Fəzail Ağamalı: “Vergilər naziri son illər çoxlu problem içindəydi”

18-12-2017, 10:30           
Fəzail Ağamalı: “Vergilər naziri son illər çoxlu problem içindəydi”
“Məmur vəzifədə olarkən vəzifədən gedəcəyi günü düşünməlidir”

Deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı ilə uzun fasilədən sonra həmsöhbət olduq. Müalicəsi ilə əlaqədar bir neçə ay ərzində mediada az-az görünən partiya sədrindən əvvəlcə sağlıq durumu barədə soruşduq. Bildirdi ki, artıq əməliyyatdan sonrakı dövrdə aldığı müalicə də uğurla başa çatıb. Sözarası hər kəsi artıq çəkidən xilas olmağa səslədi və özünü nümunə gətirdi.

Dediyinə görə, həkimlərin tövsiyəsinə əməl edib bəzi yeməklərdən imtina edəndən sonra 98 kiloqramdan 86 kiloqrama düşüb. “Köklük dəhşətdir, insan orqanizmini daha çox yükləyir və bu da ən müxtəlif problemlərə yol açır, xəstəliklər əmələ gətirir” deyə əlavə etdi. Biz də deputata “keçmiş olsun” söyləyib aktual mövzulara keçid elədik.

- Fəzail bəy, Milli Məclisdəki sonuncu müzakirələrdə bir sıra həmkarlarınız deputatın mandatdan məhrum edilməsini nəzərdə tutan qanundan narahatlıqlarını ifadə etdilər. Amma adətən, nədənsə siz çıxışa yazılmadınız. Bunun səbəbi nə idi? Siz narahat deyilsiniz?

- Mən fikirlərimi komitənin yığıncağında söyləmişdim. Əslində bu dəyişiklik konstitusiyaya etdiyimiz dəyişikliyin mahiyyətinə tamamilə uyğun idi. Təbii olaraq, konstitusiyaya edilən dəyişikliklər digər qanunvericilik aktlarında da dəyişiklikləri zəruri edir. Deputatın mandatdan məhrum edilməsində bir boşluq var idi və bu boşluğu aradan qaldırmaq üçün addım atıldı. Əslində bunun ətrafında geniş müzakirələr elə komitənin özündə oldu. Biz bu məsələnin MSK tərəfindən həllinin tərəfdarı kimi çıxış etmədik. Biz Milli Məclisə aid olan məsələnin Milli Məclisin səlahiyyətindən başlayaraq, sonrakı müvafiq qurumlarda bunun yekunlaşması və mandatdan məhrum edilənin hüquqlarının müdafiəsinə qədər detalları önə çəkdik. Nəhayət, uzun müzakirələrdən sonra komitənin sədri Əli Hüseynlinin müvafiq qurumlarla işçi qaydasında apardığı müzakirədən sonra nəhayət, deputatlar tərəfindən söylənilən və Milli Məclisə də səlahiyyət verən məqamlar nəzərə alındı və bu qanun qəbul edildi. Burada həm Milli Məclisin, həm seçki prosesinə məsul olan MSK-nın və təbii olaraq məhkəmədə bu məsələnin müzakirəsi, məhkəmənin hökmündən sonra mandatdan məhrumedilmənin qüvvəyə minməsi və Ali Məhkəmənin qərarından sonra həmin şəxsin Konstitusiya Məhkəməsinə müraciət etməsinə qədər məqamlar nəzərə alındı. Kifayət qədər demokratik, belə bir tale ilə üzləşə biləcək deputatın hüquqlarının sonadək müdafiə olunması baxımından bitkin bir səviyyəyə çatdırıldı. Kimin nə deməsindən asılı olmayaraq, hər halda bu dəyişiklik olmalı idi və o, Konstitusiyaya edilən dəyişikliyin mahiyyətinə və məzmununa tamamilə uyğundur.

- Yəni daha deputatları hər hansı təhlükə gözləmir?

- Nə üçün gözləmir? Deputatlar orada göstərildiyi kimi, əgər ciddi etika qaydalarını kobud şəkildə pozarsa, başqasının əvəzinə səs verib saxtakarlıqla qəbul edilmiş qanunun nəticələrinə təsir göstərə biləcək addımlar atarsa, bu, artıq ciddi məsuliyyətdir və o halda Milli Məclisdə məsələ müzakirə olunaraq müvafiq qərar qəbul edilir.

- Keçmiş həmkarınız Hüseyn Abdullayevlə sizin aranızda baş verən hadisəni xatırladım. Hüseyn Abdullayev bir müddət əvvəl prezidentliyə iddiasını ortaya qoydu. Bu barədə nə deyə bilərsiniz?

“Rəsul Quliyev bunu istəyirsə, danışıqlar apara, müvafiq qurumlarla məsələ müzakirə oluna bilər”
- Hüseyn Abdullayev azərbaycan vətəndaşıdırsa, Konstitusiya ilə onun seçmək və seçilmək hüququ var. Azərbaycanın demokratik ölkədir və istənilən vətəndaş öz namizədliyini seçkili orqanlara təqdim edə, sonrakı proseslərdə iştirakçı ola bilər. Amma Hüseyn Abdullayevin arzu-istəyinin reallaşması sadəcə olaraq mümkün deyil. Bunun ən mühüm səbəblərindən biri ondan ibarətdir ki, Hüseyn Abdullayev Azərbaycan cəmiyyətində nüfuz sahibi deyil. Hətta o, imzatoplama mərasimində tələb olunan rəqəm səviyyəsində imza toplayıb onu MSK-ya təqdim etmək gücündə deyil. Bu baxımdan Hüseyn Abdullayevin prezident seçkilərində iştirak etmək arzusunun reallaşması sadəcə olaraq fantastikadır. Yəni bu, Hüseyn Abdullayevin imici, onun cəmiyyətdə nüfuzu baxımından həyat keçirilməsi mümkün olmayan məsələdir. Ola bilsin xırda digər amillər də ola bilər. Hətta bunların üzərində dayanmadan belə, demək istərdim ki, Hüseyn Abdullayev bu gün müxalifətdəki qüvvələrin onu dəstəkləyə biləcəyinə inanır. Ancaq ayrı-ayrı saytlarda, qəzetlərdə, elə sizin qəzetdə də gedən yazılarda müxalifətin ona çox mənfi münasibət bəslədiyi birmənalı şəkildə özünü ifadə edir. Hüseyn Abdullayevin prezident seçkilərində hətta imza toplayıb, təsdiq olunub, iştirak etmək şansı belə yoxdur. Bu cür şansı olarsa belə, onun prezident seçilmək ehtimalı sıfıra bərabərdir.

- Bəs, eks-spiker Rəsul Quliyevlə bağlı nə deyə bilərsiniz? Bu yaxınlarda kövrək notlarla dolu müsahibəsini, yəqin, oxudunuz. Azərbaycandan kənarda yaşadığı üçün seçkilərə qatılması real görünmür. Bəs, 70 yaşı tamam olan eks-spikerin Azərbaycana qayıdışı ilə bağlı humanist qərar verilə bilərmi?

- Bilmirəm. Bu, mənim səlahiyyətimdə olan məsələ deyil, ona görə də cavab verməkdə çətinlik çəkirəm. Rəsul Quliyev əgər xaricdə yaşamağı Azərbaycanda yaşamaqdan üstün tutubsa və o, 20 ildən artıqdır ABŞ-da ömür sürürsə, bu baxımdan onun yenidən Azərbaycana gələrək, prezident seçkilərində iştirak etmək imkanı yoxdur. Azərbaycan qanunları, Konstitusiyası ilə bu şans ona verilmir. Çünki əgər Azərbaycan vətəndaşı 10 ildən yuxarı xaricdə yaşayarsa, onun prezident seçkilərində iştirak etmək hüququ yoxdur. Qaldı, onun Azərbaycana gəlib-gəlməməsi, əlbəttə, bu, Rəsul Quliyevdən və müvafiq rəsmi qurumların məsələyə münasibətindən asılıdır. Çünki onun haqqında cinayət işi də var və xitam verilməyib. Bütün bunların hamısı təbii ki, müvafiq qurumlar tərəfindən reallaşa bilər. Əgər Rəsul Quliyev bunu istəyirsə, danışıqlar apara, müvafiq qurumlarla məsələ müzakirə oluna bilər. Ondan sonra məsələyə aydınlıq gəlməsi mümkündür.

- Rəsul Quliyevin hazırda da hakimiyyətdə dayaqlarının olması mümkündürmü?

- Münasibətdə olduğu adamlar ola bilər, lakin onun dayaqlarının olmasını istisna edirəm. Ola bilsin ki, 90-cı illərin axırına qədər, hətta cənab prezidentimiz İlham Əliyev prezident seçilənə qədər o dayaqlar olub. 2003-cü ildən, İlham Əliyev prezident seçildikdən sonra cənab prezidentin zaman kəsiyində özünü güclü bir lider, dövlət xadimi kimi özünü təsdiq etməsi Rəsul Quliyevi bu dayaqlardan məncə, tamamilə məhrum etdi.

- Deputat həmkarınız Zahid Oruc prezident seçkilərinin vaxtının dəyişdirilməsi təklifini verib. Siz bu təklifə necə yanaşırsınız?

- Mən millət vəkillərinin irəli sürdüyü təkliflərə münasibət bildirməyi məqsədəuyğun saymıram. Prezident seçkilərinin parlament seçkiləri ilə bərabər, yaxud müxtəlif vaxtlarda keçirilməsi məsələsi bir millət vəkilinin təklifi ilə həll olunmur. Bu məsələ ciddi şəkildə ölçülüb-biçilməlidir, təhlil olunmaqlıdır, analiz aparılmalıdır, ondan sonra bu haqda qəti fikir bildirmək olar. Bu təklif digər millət vəkillərinin təklifləri kimi səsləndirilib və bu da millət vəkilinin hüququdur.

- Fəzail bəy, sabiq vergilər naziri Fazil Məmmədov postundan uzaqlaşdırılandan sonra onunla bağlı davamlı məlumatlar yayılır, hətta adı sabiq MTN şefi ilə birgə hallandırılır. Siz bu barədə nə deyə bilərsiniz?

- Mən də bu məlumatları KİV-dən alıram. Bütün bunların nə dərəcədə həqiqət olub-olmaması mənə bəlli deyil. Ola bilsin ki, bu yazılarda kifayət qədər həqiqət var, ola bilsin qərəz. Lakin mən düşünürəm ki, istənilən yüksək səviyyəli dövlət məmuru vəzifədə olarkən vəzifədən gedəcəyi günü düşünməlidir. Həmin şəxs vəzifədən gedəndən sonra rahat yaşamağı vəzifədə olduğu dövrdə təmin etməlidir. Kim bunu edirsə, o doğrudan da öz həyatının sonrakı illərini çox sakit şəkildə, ailəsi, ətrafı ilə bərabər yaşayır, həyatını davam etdirir. Kim əgər vəzifəsindən istifadə edərək qanunsuzluqlara yol verirsə, milyonları, milyardları yığıb sağa-sola xərcləyirsə, gələcək “qara gün”ü üçün o qədər pulun ona verəcəyi xoşbəxtlik haqqında düşünürsə, məncə, bu cür insanların aqibəti, taleyi çox faciəli olur. Heç zaman bu pullar birincisi, ona qismət olmur, ikincisi də təbii olaraq bu cür insanlar sonralar dövlətin müvafiq qurumları tərəfindən əldə olunan informasiyalara görə araşdırılır və müvafiq tədbirlər görülür, bütün bunlara hüquqi qiymət verilir.

“Hüseyn Abdullayev Azərbaycan cəmiyyətində nüfuz sahibi deyil”
- Konkret halda vergilər naziri barədə nə demək olar?

- Sizə deyim ki, vergilər naziri son illərdə kifayət qədər problem içindəydi. Son illər, demək olar ki, əvvəlki illərdən fərqli olaraq, vergilər faktiki olaraq sahibkarlığın inkişafına mane olurdu, sahibkarlığın inkişafında bir buxova çevrilmişdi. Tez-tez, hədsiz dərəcədə qanuna edilmiş dəyişikliklər, əlavələr sahibkarları çaş-baş salmışdı. Bir deputat kimi demək istərdim ki, bizim ən çox əlavələr və dəyişikliklər etdiyimiz Vergilər Məcəlləsinə əlavə və dəyişikliklərdir. Məncə, Mikayıl Cabbarova vergilərlə bağlı o qədər də yaxşı olan miras qalmayıb, onun üzərinə çox ciddi, ağır bir yük düşüb. Mən əminəm ki, Mikayıl Cabbarov bunun öhdəsindən gələcək. Necə ki, Təhsil Nazirliyində ciddi islahatlara başladı və biz bu islahatların konkret nəticələrini 3 ilə, 4 ilə, maksimum 5 ilə görəcəyik. Elə ən azı təhsil sistemində direktorların, müəllimlərin təyinatında rüşvətxorluq götürüldü, şəffaflıq təmin olundu, müəllimlərin kateqoriyaları müəyyənləşdi, pislə yaxşı müəyyənləşdikdən sonra onların maaşındakı fərq ortalığa qoyuldu və s. İndi mən inanıram ki, Mikayıl Cabbarov yeni düşüncə sahibi kimi vergi sistemində də ciddi, hər kəsin, xüsusilə sahibkarların düşündüyü kosmetik deyil, fundamental dəyişikliklərə nail olacaq. Çünki cəmiyyətin də, sahibkarların da Mikayıl Cabbarovdsan gözləntiləri budur.

- Hakimiyyətyönümlü partiyanın sədri olaraq 2018-ci il prezident seçkiləri ilə bağlı gözləntiləriniz maraqlıdır. AVP-nin namizədi dəqiqləşibmi?

- Mənə belə gəlir ki, növbəti prezident seçkiləri kifayət qədər siyasi fəallıq müstəvisində, demokratik şəraitdə keçəcək, 10 və ondan çox siyasətçi prezident kürsüsü uğrunda mübarizəyə qoşulmaq üçün öz istəyini ortaya qoyacaq, ən layiqli, güclü siyasətçi qalib gələcək. Mən qarşıdan gələn prezident seçkilərində favorit olaraq İlham Əliyevi görürəm. İlham Əliyev 2003-cü ildə prezident seçildikdən sonra həm ölkə daxilində, həm ölkə xaricində çox ciddi nüfuz qazanıb, 21-ci əsrin yüksək tələblərinə cavab verə biləcək dövlət xadimi kimi özünü təsdiq edib. Bunu Azərbaycanın dünya miqyasında tanıdılması və nüfuzunun artması xüsusi olaraq qeyd etmək istərdim ki, İlham Əliyevin 2003-cü ildən keçən zaman kəsiyində həyata keçirdiyi siyasət həm Azərbaycanı yüksək inkişaf mərhələsinə çıxarıb, Azərbaycan regionun lider dövləti statusunu qazanıb və bu gün bu statusu daşımaqdadır, həm də onun beynəlxalq səviyyədə nüfuzu, hörməti xeyli dərəcədə artıb ki, bununla bağlı kifayət qədər faktları və arqumentləri gətirə bilərik. Digər namizədlər də təbii ki, prosesə qoşulacaq. Lakin mən bütün namizədlərin üzərində İlham Əliyevin qələbə qazanağına qətiyyən şübhə etmirəm. Çünki İlham Əliyevin Azərbaycan cəmiyyətində böyük nüfuzu var. Ana Vətən Partiyası öz ənənəsinə sadiq olaraq, güclülərin ən güclüsünün seçilməsinin tərəfdarı kimi bir daha qarşıdan gələn növbəti illər üçün İlham Əliyevi prezident kimi görür və təbii ki, öz imkanları daxilində ölkəmizin daha da güclənməsi üçün alternativi olmayan İlham Əliyevin seçkilərdə qalib gəlməsi üçün bütün imkanlarını və qüvvələrini səfərbərliyə alacaq və bu prosesdə fəal iştirak edəcək.

Elşad PAŞASOY,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.