“İraq türkmənləri Azərbaycanın bir parçasıdır” – İraq türkmənlərinin milli lideri

21-12-2017, 10:36           
“İraq türkmənləri Azərbaycanın bir parçasıdır” – İraq türkmənlərinin milli lideri
İraqa səfərim zamanı Kərkükdəki unudulmaz görüşlərimdən biri Türkməneli Partiyasının sədri Riyaz Sarıkahya ilə oldu. Partiyanın baş qərargahında keçirdiyimiz görüşdə uzun-uzadı söhbətləşdik, İraqın dünənindən, bu günündən söz açıb, türkmənlərin gün-güzaranını müzakirə elədik, kürd problemindən, ölkənin İŞİD-dən sonrakı vəziyyətindən danışıb, çıxış yolu axtardıq.

Riyaz Sarıkahya İraqın keçmiş millət vəkilidir, 24 ildir partiyaya sədrlik edir, türkmənlər arasında ən uzunmüddətli siyasi başqanlıq təcrübəsinə malikdir. Kərkükdə və bütün Türkmənelində böyük nüfuz sahibi olan Riyaz bəyin oturduğu partiyasının iki qatlı qərargahı səhərdən axşamadək insanlarla dolub boşalır. Hətta digər partiyaların təmsilçiləri də hər zaman onun yanındadırlar. Səbəbi də aydındır: o, İraq türkmənlərinin milli lideri, fikir-düşüncə məbədi, xoş və çətin günlərdə son sığınacağıdır. Bütün bunları mənə həm də görüşüb söhbətləşdiyim, siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs söylədi. Bəs türkmənləri milli lideri müsahibə zamanı mənə nələr söylədi? Vaxt itirmədən müsahibəni oxuyaq:

- Türkmənlərin çətinlikləri yeni ortaya çıxmayıb, İraq dövləti yarandığı gündən xalqımız bu sıxıntıların içindədir. Həmişə haqsızlızla üz-üzə qalmışıq. Xüsusilə də Səddam Hüseynin zamanında türkmənlərə münasibət sərt olub. Açıq-aşkar türkmənlərin ərəbləşdirilməsi siyasəti yürüdülüb. Hətta iş o yerə çatıb ki, bir çox türkmənin özü ərizə yazaraq ərəb olmaq istəyib. Səddamın dövründə çox sayda türkmən siyasətçi və ziyalı edam olunub, həps edilərək zindanlara atılıb. O, türk millətinə qarşı aşkar düşmənçilik edib. Əslində tək türkmənlər yox, İraqdakı bütün şiələr, eləcə də kürdlər Səddamdan sərt münasibət görüb. Amma o, devrildikdən sonra bizdən başqa hamı hüquqlarını əldə edə bilib.

- Amma yenə türkmənlər hər cür idarəetmədən kənarda saxlanıldı....

- Amerika bölgəmizə yerləşəndən sonra yerli idarəetməni türkmənlərə deyil, kürdlərə, daha dəqiq desək, iki kürd partiyasına verdi. Onlar da öz növbələrində bölgəni kürdləşdirmək üçün türkmənlərin hüquqlarını tapdadılar. Son dörd il ərzində Kərkükün milliyətcə kürd olan valisi Nəcməddin Kərim də çox radikal və millətçi siyasət yürütdü, bölgəmizdə, belə demək mümkündürsə, silahlı dəstələr yaratdı. O, Kərkükdə hər şeyi kürdlər üçün etdi, türkmənləri bacardıqca idarəetmə işlərindən kənarda saxladı. Özbaşınalığı o həddə çatdı ki, altı ay əvvəl Kərkük və çevrəsindəki bütün dövlət qurumlarının üzərinə kürd bayrağı asdırdı. Bununla da bölgədə gərginlik son həddə yüksəldi və İraq mərkəzi hökuməti hərəkətə keçdi: İraq parlamentində müzakirələrə başlanıldı, federal məhkəmələrə şikayət edildi və sair. Bundan sonra Bağdad qərar verdi ki, Kərkükdə qaldırılan kürd bayraqlarının heç bir qanuni istinadı yoxdur və endirilməli, yerinə İraqın dövlət bayraqları asılmalıdır. Ardıyla da Nəcməddin Kərim vali vəzifəsindən çıxarıldı. Bölgəmizdə dövlətçiliyin bərpası yönündə görülən bütün bu işlərdə isə biz türkmənlərin çox ciddi rolu olub.

- Kürdüstanda keçirilən məlum referendumla bağlı türkmənlərin mövqeyi necə oldu, partiya rəhbərləri və siyasətçilər olaraq nələr etdiniz?

- Təbii ki, etirazımızı bildirdik, Kərkükün referendum bölgəsinə aid edilməsi ilə razılaşmadıq, İraqın ərazi bütövlüyünü dəstəklədik və mərkəzi hökumətin tərəfində dayandıq. Türkiyə və İran da bu məsələdə bizi dəstəklədi, BMT nümayəndəliyi də türkmənlərin mövqeyini alqışladı. Ümumilikdə yanaşsaq, İsrail istisna olmaqla dünyanın bütün dövlətləri Kürdüstanda keçirilən referenduma qarşı çıxdılar.

- Bayaq dediniz ki, hələ Kərkükdə kürd bayraqları qaldırılanda Bağdad hökuməti ciddi qərarlar qəbul etdi, valini vəzifəsindən aldı və sair. Axı kürdlər mərkəzi hökumətin qərarlarını qəbul eləmirdilər...

- Elədir, kürdlər hökumətin verdiyi qərar və təlimatları görməməzliyə vururdular. Elə buna görə də, hökumət Kərkükə ordu yeritməyə məcbur oldu...

- Ölkə xaricindən baxanda “Haşdi Şabi”nin rolu daha qabarıq görünür...

- Kərkükün azad olunmasında ordu ilə yanaşı federal polis və dediyiniz “Haşdi Şabi” birlikdə çalışıb. Onu da deyim ki, bu gün bölgəmizdə yerləşən “Haşdi Şabi” birliklərində türkmən döyüşçülər çoxluq təşkil edir. Onlar birlikdə kürd separatçılarını bölgəmizdən vurub çıxardılar. Amma təəssüf ki, Kərkükdə və çevrəsində gərginlik hələ tam aradan qalxmayıb.

- Ordu Kərkükə daxil olarkən çox sayda kürd sakin şəhəri tərk edib. Niyə getdilər, bəlkə onları ordu köçürüb?

- Gedənlərin əksəriyyəti bölücülüyü dəstəkləyənlərdir və onları da kimsə evlərindən çıxmağa məcbur etməyib. Buna baxmayaraq, xarici kluarlarda belə bir rəy formalaşıb ki, guya ordu onları zorla sürgün edib, əslində isə, bayaq dediyim kimi, özləri gediblər.

- Bütün bunlar geridə qaldı, gələcəkdə necə görürsünüz Kərkükdə vəziyyəti?

- Məncə əvvəlki vəziyyət bir daha təkrarlanmayacaq və hətta ordu bölgəmizi tərk etsə belə, peşmərgə buralara qayıtmayacaq. Çünki kürd hərəkatının öz içində parçalanma baş verir. Bərzaninin partiyası Tələbaninin partiyasını xəyanətdə günahlandırır. Referendumdan sonra kürdlər siyasi arenada çox şeyi itirdilər. Bu yandan da İraq xalqları kürd partiyalarına qarşı müəyyən mövqe tutublar.

- Bu ərəfədə kürdlər ancaq Kərkükdən köç edib, yoxsa başqa yerlərdən də?

- Tuz Hurmatuda yaşayan kürdlər tutduqları yanlış mövqe üzündən İraq ordusu gələr-gəlməz Kürdüstana köçüblər. Sonra da BMT və digər qurumlara şikayət ediblər ki, guya onları qovublar. Hansı ki, burada köçürülmədən söhbət gedə bilməz, hərbi toqquşma baş verib və onlar ərazidən köç ediblər. Amma biz deyirik ki, keçmişdə baş verənlərə rəğmən problemlər siyasi yolla çözülsün və bu müstəvidə bəzi keçici modellər təklif edirik.

- Hansı modelləri? Bu, kürdlərlə İraqın digər xalqlarını, o cümlədən siz türkmənləri barışdıra biləcək?

- Beşi şiə, dördü sünni olmaqla doqquz nəfərlik Türkmən Əlaqələndirmə Qrupu yaradılıb ki, məhz həmin qrup bizi istər İraq hökumətində, istərsə də BMT və digər beynəlxalq müstəvilərdə təmsil edir. Həmin qrup təklif irəli sürüb ki, Kərkükdə idarəetmə sistemi 32 faiz prinsipi ilə türkmən, ərəb və kürdlər arasında bölünsün, 4 faiz də xristianlara verilsin. Bu təklifdə valinin bir müddət türkmənlər arasından seçilməsi tələbi var. Əgər bu model keçməzsə, o zaman Kərkükün baş nazirin təyin edəcəyi üç vali yardımçısı tərəfindən idarə edilməsini istəyirik. Amma dediyim bu model irəlidəki beş ay üçün qüvvədə olacaq. Onsuz da beş aydan sonra yeni seçkilər keçiriləcək.

- Bəs kürdlər nə deyirlər?..

- Bərzani qrupu deyir ki, ordu orada olduğu müddətdə Kərkükə gəlməyəcəklər. Tələbaninin tərəfdarları isə deyir ki, ordu olsa da, gələ bilərlər, özü də əliyalın – silahsız. Amma bir şərtlə ki, vali kürd olsun, məclis sədri türkmən, vali müavini isə ərəb, qalan qurumlar da 32 faiz nisbətində bərabər bölünsün. Hələlik, tərəflər arasında danışıqlar gedir. Bu günlərdə prezident və iki müavini birlikdə Kərkükə üz tutaraq tərəfləri razılığa gəlməyə çağırıblar. Hətta təklif olunur ki, baş nazirlə BMT-nin İraq bürosunun rəhbəri ilə birlikdə Kərkükdəki tərəfləri bir araya gətirsin və razılaşma imzalansın.

- Valinin türkmənlər arasından seçilməsi isrardır, yoxsa güzəştə yer var?

- Yox, israr edirik, amma qarşı tərəf də israrlıdır. Məlumunuz olsun ki, İraqda kürdlərin dörd valisi var, qalanları da ərəblərdir. Yalnız türkmən vali yoxdur. Ona görə də türkmən şəhəri olan Kərkükdə bu vəzifə bizə çox görülməməlidir. 14 ildir Kərkükü kürdlər idarə edir, qoy 14 ildə türkmənlər etsin, nə olacaq ki? Bunlar tərəflər arasında müzakirə edilə bilən məsələlərdir.

- Vali və məclis sədrinin səlahiyyətlərini müqayisə etsək, hansı üstündür, bunlar bir-birinə nəzarət etmirlərmi?

- Vali icraedici hakimiyyət olduğu üçün səlahiyyətləri daha geniş və nəzərəçarpandır. Məclis isə sırf tövsiyyəverici orqandır deyə, bir o qədər təsirli deyil. Həm də ki, sağlam idarəetmə sistemi mövcud olan yerlərdə bir-birinin işinə nəzarət mexanizmi mövcud olur. Bunu Kərkük üçün demək, hələ çox tezdir.

- Polis rəisinin türkmən olması təklifi də səsləndirilib qarşı tərəfdən. Məncə indiki reallıqda polis rəisinin yerli əhaliyə təsiri daha güclüdür...

- Kərkükdə polisin 80 fazii kürd və ərəblərdir. Qanuna görə, polisin siyasi partiyaların qərargahlarına girməsi yolverilməzdir, amma bu kağız üzərində qalıb. Bizdə polis, necə deyərlər, mafiyalaşmış vəziyyətdədir, özləri vaxtaşırı millətə zərər verməkdədirlər. Amma siz deyən kimi, rəisi türkmən seçilərsə, polis də daha az ziyanlı olar. Çünki biz polisdən də çox zərər görmüşük.

- Ordu və “Haşdi Şabi” şəhərdədir, bu insanların təhlükəsizliyinə tam təminat verir?

- Təhlükəsizliyin təmin olunması türkmənlərin narahatlığını aradan qaldırıb. Amma bu şəhər daxilində belədir. Kərkükün ətraf kənd və qəsəbələrində isə vəziyyət bir az qarışıqdır. Hər gün adam oğurluğu, güllə ilə vurulma halları yaşanır, Tuz Hurmatu hətta top atəşinə məruz qalır. Bunu edənlər yalnız İŞİD terrorçuları deyil, PKK silahlıları, İŞİD-dən ayrılmış aşırı islamçılar, kürd partiyalarındakı bölücü qruplar birlikdə hərəkət edir. Bölgədə gərginlik davam etdikcə sakitliyimiz olmayacaq. Amma yenə də ümid edirik ki, hər şey yaxşı qurtaracaq. Biz türkmən olaraq kürdləri öz qardaşlarımız bilirik, mədəniyyət, sosial yaşam ortaqlığımız mövcuddur, xalqlarımızı bir çox hallarda quhumluq bağları birləşdirir. Bizim işimiz ancaq bölücü kürd partiyaları ilədir ki, inşallah, onlar da bu fəaliyyətlərindən vaz keçərlər, oturub birlikdə bölgəmizin sağlam gələcəyi üçün birlikdə planlar cızarıq.

- O da bəllidir ki, Kərkük Türkiyə-İran-İraq üçlüyünün birgə səyi nəticəsində qurtulub. Gələcəkdə təhlükəsizliyə təminat verirmi həmin üçlük?

- Oktyabrın 29-da Türkiyədə prezident Ərdoğanla görüşdə dedim ki, Kərkük üç dövlətin səyi nəticəsində rahat nəfəs aldı. Amma bu üç ölkənin ittifaqı nə qədər davam edəcək? Ona görə də bizi gücləndirin ki, ittifaq dağıldığı halda ayaqda dayana bilək.

- Bütün bu deyilənlər Kərkükə aiddir, axı əhalisinin tamamı türkmənlər olan Təlafər, türk tarixinin bir parçası olan Mosul var ki, oralarda vəziyyət daha pisdir...

- Mosul və Təlafər bölgəsində vəziyyət doğrudan da çox ağırdır. Təlafərdə yaşayış evlərinin 20 faizi yerlə bir edilib, məktəblər, xəstəxanalar dağıdılıb, yandırılıb. Təlafər ətrafında yerləşən Ayaziyyədə isə evlərin 80 faizi məhv edilib. Bu gün Bağdad, Nəcəf, Kərbəla, Duhok, hətta Türkiyədə ümumilikdə 150 minədək təlafərli qaçqın məskunlaşıb. Müharibədən əvvəl 400 mindən çox insanın yaşadığı Təlafər Türkməneli bölgəsində ən iri rayonudur. Bölgə İŞİD-dən geri alınsa da, insanlar ev-eşiklərinə geri qayıda bilmirlər. Çünki həm evlər dağıdılıb, həm elektrik, içməli su qıtlığı yaşanır, məktəblər, xəstəxanalar partladılıb, həm də çox yerlər, evlər belə minalanıb. Adamlar evlərinə girə bilmirlər, qapını açmaq istəyir, bomba partlayır. Təəssüf ki, minaların zərərsizləşdirilməsi və dağıntıların aradan qaldırılması prosesi çox ləng gedir. Bu da türkmənlərin geri dönüşünü ləngidir. Əlbəttə, biz bu vəziyyətdən narahatıq. Artıq 4 ildir başqa yerlərdə məskunlaşan qaçqınlar bir-iki ilə də evlərinə qaytarılmasa, bir daha dönməyəcəklər. Çünki onlar məskunlaşdıqları yerlərdə ev tikir, iş-güc sahibi olurlar.

- Bəs niyə ləng aparılır minaların təmizlənməsi prosesi?

- Müharibədə çox əziyyət çəkən ölkədə yeyinti halları da vüsət alıb, hökumət quruculuq işləri ilə yanaşı, həm də korrupsiyaya qarşı mübarizə aparmalıdır. Bütün hallar külli miqdarda vəsait tələb edən bu prosesin öhdəsindən İraq hökumətinin təkbaşına gəlməsi mümkün görünmür. Mütləq xaricdən yardım göstərilməsi lazımdır. Türkiyə zaman-zaman İraq türkmənlərinin vəziyyəti ilə maraqlanır, Azərbaycandan da eyni münasibəti gözləyirik. İraq türkmənləri Azərbaycanın bir parçasıdır. Bu gün Azərbaycan türkcəsi yalnız Azərbaycan dövlətində, İran Azərbaycanında deyil, həm də İraqda yaşamaqdadır. Sağ olsunlar, vaxtaşırı Azərbaycan parlamentindəki bəzi millət vəkilləri Kərkük məsələsini gündəmə gətirir və bu bizi qürurlandırır. Amma bu azdır, Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasını, mənəvi dəstəyini eşidib, hiss eləmək istəyirik.

- Türkmən siyasi partiyaları beş aydan sonra keçiriləcək seçkiyə vahid komanda şəklində gedə bilərlərmi? Məncə siz bu halda daha güclü rəqib ola bilərsiniz...

- Tuz Hurmatu və Təlafərdə seçkiyə fərqli partiyalar şəklində qatılmaq səmərəli ola bilər, çünki oralarda tamam başqa şərait hakimdir. Kərkükdə isə türkmən partiyaların mübarizəyə ittifaq şəklində girməsi, məncə də, çox vacibdir. Hazırda bizim Kərkükdən iki millət vəkilimiz var, amma ittifaq şəklində qatılsaq seçkiyə, əminəm ki, dörd mandat qazana bilərik.

- İttifaqdan söz düşmüşkən, İraqda neçə türkmən partiyası var?

- Altı partiya...

- Hamısının mərkəzi iqamətgahı Kərkükdədir, yoxsa Bağdadda yerləşən də var?

- Hamısı Kərkükdədir. Çalışıb türkmən partiyalarının hamısını gücləndirməliyik. Çünki bu altı partiyadan yalnız ikisinin – Türkməneli Partiyası və İraq Türkmən Cəbhəsinin ölkənin digər yerlərində büroları fəaliyyət göstərir. Türkmən Cəbhəsinin binaları bizimkindən daha çoxdur, amma layihə və proqramlara gəldikdə, biz türkmən partiyaları arasında birinciyik. Hətta digər partiyalar bizim proqramlardan bəhrələnir. Ona görə də bəzən bizim partiyanı Türkmən İdeya Partiyası da adlandırırlar. Türkməneli Partiyası türkmən milli hərəkatının mərkəzi hesab olunur. Şəxsən mən artıq 24 ildir partiya sədri olaraq fəaliyyət göstərirəm ki, bu qədər siyasi iş təcrübəsi olan ikinci türkmən lider yoxdur.

- Türkmən siyasi hərəkatını gücləndirmək üçün nələri təklif edirsiniz?

- Öncə Türkmən Məclisi yaradılmalıdır – bu milli hərəkatın inkişafı üçün çox vacibdir. Sonra, hər bir partiyanı gücləndirmək lazımdır. Hesab edirəm ki, hər partiyanın ən azı 30 ofisi olmalıdır. Hansı ki, əksər partiyalarımız, məsələn, “Qərar” (“Karar”), “Ədalət” və sair partiyalarımız bir binada oturub, fəaliyyət göstərir. Türkmən mətbuatı genişlənməlidir. Cəmi iki telekanalımız var, onlar da peşəkar deyillər.

- Sonda deyin lütfən: türkmən torpaqlarının federal bölgəyə çevrilməsi, yəni Kürdüstanda olduğu kimi, muxtariyyət əldə etməsi mümkün görünürmü?

- Məncə bu, çox yaxında baş verəcək. Öncə çalışırıq ki, ayrı-ayrılıqda Təlafərlə Tuz Hurmatuya vilayət statusu verilsin. Daha sonra iki vilayətin əsasında Türkmənelinə muxtariyyət alaq. Eyni zamanda, Kərkük və Mosulun da statusu müəyyənləşməlidir. Yaddan çıxarmayaq ki, Mosulun Türkiyə üçün əhəmiyyəti Şimali Kiprdən daha böyükdür. Bu səbəbdən də türk milləti olaraq birləşib, bir araya gəlməyimiz lazımdır. Demirəm ərazilərimiz bir-birinə qatılmalıdır, yox, Avropa Birliyində olduğu kimi, əməkdaşlıq etməliyik. Məsələn, Türkiyə-Azərbaycan və ya Azərbaycan-Türkmənistan kimi. Bu mənim şəxsi görüşümdür və inşallah, biz görməsək də, gələcək nəsillər mütləq türk birliyinin yarandığını görəcəklər. \\hafta.az\\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.