Rasim Balayev: “Hər dəfə deyirəm ki, danışmayacam, susacam, ancaq bacarmıram”

13-12-2017, 08:03           
Rasim Balayev: “Hər dəfə deyirəm ki, danışmayacam, susacam, ancaq bacarmıram”
Xalq artisti Rasim Balayevin müalicəsi üçün Türkiyədən həkim dəvət olunmuşdu. Türkiyədən gələn həkimin müayinəsindən sonra Rasim Balayevin səhhəti necədir? Nə xəbərlər var? Bu barədə elə xalq artistinin özündən soruşduq. “Şərq”ə danışan Rasim Balayev başqa suallarımızı da cavablandırdı.
– Özünüzü necə hiss edirsiz? Türkiyədən gələn həkim hansı rəyi bildirdi?
– Özümü bir az narahat hiss edirəm. Qrip olmuşam. Türkiyədən həkim gəldi. Müayinə etdi. Müalicə yazdı. Müalicələrimi edirəm. Eyni zamanda İsraildən gələn həkimin də qəbulunda oldum. Belimin ağrılarına görə İsrail həkimi də məni müayinə etdi. Müalicə yazdı. Amma müalicənin nəticəsini hələ ki görə bilmirəm. Bilmirəm qrip olduğumdan, ya başqa səbəbdən hələ ki müalicənin effektini hiss etmirəm. Bir az immunitetim də zəifləyib. Həkimin müayinəsindən sonra dəhşətli ağrılarım başlayıb. Hələki xarici həkimlərin müalicəsinin nəticəsini hiss edə bilmirəm. Qrip imkan vermədi.
– Evdə oturmaqdan darıxmırsız?
– Belə darıxmıram. Amma biz sənət adamlarıyıq. Oturmağı o qədər sevmirik.
– Çəkiliş meydançaları üçün də darıxmırsız?
– Sözün düzü, çəkiliş meydançaları üçün çox darıxıram. Nə yalan deyim? Yaxşı çəkilişlər olsa, maraqlı filmlər çəkilsə, dəvətlər gəlsə, həvəslə çəkilərdim.
– Deyirlər sənət adamlarını yaradıcılıq ruhlandırır. Aktyor ömrünü səhnə, çəkiliş meydançası uzadır…
– Dediyim bir az böyük səslənməsin. Biz ciddi sənətlə məşğul olurduq. Bizim həyatımız çəkiliş meydançalarında, ciddi sənət aləmində keçib. Əlbəttə ki, səviyyəli film dəvətləri, peşəkar heyətlə işbirliyi olsa, dəvət edilsəm, çəkilərdim. Çünki ömrümün elə yaşını yaşayıram ki, hələ sənətimi yaşada bilərəm. Ömrümüzə nə qalıb ki? Bu ötən illərə heyfim gəlir. Axı bu illər boşa gedir. Bizim nəsildən olan sənətçilərdən kim qalıb ki? Bir gün başlarını qaldırıb görəcəklər ki, bizdən heç kim yoxdu. Təbii ki, sənət adamı sənəti ilə məşğul olanda ruhən rahatlaşır, yaşamış olur. Sənətlə məşğul olmayanda insan özünə qapanır. Özünə qapananda özü ilə baş-başa qalır, fikirdən yüklənir. Bu da sənətkarın səhhətinə təsirsiz ötüşmür. Biz balıq kimiyik. Balıq susuz yaşaya bilmədiyi kimi sənətkar da sənətdən kənarda nəfəs ala bilmir, boğulur. İnanın, son illər boşluqdan, bekarçılıqdan boğuluram.
– Evdə oturanda nə ilə məşğul olursuz adətən?
– Kitab, qəzet oxuyuram, mütaliə edirəm. Saytlara baxıram, izləyirəm.
– İnternetlə maraqlanırsızmı, sosial şəbəkələrdə görünmürsüz…
– Elə güclü internetdən başım çıxmır. Sosial şəbəkədən istifadə etmirəm. Amma bir balaca saytlara daxil olmağı öyrədiblər. Məlumatları oxumaq üçün izlədiyim saytlar olur.
– Yerli televiziyalarımızda əsasən hansı verilişləri izləyirsiz?
– Televiziyalarımızda baxılası veriliş var ki? Əsasən xəbərlərə baxıram. Gündəlik xəbərləri izləyirəm. Arada muğama qulaq asıram.
– Sənət dostlarınızla görüşürsüz?
– Sənət dostlarım qalıb ki? Hamısı dünyasını dəyişib. Bir-iki nəfər qalmışıq, o qalanlar da mənim kimi xəstədirlər, hərə öz canının hayında olur. O da arada görüşə bilirik. Amma telefonla hal-əhval tuturuq biri-birimizdən.
– Küçədə olanda, yol gedəndə insanların reaksiyası necə olur, yaxınlaşıb fikir bildirən olurmu?
– Təbii ki, yol gedəndə, evdən harasa gedərkən görürlər, xoş münasibətlərini bildirirlər. Əsasən də deyirlər ki, o dövrün sənətkarlarından yoxdu. İndiki sənətçilərə elə hörmət hiss olunmur.
– Sizcə, bu, nə ilə bağlıdı? Niyə köhnə sənətkarlara daha böyük hörmət olur?
– Bizə yaxınlaşan insanlardan çox eşidirəm ki, deyirlər köhnə kinolara baxırıq, orda sənət var. Təzə filmlərə baxa bilmirik. Bunu sadə insanlar deyir. Deyirlər ki, köhnə filmlərin ən zəifində belə sənət var idi, məna, ibrət görmək olurdu. İndiki filmlərdə bunlar yoxdu. İndi filmlər mənasız, səviyyəsiz, ideya xətti olmayan boş kadrlardı. Bu gün çəkilən filmlərdə rejissor özü də bilmir ki, tamaşaçıya nə vermək istəyir, nə çatdırmağa çalışır. Süjet xətti, ideya yoxdu. Sıradan kadrlardı. Camaatın zövqünü korlayır. Film elə-belə yaranmır. Filmin ərsəyə gəlməsi üçün yazıçı, ssenarist, rejissura lazımdı. Bunlar yoxdu. Toy çəkənlər operatorluq edir. Kino uşaq oyunu deyil ki, kim istəsə, kino çəksin. Azərbaycan kinosunu ucuz kommersiyanın qurbanı etməyə heç kimin haqqı yoxdu. Hər dəfə deyirəm ki, danışmayacam, susacam. Ancaq bəzən susmağı bacarmıram. Çünki kino mənim həyatımın bir parçasıdı. Onu iflic edənlər mənim ruhumu məhv etmiş olur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.