“Erməni Hayk yazdı ki, mən sizə güllə atmaq istəmirəm...” - Video
30-12-2017, 12:19
Mən gələcəkdə övladlarımızı düşmən görmək istəmirəm. Mən erməni və Azərbaycan uşaqlarını bir-birinə sarılan, dostluq edən görmək istəyirəm.
Bu sözləri Teleqraf.com-a müsahibəsində son zamanlar sosial şəbəkələrdə ermənipərəst çıxışlar etdiyi, bu yöndə dərs dediyi məktəbin şagirdləri arasında təbliğat apardığı iddia edilən 220 nömrəli məktəbin ingilis dili müəllimi Rövşən Əzizov deyib. Rövşən redaksiyamıza gəldi, fikirlərini bölüşdü, düz anlaşılmadığını dedi və ağladı...
Müsahibəni təqdim edirik:
- Bir neçə gündür ki, sizin sosial şəbəkələrdə payşaldığınız ermənipərəst yazılar, videolar ciddi müzakirələrə səbəb olur. Məqsədiniz nədir?
- Mənim sülhyönlü təbliğatımın ermənipərəstlik kimi qəbul olunması ilə qətiyyən razı deyiləm. Bunu deyən adamların iddiası heç bir fakta əsaslanmır. Bu gün bir müəllimin sülh çağırışları etməsi kimlərisə narahat edir. Onların narazılığı, təhdidləri, məni gözdən salma cəhdləri də məni qətiyyən narahat etmir. Mən öncədən bilirdim ki, doğru yolda yeriyən adama kənardan təzyiqlər çox olur. Ona görə də özümü bu təzyiqlərə hazırlamışdım. Çəkdiyim videolar haqda kim necə gəldi fikirlər söyləyir. Ancaq o videoları axıra qədər izləməyiblər, təcüməsini bilmirlər, anlamırlar. Heç başa da düşməyiblər ki, bu görüntülərdə demək istədiklərim erməni təbliğatıdır, yoxsa sülh çağırışı. Bu videoları anlamaq üçün əvvəlcə 4 dili yaxşı bilmək lazımdır. Çünki mənim videolarım 4 dildədir, Azərbaycan, Türk, Rus, Erməni. Əgər anlayışları yoxdursa, bilənlərdən soruşsunlar. Mətbuatda mənim haqqımda elə yazılar dərc edildi ki, sanki mən adi müəllim yox, hansısa terror təşkilatının lideriyəm.
- Erməni dilini haradan öyrənmisiz?
- O qədər də mükəmməl bilmirəm, sadəcə, bilənlərdən bir az öyrənmişəm.
- Kimlərdən?
- Bilən mütəxəssislərdən. Amma düşünürəm ki, dili hardan və necə öyrənməyim əhəmiyyətli deyil. Əksinə, bu, yaxşı bir şeydir. Düşmənin dilini bilmək vacibdir. Mehdi Hüseynzadə alman dilini bilməsəydi, qəhrəman ola bilməzdi.
- Hərbi xidmətdə olmusuz?
- Xeyr
- Niyə?
- Açıqlaya bilmərəm. Növbəti sualınız zəhmət olmasa...
- Xidmətdə olmasanız da, hər halda məlumatınız var ki, az qala hər gün şəhid xəbəri gəlir. Əsgərlərimiz hələ də düşmən tərəfindən qətlə yetirilir. Belə olan halda onlara qarşı necə insafla, mülayim davrana bilərik?
- Mən demirəm ki, düşməni dost kimi qəbul edək. Bu dəqiqə haqlı tərəf kimi dünya da bizi qəbul edir. Heç kəs Ermənistanı dəstəkləmir. Biz haqlıyıq və əlbəttə, qalib gələcəyik. Amma biz dövlət olaraq əvvəlcə sülhün tərəfdarıyıq. Əgər bizim cəhdlərimiz nəticə verməsə, düşmən bizim torpaqları qaytarmasa, öz təcavüzünə davam etsə, artıq bu məqamda müharibə qaçılmazdır.
Siz elə bilirsiz ki, şəhidlərə görə mənim ürəyim ağrımır? Axı kim müharibə istəyir? Mən oğlumu tez-tez Şəhidlər Xiyabanına aparıram. Bəziləri isə özünü miliyyətçi kimi təqdim edib, məni vətən xaini kimi göstərmək istəyir. Günahım da odur ki, mən sülh istəyirəm.
Biz demokratik ölkədə yaşayırıq. Hər bir vətəndaş kimi mənim də fikirlərim var. Əgər bu fikirlər dövlətimizin maraqlarına zidd deyilsə, niyə bundan narahat olurlar? Dövlətimiz isə hər zaman sülhün yanında olduğunu dəfələrlə bəyan edib. Bu gün regionun ən güclü dövləti bizik. İqdisadiyyatımız günü-gündən güclənir, insanların rifah halı yaxşılaşır. Yeni layihələrə imza atırıq. Ancaq baxın, bütün bu proseslərdə Ermənistan iştirak edə bilmir. Qarabağ münaqişəsi onlara daha çox zərbə vurdu. Nəticədə bu gün bütün layihələrdən kənarda qalırlar. Əgər Qarabağ problemi olmasaydı, bu gün Qarabağdakı ermənilər də yaxşı yaşayardı. Bu layihələrdə iştirak edərdilər. Bu gün onlar da başa düşür ki, bunlar hamısı kimlərinsə oyunudur. Bu gün onlar da müharibə istəmir. Mən demirəm ki, Qarabağ problemi həll olunmasın. Mən deyirəm ki, Qarabağ bizə qaytarılacaq və ancaq bundan sonra sülh haqda düşünə bilərik.
- Sizdən öncə də iki ölkə arasında bu cür təbliğata cəhd edən insanlar olub. Amma nəticəsi göz qabağındadır. Ermənilər dəfələrlə bizə xəyanət edib, dəfələrlə vəhşiliklərini nümayiş etdiriblər. Vətəndaşlarımızı kütləvi şəkildə xüsusi amansızlıqla qətlə yetirib, torpaqlarımızı işğal ediblər. Nə qədər əminsiz ki, bu təbliğatınızın nəticəsi yaxşı olacaq?
- Bu gün Ermənistanda da uşaqlara qarşı təbliğat aparılır. Onlar bizi öz övladlarına düşmən kimi təqdim edirlər. Mənim videolarımdan sonra erməni məktəblilər mənə yazdı ki, biz sizi belə bilmirdik. Siz necə gözəl insanlarsız. Sizi bizə vəhşi kimi tanıdıblar. Biz də müharibə istəmirik. Hətta bir Hayk adlı bir erməni mənə yazdı ki: “Mənim 18 yaşım var, məni hərbi xidmətə aparırlar. Ancaq mən sizə güllə ata bilməyəcəm. Mən burda, Ermənistanda haqyırmaq istəyirəm ki, azərbaycanlılar siz bildiyiniz kimi deyil. Siz gözəl millətsiz”. Baxın, mənim istədiyim də bu idi, mənim mübarizəm də bu idi. Mənə etiraz edənlər mənim arxamda dursaydı, mənə dəstək olsaydı, ikiqat nəticə əldə edərdik. Ancaq görürsüz ki, mənə nələr yazırlar.
Bu münaqişələr bitməlidir. Biz ermənilərlə, türklər kürdlərlə, yəhudilər ərəblərlə sülhə can atmalıdır. Mən bütün dünyanı sülhə səsləyirəm. Xalqların dostluğunu istəyirəm. Qan tökülməməlidir. İstənilən problemin həlli var. Sadəcə, bunu istəmək lazımdır. Mənim uşaqlara təbliğ etdiklərim də bunlardan ibarətdir.
- Mənə elə gəlir ki, insanların narazılığına səbəb olan sizin sülh çağırışlarınız deyil. Xalq olaraq erməni adı çəkilən hər yerdə gözümüzün qabağına Xocalı gəlir, orda törədilmiş vəhşiliklər gəlir. Günahsız körpələrin qətli, qadınlara olunan təcavüz yadımıza düşür. İnsanlar birdən-birə bu şeyləri unudub erməniyə dost deyə bilməzlər. Bəs, sən nə düşünürsən bu haqda?
- Mən bütün bu olanların unudulmağını istəmirəm. Əksinə, istəyirəm ki, bu saydığınız məsələlərdə əli olan hər kəs cəzalansın. Mütləq cəzalanmalıdırlar.
- 220 nömrəli məktəbdə müəllim işləyirdiz. Hətta bu hadisələrə görə sizi ordan da uzaqlaşdırdılar.
- Mən bu haqda danışmaq istəmirdim. Amma danışacam. Bu xəbərlər yayılandan sonra Təhsil Nazirliyinin işçiləri və bəzi partiyaların üzvləri məktəbə gəldilər. Məni təhqir edib, məktəbdən uzaqlaşdırdılar. Ancaq mənə dedilər ki, bu çağırışlardan əl çək, səni işində saxlayaq. Mən isə razı olmadım. Mən nə etmişəm ki? Sadəcə, sülh istəmişəm. Məgər bu cinayətdirmi? Məni haqlı mübarizəmdən necə kənarlaşdıra bilərsiz? Mənə olunan bütün təhqirlərin qarşısında sadəcə, susdum.
Bilirsiz, heç kəs mənimlə danışmadı ki, mənim istəyim nədir. Araşdırmadılar ki, bu adam kimdir, nəçidir.
Mən ailəmi güclə saxlayan adamam. Nə atam var, nə anam. Heç qohum-əqrabam da yoxdur. Bir oğlum var, o da xəstədir. (Ağlayır. - X.S.) Mən maaşla dolanırdım. Uşağımın dərmanlarını alırdım. İndi bayramqabağı nə edəcəm? Necə baxacam uşağımın üzünə? Mən təkcə öz uşağımı yox, bütün uşaqları düşünürdüm. Bir kəlmə sülh sözümə görə belə oldu.
- Bəziləri düşünür ki, sizin Adnan Oktarla, Fətullah Gülənlə, hətta erməni separatçıları ilə əlaqələriniz var.
- Qətiyyən. Bunlar böhtandır. Mənim heç kəslə əlaqəm yoxdur. Bu mənim müəllimlik borcumdur. Mən gələcəkdə övladlarımızı da düşmən görmək istəmirəm. Mən erməni və Azərbaycan uşaqlarını bir-birinə sarılan, dostluq edən görmək istəyirəm.
- Etnik mənsubiyyətiniz nədir?
- Bilmirəm. Araşdırmışam, ancaq bilmirəm. Dəqiq deyə bilməyəcəm...
[media=https://www.youtube.com/watch?v=6oXpLGODX8M]