“Trampın qərarı tarixi və doğrudur” deyən Mirzə Xəzərdən QALMAQALLI MÜSAHİBƏ

26-12-2017, 18:09           
“Trampın qərarı tarixi və doğrudur” deyən Mirzə Xəzərdən QALMAQALLI MÜSAHİBƏ
“Azərbaycanın İsrail üçün hədsiz dəyəri var”

“2018-ci ildə də Dağlıq Qarabağ münaqişəsi ətrafında ciddi bir tərpənişin olacağına inanmıram”

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp uzun illərdir Fələstin və İsrail arasında mübahisə predmeti olan Yerusəlimi - Qüdsü İsrailin paytaxtı kimi tanıdı. Son 22 ildə Amerikaya rəhbərlik etdiyi prezidentlərin tərəddüdlərindən fərqli olaraq Tramp qəti addım atdı və bu qərarı dünyanın mütləq hissəsinin etirazı ilə qarşılandı. Müsəlman dövlətləri ilə yanaşı, Amerikanın NATO və Avropa İttifaqındakı müttəfiqləri də bu qərara etiraz etdilər. Kiçik dövlətlər istisna olmaqla Ağ Ev rəhbərinin qərarını yalnız İsrail dəstəklədi. Hazırkı vəziyyətdə də dünya miqyasında mövzu ətrafında gərgin müzakirələr davam edir. Qərarın ciddi və təhlükəli proseslərə yol açacağı ehtimallar arasındadır.

Dünya və regiondan fərqli olaraq, Azərbaycanın ictimai-siyasi gündəmini eyni mövzu, Ermənistan - Azərbaycan münaqişəsi (Dağlıq Qarabağ) zəbt edib. Münaqişə ətrafında son günlərdə yaranmış canlanma gələn ilə ümidləri artırıb. Yeni gəlişmələrin baş verdiyi bu günlərdə başı Qüds məsələsinə qarışmış İsraildən də Azərbaycana növbəti dəstək gəldi. “Amerikanın Səsi“ radiostansiyasının Azərbaycan bölməsinin keçmiş müdiri, “Azadlıq“ radiosunun Azərbaycan redaksiyasının keçmiş direktoru, hazırda Almaniyada yaşayan azərbaycanlı - yəhudi jurnalist Mirzə Xəzər dünyada və regionda baş verən ictimai-siyasi proseslər barədə “Cümhuriyət“ qəzetinin suallarını cavablandırıb.

- ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdı. Trampın qərarına müsəlman ölkələri ilə yanşı, Amerikanın Avropadakı müttəfiqləri də qarşı çıxdılar. Yəni, dünyanın əksər hissəsi qərardan narazı, İsrail isə məmnundur. Bəs, siz necə fikirləşirsiniz, əsl həqiqət hansı tərəfdə gizlidir, çoxluğun etirazında, yoxsa qərarı dəstəkləyən azlığın müdafiə etdiyi iddiada?
- Donald Trampın Yerusəlimlə, Qüdslə bağlı qərarı doğru və tarixi qərardır. BMT Baş Assambleyasında Donald Trampın bəyannaməsinə qarşı 128 ölkənin səs verməsi isə təəccüblü deyildi. Keçən 50 ildə Birləşmiş Millətlər Təşkilatında eyni əksəriyyətin avtomatik səsi ilə qəbul edilən qərar və qətnamələrin demək olar ki, 90 faizini İsrailə qarşı yönəlmiş sənədlər təşkil edir. Bunun özü BMT-nin qeyri-ciddi bir qurum halına düşdüyünü göstərir. Lakin medalın o biri üzü də var - BMT-nin Baş Assambleyasında məlum səsvermə zamanı 65 ölkə bu və ya başqa şəkildə Amerikanın mövqeyini müdafiə edib ki, bunu da Amerika və İsrail üçün - Yerusəlim qərarının təşəbbüskarları üçün müsbət, Türkiyə və fələstinlilər üçün isə mənfi nəticə hesab etmək olar. Əldə edilən məlumata görə, fələstinlilərin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Amerikaya qarşı yürüşünə qoşulması bir sıra ərəb ölkələrini narahat edib. Maraqlıdır ki, Nyu-Yorkda Yerusəlimlə bağlı səsvermə keçirildiyi vaxtlarda Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbas Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabini ziyarət edirdi. Vəliəhd Şeyx Məhəmməd bin Zayed Mahmud Abbasa qəti şəkildə bildirdi ki, Fələstin rəhbəri prezident Trampın Yerusəlim qərarına kəskin reaksiya verməkdən imtina etsin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan uzaq dursun. Mahmud Abbas ziyarət etdiyi Ər Riyadda da eyni tələblə üzləşib. Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman ona xəbərdarlıq etdi ki, Yerusəlim məsələsində Ər Riyadın himayəsini qazanmaq istəyirsə, Türkiyə prezidenti ilə birlikdə prezident Trampa qarşı açdığı savaşı dayandırsın.

- Amma tarixi iddiaya inanıb bir həqiqəti etiraf edə bilərdik ki, Qüdsdə - Yerusəlimdə digər dinlərə məxsus xalqların yerləşməsi, yəhudilərin burada olmalarından xeyli sonraya təsadüf edir. Əgər bu tarixi iddia həqiqətdirsə, niyə Qüdsün İsrailin paytaxtı olması qıcıq yaratmalıdır?
- Dünyanı məntiq yox, məntiqsizlik idarə edir. İsrailin paytaxtı Yerusəlim şəhəri 4000 illik tarixi boyunca 2 dəfə dağıdılıb, Süleyman Məbədi yerlə-yeksan edilib və yerli əhalisi - yəhudilər pərən-pərən salınıb. 1948-ci ildə İsrail dövləti qurulduqdan bir il sonra - 1949-cu ildə Yerusəlim İsrailin əbədi paytaxtı elan edildi. Lakin şəhərin yəhudilər üçün müqəddəs olan qədim hissəsi İordaniyanın işğalı altında olub. 1967-ci ilə qədər yəhudilərə şəhərin Şərqindəki müqəddəs Süleyman Məbədinin qalıqlarını - Ağlaşma divarını ziyarət etmələrinə imkan verilmirdi. Maraqlıdır ki, Şərqi Qüds 1967-ci ilə qədər İordaniya Krallığının tərkibində olub, ancaq hökumət Qüdsü yox, Əmmanı özünə paytaxt seçib. 1967-ci ildə İsrail ordusu Şərqi Qüdsü azad etdi. 1967-ci ildən bu yana - 50 ildir ki, birləşmiş Qüds İsrailin paytaxtıdır. Şəhərin demoqrafiyası kökündən dəyişib. Hazırda Qüdsün - Yerusəlimin 850 minə yaxın əhalisi var. Sakinlərin 37 faizi ərəb, 61 faizi isə yəhudidir. Qüds artıq ikiyə bölünmüş şəhər deyil. Qıcığın yaranmasının bir səbəbi budur. Onlar 50 ildir dəfələrlə təşəbbüs etsələr də İsraili siyasi və ya hərbi yolla məğlub edə bilməyiblər. Qıcığın əsl qaynağı isə İsrail dövlətinin varlığıdır. Ərəblər İsrailin varlığı, mövcudiyyəti ilə barışa bilmirlər və 70 ildir yəhudi dövlətini yer üzündən silmək arzusu ilə yaşayırlar. Amma bu arzu boş xəyaldan başqa bir şey deyil.

- Müsəlman ölkələrini anladıq, bəs xristian dünyası bu məsələdə niyə sərt mövqe açıqladı?
- Dünyanı məntiqsizliklə yanaşı, mənfəət idarə edir. Xrisitian dünyası “Tövrat”ı və “İncil”i qəbul etdiyi üçün Qüdsün yəhudi köklərini qəbul edir. Xristian dünyasında bu məsələdə tərəddüd yoxdur. Lakin onlar məlum səbəblərə görə ərəb və müsəlman dünyası ilə ticarətdən məhrum olmaq istəmirlər. Buna görə də o biri tərəfi incik sala bilən hər cür radikal addıma qarşı çıxırlar. Xüsusilə, qeyd etmək istərdim ki, Qüdsün İsrailin paytaxtı olaraq tanınmasını yalnız yəhudi lobbisi deyil, eyni zamanda Amerikanın protestant xristian dairələri də tələb edirdilər. Protestant - Yevangelist Kilsələr Təşkilatının Kaliforniya üzrə rəhbəri Conni Mor “Röyters” agentliyinə açıq şəkildə dedi ki, bizim kilsənin təzyiqi olmasaydı, Tramp Qüds barədə qərar verə bilməyəcəkdi.

- Necə hesab edirsiniz, Trampın bu qərarı Yaxın Şərqdə, yaxud Fələstin - İsrail məsələsi ətrafında gedən proseslərə hansı şəkildə təsir edəcək? Qərar dünyanı qorxulu “qara dəliyə” (“Apex”) sürükləyə bilərmi?
- Hesab edirəm ki, Donald Trampın qərarı dünyada və regionda gedən prosesləri fərqli istiqamətə çəkməyəcək. Dünya olduğu yerdə qalacaq və bir-iki həftədən sonra indiki canfəşanlıqdan əsər-əlamət qalmayacaq. Yaxın Şərqdə də möcüzə olmayacaq.

- Qeyd edək ki, ABŞ hökumətinin 1995-ci ildə qəbul etdiyi “Qüdsdə Səfirlik Qanunu”nda İsraildəki Amerika səfirliyinin paytaxt Təl-Əvivdən Qüdsə köçürülməsi təklif edilirdi. Lakin sözügedən qanunun qüvvəyə minməsi 22 il - Bill Klinton, Corc Buş və Barak Obamanın hakimiyyəti dönəmlərində hər 6 aydan bir milli təhlükəsizlik məsələlərinə görə təxirə salınırdı. Bəs, əvvəlki prezidentlərdən fərqli olaraq, Tramp bu cəsarəti hardan tapdı?
- Düzdür, keçən 22 ildə bir neçə prezident hər seçkiqabağı kampaniya zamanı söz verirdi, amma Ağ Evə köçəndən sonra unudurdular. Donald Tramp onlardan fərqlənir. Tramp siyasətçi deyil, yalan danışa bilmir. İki yox, bir üzü var. Səmimi insandır. Sözündən dönmür, amma xəyanəti də bağışlamır.

- Mirzə bəy, yaxın günlərdə İsrailin müdafiə naziri Aviqdor Liberman dedi ki, qondarma erməni soyqırımını Azərbaycana görə tanımırlar. Baş nazir Binyamin Netanyahu BMT-nin Nyu-York sammitində isə Azərbaycan - İsrail münasibətlərini digər müsəlman ölkələrinə nümunə kimi göstərdi. Görünən budur ki, Azərbaycanın İsrail üçün bir əhəmiyyəti var. Yəni, Azərbaycan İsrail üçün niyə əhəmiyyətlidir?
- İlk növbədə, Azərbaycan müsəlman ölkəsi kimi İsrail üçün mühüm əhəmiyyət kəsb edir. İsrail Azərbaycandan neft alır. Azərbaycan dünyanın çox həssas strateji regionunda yerləşir. Azərbaycan İsrail dövlətinin məhv edilməsini hədəfləyən İran İslam Respublikasının qonşusudur. Bu baxımdan da Azərbaycanın İsrail üçün hədsiz dəyəri var. İsrailin Azərbaycan üçün də mühüm əhəmiyyəti vardır. İsrail Azərbaycanı ən müasir silahlarla təchiz edir. Amerikadakı İsrail lobbisi Azərbaycanın xeyrinə fəaliyyət göstərir. Bu səbəblərə görə də İsrailin üzdəniraq erməni soyqırımını tanıyacağını təxmin etmirəm.

- 2017-ci ili də Qarabağsız başa vurduq. 2018-ci ildən gözləntiniz nədir?
- 2018-ci ildə də Dağlıq Qarabağ münaqişəsi ətrafında ciddi bir tərpənişin olacağına inanmıram. Ermənistan təklikdə Azərbaycanın hücumuna davam gətirə bilməz. Ermənilər Rusiyaya arxalanırlar. Rusiya da Ermənistana təzyiq etmədən məsələni həll etmək mümkün olmayacaq.

Mənsur Rəğbətoğlu

Cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.