Elsevər Ağayev: Gələn ilin martına kimi bütün dərmanların qiymətləri tənzimlənəcək
5-08-2015, 10:58
Səhiyyə nazirinin müavini Elsevər Ağayev ictimaiyyəti maraqlandıran bir sıra suallara cavab verib.
teref.az Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, E.Ağayev ölkə başcısının tapşırığının icrası məqsədi ilə Səhiyyə Nazirliyinin də təmsil olunduğu Azərbaycan Respublikası Tarif Şurası 30 iyul 2015-ci il tarixli “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə” qərarla 250-dən artıq ən vacib dərman vasitəsinin qiyməti tənzimləndiyini bildirib:
- Bu qərarın əsas məqsədi əhalinin dərman alışına çəkdiyi xərclərinin azaldılması, eyni dərman preparatlarının ölkənin bütün apteklərində vahid qiymətə satılmasıdır. Qərar hər bir vətəndaş, hər bir ailə üçün olduqca böyük əhəmiyyət daşıyır.
Belə ki, ilk növbədə əhalinin maraqlarını əsas tutaraq ölkədə dərman qiymətlərinin tənzimlənməsi üçün ən optimal modelin tətbiqi məqsədi ilə qabaqcıl ölkələrin ən müasir təcrübəsi yerində araşdırılmış Azərbaycan üçün ən uyğun tənzimləmə mexanizmi hazırlanmışdır. Dərmanların qiymətinin təyin olunması məqsədi ilə Tarif Şurasının təsdiq etdiyi təlimata görə müxtəlif ölkələrdə dərman preparatlarının bazis qiymətləri müəyyən edilmiş qayda üzrə seçilir. Bu məbləğin üzərinə Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq qaydalar əsasında müəyyən edilmiş əlavələr edilməklə dərman preparatının qiyməti formalaşdırılır. Hər bir dərman preparatının üzərində Tarif Şurasının müəyyən etdiyi qaydalara müvafiq olaraq əhaliyə satış qiymətinin qeyd olunması nəzərdə tutulub.
- Yeni qiymətlərin nə vaxt qüvvəyə minəcəyi nəzərdə tutulub?
- Yeni satış qiymətləri sentyabr ayının 15-dən qüvvəyə minəcəkdir. Belə ki, hazırlıq işlərinin, o cümlədən əczacılıq subyektləri tərəfindən dərman qutularının üzərində yeni qiymətlərin qeyd olunması, dərman qalıqlarının yenidən qiymətləndirilməsi, istehsalçılarla hesablaşmaların aparılması və digər hazırlıq işləri müəyyən zaman tələb edir.
Qərar qüvvəyə mindikdən sonra tənzimlənən siyahıya daxil olan dərman vasitələrinin 20%-nin qiyməti 3 dəfədən çox, 40%-dən çoxunun qiyməti isə 2 dəfədən çox aşağı salınacaqdır. Ümumilikdə isə tənzimlənən dərman vasitələrinin 90%-nin qiyməti düşəcəkdir. Beləliklə, Azərbaycanda aptek şəbəkəsinin fəaliyyəti artıq tamamilə yeni müstəviyə keçir ki, bu da əczacılıq müəssisələrinin dərmanların qiyməti ilə deyil, xidmət keyfiyyəti ilə rəqabət aparmalarına şərait yaradacaq.
Eyni zamanda Tarif Şurasının qərarı ilə dərman preparatlarının qiymətinin tənzimlənərək aşağı salınması dövlət müəssisələri tərəfindən bu preparatların alınmasına çəkilən xərclərin optimallaşdırılmasına, əldə edilən qənaət hesabına güzəştli kateqoriyadan olan və stasionarda müalicə alan əhaliyə pulsuz verilən dərmanların çeşidinin artımına şərait yaradacaqdır. Bu isə, öz növbəsində, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasına, həmçinin tibb müəssisələrinin aparıcı farmakoloji şirkətlərin istehsal etdiyi daha müasir dərman vasitələri ilə təchiz olunmasına müsbət təsir edəcəkdir.
- Tarif Şurasının qərarı hansı xəstəliklərin müalicəsi üçün nəzərdə tutulmuş dərmanları əhatə edir?
- İlkin mərhələdə bu siyahıya əhali arasında ən çox rast gəlinən xəstəliklərin müalicəsi üçün dərman preparatları daxil edilmişdir. İlin sonuna qədər Tarif Şurası tərəfindən Səhiyyə Nazirliyində qeydiyyatdan keçən dərman preparatlarının böyük əksəriyyətinin, gələn ilin mart ayına kimi isə bütün preparatların qiymətlərinin tənzimlənməsi tamamlanacaq.
- Səhiyyə Nazirliyi dərman vasitələri üzərində nəzarəti gücləndirmək məqsədi ilə hansı addımları atılıb?
- Səhiyyə Nazirliyində olduqca geniş məsələlər spektrini əhatə edən “Dərman vasitələri ilə təchizatın yaxşılaşdırılması və əczaçılıq fəaliyyəti sahəsində nəzarətin gücləndirilməsi üzrə Tədbirlər Planı” təsdiq edilmişdir. Burada Tarif Şurası ilə sıx əməkdaşlığın davam etdirilməsi, apteklərə daxil olan həkim reseptlərinə nəzarətin təmin edilməsi, standart formaya uyğun olmayan reseptlər üzrə dərmanların satışının qadağan edilməsi, ən vacib dərman preparatlarının və tibbi ləvazimatların siyahısına yenidən baxılması və çeşidinin genişləndirilməsi barədə təkliflərin qısa zaman ərzində hazırlanması daxildir.
Bundan əlavə mərkəzləşdirilmiş apteklərin fəaliyyətinin və idarəolunmasının gücləndirilməsi üçün müvafiq tibb müəssisələrinin apteklərinin ştat cədvəllərinə yenidən baxılması və zəruri vəzifələrin daxil edilməsi nəzərdə tutulur.
Eyni zamanda, tədbirlər planında dərman vasitələrinin keyfiyyəti və təminatı sahəsində olan müraciətlərin qəbulu üçün Elektron səhiyyə, “qaynar xətt” və digər vasitələrlə gələn müraciətlərin dərhal təhlil olunaraq müvafiq tədbirlərin həyata keçirilməsi və sair tədbirlər nəzərdə tutulmuşdur. Səhiyyə Nazirliyi bu və digər istiqamətlərdə zəruri tədbirlərin icrasını davam etdirəcəkdir. Səhiyyə Nazirliyinin qarşısında qoyulmuş hədəflərə çatmaq üçün bizim ixtisaslı kadrlarımız və müasir texniki potensialımız mövcuddur.
Tibb ictimaiyyəti ölkə başçısının səhiyyə qarşısında qoyduğu tapşırıqları və həyata keçirilən işləri böyük ruh yüksəkliyi ilə qəbul edərək bu təşəbbüsü hər bir ailə və vətəndaş üçün olduqca vacib bir addım kimi qiymətləndirir.