Əli Ömərov: ““Sürət Hüseynov kim idi ki, mən aparıb sanksiyanı ona göstərim?”

15-08-2015, 14:04           
Əli Ömərov: ““Sürət Hüseynov kim idi ki, mən aparıb sanksiyanı ona göstərim?”
Pənah Hüseyn: “Bu məsələdə həm tarix, həm də Azərbaycan ictimaiyyəti üçün böyük mənada hər şey aydındır”; İxtiyar Şirin: “Dedim ki, Surət Hüseynov adlı adam tanımıram, bununla da söhbət qurtardı”
Sülhəddin Əkbər: “Onlar bizim vahid mərkəzi komandanlıq yaratmağımızdan və irəliləməyimizdən ciddi narahat idilər”;


Keçmiş baş nazir Surət Hüseynov eks-baş prokuror İxtiyar Şirinin “Hürriyyət” qəzetində dərc olunan müsahibəsində onun barəsində səsləndirdiyi fikirlərə cavab verib. Qiyamçı polkovnik 4 iyun Gəncə hadisələri ilə bağlı o dövrdə hakimiyyətdə olan vəzifəli şəxslərin adını çəkməklə baş verənlərdə özünün suçsuzluğunu iddia edib. O deyib ki, 4 iyun hadisələri ilə bağlı Milli Məclisin deputat - istintaq komissiyasının rəyi əsasında qərar mövcuddur. İş üzrə açıq məhkəmə prosesləri keçirilib və məhkəmələr tərəfindən hökmlər verilib.

S.Hüseynov həmin hadisələri öyrənmək istəyənlərə bu rəy, qərar və hökmlərlə tanış olmağı da məsləhət bilib: “İxtiyar Şirinov, Qabil Məmmədov və Sülhəddin Əkbərlə qısa söhbətim olmuşdu. Onlara sual etdim: Əgər mənim cinayətim var idisə, niyə qanunla nəzərdə tutulmuş şəkildə Milli Məclisdə deputat toxunulmazlığını qaldırmaq barədə vəsatətlə çıxış edib, həbsim barədə sanksiya verib, məni həbs etmirdiniz? Nəyin əsasında Gəncəyə qoşun yeridib, Müdafiə Nazirliyinin hərbi hissəsinə qarşı silahlı təxribat törətmisiniz? Hansı qanuni əsasla mənim evimi gülləbaran etmisiniz? Bunlar qanunidirmi? Onların üçü də mənə dedilər ki, səhv olub”.



O dövrdə baş prokuror olan İxtiyar Şirin deyir ki, belə bir görüş olmayıb: “Mən, Qabil Məmmədov, Sülhəddin Əkbər və Surət Hüseynovla birgə və ya təklikdə söhbətimiz olmayıb. Məni ora aparanda (Surət Hüseynovun adamları tərəfindən girov götürülüb aparılmasını nəzərdə tutur - E.M) bir dəstə adam oturmuşdular, Şadman Hüseynov da orada idi. Oradakılar hamısı cəbhə hakimiyyətinin əleyhdarları idi. Dedilər "Surət Hüseynov deyir ki...", mən də dedim ki, Surət Hüseynov adlı adam tanımıram. Bununla da söhbət qurtardı. Dedilər ki, aparın".

S.Hüseynov açıqlamasında deyir ki, İxtiyar Şirin Əbülfəz Elçibəyin həbsi üçün sanksiyanı onun yanında yazmayıb, sanksiyanı ona Əli Ömərov göstərib.

İ.Şirinov bildirdi ki, həmin sanksiyanı Əli Ömərovla Nemət Pənahlı ikisi birgə tərtib ediblər:

“Yəqin sonra da aparıb Surətə göstəriblər”.

Cəbhə hakimiyyəti devriləndən sonra baş prokuror təyin olunan Əli Ömərov S.Hüseynovun dediklərinin doğru olmadığını bildirib: “Sürət Hüseynov kim idi ki, mən aparıb sanksiyanı onu göstərim? Baş prokuror idi? Mənim onunla heç vaxt münasibətim də olmayıb. Bizim həmişə intriqamız olub, bir-birimizə düşmən münasibəti bəsləmişik. O, Rövşən Əliyevi baş prokuror təyin etdirmək istəyirdi, rəhmətlik Heydər Əliyev məni qoydu. Surət Hüseynov kimdir ki, aparıb ona sanksiya göstərim”.

AXC hakimiyyəti illərində milli təhlükəsizlik nazirinin müavini olmuş Sülhəddin Əkbərlə də əlaqə saxlayıb S.Hüseynovun dediklərinə münasibətini öyrəndik.

S.Əkbər S.Hüseynovun dediyi kimi görüşlərinin olmadığını söylədi: “Nə təklikdə, nə həmin şəxslərlə birgə bizim görüşümüz olmayıb. Bir dəfə 20-25 nəfərlik ümumi heyətdə görüş olub. Orada da hər hansı bir şəxsi söhbət olmayıb”.

S.Əkbər bildirdi ki, mərkəzi hakimiyyətə qarşı qiyam qanunda nəzərdə tutulduğu qaydada yatırılıb: “Azərbaycanda mərkəzi hakimiyyət var idi və bütün hərbi hissələr mərkəzi hakimiyyətə tabe olmalı idi. Hakimiyyət həmin hərbi hissələri nəzarət altına almağa borclu idi. Müharibə şəraitində olan ölkədə vahid silahlı qüvvələr və vahid komandanlıq olmadan hər hansı bir qələbəyə nail olmaq mümkün deyildi. Həmin dövrdə milli hökumət düzgün qərarlar qəbul etmişdi. Milli hökumətin yıxılmasının bir səbəbi Rusiya hərbi qüvvələri, baş kəşfiyyat idarəsinin atdığı addımlar idi. Onlar bizim vahid mərkəzi komandanlıq yaratmağımızdan və irəliləməyimizdən ciddi narahat idilər. İndi çox adamlar öz istəklərinə uyğun danışa bilər, amma tarix birdir və o dövrdə görülən tədbirlər, o cümlədən Gəncədə olanlar 1 məqsədə xidmət edib. Bütün dünyada belədir ki, hansı ölkədə hər hansı bir hərbi hissə vahid komandanlığa tabe olmursa, ona qarşı tədbirlər görülür. Qanun və hüquq da bunu tələb edir”.

Qiyamçı polkovnik açıqlamasında qeyd edir ki, milli birliyi təmin etmək məqsədilə Etibar Məmmədovun baş nazir təyin olunmasını təklif edib. Lakin onun təklifi keçməyib, özünü ordu rəhbərliyindən uzaqlaşdırıblar.

AXC hakimiyyəti dövründə baş nazir olmuş Pənah Hüseyn deyir ki, hazırda bu mövzu maraqlı deyil və aktuallığını itirib: “Bu barədə dəfələrlə, hər şey yazılıb, tərəflər öz fikirlərini söyləyib, məhkəmə prosesləri aparılıb, bir sıra faktlar açıqlanıb. Surət Hüseynov və o dövrün hadisələrinə aid kitablar yazılıb. Sənədlər ortadadır. Rus, erməni və xarici mənbələr də açıqdır, bir çox faktları ortalığa qoyublar. Hesab edirəm ki, bu məsələdə həm tarix, həm də Azərbaycan ictimaiyyəti üçün böyük mənada hər şey aydındır. Surət Hüseynovun hansısa qəzetə verdiyi müsahibələr kontekstində şərh verməyi o qədər də aktual hesab etmirəm”.

P.Hüseyn S.Hüseynovun Etibar Məmmədovla dediklərinin də həqiqət olmadığını bildirdi.

Musavat com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.