57 gün “cəhənnəmdə”: “...meyitləri “silos” quyusuna atdılar”- ŞAHİD

8-01-2018, 00:26           

“...1992-ci ilin fevral ayının 15-də düşmən ətraf kəndlərdəki mövqelərdən iriçaplı silahlardan, artilleriya silahlarından və hərbi texnikaların da dəstəyi ilə kəndimizi atəşə tutdular. Həmişəki kimi kəndin özünümüdafiə dəstəsinin döyüşçüləri düşmənə müqavimət göstərməyə başladı. Ağır döyüşlər gedirdi. Artıq güllələrimiz tükənmək üzrə idi. Ağdamdan kömək istədik. “Bir az dözün, kömək gələcək...” -dedilər.

Ancaq kənd tamamiilə erməni kəndlərinin ortasında, yəni mühasirə şəraitində olduğu üçün ora kömək göndərmək o qədər də asan iş deyildi. Döyüşlərdə düşmən mərmi ilə kəndin giriş hissəsində olan əsas postu vurub dağıtdı. Nəticədə post başçısı, dayım Mobil Zeynalov şəhid oldu. Bundan sonra düşmən kəndə soxulmağa müvəffəq oldu. Artıq heç kimdə güllə qalmamışdı. Beləlikə, düşmən kəndə girərək iki yaşlı qadın və bir kişini qətlə yetirdilər. Fevralın 16-sı gecəsi qərara gəldik ki, biz dinc əhalini meşədən keçməklə kənddən çıxaraq. Ancaq meşədə düşmənin xeyli silahlı qüvvəsinin atəşinə məruz qaldıq. Kəndə qayıtmaqdan başqa çarəmiz qalmamışdı. Hər kəsi kəndin kolxoz binasına topladıq. Fevralın 17-si gecə dörd radələrində düşmən yenə “Alazan” və digər artilleriya silahlarından kəndi şiddətli atəşə tutdu. Daha sonra bütün qüvvə ilə kəndə girib bizi tərksilah elədilər və mülki əhali ilə birlikdə əsir götürdülər. Dəhşətli günlərimiz elə bundan sonra başladı...” - qeyd etdiyimiz bu ifadənin sahibi Əliyev Şəhruz Əmirxan oğludur. Hadisənin baş verdiyi yer isə Xocalı dəhşətinin ayaq səslərini andıran, yəni yağı düşmənin nə qədər azğın olduğunu sübut edən bir yer - Qaradağlı kəndidir! Xocavənd rayonunun (Keçmiş Martuni) Qaradağlı kəndi... Qarabağda dinc azərbaycanlılara qarşı törədilən erməni faciəsinin doğulduğu Qaradağlı...
Əliyev Şəhruz Əmirxan oğlu 1967-ci ildə həmin kənddə doğulub. Ömrünün ən şirin xatirələri də elə o kənddə yazılıb yaddaşına. Necə deyərlər ömrünün 57 günlük cəhənnəmi də o kənddə başlayıb. O həmkəndliləri və bir neçə qohumu, habelə qardaşı ilə birlikdə düşmən əlinə keçərək olmazın işgəncələrini görüb, həyatının tufanını yaşayıb... O tufan ki, qəhrəmanım həmin günlərin dəhşətini indi də gözyaşı, ürəkağrısı, vicdan sızıltısı ilə xatırlayıb danışır.

Hər kəsə məlumdur ki, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi başlayan ilk günlərdən ermənilər öz xalqları arasında türk xofunun götürülməsi üçün müəyyən silahlı dəstələrlə Dağlıq Qarabağdakı Azərbaycan kəndlərinə basqınlar edərək insanları kütləvi şəkildə qətlə yetirirdilər. Düşmənin bu cəhdi kəndlilərin yaratdığı özünümüdafiə dəstlərinin sayıqlığı, qoçaqlığı sahəsindən həmişə baş tutmasa da, ancaq müəyyən rabitəsizlik və çatışmazlıq səbəbindən hərdən də “uğurla” alınırdı. Eynən Qaradağlı dəhşəti kimi... Ə.Şəhruzda həmin dövrlər digər xocavəndlilər kimi ilk silaha sarılıb dədə yurdunun müdafiəsinə qalxanlardan olub. Onun sözlərinə görə oradakı müdafiə dəstələrinin silahlanmasında Ağdamdakı özünümüdafiə qüvvələrinin böyük rolu olub:

“Qaradağlı özünümüdafiə dəstəsi 1988-ci ildə Mobil Zeynalov tərəfindən yaradıldı. Dəstə Ağdam tərəfdən silahlandırıldı. Silah-sursatı bizə polis bölməsinin əməkdaşlarından göndərirdilər. Rəhmətlik Allahverdi Bağırovun bu işdə böyük rolu var idi. Kəndimiz 6-7 erməni kəndlərinin - Daharza, Barabatın, Müşgabad, Kendoxord və s. kəndlərin əhatəsində olduğu üçün bizə xüsusi diqqət ayırırdılar. Ağdam bizə göndərdiyi yardımları ancaq helikopter vasitəsi ilə çatdırırdı. Bunun sayəsində biz kəndi düşmən hücumundan müdafiə edə bilirdik. Lakin getdikcə vəziyyət ağırlaşırdı. Ermənilər helikopterlərə də atəş açırdılar. Məhz buna görə çətinliklə yardım alırdıq. Bütün bu çətinliklərə baxmayaraq 1988-ci ildən 1992-ci ilin fevral ayının 17-nə qədər biz kəndi qoruya bildik. Ondan sonra isə qeyd etdiyim səbəbdən Qaradağlı dəhşəti baş verdi...”

Düşmən Qaradağlı kəndinə girdikdən sonra uşaqdan böyüyə qədər hər kəslə amansız rəftar edir, bir neçəsini elə yerindəcə qətlə yetirir, digərlərini isə yük maşınlarına yığaraq yola düzəlirlər: “Silahlarımızı aldıqdan sonra, 3 nəfər yaralımızı yerində güllələdilər. Bizi və dinc əhalini “KaMAZ”lara yığıb yola düzəldilər. Bizdə “Bəylik bulağı” deyilən ərazi var. Orada saxlayıb bizim on nəfər cavan həmkəndlimizi yerə düşürüb güllələdilər. Sonra da həmin meyitləri “silos” quyusuna atdılar. Beləliklə onlar Xankəndinə gedənə qədər hər erməni kəndində dayanıb maşından 5-6 nəfər düşürüb, erməni kəndlilərin gözü qarşısında işgəncə ilə qətlə yetirirdilər. Hər qətliamda bizi əsir götürən dəstəyə rəhbərlik edən erməni oraya toplanan erməni kəndlilərə xüsusilə, gənclərə deyirdilər ki, baxın görün bunlar necə qorxaq insanlardı. Biz bunları güllələyirik bunlar dillənə bilmir...”



“Qocaların başını toxmaqla əzib öldürürdülər”

Beləliklə, qəhrəmanımın özünün təbirincə desək, ömrünün cəhənnəmini yaşadığı 57 gün başlayır. O yolboyu ermənilərin gözü qarşısında xüsusi amansızlıqla qətlə yetirilən həmkəndlilərinin ölümünə şahidlik edir. Bunların ən dəhşətlisi isə kənd ağsaqqalları Eldar Dadaşov və Şahmurad kişinin ölümü olur. Belə ki, azğınlaşmış erməni hərbçiləri əsir götürdükləri insanlara daha sarsıdıcı və psixoloji zərbə vursun deyə daha qəddar davranırdılar. Yaşlı adamların toxmaqla başlarını əzərək qətlə yetiridilər. Yolboyu belə hallar bir neçə dəfə baş verdikdən sonra əsirləri daşıyan yük maşınları Xankəndinə çatır. Bütün əsirləri zirzəmiyə yığıb, üstlərinə mühafizəçi qoyurlar. Sonra zirzəmiyə gələn ermənilər əsirləri qeydiyyata almağa başlayır. Şəhruz Əliyev görür ki, eyni soyaddan olan əsirləri bir-birilərindən ayırırlar. O özü ilə əsir düşmüş qardaşına deyir ki, başqa soyadı desin:

“Baxdım ki, ermənlər qohumluq əlaqəsi olan adamları seçib aparırlar. Qardaşıma dedim ki, başqa soyadı desin. Belə də oldu. Amma bir müddət sonra onlar şübhələnərək gəlib qardaşımı əlimdən alıb apardılar. Ondan sonra qardaşımdan heç bir xəbər tuta bilmədim. Onsuz da soyuq zirzəmidə yarıçılpaq şəkildə olmazın dəhşətləri görürdük. Qardaşımın getməsi isə bir dərdimi beş elədi. Çox çətin şeydir... (Ağlayır) Düşünün, doğma qardaşını yanından aparsınlar, dillənə bilməyəsən...”

“Gəncləri çılpaq halda buzun üstünə uzadıb döyürdülər”

Şəhruz qeyd edir ki, ermənilər azərbaycanlı əsirlərdən istifadə edərək öz xalqları arasında, hətta uşaqlar arasında ideoloji təbliğat aparıblar. O ki, qaldı əsirlərə verilən işgəncələrə... indi özlərini humanist xalq kimi dünya ictimaiyyətinə sırımağa çalışan ermənilərin əsirlərə elədiklərini nə dilə gətirmək mümkündür nə də qələmə almaq: “Bizi bir neçə dəfə Xankəndi yaxınlığındakı kiçik kəndə yarıçılpaq, qışın şaxtasında ayaqyalın buzun üstünə uzandırıb gənclərə döydürürdülər. Və bu səhnəyə tamaşa etmək üçün azyaşlı məktəbliləri işgəncə meydanına toplayırdılar. Məktəblilərə izah edirdilər ki, uşaqlar bir daha türklərdən qorxmasınlar. Aramızda işgəncəyə tab gətirməyib ölənlər də olurdu. 7-8 yaşlı uşaqlar cərgəylə gəlib üzümüzə tüpürüb keçirdi.

Əsirlik müddəti mən ermənilər tərəfdə üç silahlı qruplaşmanın olduğunu müşahidə elədim. Onlar Qarabağda yaşayan ermənilər, İrəvandan və ərəb ölkələrindən gələn ermənilərdən (muzdlulardan) ibarət idilər. Onların ən amansızı isə İrəvandan gələnlər idi...”

“Qisas gününü gözləyirəm”

Qəhrəmanım ağır işgəncələrdən sonra, 57 günlük cəhənnəmi yaşadıqdan sonra əsirlikdən xilas edilib. O Allahverdi Bağırovun ermənilərlə apardığı danışıqlardan sonra Ağdam şəhəri yaxınlığında yerləşən Qarağacı qəbiristanlığı adlanan ərazidə dəyişdirilib. Hazırda Xocavənd rayonunda yaşayan soydaşımız bu hadisənin öz doğum gününə təsadüf etdiyini xüsusi qeyd edir: “Bu gündən sonra dünyanın ən bahalı ad günü hədiyyəsini alsam belə, 1992-ci ilin 10 aprelini unutmayacağam. Hesab edirəm ki, həmin gün mən ikinci dəfə doğuldum... O ki qaldı yaşadığı dəhşəti unutmağa, hesab edirəm ki, həmin dəhşəti mən düşməndən qisas almaqla unudaram. Buna görə də hər dəqiqə, hər saat veriləcək döyüş əmrini - Silaha sarılacağım günü gözləyirəm”.

Elgün Gəncimsoy

Cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.