Arif Əsgərovun oğlu məhkəməyə gəlib qohumunu suçladı- mətbuata da xəbərdarlıq etdi

6-10-2017, 13:21           
Arif Əsgərovun oğlu məhkəməyə gəlib qohumunu suçladı- mətbuata da xəbərdarlıq etdi
Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsindən sonra işsiz qalan nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızı oğlu Emil Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə məhkəmə iclası hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilib.

Məhkəmədə şahid qismində Arif Əsgərovun oğlu Elnar Əsgərov ifadə verib.

O, təqsirləndirilən şəxs Emil Hüseynovla qohum olduğunu deyib: "Emil mənim xalam oğludur. Yaxın qohumluq münsibətimiz olub. Anam ona analıq edib".

Elnar Əsgərov bu işdə atasının adının hallanmasından da narazılığını bildirib: "Atam uzun illər Azərbaycan Dəmir Yolları QSC rəhbəri olsa da mənim həmin qurumla heç bir əlaqəm olmayıb. Bu işdə mənimlə bağlı deyilənlərlə razı deyiləm".

E.Əsgərov bu iş üzrə zərərçəkmiş kimi tanınan Emin Məmmədovla heç bit biznes əlaqələrinin olmadığını deyib. İttihama görə, təqsurləndirilən Emil Hüseynov Emin Məmmədovdan külli miqdarda pul alaraq Elnar Əsgərova verib.

Amma Elnar Əsgərov deyilənləri rədd edib: "Mən zərərçəkmişlərdən Emin Məmmədovu tanımışam. Dostlarla bilrikdə həmişə futbol oynamışıq. Həmin ərəfədə də Emin Məmmədovu da orada tanımışam. Bizimlə futbol oynayıb".

Elnar Əsgərov xalası oğlu Emil Hüseynovun ayrı-ayrı şəxslərdən pul almasından xəbəri olmadığını və bütün işlərdə günahkar onun olduğunu deyib və ardınca da media nümayəndələrinə xəbərdarlıq edib:

"Bilmirəm ki, indi bu zalda media nümayəndələri var ya yox. Amma jurnalistlər yazırlar ki, mən istintaqdan yayınmışam, ölkədən qaçmışam. Xahiş edirəm doğru olanlar yazılısn. Bu yazılanları bizim yaxınlarımız, ailə üzvlərimiz oxuyur".

Daha sonra dövlət ittihamçısının suallarını cavablandıran E.Əsgərov xalası oğlu Emil və zərərçəkmişlə heç bir biznes əlaqələsinin olmadığını deyib:

"Emillə Emin arasında biznes əlaqəsinin olmasından isə sonradan xəbər tutmuşam. Xalam oğlu ilə yaxın münasibətlərim olub".

Elnar Əsgərov deyib ki, xalası oğlu Emilin Emindən aldığı pullardan xəbər olub: "Emilgilin Emin Məmmədovla torpaq məsələsi olmuşdu. Nə üçünsə girov qoymuşdular. Emin Məmmədovu da mən tanıdığım üçüm xalam məndən xahiş elədi ki, həmin torpağın sənədini ondan alım. Xalamın xahişi ilə Emin Məmmədovla bu haqda danışdım".

O, bir daha əlavə edib ki, qohumu Emillə heç bir biznes əlaqəsində olmayıb, iş görməyib. E.Əsgərov bütün məsələlərdə qohumu Emili günahlandırıb.

Daha sonra Elnar Əsgərov zərərçəkmiş Emin Məmmədovun vəkilinin sualını cavablandırıb. Bildirib ki, Emin Məmmədovu 10 ilə yaxın tanısa da yaxın münasibətləri olmayıb:

"Mütəmadi olaraq Emin Məmmədovla görüşməmişəm. Yaxın əlaqəmiz olmayıb. Sadəcə futbolda həftədə 2-3 dəfə görmüşəm. Telefon danışıqlarımız isə Emilin problemindən sonra olub".

E.Əsgərov bildirib ki, xalasından pul alaraq zərərçəkmiş şəxsə qaytarıb: "Emilin anasından- xalam Lətifədən 500 min dollar və 200 min dollar də alıb Emin Məmmədova vermişəm. Bunu da xalamın xahişi ilə etmişəm".

Təqsirləndirilən şəxs Emil Hüseynov Elnar Əsgərovun yalan danışdığını və doğruları danışmadığını deyib. O, bildirib ki, zərərçəkmiş şəxslərdən alınam pullar Elnar Əsgərova verilib. E.Hüseynov əlavə edib ki, Elçin Məmmədov xaric zərərçəkmiş şəxslərin hamısına dəymiş zərər ödənilib.

Zərərçəkmiş Emin Məmmədov da Elnar Əsgərovun yalan danışdığını söyləyib.

"Görülən işlərdən Elnarın xəbəri olib. Aramızda telefon danışıqlarımız, mesajlar var. Dəfələrlə görüşmüşük. Ancaq Elnar özünə sərf edənləri xatırlayır. Harada, neçə dəfə görüşdüyümüzü xatırlamır. Mən ona mesaj yazanda göstərirdim ki, "Elnar. mənə bu qədər borcun qaldı". Əgər borcu yox idisə, niyə mənə cavab vermirdi ki, nə danışırsan?".

Məhkəmədə Emil Hüseynovun vəkili deyib ki, Elnar Əsgərovun ifadəsində ziddiyyətlər var. Məhkəmə E.Əsgərovun istintaqa ifadəsində ziddiyyətlər olan məqamları elan edib. Onun bəzi məqamlarda biznes əlaqələrini təsdiqlədiyi məlum olub.

E.Əsgərov onu da deyib ki, xalası oğlunun başqa şəxslərdən aldığı pulları özü ödəyib: "İndi Emil şükür eləsin ki, mən ondan şikayətçi olub, bu məbləği tələb etmirəm".

Qeyd edək ki, Elnar Əsgərov bu iş üzrə əsas şahiddir. Hətta bəzi zərərçəkmişlər və təqsirləndirilən Emil Hüseynovu deyil Elnarı ittiham edirlər. Çünki alınan pullar Elnar Əsgərova çatıb. Emil Hüseynov isə E.Əsgərovun işlərini gördüyünü deyir.

Bildirək ki, E.Hüseynov vətəndaş Tural Hüseynovun etibarından sui-istifadə edərək, ondan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar və Mərziyyə Rzayevadan isə 19 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanılıb. Cinayət materiallarına əsasən, E.Hüseynov Gürcüstan Respublikasından izolyasiya və digər materiallar gətirmək adı ilə həmin vətəndaşları aldadıb.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

Barəsində həbs qətimkan tədbiri seçilən E.Hüseynov məhkəməyə müraciət edib. O, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib. Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilib, E.Hüseynovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, E.Hüseynov sabiq nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızı oğludur.

Bildirək ki, E.Hüseynov hazırda ev dustaqlığındadır. Onun barəsində olan həbs qətimkan tədbiri bir müddət əvvəl dəyişdirilib və o azadlığa çıxıb.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

Cinayət işi materiallarına əsasən, E.Hüseynov bu pulları Gürcüstandan mal gətirmək adı ilə alıb. E.Hüseynov 2016-cı ilin dekabr ayında "İnterpol" xətti ilə Qazaxıstanda həbs edilərək Azərbaycana təhvil verilib.

Qeyd edək ki, Arif Əsgərovun digər baldızı oğlu Rahib Hüseynov da dələduzluqda təqsirli bilinərək həbs edilmiş, daha sonra azadlığa buraxılmışdı. Rahib Hüseynovun adı 48 milyon manatlıq mənimsəmə işində hallanır.

Arif Əsgərov 2004-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışıb. A.Əsgərov 2015-ci ildə prezidentin fərmanı ilə tutduğu vəzifədən azad edilib. Başqa bir fərmanla o, nəqliyyat nazirinin müavini təyin edilib.

A.Əsgərovun oğlu "Liman Group” şirkətinin rəhbəri olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.