“Çörək Tofiq”dən ittihamlara cavab: “Çörəyini Bakıda sat da, Sumqayıtda nə işin var?"
9-01-2018, 06:40
Sumqayıtda "çörək Tofiq” kimi tanınan çörək zavodunun sahibi, Milli Məclisin sabiq deputatı Tofiq Hüseynov haqqında yazılan ittihamlara ətraflı cavab verib.
Qaynarinfo Tofiq Hüseynovun "Ölkə.Az” xəbər portalına verdiyi müsahibəni istinadla təqdim edir:
– Sumqayıtda çörək bişirilməsi və satılmasını inhisara almağınızla bağlı iddialar səsləndirilir. Bu məsələyə münasibətiniz necədir?
– Mən heç kəsin çörəyini kəsən adam deyiləm. Əksinə, mən hər zaman çörək verən adam olmuşam. Hazırda Sumqayıtda 40-a yaxın çörək sexləri, 2 çörək istehsalı zavodu fəaliyyət göstərir. Həmin zavodlardan biri yeni tikilib və bizim rəhbərliyimiz altında fəaliyyət göstərir. Bizim heç kəslə də işimiz yoxdur. Bizim zavodun istehsalı olan çörəklər dadına və keyfiyyətinə görə adla tanınır. İndi kimsə gətirib Sumqayıtda köhnə çörək satırsa, ona biz nə edək? Bu gün bazar iqtisadiyyatı qanunlarını bilməyən adamlar var ki, onlar bu cür təxribatlar yaratmaqla bizi bazardan çıxartmaq və Sumqayıtda özlərinə yer tutmaq istəyirlər.
İddia edirlər ki, guya bizim çörəklərimiz keyfiyyətsizdir və sairə. Hər bir insanın öz ağız dadı olur. Hətta, gözəl misal var ki, ən yaxşı labaratoriya insanın öz ağzıdır. Hər hansı çörək istehsal ediləndə də onun necə və hansı dadda olduğunu hiss edirsən. Bu gün bizim istehsal etdiyimiz Sumqayıt çörəyi də vicdanlı insanlar tərəfindən çox keyfiyyətlə hazırlanır. Bizim müəssisədə 40 ildən çox təcrübəsi olan insanlar çalışır.
Digər tərəfdən isə bizə də tez-tez zənglər olur ki, filankəslər Bakıdan Sumqayıta çörək gətirir və sairə. Axı Bakıdan Sumqayıta nə üçün çörək gəlməlidir? Bu doğru addım deyil. Bakının 5 milyon əhalisi var, aparıb onlara satsınlar. Axı bu Sumqayıtda nə görüblər? Təkcə Bakıdan deyil, Abşeron, Xırdalan və hər yerindən duran Sumqayıta üz tutur. Bəs Sumqayıt əhalisi necə dolansın? Bizim müəssisədə bu qədər insanlar çalışır, onlara iş yaradılıb. Cənab Prezident də hər zaman vurğulayır ki, insanlara yeni iş yerləri yaradılsın və sairə. Sumqayıta kənardan keyfiyyətsiz çörəklər gətirilərsə, bəs bizim zavodun istehsal etdiyi keyfiyyətli çörəklər necə olsun? Yaradılan iş yerləri nə olsun? Hərdən bizə sual edirlər ki, Sumqayıtın keyfiyyətli çörəyi ola-ola nə üçün Bakıya və digər rayonlara da göndərmir? Mən də onlara deyirəm ki, Bakıda çörək zavodları çoxdur, qoy onlar aparıb satsınlar. İndi o boyda Bakı qala-qala, "Razin”dən, Binədən və digər yerlərdən Sumqayıta keyfiyyətsiz çörək gətirirlər. Adama deyərlər ki, get çörəyini Bakıda sat da, sənin Sumqayıtda nə işin var? Axı niyə görə gətirilməlidir? Sumqayıtın öz pulu özündə qalmalıdır. Nəyə görə Sumqayıtın pulu Bakıya getməlidir? Bəs buranın insanları çalışmamalıdır? Təkcə bizim zavodda 300-ə qədər adam işləyir. Bəs bu zavod qapanmalıdır? İndiyədək də belə hallar olmayıb. İnanın ki, Sumqayıta Bakıdan keyfiyyətsiz, qatqılar qatılan çörəklər gətirilir. Həmin çörəkləri alanlar da Sumqayıt sakinləridir. Bakıdan gəlib həmin çörəkləri almırlar.
– Deyirsiniz ki, bu məsələni gündəmə gətirənlər təxribat yaratmaq istəyən adamlardır. Kimləri nəzərdə tutursunuz?
– Bəli, kimlərsə məni qaralamağa çalışırlar. Ona görə də məni bu məsələ ilə gündəmə gətirirlər. Ancaq biz belə halları çox görmüşük. Mənim üçün əsas haqq-ədalətdir. Bu məsələdə də haqq göz qabağındadır. Bu gün istənilən adam gəlib Sumqayıtda sorğu keçirsə, görəcək ki, sakinlər bizim zavodun çörəyini istəyirlər, tələbat onadır. Minlərlə insan Sumqayıt zavodunun çörəyini sevə-sevə alır. Əgər biz camaata keyfiyyətsiz və baha çörək satsaq, o zaman bu tələbat olmaz. Kənardan gətirilən keyfiyyətsiz çörəkləri Sumqayıtda mağazalar götürmədiyi üçün bizim zavodunu çörəyinə qarşı bu cür kampaniyalar başlayıb. Kimlərsə vergidən yayınaraq, qanunsuz yollarla keyfiyyətsiz və vaxtı ötmüş çörəkləri gətirib Sumqayıtda satmaq istəyir. Ancaq xalqın gözü tərəzidir. Bu cür yollarla əhalini aldatmaq mümkün deyil.
– Adınız Sumqayıtın icra başçısı Zakir Fərəcovla işbirliyində də hallanır. Bu nə dərəcədə doğrudur?
– Bütün bunlar tamamilə yalan və cəfəngiyyatdır. İcra başçısının işi-gücü qurtarıb ki, mənimlə işbirliyi etsin? Allaha şükürlər olsun ki, icra başçısı ona həvalə olunan tapşırıqların icrası ilə məşğul olur.