmağının sol əlində olduğunu vurğulayırlar. Yadımdadır ki, məktəbdə müəllimə işlədiyim zaman bir valiedeyn təlaşla yanıma gəlib, qızının sol əllə yazmağa meyilli olduğunu və solaxayların daha az yaşadıqlarını dedi. Mən bu məsələni araşdırdım və həmin ananı elmi faktlarla sakitləşdirməyə nail oldum. Sol və ya sağ əllə yazmaq uşağın ömürünü nə qısalda, nə də uzaqda bilər. Ümumiyyətlə, bu, bir əfsanədir. Əgər uşağınız uzun sürən cəhdlərdən sonra yenə sol əllə yazmağa inad edirsə, demək ki, o solaxaydır. Sağla yazmağa məcbur etsəniz ağressivləşib, təhsildən soyuya bilər.
“Güzgü” xarakteri daşıyan tennis, boks və s. kimi idman növlərində solaxay olmaq idmançıların işinə yarayır. Lakin buna baxmayaraq bir sıra musiqi alətlərində ifa etmək, hətta mətbəxdə adı bıçaqla ərzaqları kəsmək onlara çox narahat olur.
- Əzizim Üget, çox maraqlı məlumatlarınız və təlimatlarınız üçün sizə minnətdaram...
- Mən uşaqları irqindən, dinindən və milliyətindən asılı olmayaraq çox sevirəm. Hər birinin sağlam gələcəyi üçün özümü bir pedaqoq kimi borclu sayıram. Odur ki, fikirlərimi işıqlandırıb, daha geniş auditoriyaya çatdırdığınız üçün sizə təşəkkür edirəm.