"Gördüm, bizim düşərgə iqtidara gəlsə, ziyan gətirəcək”
24-12-2017, 14:54
2017-ci illə vida görüşünə bəzənən şəhərin işıqları gözlüyümdə bərq vurur deyə, çox dolaşmayıb, görüş yerinə bir az tez gəlirəm. Gəlişinə hələ düz 20 dəqiqə qalsa da, başımı qaldıranda ətrafı bəzəyən yolka işıqlarının arasından daha parlaq işıq saçan gözləri ilə qarşılaşıram. Gülümsəyir:
- Mən bir az tez gəldim...
Üz-üzə otururuq və surətlə yaddaşımı vərəqləyirəm:
- Müsahibi doğru müəyyən etmişəm? Axı gözlər “50-”dan xəbər verir...
İlk dəfə 28 il öncə “Yeni Müsavat” qəzetinin köşəsində gördüyüm o tündməcaz görkəmli adam həyatda çox mülayim və sizə deyim ki, o köşədən boylanan fotoşəkildən qat-qat gənc biri imiş...
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Londondan yeni dönüb. Mutlu və qürurludur – ikinci övladı Aytənin “Royal Holloway University of London”dan məzun olmasını izləyib. Söhbətə də övladları ilə başlayırıq:
- Böyük qızım Dünya İsveçrədə hüquq təhsili alıb. Oğlumun isə hələ 16 yaşı var... Qızlarımı daha çox istəyirəm, çünki onları oxutmaq asandır (Gülür). Sözə baxır, oxumağa zaman ayırırlar. Hər iki qızım universitetə yüksək nəticə ilə qəbul olunub, yaxşı oxuyublar. Mən heç vaxt onlara dərs oxuyun deməmişəm. Amma oğluma gündə 2-3 dəfə izah edirəm ki, dərs oxumaq lazımdır.
- Hələ də izah edirsiniz?
- Ərhunun qəribə bir yapısı var. Özünə lazım olan işləri öncədən yoluna qoyur. Məsələn, IELST-dən 7 alıb, dünyanın bütün universitetləri qapılarını onun üzünə açıb. Nyu-York Film Akademiyasından dəvət belə alıb. Amma axı təhsil, attestat almalıdır. Azərbaycan dili, coğrafiya və s. oxumalıdır. Mən bunları xatırladıram. O isə deyir “ata, mən işlərimi həll etmişəm”. Tamam, həll etmisən, amma oxu vərdişi deyilən bir şey də var...
- Bu gəncliklə anlaşmaq çətindir?
- Oğlan uşaqları ilə çətindir...
Gözləri yaşını gizlətsə də, sözləri onu ələ verir. Öz-özümə “gənclikdən gileylənirsə, dəqiq 50 yaşını tamamlayıb”, deyib, rahatca mövzunu dəyişirəm:
...
- Rauf bəy, qarşıdan seçki ili gəlir. Gələn ili necə dəyərləndirirsiniz?
- Azərbaycan çox mürəkkəb bir regionda çox mürəkkəb bir dönəmdən keçir. Ölkənin yükünü indiki hakimiyyətdən başqa heç kim götürə bilməz. Elə bir komanda yoxdur, qalmayıb və bu yaxşı deyil. Ölkəmizin reallığı bundan ibarətdir ki, bu hakimiyyət Azərbaycanı indiki situasiyalarda bütün mənalarda təmsil edən tək komandadır. Buna görə də ona bir az da həssasiyyətlə baxıram ki, hakimiyyətə bir şey olsa, Azərbaycana bir şey olar. Ərəb ölkələrindəki nümunələr bizə ciddi siqnal idi. Bəlkə də 2012-ci ilə qədər çoxları fikirləşirdi ki, hakimiyyətdir, gedər, dəyişər, dövr edər...
- Siz hansılardan idiniz?
- 2005-2006-cı illərdən sonra artıq inqilab haqda düşünmürdüm. Çünki gördüm ki, bizim olduğumuz düşərgə iqtidara gəlsə ziyan gətirəcək. 2003-cü ildə isə elə əminliyim yox idi... Gördüm ki, yox, yıpranmış düşərgədir, illərlə heç bir inkişaf amilini nəzərə almadan içində bir nifrət, kin bəsləyib. Belə qüvvələrin iqtidara gəlməsi məni narahat edirdi... Sonra 2010-cu il seçkilərində müxalifətin vahid bir bloku yarandı...
- İctimai palata...
- Bəli. Mən o blokun rəhbərliyinə seçildim və seçkilərə qədər rəhbərlikdə oldum. Müxalifətin mərkəzi ora idi, görmədiyim sifətləri gördüm, tanımadığım adamları tanıdım, tanıdıqlarımı bir də yenidən tanıdım və gördüm ki, yox, bu, fəlakət olar.
...
- Axı onların heç biri yeni simalar deyildi. Siz müdriklik çağınıza yaxınlaşırdınız, yoxsa...
- Bilirsiniz, suyu nəql etmək üçün boru çəkəndə 6-7 il qəşəng su verir. Sonra erroziya-karroziyaya uğrayır və deşiklər yaranır. Yəni müxalifətdə çox qalmaq da təhlükəli bir şeydir və bundan xəbər verir ki, burada uğursuzluq var, hakimiyyətə yaxınlaşmaq belə mümkün olmur. Söhbət mövhum olaraq iqtidara yaxınlaşmaqdan gedir. Yəni 20-25 yaşında böyük ümidlərlə siyasətə gələn gənclər artıq 50 yaşını keçiblər, dişlər tökülüb, ümidlərin əksəriyyəti mırıq qalıb və bütün bunların yerini də qəzəb, kin, nifrət alıb. Uğurlu olan hər şeyə nifrət edirlər. Həm də əsas təhlükə nədə idi... 2013-cü ildə Rusiyada qurulan bir təşkilat vasitəsi ilə prezidentliyə namizədlik irəli sürülürdü – Rüstəm İbrahimbəyov nümunəsindən danışıram. Biz İctimai Palatadan Milli Şuraya transformasiya etməli idik. Bunun bir rus layihəsi olduğunu söyləyərək, çox müqavimət göstərdim. Məni qorxutdu ki, bizimkilər hakimiyyət naminə hətta rus layihəsində belə yer almağa hazırdırlar. Qərar verdim ki, bu düşərgə bitib və burada qalmaq olmaz. Demokratik düşərgənin gücünün 80 faizini media təşkil edirdi. Bütün siyasəti “Azadlıq” və “Yeni Müsavat” qəzetləri üzərində qurmuşdular. Mən öz qəzetimi oradan çəkdim...
- “Yeni Müsavat” qəzetini necə adlandıraq? Müxalifət, yoxsa iqtidaryönlü mətbuat?
- “Yeni Müsavat” qəzeti müstəqil, baş redaktoruna və oxucusuna xidmət edən media nümunələrindən biridir.
Mən o qədər riski gözə alıb, düşərgə ilə çuğlaşmış bir media qurumunu müstəqil etmək təşəbbüsü göstərdim. Müəyyən itkilər oldu və sonda bacardım.
...
- Nələrlə üzləşdiniz?
- Çox təpki ilə.
- Gözlədiyiniz idi, ya şaşırdanlar oldu?
- Çox şaşırdığım anlar da oldu, heyrətləndirən qərarlar da. Enində sonunda bu, bir media quruluşdur və hər kəs də məni tanıyır. Necə müstəqil xarakterli insan olduğumu bilir. Məni təzyiq, basqı, söyüş ilə susdurmaq qeyri-mümkündür. Buna görə də bir sıra dostlarım özlərini mənim gözümdə yandırdılar. Media quruluşunu büsbütün itirdilər. Amma itirməyə bilərdilər...
- Deyə bilərik kimlər?
- Ad çəkməyin bu məsələdə onlara çox faydası var. Çünki mənim kimi gündəmdə olan bir adamın onlar kimi gündəmdən düşmüş, siyasi mövcudluqları belə olmayan insanların adını çəkməsi doğru deyil. Dəfələrlə xəbərdarlıq etmişdim və gedərkən də çox gözəl getmişdim – halallaşaraq, vida edərək... ki, düşərgə batır və günahkar sizsiniz. Mən qəzetimi sizinlə bərabər batıra bilmərəm. Çünki media velosiped kimidir, hərəkət etməsə, pedal işləməsə yıxılacaq. Mənim yıxılma lüksüm yoxdur. Bəlkə də sizin var... İş yox, güc yox... Siyasət Azərbaycanda bir az da mövsümü xarakter daşıyır, Amerikada, Türkiyədəki kimi daimi deyil. Para gətirmir, daimi deyil. Onların isə o lüksü var idi...
...
- Rauf bəy, siyasi iddianız var?
- Artıq yoxdur! Ölkəm müstəqildir, bayrağım dalğalanır... Qarabağ problemimiz var və o da ordumuzun və prezidentimizin məsələsidir, həll edəcəklərinə inanıram. Və belə bir vəziyyətdə insan öz yerinə baxır ki, kifayət qədər yaxşı bir yerdir. Media quruluşu rəhbəri, 28 illik fəaliyyət, komanda, müəyyən hörmət, tanınma və s. Bir də dünyanın reallıqlarına baxıb görürsən, çox böyük şirkətlər sahiblərinin əlindən çıxır... Belə olduğu vəziyyətdə mən qəzetə daha çox sarılıram ki, olan əlimizdən çıxmasın. Bunun üzərində nələrsə etməyi düşünürəm və bu da artıq siyasi iddia kateqoriyasına aid deyil...
- Bu, biznes plandır.
- Bəli.
Mövzu qapanmışdır! Meydanlarda keçən gənclik, dünyanı dəyişmək iddiası, çılğınlıqla vidalaşıb. Yəqin ki, həyata 50-nin üzərindən boylananda biznes siyasətdən cazibdir. Qarşımda bir iş adamı olduğunu elan edən şəxs əyləşib və onun menecment sirlərini öyrənmək istəyirəm.
...
- “Yeni Müsavat”da ölkənin ən güclü yazarlarının bir qrupu toplaşıb. Yaxşı yazarların ciddi kaprizləri olduğu mifi şayiədir, yoxsa onları idarə etməyin xüsusi bir sirri var...
- Kaprizsiz insan iddiasız insandır. Bütün istedadlı adamları kaprizləri yüksəldir...
- Necə idarə edirsiniz?
- Onlardan daha çox kapriz göstərməklə... (Gülür)
- İllərdir qəzetin baxışı, yanaşması və mövqeyi dəyişir, ancaq yazarları dəyişmir...
- Çətindir, amma inandıra bilirik. Mənim xoşbəxtliyim ondadır ki, həm də ağıllı komanda ilə işləyirəm. Kapriz, dahilik və s. başqa... Amma ağıl, zəki tamam başqa bir boyutdur və o komanda bizdə var. Hesablaya bilirlər ki, hansı daha doğrudur. Hesablayırlar və ona görə də yerlərində qalıblar.
- “Bir az sərt oldu” dediyiniz yazılar olur, yoxsa müəlliflərə qarışmırsınız?
- Əlbəttə, qarışıram və redaktorlardan xahiş edirəm ki, problem törədə biləcək yazılar, ən azı başlıqlar mənim gözümdən keçsin. Çox yaxşı redaktorlarımız var, onlara tapşıra bilərəm. Amma özümü çox yükləyirəm ki, daha az problem yaşayım.
Yenə gülümsəyir və gözlərindən parlayan qığılcımlar mənə o dəliqanlını xatırladır. Qarşımda iş adamı olduğunu unudub, o dövrlərə dönürəm:
...
- Gəncliyiniz çox çılğın keçdi. Meydanlar, etirazlar... 1990-ların gəncinin etməsi gərəkən bir həyat...
- Düşünmədən həyata keçdi. Önümüzə nə keçib, onu yaşamışıq. İlk vaxtlar meydanlarda ruslara qarşı savaşdıq. 17 gün meydan hərəkatı olub, onun haradasa 13-14 gününü meydanda qalmışam... 22 yaşım var idi, noyabrın soyuğunda... Meydana girdim və hələ də ordayam. Mənə hər şeyi ora verdi. Dostlarımın çoxu şəhid oldu, düşünürdüm ki, mən də olacam və onun üçün də hər şey etdim. Allah məsləhət görmədi...
O illəri çox sakit, aramla xatırlayır:
- 1989-cu ildə yavaş-yavaş hərəkat strukturlaşdıqca media quruluşları lazım oldu. Bir də baxdım ki, ya bunu məndən başqa edə biləcək adamların sayı azdır, ya da mənim təmsil olunduğum çevrədə ancaq mənəm. Bir iki yazı yazdım. Əziz Qaraca var idi... İrəvanda göyərti-zad satmışdı, Ermənistandan Azərbaycana köçəndən sonra gəlib girmişdi siyasətə, çox qabiliyyətli oğlan idi, dedi, “gəl, buna bir imza qoyaq, çap edib, sataq!”. Şenol imzası qoyduq... Mənim şöhrət qazanmağım da bu Şenol imzası ilə oldu...
Sonradan Sahil Araz, Toğrul Abbas imzaları ilə yazdım... Bir qəzeti doldurmaq üçün çox yazı lazım olurdu və bir neçə imza ilə yazırdım. Bəzən bir qəzeti tək yazırdım. 17 qeyri-rəsmi nömrəmiz çıxdı... 3-4 say da “Birlik” dərgisi buraxdım...
- Rauf bəy, bəzən insan həyatını çox səxavətlə xərcləyir və fərqində olmadan doğmaları ilə paylaşacağı zamandan kəsir... Siz övladlarınızdan kəsdiyiniz zamanın fərqindəsiniz? İçinizdə mən o dönəmlərdə uşaqların yanında ola bilmədim hissi varmı?
- Var, var... Ola bilmədim... Övladlarımın uşaqlığı gərgin keçdi və mən də bu böyümə prosesində iştirak edə bilmədim. Bunu böyük faciə hesab etmirəm. Bu gün onlar da sağ-salamat, mən də. Sadəcə zamanı, dövrümü daha çox siyasətə, mediaya verdim, nəinki uşaqlarıma... Onlar da anlayışla qarşıladılar...
- Bir valideyn olaraq o kəmliyi içinizdə hiss edirsiniz?
- Əlbəttə, hiss edirəm. Məsələn, Ərhun bir az gec dil açdı, hətta düşünürdüm ki, uşaq gerizəkalı olacaq...
...
Qırıq-qırıq cümlələri sıraya düzür... Artıq qarşımda nə siyasətə gəlişindən, nə də gedişindən danışan insan dayanıb. Heç iş adamı da deyil, jurnalist də... Bütün vücudu, ruhu baxışlarının yaşıdına çevrilib. Yaşadıqlarını bir kənara qoyub, yaşamadıqlarını xatırlayır – bir ata danışır:
- Danışmayan Ərhunumu qoyub həbsə getdim, 13 ay sonra məhkəmə başlayanda gördüm ki, qarşımda mənimlə əməlli-başlı söhbət edən oğlum var... “Konfet istəyirsən?” “Sənə konfet verim?” “Sən niyə burada durmusan?” Çox sevdiyi konfetləri var idi cibində. Çıxardıb dəmir barmaqlıqlar arasından hər kəsə uzatdı, hətta üstümüzdə dayanan “nadzor”lara da sevimli konfetindən payladı... İçəriyə də özü keçmişdi... Hələ məhkəmə iclası başlamamışdı, çöldə də onu çox axtarıblar ki, uşaq hara yoxa çıxdı... “Ata”, “ata” deyərək çağıranda əsgərlərdən biri soruşub “kimin uşağıdır?” “Rauf bəyin oğludur”, deyiblər...
Sanki xatirələrini bir də geriyə çəkir, təkrar danışır:
- Mən gördüm Ərhun gəldi, heyrətə gəldim... Dil açdığını bilmirdim, əlini cibinə salıb bir ovuc konfet çıxartdı, mənə uzatdı – “Konfet istəyirsən?”. Birdən-birə səninlə danışan və səni anlayan birisi qarşında dayanıb sənə konfet uzadır... Uşaq mənim nəzərimdə ciddi bir boyut adlamışdı və mən bunu görməmişdim... Artıq yeriyərək, danışaraq gəlmişdi yanıma... Cibində də çoxlu konfetləri...
...
- Dediniz bir də onda fərqinə vardınız ki, bu düşərgə yoldaşlarınızla çox irəliyə getmək olmaz. O zaman içinizdən keçdimi ki, heyf məhrumiyyətlərlə dolu gəncliyə?
- Çalışıram elə şeyləri yaxına buraxmayım. Nə oldusa, oldu. Bu, mənim həyatımdır. Sadəcə, ona heyfsilənirəm ki, enerjimi daha nəticəvi prosesə xərcləyə bilərdim. Mənim bitib tükənməyən bir enerjim var. Onu daha ciddi quruculuq işlərinə, mediamın böyüməsinə sərf edə bilərdim. Uzun illər çox ağır yük daşıdım. Bütün müxalifətin yükünü, xüsusi ilə Müsavat Partiyasının yükünü təkbaşıma daşımışam. Onlar sadəcə iclas keçiriblər. Bunu tam əminliklə deyirəm. Bütün prosesi mən aparırdım – siyasəti, savaşları mən elan edirdim, sonra onları mən özüm bağlayırdım. Kimi endirməli, kimi qaldırmalı, mən özüm edirdim.
- Tək başınıza müxalifət idiniz?
- Daha doğrusu kollektivlə, redaksiya ilə müəyyən edirdik. Müsavat rəhbərliyi isə bizim atdığımız addımları təqib edir, hər divanda bizi müzakirə edirdi ki, bu düzdür, bu yox. Bəzən məni divana çağırıb danlayırdılar və mən çox gülürdüm. Çünki çağdaş mediada gedən trendləri bilməməkdən doğan gülməli vəziyyətlər əmələ gəlirdi.
Azərbaycanın sağlam, konstruktiv, güclü, dünyəvi müxalifətə ehtiyacı var. O müxalifət artıq yox kimidir, yerini də fərqli partiyalardan yönləndirilən ideologiyalardan örgütlənmiş təşkilatlar tutublar və bunların sayının kritik həddə çatması ölkəm üçün təhlükə təşkil edir.
- Əgər dövlətin inkişafını müxalifətin varlığında görür və onun əslində necə olması gərəkdiyini belə əminliklə izah edə bilirsinizsə, ölkəsini və bayrağını sevən bir vətəndaş kimi nədən bu təcrübə ilə yenidən meydana atılmırsınız?
- Vallah, bu sualı verənlərin sayı həddindən artıq çoxdur. Məntiqlə doğru sualdır, sadəcə, mən bu nəticəsizlikdən yorulmuşam.
...
- Axı deyirsiniz problem sizdə yox, düşərgədə idi...
- O düşərgəyə girib yenidən özümün əski dostlarıma qarşı təşkilatlanma, onların yanından insanları alıb bir yerə yığma, yenidən start vermə mənim üçün daha faydasız gəlir, nəinki mediada qalmaq. Mən media və siyasət cinahı arasında seçim edib, üstünlüyü mediaya vermişəm. Bu rahatdırmı? Çox rahatdır!
İndiki müxalifət qüvvələrin arasında kifayət qədər sağlam fərdlər var. Ənənəvi müxalifətin özündən razı, ənənəvi və heç nəyə yaramayan liderləri bir az kənara çəkilsələr, məncə, gənclər sırasından da irəli çıxa bilənlər ola bilər. Məsələn, mən Tural Abbaslıya yüksək ümidlə baxıram və arzu edirəm ki, onun siyasi perspektivinə çox faydam olsun. O, bütün mərhələləri keçmiş kadrlardandır və müxalifət lideri kimi faydalı ola bilər. Sadəcə, ölkədə bir az atmosfer fərqlidir. Bu dəqiqə mən özüm də siyasi hərəkətliliyin olmasının tərəfində deyiləm. Dediklərimlə paradoks təşkil edə bilər, amma qlobal anlamda yanaşanda bu saat dünyalar qarışır, separatizm baş alıb gedir və Ermənistan kimi dərdimiz, problemimiz olduğu yerdə də ölkəmizin qarışa biləcəyi ehtimalı məni narahat edir...
Mövzu qapanar-qapanmaz yenə gözlərindən ətrafa gənclik qığılcımlarını saçır... Sağollaşan kimi o işıq şəhərin işıqlarına qarışıb, uzaqlaşır...
(APA)