Daha bir bank bağlandı: Növbədə hansı bankdır?

24-12-2017, 12:15           

“DəmirBank” Açıq Səhmdar Cəmiyyətinin lisenziyasının ləğv edilməsi, eyni zamanda, Azərbaycan bank sektorunun bundan sonrakı vəziyyəti ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənovun Axar.az-a müsahibəsini təqdim edirik:

- “DəmirBank”ın bağlanması qərarı gözlənilən idi?

- İki il bundan əvvəl “DəmirBank”ın digər banklarla birləşməsi müzakirə olunurdu. Sonradan 11 bankın ləğv edilməsi isə “DəmirBank” və bəzi bankların bağlanması prosesini müvəqqəti olaraq təxirə saldı. Çünki bu, əlavə xərclər yaradır, eyni zamanda, ciddi ajiotaja səbəb olur. Artıq bir neçə aydır ki, “DəmirBank” faktiki olaraq əmanət qəbul edilməsini və kredit verilməsini dayandırmışdı. Maraqlı məqam odur ik, bir neçə ay bundan öncə sözügedən bankın idarəediciləri başqa banklarla birləşmək yönündə danışıqlar aparır, eyni zamanda, bağlanması ehtimalı olan kredit təşkilatının borc öhdəliklərini, icraçı ilə bağlı məsələləri də öz üzərinə götürmək istəyirdi. Bu, əslində “DəmirBank”ın taleyi ilə bağlı məsələlərin birmənalı olmadığını deməyə əsas verir. Sadəcə, proseslərin sonrakı inkişafında zərərin həcminin kəskin artması nəticəsində bankın ləğvinə səbəb oldu. Yaxud da bankın idarə heyətində, əvvəlki illərdə olduğu kimi, yenə güzəştlərin edilə biləcəyinə dair qənaət olub. Faktiki olaraq bankın son statistik göstəricilərinə görə, məcmu kapitalının həcmi normativlərdən 12 milyon az idi. Ümumiyyətlə, son dövrlərdə bank sektorunda həyata keçirilən tədbirlərin effekti cəmiyyət, bəzi hallarda isə qanunvericilik orqanları tərəfindən də müzakirə olunur. Bu baxımdan “DəmirBank” haqqında yayılan məlumatlar da dəyərləndirilərək, onun ləğv edilməsiylə prosesə adekvat reaksiya nəzərədə tutulub.

- Rəşad müəllim, bankın ləğv edilməsi prosesi, əmlakı və əmanətlərin taleyi necə olacaq?

- Bankın ləğv edilməsi prosesi qanunauyğun olaraq həyata keçiriləcək. İlk olaraq bakın sığortalanmış əmanətlərinin geri qaytarılması prosesinə başlanılacaq və daha sonra prosesin idarə edilməsi Əmanətlərin Sığortalanması Fondu və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən həyata keçiriləcək. Bankın yığımlarının digər banklara transfer edilməsi, həmçinin bankın dövlət öhdəliklərinin yerinə yetirilməsi məsələləri də həllini tapacaq. Əgər bankın aktivləri, əmlakı və s. daxil olmaqla yetərli olarsa, o zaman bankda olan sığortalanmayan əmanət və depozitlər də qaytarılacaq.

- Növbəti dövrlərdə bağlanma ehtimalı olan banklar varmı?

- Bəli, növbəti dövrlərdə bağlanma ehtimalı olan banklar çoxdur. Əslində, Azərbaycanda bankların birləşməsi prosesi daha məntiqli idi. Ancaq çox təəssüf ki, bu təcrübə hələ də baş tutmur. Söhbət ondan getmir ki, burada dövlət qurumlarının günahı var. Azərbacanda bank subyektlərinin özünün də problemləri var. Çünki hər bir bank o qədər fərqli formada idarə olunub və bilinməyən qeyri-qanuni problemləri var ki, konsolidasiya prosesində çox ciddi problemlər ortaya çıxır. Birləşmə də baş tutmadıqca ləğv olunan bankların sayı artacaq. Ehtimal olunur ki, bu prosesin sonunda ölkədə 20 bank qalacaq. Bu isə onu deməyə əsas verir ki, bundan sonrakı dövrlərdə 8-10 bank bağlana bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.