“Bu nəslin Elçibəyə qərəzi 50-60 il əvvələ gedir...”

18-01-2018, 18:53           

Nemət Pənahlı və Zərdüşt Əlizadənin son dediklərindən xəbərsizəm. Bu baxımdan onlara cavab verməyim doğru olmaz. Əslində, daha yaxşı olardı ki, bu mövzuda vaxtilə Azərbaycan Xalq Cəbhəsində (AXC) təmsil olunmuş, İdarə Heyətində iştirak etmiş liberal və radikal qanadın nümayəndələri danışsınlar.

Bunu Teleqraf.com-a mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov son zamanlar Nemət Pənahlı və Zərdüşt Əlizadənin AXC sədri, əks-prezident Əbülfəz Elçibəy haqqında fikirlərini qiymətləndirərkən deyib.

Oqtay Qasımov qeyd edib ki, o özü şəxsən AXC-nin yaradılmasını nəzərdə tutan, 1989-cu il dekabrın 5-də Elmlər Akademiyasında keçirilən konfransda iştirak edib:

“O zaman 4 nəfərdən ibarət təşkilat komitəsi yaradıldı. Komitədə iki liberal, iki radikal tərəfin nümayəndəsi təmsil olundu. Əbülfəz bəy də sədr seçildi. Qərar belə oldu ki, bir ay müddətində konfrans hazırlansın. 1990-cı ilin yanvarın 6-9 arası konfrans keçiriləndə biz gənc tələbə olaraq Zəngilanın müdafiəsinə getmişdik”.

Oqtay Qasımov AXC-nin guya KQB ssenarisi əsasında yaradıldığı haqda iddiaları cəfəngiyyat sayıb:

“Kimin nə deməsindən asılı olmayaraq, hər şey ortadadır. Nemət Pənahlı və ya Zərdüşt Əlizadənin Əbülfəz Elçibəyə münasibəti bəllidir və bu münasibət qərəzdən ibarətdir. Üstəlik, bu şəxsi müstəvidə olan münasibətdir. Açığı, bu adamlara söz tapıb deyə də bilmirsən ki, yerinə düşə.

Əbülfəz Elçibəy dünyasını dəyişib. Bunlar da düşünürlər ki, nə desələr, onlara cavab verən olmayacaq. İkincisi, məsələlərin üzərindən 28 il keçib. Eyni şeyləri hər il deməyin mənası da qalmır. Hesab edirəm ki, bu məsələlər haqqında AXC İdarə Heyətinin üzvü olan şəxslər daha tutarlı cavab verə, məsələyə aydınlıq gətirə, münasibət açıqlaya bilərlər”.

Oqtay Qasımov xatırladıb ki, AXC-yə KQB-nin təsiri, orada öz agentlərinin yerləşdirməsi, bu qurumu idarə etməyə cəhdlər göstərməsinə dair söhbətləri nədənsə 1990-cı ildə demirdilər:

“Bu söhbətlər Əbülfəz Elçibəy dünyasını dəyişəndən sonra qızışdı. Azərbaycan türkünün əxlaqında vəfat edən şəxsin arxasınca danışmaq məsələsi yoxdur. Bu adamlar artıq əxlaq qaydalarını da pozurlarsa, ənənəyə hörmətsiz yanaşırlarsa, nə deyəsən?

İkincisi, KQB ilə bağlı iddialar daima səsləndirilir. İşin maraqlı tərəfi odur ki, bu iddianı səsləndirənlərin əlində nə sənəd, nə də sübut var. Sadəcə, ümumi danışıqlardan ibarət fikirlər söyləyirlər.

Üçünüsü, Nemət Pənahlı, Zərdüşt Əlizadə və digərləri haqqında da ciddi iddialar səsləndirilib. Nəhayət, Zərdüşt Əlizadənin AXC-dən getməsinin səbəblərindən biri də o idi ki, o və tərəfdaşları AXC-nin oktyabrda keçirilən sessiyası zamanı bir çox ittihamlarla üzləşmişdilər. Konkret olaraq onları Mərkəzi Komitənin üzvləri və Bakı Partiya Komutəsinin birinci katibi ilə əlaqələndirmişdilər.

Maraqlıdır ki, bu məsələləri o adamlar qaldırırlar ki, onların özləri zamanında çox şübhəli mövqedə olublar.

Bir daha qeyd edirəm ki, Əbülfəz bəyə belə münasibət kin və qərəzdən doğur. Nemət Pənahlı haqqında danışmağı heç arzu etmirəm. Adam nə danışdığını bilmir. Bu adam bir zamanlar deyirdi ki, mənim cismani atam Əhəd, mənəvi liderim Əbülfəz Elçibəydir. İndi adam başqa cür danışırsa, artıq bu, sözün bitdiyi yerdir.

Zərdüşt Əlizadəyə gəldikdə, bütün ölkə bilir ki, bu nəslin Əbülfəz Elçibəyə münasibəti necədir... Bu münasibət 1988-ci ildən qaynaqlanmır. Əksinə, 40-50 il əvvələ gedib çıxır. Əlizadələr ailəsinin Elçibəy problemi var”.

Qeyd edək ki, Nemət Pənahlı Teleqraf.com-a müsahibəsi zamanı Əbülfəz Elçibəy haqqında tənqidlər səsləndirib, onun rəhbərlik etdiyi AXC-ni KQB-nin yaratdığını deyib.

Zərdüşt Əlizadə isə açıqlamasında bildirib ki, 20 yanvar hadisələrindən bir neçə gün əvvəl AXC-dən istefa verərkən qan, təhlükə və məğlubiyyət gördüyünü deyib. Onun sözlərinə görə, Əbülfəz Elçibəy isə buna cavabda qan tökülməsinin qaçılmaz olduğunu söyləyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.