Rayon qadınları arasında sorğunun şok edən nəticəsi: “Bizi döyün...”
4-10-2017, 11:54
Mehriban Zeynalova: “Onlar düşünür ki, ailənin idarə edilməsində bu tətbiq olunmalıdır”; Azad İsazadə: “Ərin qulağını dolduran da qadındır”
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi Azərbaycanda qadınlara qarşı məişət zorakılığının xüsusiyyət və səbəblərinin araşdırılması üzrə sorğu keçirib. Sorğu Lənkəran, Beyləqan, Füzuli və Şəmkirdə yaş həddi 18 yaşdan yuxarı olan 400 qadın arasında keçirilib. Respondentlərdən qadının öz statusunu necə dərk etməsinin vacib göstəricisi olan evli qadının döyülməsinə münasibətləri haqqında məlumat toplanıb.
Qadınlardan hansı hallarda kişinin arvadını döyməyə ixtiyarı olub-olmaması haqqında soruşulub. Bura qadın xörəyi yandırdıqda, əri ilə mübahisə etdikdə, ərindən icazəsiz harasa getdikdə, uşaqlara nəzarət etmədikdə və cinsi əlaqədən imtina etdikdə halları daxildir. Sorğuda ərin arvadını qeyd olunan hər hansı səbəbə görə vurması və ya döyməsinə haqq qazandıran qadınlar da var. Qadınların 24.3%-i ərindən icazəsiz harasa getdikdə, 18.9%-i uşaqlarına nəzarət etmədikdə, 13.6%-i əri ilə mübahisə etdikdə, 8%-i cinsi əlaqədən imtina etdikdə, 5%-i isə xörəyi yandırdıqda arvadın döyülməsini haqlı sayır. Ümumilikdə rəyi soruşulanların təxminən 28%-i qeyd olunan səbəblərdən heç olmasa birinə görə ərin arvadını döyməsini düzgün sayır. İSİM-in həkim metodisti Raisə Əhmədova Beynəlxalq Qeyri-zorakılıq günün həsr olunan tədbirdə sorğuda yaşı 18-dən yuxarı olan ailəli, qeyri-rəsmi nikahda olan, boşanmış və dul qadınların iştirak etdiyini bildirib: “15-19 yaş kateqoriyasında olanlardan 14 nəfər (3,5%), 20-24 yaş arası 40 nəfər (10,0%), 25-29 yaş arası 59 nəfər (14,8%), 30-34 yaş arası 41 nəfər (10,3%), 35-39 yaş arası 37 nəfər (9,3%), 40-44 yaş arası 43 nəfər (10,8%), 45-49 yaş arası 56 nəfər (14,0%) və 50-54 yaşları əhatə edən kateqoriyadan 55 nəfər (13,8%) sorğuda iştirak ediblər. Sorğuda iştirak edənlərdən 216 nəfəri (54%) tam orta təhsilli, 84 nəfəri (21%) orta ixtisas təhsilli, 42 nəfəri (10,5%) ali təhsilli, 8 nəfəri (2,0%) ibtidai təhsilli, 3 nəfəri (0,8%) təhsil almayanlardır”.
Qeyd edək ki, 28 faiz qadının “ərim istəsə məni döyər də, söyər də” deməsi cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Azərbaycanda məişət zəminində baş verən cinayət hadisələrinin də əksəriyyəti məhz kişinin qadın üzərində zorakılığına əsaslanır. Nə yazıq ki, bir sıra qadınların psixologiyasında bu cür fikirlər ta qədim zamanlardan mövcud olub. Çoxları Azərbaycanın məşhur “O olmasın, bu olsun” filmindəki Məşədi İbadın “Arvad kişidən nə qədər qorxsa, bir o qədər yaxşıdır” sözlərini yəqin ki, xatırlayar. Demək ki, bu cür düşüncə keçmişdən bir sıra insanların psixologiyalarında hələ də qalıb.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki,qadınlar bəzən düşünür ki, döyülməyə layiqdirlər: “Biz qadına qarşı şiddətlə ona görə mübarizə apara bilmirik ki, qadınlar bu cür stereotiplərdən asılıdırlar. Qadınlar bəzi hallarda kişilərə haqq verirlər. Onları dəstəkləyirlər, düşünürlər ki, qadınlar döyülməyə layiqdir. Çünki onlar zamanında döyülmüş qadınlardır. Əslində mən bu cür düşünən qadınların 28 faizdən daha çox olduğunu düşünürəm. Çünki əksər qadın düşünür ki, kişi qadını döyə bilər, çünki qadın günahkardır. Qadının günahı isə yeməyi vaxtında bişirməməsi, ərindən gec durması, uşağa yaxşı baxmamağı, ərindən icazəsiz atası evinə getməsi və sairə. Ona görə də düşünürəm ki, 28 faizdən çox qadın kişinin qadını döyməsinə haqq qazandıra bilər və mənim üçün bu 28 faizdə hansı yaş aralığındakı qadınların iştirak etdiyini bilmək maraqlı olardı. Kişinin zorakılığına və kişinin törətdiyi cinayətə əsas verən qadınlar problemin aradan qaldırılmasına ciddi maneçilik törədirlər. Bu qadınlar ola bilər ki, baldızlar, qayınanalar, yaxın adamlar olsun, hansı ki, bu stereotiplə, bu düşüncə tərzi ilə böyüyüblər. Mən həmişə deyirəm bizim qanunlarımızla davranış motivimiz uyğun gəlmədiyi üçün qanunun icrasında ciddi problemlər yaranır. Çünki biz qanuna tabe olmaq, qanunu öyrənmək yox, öz yaşam tərzimizi məişət səviyyəsində müəyyənləşdirib yazılmamış qanunlarla idarə edirik. Bu yazılmamış qanunların içərisində qadının döyülməsi, günahkar hesab edilməsi, təzyiq altında saxlanılması əsas davranış motivimizdən biridir. Bunun da arxasında qadın günahkardır devizi gedir ki, qadın istəsə ailəni qoruyar, qadın istəsə hər şey mükəmməl olar. Bunları qadın etməlidir. Bunları etməyəndə qadını döymək də olar. Təəssüf ki, bu fikirlərə də rəvac verən elə qadınların özüdür. Elə qadınlar var ki, onlar düşünür ki, ailənin idarə edilməsində bu tətbiq olunmalıdır”.
Zeynalova insanları bu cür düşüncədən qurtarmaq üçün şüurun dəyişilməsinin vacib olduğunu dedi: “Təkcə maarifləndirmə ilə bu işlərin qarşısını almaq olmaz. Şüur ictimai qınaqla dəyişə bilər. Bəzi qadınlar özlərini daha uğurlu və ideal təqdim etmək üçün günahkar qadının döyülməsi tendensiyasını irəli sürürlər”.
Psixoloq Azad İsazadə bildirdi ki, qadına qarşı daha aqressiv davranan da sırf qadın cəmiyyətinin özüdür: “Bu, yalnız bizə xas bir xarakter deyil. Ümumiyyətlə, əsrlər boyunca dünyada kişi hegemonluğu olduğuna görə belə bir fikir formalaşıb. Bəzi ölkələrdə bu bir az çoxdur, bəzi ölkələrdə isə azdır. İnkişaf etmiş Qərb ölkələrində də bu problemlə rastlaşırlar. Sadəcə orada daha güclü feminist hərəkatı olduğuna görə bunu şərqdəki kimi açıq-aşkar görmək olmaz. Orada qadının hüququ qanun çərçivəsində daha yaxşı qorunur. Şərq ölkələrində də qanunlar var. Bu qanunlara görə, kişi və qadın bərabər hüquqludur. Amma reallıqda qanunlar çox vaxt işləmir, ya da zəif işləyir. Şərqdə qadının rolu daha çox ailə, uşaq və evlə bağlıdır. Kişinin isə rolu pul qazanmaqdır. Ailədə bəzən kim pul qazanırsa, o meydan oxuyur. Hətta belə bir fikir də var ki, ”kişi döyürsə, deməli sevir". Bu söz faktiki olaraq kişi hegemonluğunun tərəfini saxlayan atalar sözüdür. Qəbul olunmuş qanunlar işləsə, bu, psixoloji davranışa da təsir edər. Təəssüflə qeyd etməliyəm ki, qadına qarşı daha aqressiv davranan da sırf qadın cəmiyyətinin özüdür. Məişət zorakılıqlarına da diqqətlə baxsaq görərik ki, o zorakılığın kökündə qayınananın, baldızın fikri var. Məişət zorakılığının alət kimi istifadəsi ər olur. Ərin qulağını dolduran isə xanımlardır".