“Bu, şişirtmədi, dilimizdə o qədər söz yoxdu” – Dilçilik İnstitutunun direktoru danışdı
17-01-2018, 14:01
Kulis.az Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor, Möhsün Nağısoylu ilə müsahibəni təqdim edir.
- Möhsün müəllim, Orfoqrafiya Komissiyasının yeni qaydalar təklif etmək ehtiyacı hardan yarandı? Əvvəlki qaydalarda çatışmayan cəhətlər nələr idi?
- Hər dəfə orfoqrafiya lüğəti hazırlananda onun qaydaları da kitaba daxil edilir. Qaydalarsız orfoqrafiya lüğəti yoxdur. İstənilən orfoqrafiya lüğətini açanda orda qaydalar olmalıdır. Və qaydalar Nazirlər Kabineti tərəfindən təsdiq olunur. Əvvəlki orfoqrafiya lüğətlərinin hər biri Nazirlər Kabineti tərəfindən təsdiq olunub. Ancaq 2013-cü ildə çıxan orfoqrafiya lüğəti Nazirlər Kabineti tərəfindən təsdiq olunmayıb. Çünki orda heç bir yeni qayda verilməyib. Yeni qaydalar hansı zərurətdən yarandı? Əvvəla dilə yeni sözlər daxil olur. İkincisi, dilin öz qanunları var və orfoqrafiya qaydaları üç prinsipə əsaslanır: fonetik, morfoloji bir də tarixi-ənənəvi.
- Bizdə hansı prinsip əsas götürülür?
- Fonetik prinsip əsas götürülür. Türkiyədə yalnız bir prinsip götürülür – fonetik prinsip.
- Fonetik prinsip əsas götürlsə də dilimizdə yazılışı ilə deyilişi fərqli olan xeyli söz var, bu da əlavə çətinlik yaradır.
- Bu təbiidir. Bəzi sözlər tarixi-ənənəvi prinsipə əsaslanır. Məsələn, “Moskva”, “velosiped”, “Odessa” sözləri. Tarixi-ənənəvi prinsip nə deməkdir? Yəni biz o sözləri o şəkildə almışıq, toxunulmaz olublar. Ruslar “Moskva” yazdığına görə biz də “Moskva” yazmışıq. Və ya indiyə qədər “əla” sözünə apostrof qoyurduq. “Sürət”, “cürət”, “vüsət”, “Quran” sözlərinə də apostrof qoyurduq, niyə? Çünki bunları ərəblər bu cür yazırdı. Amma müstəqil olandan sonra biz daha çox fonetik prinsipə önəm verdik. Ona görə apostrof atıldı.
- Dilçilik İnstitutunun təklif etdiyi qaydalara reaksiyalar birmənalı olmadı. Millət vəkili, yazıçı Aqil Abbas iki “y”nın əvəzinə bir “y” işlədilməsinə, “g” samitinin “k” ilə əvəzlənməsinə qarşı çıxdı.
- Əks fikirləri oxudum. Qətiyyətlə deyirəm ki, o fikri səsləndirənlərin bəziləri heç qaydalarla tanış deyillər. Aqil Abbas yazır ki, guya biz təklif etmişik “qəşəng” sözü “qəşənk” kimi yazılsın. Qətiyyən elə şey yoxdur. Qaydalara baxa bilərsiniz. Və yaxud biz bütün qoşa samitlərin birinin azaldılmasını təklif etməmişik. Biz bir dənə qoşa “y”nı demişik, onu da bütün qoşa “y”lar üçün deməmişik. Elmi əsaslarla fikrimizi söyləmişik: tərkibində “iyyat”, “yyət”, bir də “iyyə” olan sözlərin bir “y” ilə yazılması tövsiyə olunur: “ədəbiyat”, riyaziyat”, “səhiyə”, “maliyə” və sair.
- Olmaz ki, bu sözlər əvvəlki kimi qalsın?
- Fonetik prinsipə əsaslanaraq bu cür etmişik. Dünyada da bu prinsipə üstünlük verilir. Məqsədimiz odur ki, deyilişlə yazılış arasındakı sədd minimuma endirilsin, uçurum olmasın. “Ədəbiyyat” demirik, “ədəbiyat” deyirik, “davamiyyət” demirik, “davamiyət” deyirik. Buna görə də Aqil Abbas və başqalarının fikirləri əsassızdır. Bəziləri qaydaları diqqətlə oxumayıblar. İkincisi, irad tutanların bir çoxu qaydalarla heç tanış deyillər. Qeyri-peşəkarlar nə gəldi danışırlar. Məsələn, bilmirlər ki, niyə görə, “alqı” sözü “ğ” ilə yazılmalıdır, “satqı” sözü “q” ilə. Belə prinsip var ki, sonu kar samitlə bitənlər olur “q”, - “basqı”, “asqı”, “satqı” – sonu cingiltili ilə bitənlər olur “ğ”.
- Əvvəlki qayda necə idi?
- Əvvəl də belə idi. O qaydanı mən yaratmamışam.
- Bəs bu vaxta kimi o qaydaya niyə əməl edilməyib?
- 1975 və 2004-cü illərdə çıxan orfoqrafiya lüğətlərində əməl olunub. 2013-cü ildə birdən-birə “alqı” ediblər.
- 2013-cü ildə çıxan orfoqrafiya lüğətindən şikayətlər çoxdur. Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində bu kitab tənqid olunmuşdu.
- Şikayətlər çoxdu və çoxunun da əsası var. Mən onu etiraf edirəm. Çünki dediyim kimi, 1975 və 2004-cü illərin orfoqrafiya kitablarında “alğı” yazıldığı halda birdən-birə 2013-cü ildə “alqı” yazıblar. Nəyə görə? Əsassızdır. Və yaxud eyni sözün müxtəlif variantları kitaba salınıb: “Qarğımaq” da var, “qarğamaq” da. Halbuki əvvəlki lüğətlərə “qarğamaq” sözü salınmayıb. Lüğətə eyni sözün iki variantı salına bilməz. Bundan başqa dialekt sözlər, qondarma sözlər də lüğətə salınıb. Sizcə “zırrınınbiri-zırrı” sözü lüğətə düşməlidir? Belə söz də lüğətə düşər? Bu, heç söz də deyil. Və yaxud söz yaradıcılığı söz kimi bu lüğətə düşüb.
- Onun üçün sonuncu orfoqrafiya lüğətinə 110 min 563 söz salınıb?
- Bəli.
- O lüğət dilimizdəki sözlərin real sayını ifadə etmir?
- Mən hesab edirəm ki, şişirdilmişdi, dilimizdə o qədər söz yoxdur.
- Dilimizdə nə qədər söz var?
- Bunu yüz faiz demək olmur. Hər halda 2004-cü ildə çıxan lüğətə heç bir etiraz olmayıb. O lüğətdə isə 80 minə yaxın söz vardı.
- Bəs yeni lüğətdə nə qədər söz olacaq?
- Mən hesab edirəm ki, uzağı 90-100 min arasında söz olacaq.
- Dilimizə hər il nə qədər söz daxil olur?
- Mənim özüm gözümə dəyən nə qədər sözü lüğətə əlavə eləmişəm. Qarşıma çxıdıqca onları qeyd edirəm. (Kitabın kənarına yazdığı yeni sözləri göstərir). Məsələn, “kontrafakt”, “kontrafaktçılıq”, “konyuktura”… Bu sözlər əvvəlki lüğətdə yoxdur.
- Ötən il neçə söz rəsmi şəkildə dilimizə daxil oldu?
- Onu hesablamaq çətindir.
- Hər il Oksford lüğətinə daxil olan sözlər rəsmi şəkildə elan olunur, bizdə niyə bunun statistikası aparılmır?
- Orda yəqin bununla böyük bir institut məşğul olur, bizdə isə balaca bir şöbə məşğul olur. Şöbədə cəmi on nəfər işçi var. Həmin şöbə də təkcə orfoqrafiya lüğət yox, izahlı lüğət, başqa lüğətlər üzərində də işləyir. Bu mənada balaca çətinliyimiz var, amma ideya kimi sizin fikriniz çox yaxşıdır. Mən yeni sözləri hardan tapıram? Qəzet oxuyanda görürəm, mənə yeni gəlir, lüğətə daxil edirəm, ya da televizorda eşidirəm. Məsələn, son vaxtlar eşitmişəm; “blogger”, “skaut”.
- Selfi…
- Hansı?
- Selfi.
- Hə, hə, əla.
- İndi adını çəkdiyiniz sözləri də daxil edəcəksiniz lüğətə?
- Edəcəyik. O sözü zəhmət olmasa deyin bura yazım (Qələmi götürüb “selfi” sözünü qeyd edir). Mənası nədir?
- Telefonla özünü çəkməyə deyirlər.
- Hə, lap yaxşı.
- Yeni sözləri siz özünüz bu cür şəkildə əlavə edirsiz, yoxsa xüsusi komissiya işləyir və kimlərləsə razılaşdırırsınız?
- Komissiyanın hər bir üzvü əlavələrini edir. Sonra müzakirəyə çıxarıb ortaq məxrəcə gələcəyik. Bizim vaxtımız azdır, inşallah, aprel-may ayına qədər lüğəti təhvil verməliyik. Yeni sözlərdən nəyi çatdırsaq lüğətə daxil edəcəyik. Ola bilər müəyyən çatışmazlıq olsun. Hər lüğətdə çatışmazlıq ola bilər. Mənim özüm iki lüğətin hazırlığında iştirak edib görmüşəm necə ağır işdir. Ona görə hər bir sözün üstündə əsirəm.
- Bu yaxında sizin institutdan “adapter”, “zaryatka” və başqa sözlərin yerinə yeni “yükləyici”, “yükləmə” kimi sözlər təklif olunmuşdu.
- Mən şəxsən bunun tərəfdarıyam. Alınma sözləri ucdantutma qəbul etməməliyik, qarşılığını tapmalıyıq.
- Sizcə bu sözlər “zaryadka”ya, “adapter”ə adekvatdır?
- Yeni sözlərdən qorxmaq lazım deyil.
- Sancağa da “ipəzor” demək təklif olunmuşdu.
- O bizim təklif deyildi. Bizdə “yükləmə”, “yükləyici” , “uzadıcı” sözləri vardı. Dilin zənginləşməsi mənbələri bir neçədir. Onlardan biri dialektlərdən istifadədir. Arxaik sözləri gətirmək olar. Bu sahədə bizim təcrübəmiz var. “Çavuş”, “taqım”, “gizir” bu qəbildən sözlərdir. Hamısı qəbul olunubmu, işlənibmi? “Çavuş” sözü hətta bizim dildən farslara da keçib.
- “Aparter”, “zaryadka” sözlərinin əvəzinə təqdim etdiyiniz sözlər qəbul olunmadı, qınandı.
- Niyə?
- Deyirlər ki, “yükləyici”, “yükləmə” sözləri uğurlu tapıntı deyil. Siz özünüz bu sözləri işlədirsiniz?
- Mən evdə deyirəm. Nəvəmə də o cür öyrədirəm.
- Başqa hansı sözlərin yerinə yeni sözlər işlədirsiniz?
- “Atvyorka”ya, “burğac” deyirəm. “Rozetka”ya “elektrik yuvacığı”, “yuvacıq” deyirəm. Sizin “mışka” dediyiniz sözə “kompüter bələdçisi” deyirəm. Bu sözləri işlədirəm ki, nəvəm öz dilimizi öyrənsin.
- Bunlar danışığa yatmır axı.
- Əvvəl elə olur də. Yavaş-yavaş dilə yatır.
- Doxsanıncı illərdə “çağdaş”, “bilgisayar” kimi sözlər dilimizə keçmişdi. Sonradan istifadə olunmadı.
- “Çağdaş” indi də istifadə olunur, amma “bilgisayar” sözünü cəmiyyət qəbul eləmədi. Başqa birini deyim. Bir vaxtlar “çimərlik” sözü yaranmışdı, indi də işləkdir, istifadə olunur, gözəl də səslənir.
- Sizə elə gəlmirmi ki, təklif elədiyiniz yeni sözlərin bir çoxu işlək deyil, elə kağız üzərində qalacaq?
- Bəziləri elə kağız üzərində qalacaq. Mən bunu danmıram.
- Bəs o zaman niyə bu sözləri qəbul edirsiniz?
- Biz yalnız təklif veririk.
- “Yükləmə”, “yükləyici” kimi sözlər də yeni orfoqrafiya lüğətinə salınacaq?
- Onu müzakirə edəcəyik. Razılıq olsa lüğətə də salınacaq.
- Etiraz doğuran məsələlərdən biri də yaradanın adının - “Allah” - sözünün böyüklə yazılması oldu. Bəs “Allah” fəlsəfi kateqoriya kimi istifadə olunduqda necə yazılacaq?
- “Allah” sözü bütün məqamlarda böyüklə yazılacaq. Başqa dünya dillərində də ehtiram əlaməti olaraq böyük hərflə yazırlar. “Allah” ərəb mənşəli sözdür, onun türkcə qarşılığı “Tanrı”dır, “Rəbb” də ərəb mənşəlidir. Bu təklifi də birinci dəfə biz daxil etmişik. 1975-ci ilin orfoqrafiya kitabı ateizm dövründə çıxdığına görə “Allah” sözü kiçik hərflə yazılıb, amma 2004-cü ilin kitabında “Allah” sözü böyük hərflə yazılıb. Mən ora bir dənə “Rəbb” sözü ilə, “Tanrı”nı artırdım.
- O zaman “şeytan”, “İblis” sözləri necə yazılmalıdır?
- Düşünürəm ki, onlar kiçik hərflə yazılmalıdır.
- “İblis” xüsusi isimdir, mələk adıdır.
- “İblis” bizdə ümumi isim kimi qəbul olunub. Yalnız sürət kimi işlədiləndə, məsələn, Hüseyn Cavidin əsərində, böyük hərflə yazılmalıdır. Prinsipcə böyük hərflə yazmaq olar, amma ümumilikdə kiçik yazılmalıdır.
- Belə çıxır, Allaha göstərilən qrammatik ehtiram şeytana göstərilə bilməz.
- Xeyr.
- Facebook, Youtube kimi sözlər dilimizdə necə yazılacaq?
- Bunlar da məni düşündürür. Təzə çıxıb e, İnstaqram, Vatsap… Onların yazılışı hələ müəyyənləşməyib. Amma orda da fonetik prinsipə üstünlük verəcəyik.
- Sözlərin böyük hərflə yazılması qaydasında da dəyişiklik etmisiniz. Xaricilərin çoxunda, misal üçün, əsər və film adlarındakı bütün sözlərin baş hərfi böyüklə yazılır. Türklər də artıq bu qaydaya keçiblər. Bu, bəzən bizdə çaşqınlıq yaradır.
- Bizdə bir qədər fərqlidir. Əsər adı olanda yalnız birinci hərfi böyüklə yazılır. Mən şəxsən orfoqrafiyaya çox yenilik gətirməyin əleyhinəyəm. Çünki çox yenilik olanda nəsillərarası çaşqınlıq yaranır. Ona görə də bizim bu qaydalarda çox yenilik yoxdur. Əsas yeniliklərdən biri əvvəllər “g”yla yazılan “İsgəndər”, “əsgər”, “əsginaz”, “işgəncə” kimi sözlərin “k” ilə yazılmasıdır. Yeri gəlmişkən, deyim ki, sizcə bu söz də həmin qəbildən deyilmi – “iskənə”. Amma “k” ilə yazırıq. Ona heç kəs etiraz eləməyib.
- Bizim dildə ən çox problem yaradan adlardan biri də Hötedir, hər dəfə müzakirələrə səbəb olur. Yeni qaydalara əsasən necə yazılacaq?
- Elmi şurada da müzakirə olunanda dedilər ki, o ad almanca Götedir, sadəcə səslənməsi pis reaksiya doğurduğuna görə Höte kimi verilməsi məqsədəuyğun sayılır.
- Götenin Höte kimi yazılmasında rus dilçiliyinin də rolu olub. Ümumiyyətlə, bizim dilə rus dilçiliyinin böyük təsiri olub, məsələn, əsasən ruslar necə davranıblarsa o cür etmişik, xarici sözlərin qəbulunda ruslar kimi davranmışıq. İndi necədir, yenə də o asılılıq var?
- Sovet İttifaqının tərkibində olanda rus dilçiliyinin təsiri olub. Qabaqlar Avropa mənşəli alınma sözləri rus dili vasitəsilə götürürdük. Elədir? Amma indən belə madam ki, biz müstəqil dövlətik, bunları gərək birbaşa mənbəyindən alaq. Və onların tələffüzünü əsas götürək, həm də öz tələffüzümüzə uyğunlaşmış şəkildə götürək.
- Əvvəlki lüğətlərdə istifadə edilən bir sıra söz və terminlər var ki, artıq işlək deyil. Yeni lüğətdə onlar qalacaq? Çünki bir neçə il əvvəl nəşr olunan izahlı lüğətdə həmin istifadə olunmayan sözlərin bir çoxu qalmışdı.
- Düşünürəm ki, yaşadığımız dövrdə işləkliklərini itirməyiblərsə qala bilərlər. Bizim institut arxaik sözlər lüğəti də çıxarmağa hazırlaşır. Halbuki əvvəllər bizdə belə lüğət olmayıb.
- Tez-tez belə fikirlər səsləndirilir ki, “Ə” hərfinin əlifbada olması müasir zamanda elektron yazılarda çətinlik yaradır. Bundan başqa “dablyu” hərfinin olmaması da əlavə çətinlik yaradır. Bunlar barədə nə deyə blərsiniz?
- Bu yöndə islahatların həyata keçirilməsi tezdir. Ümumiyyətlə, əlifbanın tez-tez dəyişdirilməsi istər-istəməz öz zərbəsini vurur. Hələlik bu barədə düşünmürük.
- Dil pozuntusuna yol verən qurumlarla bağlı cərimə mexanizmi düşünülürmü?
- Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında xüsusi olaraq Dilçilik İnstitutuna göstəriş verildi ki, dil pozuntularının qarşısının alınması üçün inzibati cəza tədbirləri hazırlansın. Biz o layihəni hazırlamışıq. Yaxın müddətdə Rəyasət Heyətinə təqdim edəcəyik. Onlar da müvafiq qurumlar qarşısında vəsatət qaldıracaqlar.
- Bu cərimələr hansı pozuntulara görə olacaq?
- Birini deyim, varvarizmlərin işlədilməsinə görə cərimə tətbiq olunacaq. Tutaq ki, “neujeli”, “uje”, “naoborot” və sair sözlərin efirdə işlədilməsinə görə, sintaksis normaların pozulmasına görə cərimə tətbiq olunacaq. Bunu da deyim ki, maarifləndirmə işini aparmaq daha yaxşıdır. Hər bir kəs evdə “xolodilnik” əvəzinə “soyuducu” desə, “ostanovka” əvəzinə “dayanacaq” desə körpə də göz açanda görəcək ki, valideyni öz dilimizdə danışır. Yeni sözləri gərək işlədəsən ki, dilə yatsın.
- Bizdə elə yeni sözlər olub ki, dilə daxil edilsə də işlək olmayıb. “İşıqfor”, “suçiləyən” sözü də bu qəbildəndir. Hələ də dilimizə tam vəsiqə qazanmayıb.
- Bu, özümüzdən asılıdır. Dilin qoruyucusu təkcə dilçilər deyil ki, xalqdır. Bu məsələdə birinci növbədə fəal olur, şairlər-yazıçılar. Rəsul Rza, Cəfər Cabbarlı dilimizə nə qədər söz gətiriblər. Cəfər Cabbarlının əsərlərində elə gözəl sözlər var. Cəfər Cabbarlı “Oqtay Eloğlu” pyesində “bilet” əvəzinə “yerlik” işlədib.
- Amma istifadə olunmadı, dilimizdə “bilet” qaldı.
- Deyirəm də, belə də olur. Bəzi yeni sözlər vətəndaşlıq qazana bilmir. Bu məsələdə hamı məsuliyyət daşıyır.
- Orfoqrafiya lüğəti üzərində işə yazıçı-şairləri də dəvət etmisinizmi?
- Orfoqrafiya komissiyasının üzvlərindən biri elə hörmətli Anar müəllimdir. Bizə hər kəsin fikri əzizdir. Mən istərdim ki, lüğətin tərtibində hər kəs iştirak etsin, təkliflərini versinlər, yetər ki, ağıllı təkliflər olsun, elmi əsası olsun.