Sərdar Cəlaloğlu: “O itləri asmaq lazımdır!”
26-10-2017, 09:43
ADP sədri Sərdar Cəlaloğlu Ovqat.com-a müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
-Sərdar bəy, növbəti seçki ilinə qədəm qoyuruq. Hər seçki, adətən, Azərbaycana xarici təzyiqlə yadda qalır. Bu dəfə isə proses daha tez və sərt başladı. Siz, 2018-ci il Prezident seçkilərindən nə gözləyirsiniz?
-Uzun illərdir, Azərbaycanda siyasi hakimiyyət dəyişilmir. Bu isə həm xarici güc mərkəzləri, həm də daxili qüvvələr tərəfindən birmənalı qarşılanmır. Ona görə də mənim gözləntim hakimiyyətin bir komanda və lider dəyişikliyinə getməsidir. Sözsüz ki, bu lider dəyişilməsi xarici və daxili siyasətdə müəyyən konyukturları da özüylə bərabər gətirir. Bu mənada Azərbaycanda siyasi marağı olan super güclər qarşıdan gələn prezident seçkilərinə əvvəlkidən fərqli proses kimi baxırlar. Düzdür, yenə də seçkilər saxtalaşdırılacaq, bir komanda anti-demokratik yolla digəri ilə əvəz olunacaq. Ona görə də seçkinin necə keçirilməsindən çox, seçkinin nəticəsində hansı bir siyasətin izlənməsi məsələsi önə çıxır və bundan da müəyyən qayğılar doğur. Diqqətlə fikir verin; bu dəfə Azərbaycanda lider dəyişikliyi ilə bağlı hər hansı bəyanat verilən kimi, dərhal Rusiya tərəfindən hansısa formada reaksiyalar gəlir. Adətən, bu reaksiyalar dövlət suverenliyimizi təhdid edən ya konkret addımlar, ya da bəyanatlar şəkilində özünü büruzə verir. Burda kimlərsə “biz Mehriban Əliyevanı dəstəkləyəcəyik” deyən kimi, Jurnovskidən dərhal cavab gəlir ki, Azərbaycan Rusiyaya qatılmalıdır. Yaxud, Azərbaycan Avropa Birliyi ilə hansısa əməkdaşlıq məsələsini müzakirəyə başlayır, Rusiya Ermənistanla hərbi müttəfiqliyini gücləndirən addımlar atır. Və ya Azərbaycan Bakı-Tiflis-Qars dəmir yolunun istifadəsinə və açılışına hazırlaşır, Rusiya Duması sərhədlərində guya dövlət maraqlarına qarşı hər hansı etnik qarşıdurma bəhanəsilə qoşunlarını başqa dövlətin 40 km ərazisinə yeritmək barədə qərar qəbul edir. Hesablayanda görürsən ki, Bakı-Tiflis-Qars dəmir yolu da elə sərhəddin 40 km-liyindən keçir. Yəni faktiki olaraq Azərbaycanın suverenliyi və müstəqilliyini hər an təhlükə ilə təhdid edirlər. Mənə elə gəlir, Rusiya tərəfindən bizim indiyə qədər rast gəlmədiyimiz təzyiqlərlə üzləşməyimizin başlıca səbəbi Azərbaycan hökumətinin lider və komanda dəyişikliyinə getmək ehtimalı ilə bağlıdır.
-Sərdar bəy, Siz, doğrudanmı, lider dəyişikliyi də gözləyirsiniz? Yoxsa, təkcə komanda dəyişikliyi olacaq?
-Lider dəyişiləcəksə, komanda dünəndən dəyişiləcək.
-Başa düşürəm. Amma olar ki, komanda dəyişilər, amma lider yerində qalar…
-Elə şey gözlənilmir. Lider də dəyişiləcək, komanda da.
-Məsələ burasındadır ki, Azərbaycana təzyiq təkcə Rusiyadan da deyil. AŞPA-da bu yaxınlarda Azərbaycan əleyhinə iki sərt qətnamə çıxartdı. Hətta ölkəmizin bu Şuradan çıxmaq ehtimalı belə, gündəmə gətirilir. AŞ ilə Rusiyanın eyni anda bizə təzyiq etməsini nəylə əsaslandıra bilərsiniz? Bu o demək deyil ki, elə ikisi də eyni ələ oynayır?
-Avropa Şurasının, Avropa Birliyinin, ABŞ-ın Azərbaycanla bağlı tənqidləri, əslinə baxsan, indiki iqtidarla bağlıdır. Komanda dəyişikliyi də elə bu iqtidara qarşı atılacaq addımdır. Yəni Qərb ölkələrinin Azərbaycanı tənqid atəşinə tutması komanda və lider dəyişikliyinə yardım etmək üçündür. Rusiyanın təzyiqəri isə bu komandanı saxlamağa xidmət edir. Bu iki addım arasında hansı eynilikdən söhbət gedə bilər? Qərb ölkələri indiki hakimiyyət komandasının dayaqlarını sarsıtmaq xətti tutub. Azərbaycanda növbəti Prezident seçkisiylə baş tutması gəzlənilən komanda dəyişikliyi ABŞ və Qərb maraq dairələrinin məqsədlərinə, siyasi xətlərinə uyğundur. Qərb ölkələri, o cümlədən ABŞ, ümumiyyətlə diktaturadan demokratiyaya birbaşa keçidin mümkünlüyünə inanmırlar. Bizimlə vaxtilə danışıqlarında da bu arqumenti irəli sürür, Misir, Yəmən, Tunis və digər avtoritar rejimləri nümunə göstərir, onların acınacaqlı vəziyyətə düşdüyünü qeyd edirdilər. “Ərəb baharı”ndan sonra məlum oldu ki, diktaturadan demokratiyaya birbaşa keçid mümkün deyil. Mütləq bir ara dövr olmalıdır. Bu ara dövrü Francis Fukuyama (ABŞ Dövlət Departamentinin Siyasi Planlama Dairəsində Yaxın Şərq Eksperti və baş direktorun sabiq müavini) belə izah edir: “İqtidarda nisbətən loyal siyasət aparan qüvvə hakimiyyətə gətirilir, müxalifətdə iqtidara loyal olan qüvvə ilə birləşdirilir, bir müddətdən sonra ölkədə artıq demokratik seçkilər üçün zəmin hazırlanır”. Biz əgər növbəti Prezident seçkilərində lider və komanda dəyişikliyi ilə qarşılaşacağıqsa, deməli, artıq yeni mərhələyə keçidin başlanğıcındayıq. Bu mənada demokratiyaya keçid xalqın və siyasi müxalifətin də maraqlarına tam cavab verir.
-Maraqlıdır. Növbəti seçkilərdə yenə xalq iştirak etməyəcək. Amma onun nəticələri xalqın xeyrinə olacaq. Sərdar bəy, Siz siyasi mətbəxdə özün bişirmədiyin xörəyi yemək möcüzəsinə inanırsınız? Sizə elə gəlmir ki, bu proses siyasi hakimiyyətin bir klandan digərinə keçid mərhələsi də ola bilər?
-Əlbəttə ki, istər siyasətdə, istər ictimai həyatda qarın dolusu yemək istəyirsənsə, xörəyin bişirilməsində rol alacaqsan. Amma ya subyektiv, ya obyektiv səbəbdən (bunun o qədər də mühüm əhəmiyyəti yoxdur) Azərbaycan xalqı elə vəziyyətə salınıb ki, özü-öz problemini həll etmək keyfiyyətini itirib. Atalarımızın bir gözəl sözü var: əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş. Nə yazıq ki, bizim xalq artıq bu gözləntidədir. Ölkənin demokratikləşməsini başqalarından gözləyir, onun meyvələrindən isə özü dadmağa çalışır. Əslində indiki rejimin də bu şəkildə bərqərar olması xalqın siyasi proseslərə bu münasibətindən irəli gəlib. SSRİ-dən ayrıldıqdan sonra rus imperiyası da bizim bu sadəlövhlüyümüzü görüb öz müstəmləkə mexanizmini milli dövlətçilik rəngində boyayıb. Vaxtilə V. İ. Lenin deyirdi ki, biz Çar Rusiyasını məhv etmədik, sadəcə, ona kommunizm boyası vurduq. Bugünkü rejim də eyni metodla yaranıb. Bugünkü Azərbaycan suverenlik və müstəqilliklə boyansa da, keçmiş SSRİ-nin davamıdır. Yenə Rusiyanın təsiri altında qalan bir müstəmləkədir. Çünki idarə edənlərin hamısının beyni Rusiya Kommunist Partiyasının beyni kimdir və onlar üçün Rusiya vətəndir, Azərbaycan isə yad yer. Maraqlıdır ki, bunun bir çox nümunələri də var. Məsələn, Azərbaycandakı bəzi rəhbər şəxslər Rusiya tərəfindən orden və medallarla təltif olunurlar. Özü də elə ordenlə təltif olunurlar ki, bu adlar müəyyən öhdəlikləri ifadə edir. Deyək ki, Rusiya torpaqlarını müdafiə etdiyinə, onun dövlət maraqlarını qoruduğuna görə. Təsəvvür edin, adamlar Azərbaycanda vəzifədədir, amma Rusiyanın dövlət maraqlarını qoruduqlarına görə mükafat alırlar.
-Moskva rəsmən etiraf edir ki, bu adamların mənim qarşımda öhdəliyi var.
-Bəli, bu, rəsmən öhdəliyin ifadəsidir. Yaxud, Azərbaycanın faktiki strateji müttəfiq olan Türkiyənin əleyhinə hansısa nazir, millət vəkili rahatlıqla bəyanat verə bilir və buna görə cəzalandırılmır da. Yadınızdadırsa, məlum təyyarə böhranı zamanı Azərbaycanın bəzi rəsmi şəxsləri, deputatları mediaya çıxıb Türkiyənin Rusiyadan üzr istəməsini tələb edirdilər. Başqa sözlə, bu gün Azərbaycanda keçmiş sovet rejimi özünü qoruyub saxlayıb, ölkə kiçik kosmetik dəyişikliklə yenə eyni qaydada idarə olunur. Hətta Azərbaycanda xüsusi mülkiyyətə belə keçilməyib. Sovxoz sistemi bir başqa formada özünü qoruyur. İri məmurlar çoxşaxəli monopoliyalar yaradıblar, amma istənilən an bir başqa məmur onların mülkiyyətini ələ ala bilir. Bir sözlə, Azərbaycan SSRİ-nin dövlət mülkiyyəti sanki bəzi adamlara qorumaq üçün həvalə edilib. Ən vacibi də odur ki, Azərbaycanın bu qədər təbii sərvəti, iqtisadi potensialına baxmayaraq, adam başına düşən milli gəlirə görə, ermənilərdən, gürcülərdən geri qalırıq. Yəni, Azərbaycan xalqına belə, o paydan bir qarın dolusu çörək vermirlər…
-Həqiqətən də çox maraqlı təzaddır. Bu təzadı nəylə izah edərdiniz?
-İzahı çox sadədir. Ermənistanda, Gürcüstanda sovet hakimiyyəti dövründə qurulan müəssisələr hələ də işləyirlər. Bizdə isə bu infrastuktur Rusiyaya bağlı qüvvələr, iri məmurlar tərəfindən darmadağın dağıdılıb. Mənim fikrimcə, bu, təsadüfi deyil. Dövlət strukturları miqyasında aparılan təxribatdır. Özəlləşdirmə adı altında Azərbaycanda mövcud olan minlərlə fabrik və zavod yox edildi. Halbuki, bu, yüzminlərlə adamın işsiz qalması, iqtisadi gücünün məhvi deməkdir. Azərbaycan hazırda 25 ildir aparılan bu dağıtma siyasətinin ağır nəticələriylə üzləşir. Bu gün Azərbaycan büdcəsi boşdur, hökumət cərimələrlə həmin boşluğu doldurmağa çalışır. Xarici borclanmalara gedir. Ona görə ki, bu boyda ölkədə düz-əməlli işləyən bir müəssisə belə yoxdur. Hamısı köhnə kommunist məmurlar tərəfindən dağıdılıb. Bir-iki müəssisə qalıb ki, onlardan da çirkli pulları yumaq üçün istifadə olunur. Azərbaycanda minlərlə böyük fabrik, zavod və bu kimi digər müəssisələrin dağıdılmasını heç düşmən də edə bilməzdi. Mövcud hakimiyyətdəki iri məmurların bu talançı siyasəti Azərbaycanı digər ittifaq ölkələrindən 30-40 il geri saldı. Biz indi həmin müəssisələri bərpa etmək, hətta köhnə halına gətirmək üçün 10 illərlə əlləşib-vuruşmalı, milyardlarla pul xərcləməliyik. Bunun özü də Azərbaycanda 5-ci kolonun mövcudluğundan və onların hakim zümrələr içərisində yer aldığından xəbər verir. Zənnimcə, hakimiyyətə gətirdiyi adamların qarşısına Rusiya belə bir vəzifə qoymuşdu ki, Azərbaycan iqtisadi inkişafdan uzaq tutulsun. Həqiqətən də buna nail oldular. Azərbaycan iqtisadiyyatı inkişafdan qaldı, bu, insanların şüuruna təsir etdi, vətəndaşlar istiqlalçı düşüncələrdən uzaqlaşdı, dinamik iş qüvvəsi olan gənclərin ölkəmizi tərk etməsinə gətirib çıxartdı, insanlarımız vətəndaşlıqdan rəiyyətə keçdilər. Xalqın müqavimət gücü qırıldı. Halbuki, dövlət olaraq mövcudluğun əsas şərtlərindən biri bu müqavimət gücüdür. İndiyə qədər aparılan bu siyasətlər isə Rusiyanın əsas strateji hədəfidir. Qərb isə bu strategiyanın qarşısını almaq istəyir. Mən bu mənada, “komanda və lider dəyişikliyi xalqın da mənafeyinə uyğundur” deyirəm. Diqqət etsəniz, Avropanın qətnamələrinə ən çox qıcıq verənlərin rusiyapərəst qüvvələr olduğunu görərsiniz. Yeni seçkidə hakimiyyətə hazırlaşan qüvvələr isə bu addımlara susqunluqla cavab verirlər.
-Maraqlı bir məqama gəlib çıxdıq. Dediyinizdən belə çıxır ki, yeni seçkilərdən sonra köhnə komanda gedəcək. Onlar isə Rusiya qarşılarında ölkəmizi dağıtmaqla bağlı öhdəliyi olan qüvvələrdir.
-Bəli.
-Bəs, yeni komandanın hakimiyyəti dövründə bunların hüquqi məsuliyyəti nə olacaq, daha doğrusu, olmalıdır?
-Əbülfəz Elçibəyin dövründə mən demişdim ki, xalqa qarşı siyasət aparan qüvvələr hüquqi məsuliyyətə cəlb olunmayacaqlarsa, yeni dönəmdə də eyni proses davam edəcək. Ona görə də təklif edirdim ki, gələcək nəsillərimiz dərs çıxartsın deyə, Kommunist Partiyası Azərbaycan xalqına qarşı xəyanətdə ittiham olunub, bağlanmalıdır. Azərbaycanın dövlət suverenliyinin əleyhinə çıxan, torpaqlarımızı ermənilərə satan, 20 Yanvar kimi qırğınları törədən adamlar ən ağır şəkildə cəzalandırılmalıdırlar. Çox təəssüf ki, son 30 ildə bu xəyanətlər öz həqiqi hüquqi qiymətini almayıb. Hətta 20 Yanvar hadisəsi ətrafında xeyli müzakirələr aparılsa da, heç bir konkret addım atılmayıb. Əksinə, Azərbaycan xalqına qarşı represiyalarda iştirak edən adamların özləri və ya nəsilləri vəzifəyə gətirilib. Milli, istiqlalçı qüvvələrə divan tutanların övladları bu gün də öz ata-babalarının iziylə gedir, ölkəmizin iqtisadi gücünə, mülkiyyətinə, hakimiyyət strukturlarına nəzarət edirlər. Bu barədə cəmiyyətdə kifayət qədər informasiya var. Hətta nazirlərdən birinin (Sərdar bəy həmin nazir adını da çəkdi. Baş Prokurorluğa bir daha “proflaktik söhbətə” dəvət edilməmək üçün, biz onu gizli tutmağı məsləhət bildik-H.O.) 15 nəfərin qətlində əli olduğu barədə məlumatlar var. Qurbanlarından 3-ü isə öz katibələridir. Bizə bu barədə təfsilatlı məlumat verilmişdi və 200 şahid həmin sənədə imza atmışdı. Biz də öz növbəmizdə həmin məlumatları Baş Prokurorluğa ötürdük. Di gəl ki, heç bir ölçü götürülmədi. Digər nazirlər də onun kimi, vətəndaşlara qarşı ağır cinayətlərdə, xarici dövlətlərə işləməkdə günahlandırılırlar.
Məsələn, Baş nazirin müavinlərindən birini götürək. Onun törətdiyi cinayətlər barədə bizim saytımızda bir məlumat getmişdi. Adamın Rusiyadan Azərbaycana külli miqdarda silah-sursat gətirdiyi bildirilirdi. Sonradan məlum olmuşdu ki, həmin silahların 90%-i istifadəyə yarasızdır. Bu cinayətin üstünü ört-basdır etmək üçün yalandan partlayış təşkil etdilər. Dövlət əleyhinə bu qədər cinayət törətmiş bir adamı cəzalandırmaq əvəzinə, bu məlumatı yayan saytı bağladılar. Sonradan yayımına icazə versələr də (“Hürriyyət” qəzetinin saytı nəzərdə tutulur).
Təbii ki, əgər lider dəyişikliyi baş verərsə, Azərbaycan dövlətinə, milli maraqlarımıza, vətəndaşlara qarşı cinayətlərdə iştirak edən qüvvələr cəzalandırılmalıdırlar. Çünki bu cinayətlər yalnız korrupsiya hadisəsi də deyil. Əməlli-başlı təxribatdır. Ölkənin iqtisadi, hərbi gücünü sarsıtmağa xidmət edir.
-Bunun adı vətənə xəyanətdir, Sərdar bəy. Təxribat nədir ?
-Bəli. Təxribat yoluyla vətənə xəyanətdir. Bu cür insanlara qarşı dövlət laqeyd qalmamalıdır. Yəqin ki, “İsgərdərnamə”də bir epizodu xatırlayarsan. Bəhram Gur bir gün gəzintiyə çıxır. Görür ki, çoban bir iti asıb. Soruşur; sən niyə bu iti asıbsan? Coban cavab verir ki, mən bu itə hamısından çox yal vermişəm. Bu isə gedib canavarlarla birləşib, onları sürüyə dadandırıb. Bax, o “itləri” asmaq lazımdır. Hansı ki, gedib ya Rusiyanın, ya İranın siyasi gücünü Azərbaycana gətirib, onun 5-ci kolonluğunu edirlər. Bir var hansısa dövlətlə Azərbaycan arasında körpü qurasan, bir də var Azərbaycanı hansısa dövlətin təsiri altına salasan. Azərbaycan dövləti bu iki məfhunu bir-birindən ayırmalıdır.
–Sərdar bəy, Rusiyanın adamları yeni liderə və komandaya qarşı üsyana qalxa bilərlər. Siz hakimiyyətin yeni liderə ötürülməsi prosesinin qarşısının dövlət çevrilişi cəhdiylə alınması ehtimalına necə baxırsınız?
(ardı var)
Söhbətləşdi: Heydər Oğuz