Ziya Məmmədovun avtobuslarında mövsümi problemlər - Ancaq qazancı yox, bir az da sərnişinləri düşümsələr......

5-08-2015, 15:33           
Ziya Məmmədovun avtobuslarında mövsümi problemlər - Ancaq qazancı yox, bir az da sərnişinləri düşümsələr......
Bu dəfə yolumuz elə yoldan düşdü, daha doğrusu avtobuslardan. Yayın bu oğlan çağında, anomal isti temperaturunun 42-43 dərəcə Selsini göstərdiyi bir vaxtda avtobuslarda bəzi nüanslara aydınlıq gətirməyə çalışdıq.

Hər gün bizi evdən işə, işdən evə daşıyan bu ictimai nəqliyyat vasitələrindəki bir sıra ürəkağrıdan məqamlar hamımızı narahat edir; ictimai marşrutlardan istifadə edən və vəzifəsindən asılı olmayaraq hər kəsi…

Hafta.az-ın obyektivi bu gün paytaxtın 5, 3 və 29 saylı avtobuslarına tuş gəldi. Sərnişinlərlə, sürücülərlə həmsöhbət oldu.

Əvvəla ondan başlayaq ki, hər gün olmasa da günaşırı bu iki tərəf arasında söz atəşkəsi tez–tez pozulur. Gah bu, gah da digər tərəf bir–birini qınayırlar. Diqqətimizi çəkən əsas məqam isə sürücülərin bu isti yay günlərində həddən artıq emosianal çılğınlıqla sərnişinləri acılaması və arxalarında oturduqları sükanı da elə bu cür idarə etmələridir.

Sürücü Adil Mehdiyev deyir ki, onların bu istidə çılğın olmasının bir neçə səbəbi var:

“Birincisi sərnişinlər çox, bizsə təkik. Çox qabalıq edənləri olur. Dayanacaqdan kənarda saxlamağın cərimə yazılacağını bilə-bilə yenə də dediklərini deyirlər. Biri deyir yaşlıyam, o biri deyir Qarabağ əliliyəm. Elə yaralı yerlərimizdən vururlar ki, naəlac qalırıq. Amma bir dəfə bir xanım üçün dediyi yerdə saxladım. Polis saxlayıb 3 bal və 60 manat cərimə yazdı. Dedim gördünüzmü? Utanmaz–utanmaz deyir ki, harada deyirəm orada da saxlayın. Bu sizin borcunuzdur. Düşəndən sonra da gediş haqqını üstümə elə atdı ki, elə bil itə sümük atır. Belələridir də adamı əsəbiləşdirənlər. Daha düşünmürlər ki, bizi əsəbiləşdirmək olmaz. Sürücünün əsəbinə toxunarsan, qəza törədər, bu boyda insanın taleyi bizim boynumuzdadır”.

Adil Mehdiyev Hafta.az-a açıqlamasında bildirdi ki, hazırda ictimai nəqliyyatlarda sürücü çılğınlıqlarının yaşından asılı olmayaraq əsas səbəbi isə anomal istidən sığortalanmamalarıdır:

“Bu avtobuslar Almaniyanın MAN istehsalıdır. Bunlarda kondisioner yoxdur. Lap qoyulsa belə sərnişinlərin biri pəncərəni, digəri yuxarıdakı lüku açacaq. Yenə də həmişəki vəziyyət alınacaq. Bizim ölkədə bu müşkül məsələdir”.

Sürücünün bu sözünü eşidən yaşlı bir xanım isə deyir ki, kondinsioner qoymursunuz alternativ vasitələrlə təmin edin avtobusunuzu. 72 yaşlı Suğra Ömərova Hafta.az-a açıqlamasında bildirdi ki, kondisioner bəhanədir:

“Baxın bu pəncərələrə, görün hansında pərdə var. Əvvəllər avtobuslarda, ictimai nəqliyyatlarda günəş şüalarından qorunmaq üçün pərdələr olardı. Ən azından yay mövsümünün əvvəlindən sonuna qədər həmin pərdələr olardı. Nə qədər olmasa da, gün şüasının qarşısını müəyyən qədər alırdı. İndi əlimizdə yelpənəklə hərlənsək də, özümüzü sərinləşdirə bilmirik. İsti bizi birtəhər edib. Baxın, avtobusun kölgə düşən hissəsində hamı oturur. Digər hissədəki oturacaqlar boşdur. İnsanlar isə ayaq üstə getməyə məcbur olurlar. Çünki gün insanları birtəhər edib”.

Sərnişin Rüstəm Ziyadlı isə deyir ki, bu işdə Nəqliyyat Nazirliyi başısoyuqluq edir. Sərnişinin sözlərinə görə, kondinsionerli avtobusların ölkəyə gətirildiyi deyilsə də onlardan hələ ki, bir səs–soraq yoxdur:

“Dünən dedilər ki, şəhərə sərin avtobuslar gətirilib. Həm də söylədilər ki, avtobus sürücülərinə və marşruta avtobus buraxan şirkətlərə bu haqda göstəriş də verilib. Guya bu gündən başlayaraq, kondinsionersiz avtobuslar olmayacaq. Hanı bəs? Biz niyə görmürük? Dünən bir orta yaşlı xanımın ürəyi getdi. Ürəyi istilərə tab gətirmədi. Dünən kölgədə 43 dərəcə isti vardı. Ona bir şey olsa idi kim cavab verəcəkdi? Bu necə xidmətdir? Sərnişinə insan kimi yox, 20 qəpik kimi baxılır”.

Sərnişinlərin bu suallarına isə sürücülər dedilər ki, bizim belə bir qərardan xəbərimiz yoxdur:
“Bizə belə bir söz deyilməyib. Heç nədən xəbərimiz yoxdur. Kondisionerli avtobusları versinlər, biz də sürək də… Burada nə var ki?! Bizə də yaxşıdır. Eynək taxmaqla da gözümüzü gün şüasından qoruya bilmirik. Ucuz eynəklər taxırıq. Heç şüanı da öldürmür”.

Bu arada xəbərsiz ictimai nəqliyyat sürücülərinin və sərnişinlərimizin nəzərinə çatdıraq ki, isti havada sürücülərin kondisionersiz maşınları idarə etməmələri tövsiyə edilir. Yox, bunu Hafta.az demir, son günlər isti hava şəraitilə əlaqədar olaraq bu barədə Baş Dövlət Yol Polis İdarəsi sürücülərə xəbərdarlıq edib. İsti havada sürücülərin kondisionersiz maşınları idarə etməmələri tövsiyə edilir. Baş Dövlət Yol Polis İdarəsindən (BDYPİ) Hafta.az-a daxil olan məlumata görə, kondisionersiz avtomobillərlə yay aylarında törədilən yol qəzalarının əksəriyyəti günorta saatlarında baş verir. Günorta vaxtlarında qeydə alınan yol nəqliyyat hadisələri məhz günün qızmar vaxtlarına təsadüf edir. İsti hava, eləcə də havada olan müxtəlif qazlar sürücüyə həm psixoloji, həm də fizioloji təsir edir. Son günlərdə hava temperaturunun ölkə boyu yüksək olmasını nəzərə alaraq nisbətən uzaq məsafədə yola çıxan sürücülərdən kondisioneri olmayan avtomobillərdən saat 12.00-dan 18.00-dək mümkün qədər az istifadə etmələri və soyuducu sistemlə təchiz olunmuş ictimai nəqliyyat vasitələrinə üstünlük vermələri xahiş olunur.

Odur ki, isti havalarda ehtiyatı əldən verməyin. Əks halda getdiyiniz ünvan xəstəxana ola bilər.

Sonda isə Molla Nəsrəddinin bir lətifəsindən bu sətirlər yadıma düşdü. Molla əmi, sağlam olmaq üçün deyir ki, sağlam qalmaq üçün ayağınızı isti tutun, başınızı sərin…

Sürücülü, sərnişinli yol əhlinə də arzumuz odur ki, nəfəs kəsən istilərdə nəfəsiniz kəsilməsin.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.