“Xalqın içindən gələn biriyəm, həyatın bütün çətinliyini çalışaraq aşdım” – səfir Hulusu Kılıcdan önəmli açıqlamalar
20-10-2017, 10:08
Hulusi Kılıc: “ Mən praktik bir səfirəm, İşin üzərinə gedirəm və bundan qorxmuram”
Dünən Türkiyənin Moldovadakı hazırkı səfiri, Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıc, eləcə də Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov “Yeni Müsavat” Media Qrupunun ofisində oldular. Onlar, Hulusi Kılıcın təbirincə desək, bir millətin Moldovadakı iki səfiridirlər. Əməkdaşlarla, iş şəraiti ilə tanışlıq çərçivəsində baş tutan səmimi söhbətdə səfirlər Moldova və Azərbaycanla bağlı düşüncələrini anladıblar. Söhbət zamanı xatırladılıb ki, H.Kılıcın və Q.Osmanovun Bakıya gəliş səbəbi cənab Kılıca təqdim olunan “Türk dünyası onur medalı”nın təqdimat mərasiminə qatılmaq olub.
Sosial şəbəkədə xüsusi aktivliyi ilə seçilən H.Kılıcın Azərbaycanda və Azərbaycan insanının həyatında baş verən proseslərlə bağlı məlumatlarının çoxluğu da maraqlı bir söhbətin təməlini qoydu.
“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu, qəzetimizin redaktoru Elşad Məmmədli, əməkdaşlarımız Kənan Rövşənoğlu və Sevinc Telmanqızının iştirakı ilə baş tutan söhbətdə H.Kilic bizi maraqlandıran bütün sualları cavablandırdı. Söhbəti R.Arifoğlu açaraq, öncə qonaqlara “xoş gəldin” dedi, ardınca isə H.Kılıcla maraqlı bir söhbət başladı.
R.Arifoğlu:
-Hörmətli böyükelçimiz, sizi burda görmək o qədər xoşdur ki... İstərdim, fürsətdən istifadə edib bir söhbət edək. Amma ondan öncə sizin bura gəliş səbəbinizə toxunaq. Onunla bağlı kiçik bir məlumatla başlayaq söhbətimizə.
-Bildiyiniz kimi, 18 oktyabrda Azərbaycan Yazarlar Birliyinin dəvəti ilə Azərbaycana gəldim. “Türk dünyası onur medalı”nı almaq üçün bu tədbirdə iştirak etdim. Bu mükafatın mənim üçün iki böyük əhəmiyyəti vardı. Sizin kimi gözəl dostlarla görüşüb, keçmiş günləri yad etməkdir.
R.Arifoğlu:
-Facebookda da dostlarınızı bu tədbirə dəvət etmişdiz. Gələnlər oldumu?
- Çox gələn oldu. Amma dünən (srağagün-müəl.) dostların bir qismi futbol matçına getdilər. (gülür) Amma zal dolu idi. Dostların çoxu gəldi. Mənimçün bir həsrət, bir özləmi azaltmaq kimi oldu. Siz bilirsiniz, mən hər zaman açıq danışıram. Hər yerdə mən “Azərbaycan mənim ikinci vətənim kimidir” demirəm, “Azərbaycan ikinci vətənimdir” deyirəm. Moldova telekanallarına, efirə çıxanda da bunu deyirəm.
R.Arifoğlu:
-Bəs bunu deyəndə reaksiyalar necə olur?
-Çox təbii qarşılayırlar.
S.Telmanqızı:
-Azərbaycan deyəndə tanıyırlarmı, hansı ölkədən söhbət getdiyini bilirlərmi?
-Təbii ki. Azərbaycanın keçmiş Sovet ölkəsi olmasından qaynaqlanan bir tanışlıq var. Azərbaycanın ordakı səfiri Gudsi Osmanov də çox aktivdir, bizi bərabər görürlər hər yerdə. Görürlər ki, biz iki qardaş ölkənin səfiri kimi hərəkət edirik.
R.Arifoğlu:
-Bu cür bərabər görünmənizə, açıqlamalarınıza hansı ölkələrdən təpkilər gəlir? Müşahidələrimə görə, sosial şəbəkədə də Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovla birgə çox mehriban fotolarınızı yayırsız, bu mesajı da hər fürsətdə verirsiz. Reaksiyalar necə olur? Məsələn, Ermənistanın ordakı səfirliyi tərəfindən?
-Moldova da bizim dost və qardaş ölkəmizdir. Türkiyəni də, Azərbaycanı da orda özlərinə dost bilirlər. Düşmənlərin reaksiyasını isə bilə bilmərik. Çünki onlar hesablarını daxildən aparırlar.
R.Arifoğlu:
-Ermənistanın orda səfiri varmı? Təpkisi necədir?
-Var. Amma təpkisini bilmirəm. Çünki onunla görüşmürük. Amma mən onun tərəfdarıyam ki, öz işimizi görək.
R.Arifoğlu:
-Hulusi bəy, Azərbaycanla müqayisədə Moldovada iş görmək daha çətindir, ya asan?
-Çətin deyil, asandır. Azerbaycanı başka ülkelerle mukayese etmek olmaz. Azerbaycan menim için vatandır .Əsas səbəb odur ki, dostların arasındayıq və bu, ciddi üstünlükdür. Yerli hökumətlə yaxşı əlaqələrimiz var. İstədiyimiz zaman görüşürük. Bu il Türkiyə-Moldova münasibətlərinin 25-ci ildönümüdür. Mən buna “qızıl ildönümü” deyirəm. Niyə? Çünki bu il ilk dəfə Türkiyənin baş naziri Moldovanı ziyarət etdi. Prezidentlər Qaradəniz İqtisadi İşbirliyi konfransı çərçivəsində İstanbula gəldi, orda yenə görüşdülər. Moldova parlamentinin rəhbəri də sentyabrda Türkiyəyə baş çəkdi. Sonra bizim prezidentlər Nyu Yorkda Birləşmiş Millətlər Təşkilatı qurultayında Moldova'nın Başnaziri ile görüşdü. Münasibətlər də çox yüksək səviyyədədir. Hazırda isə hər iki ölkə vətəndaşlarının pasportla yox, şəxsiyyət vəsiqəsi ilə bu ölkələrə səyahəti üzərində çalışırıq. Qarşılıqlı olacaq. Gələn ay heyət gələcək. Ukrayna ilə artıq bunu başlamışıq. Gürcüstanla da 6 il bu təcrübəni tətbiq edirik. Vətəndaşlarımız bu ölkələrə pasportla yox, şəxsiyyət vəsiqəsi ilə səyahət edə bilir.
“Azərbaycan artıq nefti ilə böyük bir gücə sahibdir: 10 il bundan əvvəlki Azərbaycanla indikini müqayisə edəndə ciddi inkişaf var”
R.Arifoğlu:
-Moldovada Qaqauziya Özerk muxtar cümhuriyyəti barədə də danışaq. Oranın statusu nədir?
-Avtonom. Cümhuriyyət də demirlər, “yer”i deyirlər. Onlar öz başqanlarını özləri seçirlər, təyinat deyil. Parlamenti, icra komitəsi var. Amma ordusu, xarici siyasəti yoxdur. Amma öz təhsil, təsərrüfat işlərini özləri həll edirlər.
hulusi kilich.jpg (200 KB)
R.Arifoğlu:
-Türk olduqlarını bilirlərmi?
-Bilirlər. Biz onlara anlatmağa çalışırıq ki, Azərbaycan deyilirsə də, içəridə yaşayanlar türkdür. Qaqauziya o bölgənin adıdır, amma içində yaşayanlar türkdür. Bunu bilməyənlər də var, amma öyrənəcəklər zamanla. Biz daha çox qaynaşacağıq. Mən orda “dönər günləri” təşkil edirəm. Ora da qaqauzları, türkləri, Azərbaycan türklərini dəvət edirəm. Orda öz aramızda türk dilində danışırıq.
R.Arifoğlu:
-Onların türkcəsi necədir?
-Azərbaycan ləhcəsinə daha yaxın, daha sağlam bir türkcə.
R.Arifoğlu:
-Bəs mərkəzi hökumətdən sizin qaqauzlara qarşı bu isti münasibətiniz bir qısqanclığa səbəb olurmu?
-Mərkəzi hökumətlə bu məsələdə heç bir problem yoxdur.
K.Rövşənoğlu:
-Moldova üzərində Avropa Birliyi ilə Rusiya arasında bir rəqabət var. Bu məsələdə Türkiyənin yeri hardadır? Öz siyasətini tətbiq edir?
-Bəli, öz siyasətini tətbiq edir. Bizim də Avropa siyasətimiz var, Avropa Birliyinə daxil olmaq üçün səylərimizi davam edirik. Bizim Qərbə yönəlişimiz var. Eyni şeyi hökumət də edir. Nəticədə biz buna pozitiv baxırıq. Ölkənin siyasəti, özlərinin seçdiyi siyasi bir yol var. Bizim Moldova ilə sərbəst ticarət anlaşması var. Moldovanın da Avropa Birliyi ilə sərbəst ticarət anlaşması var. Dolayısı ilə qömrükler bakımından sərhədlər aradan qalxmış olur.
R.Arifoğlu:
-Türkiyə dövlətinin Moldovaya olan dıqqəti sizin oraya gedişinizləmi artırdı? Yoxsa siz bu fəaliyyətinizi sosial şəbəkə və media üzərindən paylaşırsız deyə daha qabarıq görünür? Sanki sizə qədər Türkiyənin Moldovaya xüsusi diqqəti yox idi.
-Çox gözəl sualdır. Siz məni Azərbaycandan tanıyırsız. Mən xalqın içindən gələn biriyəm. Kənddə böyüdüm, işçilik, fəhləlik etdim. Həyatın bütün çətinliyini çalışaraq aşdım. Fransada vəzifədə olanda təhsilimi davam etdirdim, diplomat olmaq üçün. Dolayısı ilə təbii ki, mənimlə birlikdə yeni bir hərəkət başladı. Düzdür. Menden önceki sefirler de yahşi işledi. Nəticədə burda 5 illik bir səfirlik təcrübəm var. Türkiyədə hökumətlə, prezidentlə də münasibətlərim çox yaxşıdır. Onların məni bilməsi, tanıması çox vacibdir. Azərbaycana səfir gəlmədən öncə mən Cənab prezident Tayyib bəyin protokol müdiri idim. O vaxt Başnazirdi .Dolayısı ilə böyük çevrəm var. Hansısa layihənin, işin baş tutması üçün Türkiyəyə gəlirəm, birbaşa nazirlərlə görüşürəm. Nəticədə mən belə bürokratam. Yazı yazarsınız, onun nəticəsini öyrənmək üçün arxasınca özünüz gedərsiniz. Gözləsəniz, onun nəticəsi uzana bilər. Mən praktik bir səfirəm. İşin üzərinə gedirəm və bundan qorxmuram. Bir səfirin ən böyük vəzifəsi ölkələrarası münasibətləri inkişaf etdirməkdir. Mən də bu vəzifəmin öhdəsindən gəlməyə çalışıram, təşviq edirəm, təkliflər təqdim edirəm. Məsələn, Moldovadan jurnalist heyətini Türkiyəyə dəvət etmək planı yox idi. Ankaraya getdim, Türkiyənin Basın Yayın İnformasiya rəhbərinə dedim ki, mən Moldovadan jurnalist heyəti göndərəcəm, onları qonaq edə biləcəksiz? Onların biletini alıb, oteldə qonaq edəcəksiz deyə soruşdum. “Əlbəttə, hamısını edəcəyik” dedilər. Heyətdə neçə nəfər olacağını da mənim ixtiyarıma buraxdılar. 7 nəfərlik bir heyət yolladım. 6 ay sonra bir heyət daha yollayacam. Bunlarla maraqlanmaq lazımdır.
R.Arifoğlu:
-Jurnalist heyətindən söz düşmüşkən, orda qəzetlərin, medianın durumu necədir? Qəzetlər hansı dildə nəşr olunur?
-Yerli dildə çıxır. Rusca yayın yox.
R.Arifoğlu:
-Moldova mediası Azərbaycan mediası ilə müqayisədə necədir? Modern, inkişaf etmiş, ya necə?
-Bir az sıxıntıları var. Azərbaycan mediası o mənada daha inkişaf edib. Onlar 10 il kommunizmdə olublar (müstəqillik dönəmində ölkəyə uzun müddət kommunistlər rəhbərlik ediblər – Red.). Kommunizm də onların çox şey itirməsinə səbəb olub. Halbuki indi Avropa Birliyinin üzvü ola bilərdilər.
R.Arifoğlu:
-Tiraspol Dnestryanı respublika məsələsində durumlar necədir? Ora gedib gəlirsizmi?
-Təbii ki, getdim. Orda ayrı bir hakimiyyət var. Orda da 20 min qaqauz türkü yaşayır.
S.Telmanqızı:
-Uzun illər Türkiyədə və sonra da Azərbaycanda fəaliyyət göstərmiş biri olaraq Moldova cəmiyyətinə inteqrasiya prosesi necə gedir? Cəmiyyətin həyatına, yaşantısına, hətta mətbəxinə uyğunlaşmaq çox çətin olmadı?
-Onlar bizə çox yaxındılar. Məsələn, bir avropalı ilə danışanda əlinlə belə qoluna toxuna bilməzsən. Amma moldavanlar sizi qucaqlayıb, səmimiyyət göstərib danışa bilərlər. Çox sözlərimiz ortaqdır. Uzun ortak tarihimiz var. Çox dost bir ölkədir. Kasıb, amma qürurlu bir xalqdır. Son dərəcədə yardımsevərdir.
K.Rövşənoğlu:
-Qaqauzların indi durumu necədir? Rusiya ilə münasibətləri çox yaxşı idi. Rusiyada çalışanlar da çoxdur. Onların assimilyasiyası və ordan getməsi ilə bağlı bir problem varmı yenə də? Durumları necədir?
-İşsizlik problem olanda istər-istəməz bir köç başlayır. İnsanlar yeni açılan bir bazarda çalışmaq üçün gedirlər. Amma Moldova müstəqil bir dövlətdir. Ordakı qaqauzlar Moldova vətəndaşıdır. Münasibətlər də yaxın ola bilər. Biz Türkiyə olaraq heç nə deyə bilmərik. Moldova ilə münasibətlərimiz, siyasətimiz bəllidir. Qaqauziyaya da deyirik ki, siz bu ölkənin bir parçasısız, hökumətlə dialoq quracaqsız. Burada üçüncü bir dövlət haqqında danışmaq bizə uymaz.
K.Rövşənoğlu:
-May ayında sərbəst bir ticarət bölgəsi hazırlayacaqdız. Açıldımı?
-Sərbəst ticarət anlaşmamız tətbiq olundu. Noyabrın 4-də Qaqauziyada İnvestisiya Forumu var. Türkiyədən də çoxlu iş adamları olacaq. Noyabrın 5-də şərab festivalı var. Komrat və Çadır qəsəbələri var. Orda sərbəst iqtisadi bölgələr açılır. Qanun çıxdı, Komratdakını yaponlar böyük bir avtomatik fabrik olaraq istifadəyə verirlər. Orda 1000 nəfərə yaxın çalışacaq. Bu qərarlar qəbul olundu. Sabah Türkiyədən gəlirlər. Çalışmalar da davam edirlər.
S.Telmanqızı:
-Azərbaycan sizin ikinci eviniz olub uzun illər. İndi burada baş verən prosesləri kənardan da olsa müşahidə edirsiz. Sizin səfir olduğunuz dönəmdəki Azərbaycanla hazırkı Azərbaycan arasında nə kimi fərqliliklər müşahidə edirsiz?
-Azərbaycan artıq dünya dövləti kimidir, beynəlxalq aləmdə yaxşı tanınır. Birləşmiş Millətlər Şurasına bu qədər tez müddətdə seçilən yeganə dövlət olub. İki il Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının keçici üzvü olub. Bu, Azərbaycanın hara gəldiyini göstərir. Azərbaycan iri addımlarla irəliyə gedir. Yanlışlar da ola bilər. Amma Azərbaycan artıq nefti ilə, iqtisadiyyatı və inkişafı ilə böyük bir gücə sahibdir. 10 il bundan əvvəlki Azərbaycanla indikini müqayisə edəndə, aydın görünür ki, ciddi inkişaf var.
R.Arifoğlu:
-Hörmətli səfir, Moldovada ən yaxın münasibətdə olduğunuz səfir kimdir?
(Davamı növbəti sayımızda)