"Yuan hər devalvasiya etdikdə Azərbaycan pul itirəcək" - Razi Abasbəyli
13-08-2015, 16:36
Son günlərdə Çin yuanının ard-arda 3 dəfə devalvasiya etməsi gündəmin əsas mövzularından biridir. Devalvasiya nəticəsində Çində dollar ucuzlaşmağa davam edir. Devalvasiya təkcə Çinə deyil, digər ölkələrə də öz təsirini göstərir.
Məsələ ilə bağlı Reaksiya.az-a açıqlama verən iqtisadçı ekspert Razi Abasbəyli bildirib ki, Çin yuanı hər devalvasiya etdikdə Azərbaycan Dövlət Neft fondu pul itirəcək: “Azərbaycan Dövlət Neft Fondu vəsaitlərinin 500 milyon dollarlıq hissəsini yuan kimi saxlayır. Buna görə də son üç gündə devalvasiyada 23 milyon dollar pul itirib. Bu o qədər də böyük itki sayıla bilməz. Azərbaycan 2 ildən çoxdur ki, Neft Fondunun gəlirlərinin idarəedilməsindən kifayət qədər ciddi vəsait əldə edib. Məhz Çin valyutası olan yuanın üzrə istiqrazlardan da əldə olunan gəlirlər itirilmiş vəsaitlərlə müqayisədə bir neçə dəfə çoxdur”.
Analitiklərin qənaətinə görə, yuan 10%-dək devalvasiyaya məruz qalacaq. Ekspert düşünür ki, belə olduğu halda Azərbaycan Dövlət Neft Fondu ümumilikdə 50 milyon manat itirmiş olacaq: “Lakin hesab etmirəm ki, Neft Fondu yuandan imtina edəcək. Çünki vəsaitlərin idarəedilməsi məsələsində çevik qərarların verilməsi üçün qlobal iqtisadi maraqlar nəzərə alınır. Bu baxımdan da yuandan imtina və ya vəsaitlərin yuan ekvivalentindən çıxarılması gözlənilən deyil.
Yuanın devalvasiyası əslində Avropaya yönəlmiş psixoloji təzyiq vasitəsidir
Razi Abasbəyli xüsusilə bir məqama diqqət çəkir : “Çin Mərkəzi Bankının devalvasiya qərarı ilə bağlı açıqladığı məqam xüsusilə diqqətəlayiqdir. Çinlilər iddia edirlər ki, yuanın kursunun real gücünü təyin etməyə çalışırlar. Məsələ burasındadır ki, yuanın devalvasiyası neftin ucuzlaşması ilə uzlaşdırılır. Dünya birjalarında neftin qiymətinin ucuzlaşması dolayısı ilə bir çox ölkələrin də valyutalarına təsir edir. Çin yüngül sənaye üzrə dünyanın nəhəng ixracatçılarındandır. Xüsusilə də Yaxın Şərqdə neft ölkələrində devalvasiyanın baş verməsi Çinin də ticarət partnyorları ilə valyutasını uzlaşdırması vacibdir. Konfedensial olaraq bu ticarət münasibətlərində böyük defoltun yaranmaması üçün atılmış addım kimi də qiymətləndirilə bilər. Orta Asiya respublikaları və bəzi Avropa ölkələrinin bu devalvasiyadan əziyyət çəkəcəyi gözlənilir. Buna səbəb isə Çində işçi qüvvəsi ucuz olduğuna görə Avropanın bir çox yüngül sənaye müəssisələri istehsal müəssisələrini ora köçürməsidir".
Devalvasiya Çin ixracatına da mənfi təsir edir
İqtisadçı İlkin Əliyev isə bildirib ki, yuanın devalvasiyası Çinin ixracatına da təsirsiz ötüşməyəcək: “Çünki devalvasiya ölkənin xarici bazarlara ixrac etdiyi malların qiymətində özünü göstərir. Belə ki, əgər ölkənin valyutası düşürsə, onda həmin ölkənin xarici bazarlara ixrac etdiyi məhsullar da ucuz satılır. Dünyaya məhsul ixracatına görə əsas yeri tutan ölkələrdən biri olan Çinin məhsullarının qiymətində də ucuzlaşma müşahidə olunacaq”.