“Mətbuat olmasa, bəzi ədəbazlar cəmiyyətin əsəbləri ilə oynayarlar” – Seymur Verdizadə

5-10-2017, 21:41           

"Azərbaycan mətbuatının cəmiyyətə təsir imkanları ötən illərlə müqayisədə indi bir o qədər də geniş deyil. Media ictimai fikri yönəltməyə çətinlik çəkir, bəzən hadisə yaratmaq əvəzinə baş vermiş hadisənin arxasınca sürünmək məcburiyyətində qalır. Həmçinin, sözün qiymətdən düşməsiylə bağlı mülahizələr də mətbuatın fəaliyyətinə mənfi təsir göstərir”.

Mia.az xəbər verir ki, bu sözləri "Şərq” qəzetinə açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə deyib. S.Verdizadə bildiirb ki, Sovet dövründə qəzetlərin yazdığı mövzular "Quran ayəsi” kimi mübahisəsiz qəbul olunurdu, amma indi qəzetdə dərc olunan, yaxud saytda yerləşdirilən xəbərlərin doğruluğu çox vaxt mübahisə predmetinə çevrilir.

"Buna görə də mətbuata inam tədricən azalır, "dördüncü hakimiyyət”in mövqeləri getdikcə zəifləyir. Sözsüz ki, "reket jurnalistlər”in, qeyri-peşəkarların bu prosesdə danılmaz "əməyi” var. Onların tamahı, yarıtmaz fəaliyyəti üzündən müstəqillik dövrünün mətbuatı əvvəlki nüfuzunu qoruya bilmədi”.

Tanınmış jurnalist qeyd edib ki, yuxarıda sadalanan faktorlara rəğmən, Azərbaycan mətbuatının cəmiyyətin həyatında heç bir rol oynamadığını iddia etmək ədalətsizlik olardı. Məhdud imkanlara baxmayaraq, mətbuatımız fəaliyyət göstərir, üzərində bərqərar olduğu prinsipləri yaşadır, cəmiyyəti operativ informasiya ilə təmin edir, oxucuları maarifləndirir.

"Fəxrlə qeyd etmək lazımdır ki, Azərbaycan mətbuatı ictimai-siyasi proseslərə təsir imkanlarını qoruyub-saxlaya bilib. Bir qədər keçmişə ekskursiya etməklə fikrini daha dolğun əsaslandıra bilərəm. 2014-cü ildə "Xəzər” Dəniz Gəmiçiliyi ASC-nin sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətov "Gelandewagen” markalı avtomobillə xalq artisti Ağasəlim Abdullayevin həyat yoldaşını və azyaşlı nəvəsini vurub öldürmüşdü. O vaxt mətbuat bu məsələni gündəmlə saxlamaqla yüksək vəzifəli məmur oğlunun cəzalandırılmasını bir qədər də sürətləndirdi.

Mədətovların sahib olduqları mülklərlə bağlı araşdırmalar Mübariz müəllimin vəzifəsini itirməsi ilə nəticələndi. Əgər o vaxt mətbuat bu məsələnin üstündən sükutla keçsəydi, Mübariz Mədətov özünü və oğlunu xilas etmək üçün yollar axtaracaqdı. Biz mətbuatın gücünü iki ay əvvəl, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini Novruzəli Orucovun oğlu Rüstəm Orucovun günahsız sürücünü vəhşicəsinə döyərkən bir daha gördük. Media bu məsələni ictimailəşdirdiyi üçün həmin vaxt Rüstəm Orucovu cəzalandırmaq mümkün oldu. Üstəlik, atası da iş yerini itirdi. Demək istədiyim odur ki, mətbuat cəmiyyəti mənfi tendensiyalardan qoruyur, həmçinin, bu cür mənfi halların kütləvi xarakter almasını əngəlləyir.

Məsələn, bir müddət əvvəl goranboylu iş adamı Qalib Mustafayev itinə toy eləyəndə, mətbuat bu yaramaz hərəkəti sərt tənqid etdi. Əgər diqqət etsəniz görərsiniz ki, aprel ayından bəri bu cür sarsaq hərəkətlərin şahidi olmamışıq.

Ola bilsin ki, ötən müddət ərzində hansısa biznesmen itinə, hətta pişiyinə toy edib, amma mətbuatın təpkisindən qorxduğu üçün bu cür halları ictimailəşdirmir. Əgər mətbuat olmasa, bəzi ədabazlar cəmiyyətin əsəbləri ilə oynayarlar”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.