İqbal Ağazadə: ”Mən adamlara şəxsi məsələlər üçün heç vaxt zəng vurmamışam”

19-01-2018, 09:52           

“Demokratiya uğrunda mübarizə aparmış bəzi dostlarımız demokratiyanın nə olduğunu bilmirlər”
“Yeni Müsavat”ın “Bizim qonaq” rubrikasının 2018-ci ildə ilk qonağı sabiq deputat, Ümid Partiyasının sədri İqbal Ağazadə oldu. “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun moderatorluğu ilə keçən söhbətdə qəzetimizin baş direktoru Ələsgər Süleymanov və bu sətirlərin müəllifi iştirak edirdi. Rauf bəy qonağımızı salamladıqdan sonra 1990-cı ilin 20 Yanvar faciəsinin növbəti ildönümü ərəfəsində baş tutan söhbətimizdə əvvəlcə həmin qanlı hadisələrlə bağlı suallarını ünvanladı:

- İqbal bəy, 1990-cı ilin 18 yanvarında haradaydınız?

- 18 yanvar günü AXC-nin qərargahındaydım.

- Neçə yaşınız vardı o zaman?

- 21 yaşım var idi.

- AXC-nin qərargahında nə edirdiniz?

- Könüllü tələbə dəstəsinin üzvləri kimi Qubadlıya getməyə hazırlaşırdıq. O vaxt Qarabağla bağlı ciddi proseslər gedirdi, müharibə şəraiti idi. Biz, universitet könüllülərindən ibarət bir dəstə AXC-də toplaşıb Qarabağa getməyə hazırlaşırdıq.

- AXC üzvüydünüzmü?

- Bəli, AXC üzvü idim. O vaxt cəbhəyə iki xətlə gedirdilər. Bir AXC xətti ilə gedilirdi, bir də Bayram Bayramovun rəhbərlik etdiyi Qarabağa Xalq Yardımı Komitəsinin xətti ilə.

- Gedə bildinizmi?

- Yox. 18-i günü bizə təlimat verildi ki, nə zaman toplaşacağıq.

- O zaman AXC-nin içərisində fraksiyalar var idi. Siz kimin tərəfindəydiniz?

“Prezident seçkiləri ilə bağlı partiya sədrləri arasında müəyyən danışıqlar gedir”
- Mən radikalların tərəfindəydim.

- Etibar Məmmədovun?

- Hər halda, kim daha radikal mövqe qoyurdusa, onun tərəfindəydim.

- İdarə Heyətinin üzvlərindən kiminlə yaxın münasibətiniz var idi?

- Tamerlan Qarayevlə yaxşı münasibətlərimiz var idi.

- Amma o, radikal deyildi.

- Olsun. O demək deyildi ki, hamı radikal olmalıydı.

- 20 yanvar günü hardaydınız?


- 20 yanvar gecəsi Nərimanovdaydım.

- Küçəyə çıxmışdınızmı?

- Bəli, çıxdım. İndiki qərargahımız olan yerdə, “Moskva” prospektinə yaxın ərazidə yaşayırdıq. Səhv etmirəmsə, saat 8-in yarısında artıq efirlə əlaqələr kəsildi. Onda mobil telefon-filan yox idi. Biz “Moskva” prospektinə çıxdıq və ilk səs-küydən sonra mən artıq evə qayıtmağa məcbur oldum.

- 21 yaşınızda radikalların tərəfindəydiniz, küçəyə də çıxdınız, risk də elədiniz həyatınıza.

- Müharibəyə də getdim...

- Müharibəyə də getdiniz. İndiki 49 yaşınızda bu hadisələri qarşılasaydınız, fərqli davranış, fərqli seçim, fərqli münasibət olardımı?

- Təbii olardı.

- Gənc İqbala baxanda səhvlər nələr idi? Bir Azərbaycan gəncinin timsalında Azərbaycan milli azadlıq hərəkatının səhvləri nə idi?

- Hesab etmirəm ki, mənim səhvim olub. Mənim 21-22 yaşımda emosiyalarım o qədər olmalı idi və o qədər idi.

- Mən fərd olaraq 21 yaşlı İqbal Ağazadədən danışmıram. İqbal Ağazadənin timsalında o zamankı proseslərə qoşulmuş...

- Prosesə qoşulmuş olsaydım, bugünkü ağlımda, yaşımda, bilgilərimdə olmuş olsaydım, mən 1988-ci il hadisələrinin ən azı aparıcılarından biri və bəlkə də birincisi olardım, prosesi bu yerə gəlməyə qoymazdım. Bunu iddia ilə deyirəm.

- Yəni faciəni önləmək, proseslərə müdaxilə etmək mümkün idi?

- Əlbəttə, mümkün idi.

- İsa bəyin bu yaxınlarda yayımlanan məlum çıxışını oxudunuzmu?

- Bəli, AXC-nin 6-7 yanvar tarixli konfransındakı çıxışını oxudum.

- Haqlı məqamlar var idimi?

- Mən təşkilatın üzvü olmamışam və təşkilat daxilində gedən prosesləri bilməmişəm. Bilmədiyimə görə kimin haqlı olduğunu...

- Proqnozlar verir, belə olacaq deyə... Dediyi kimi də oldu...

- Bilirsiniz, proqnozları 88-də verəydilər. 1988-ci ilin 17 noyabrında Bakıda mitinqlər başladı. Diqqət etsəniz, tarixə baxsanız, məhz Bakıda hadisələr başlayanda, 22-29 noyabr tarixlərində Ermənistandan kütləvi surətdə 160 min azərbaycanlı qovulub. Artıq 20 yanvarın törədiləcəyini, proseslərin radikal istiqamətə gedəcəyini təsəvvür etməmək mümkün deyildi.

- Demək, çıxışı oxumamısınız.

- Oxumuşam, tam şəkildə hər iki çıxışı oxumuşam.

- 28 il bundan əvvəl İqbal Ağazadə 18 yanvarda Qarabağa getmək üçün çırpınırdı, AXC-nin qərargahındaydı, ancaq gedə bilmədi. 2018-ci ilin 18 yanvarıdır. 49 yaşlı İqbal Ağazadə bu an nəyin uğrunda çırpınır? Strategiyasında, gündəmində nə var?


- Azərbaycanın demokratikləşməsi və bu demokratikləşmə istiqamətində hakimiyyətə gəlmək, hakimiyyəti əldə edib düşüncələrini, fikirlərini, Azərbaycan barədə baxışlarını, Azərbaycan problemlərini həll etmək uğrunda.

- Bu il “lotereya bileti”ni alacaqsınızmı?

- "Lotereya bileti"ni almaq üçün əvvəlcə lotereyanın necə oynanılacağını bilmək lazımdır. Lotereya yaxşı oynanılsa, bilet alacağıq.

- Yəni prezident seçkilərində iştirak edib-etməməyi hələ müəyyənləşdirməmisiniz?

- Onu qurultay müəyyənləşdirəcək.

- Deyirsiniz, hakimiyyətə gəlməyi düşünürəm. Amma məşhur lətifədə deyildiyi kimi, gərək vaxtında lotereya bileti alasan...

- Bilirsiniz, hər dönəmdə biz siyasi situasiyanı-filanı doğru-dürüst qiymətləndirməyi bacarmalıyıq. Biz bunların hamısını ölçüb-biçirik. Bu da tək mənim səlahiyyətimdə olan məsələ deyil. May ayında qurultay olmalıdır. Çalışacağıq ki, Cümhuriyyətin 100 illiyi günündə həm Cümhuriyyətlə bağlı tədbirimizi, həm də qurultayımızı keçirək. Orda da qərarımızı verəcəyik. Qurultay yetkililərinin əksəriyyəti desə ki, getməlisiniz, mənim boynumun borcudur, hətta razılaşmasam da, getməliyəm. Yeri gəlmişkən, bir nüansı deyim. 2013-cü il seçkilərindən sonra çox tez-tez mətbuatda “prezidenti təbrik etdiniz və uğurlar arzuladınız” kimi ifadələr işlənir. Biz uğurlar arzulamışıq və 2013-cü il seçkilərinin nəticələrinə pozitiv münasibətimizi bildirmişik. Bunu kollegial şəkildə partiya orqanı edib, hətta gizli səsvermə ilə. Bəzən demokratiya uğrunda mübarizə aparmış dostlarımız demokratiyanın nə olduğunu bilmirlər. O baxımdan deyirəm ki, bizdə qərarı qurultay verəcək. 2013-də o qərar kollegial şəkildə, gizli səsvermə ilə qəbul olundu.

- Başqa bir konfiqurasiya mümkündürmü? Yəni Ümid Partiyasında olmasın o səsvermə, tutaq ki, birləşmiş müxalifətin hansısa bir blokunun qurduğu strukturda qərar verilsin?

- Nəzəri cəhətdən mümkündür. Amma praktik olaraq bütün bunların hamısını toparlamaq bir az çətin olacaq.

- Fikir alış-verişi varmı, müxalifət təşkilatları arasında?

- Düşünürük, bu barədə danışırıq.

- Kimlərlə?

- Adlarını çəkmək istəmirəm.

- Niyə? Gizlimi gedir müzakirələr?

- Hələlik insanlar mövqelərini açıq şəkildə ifadə etməyiblər. Amma bununla bağlı partiya sədrləri ilə müəyyən danışıqlar gedir.

- Tutaq ki, namizədliyinizi verəsi olmasanız, təşkilatınız da namizədliyinizi dəstəkləməsə, o halda sizin nəzərinizcə, kimi dəstəkləməyiniz mümkündür?

- Qərarı partiya verəcək. Bu, İqbal Ağazadənin verə biləcəyi qərar deyil. Nizamnamədə də bu şəkildə qeyd olunub, mən mövqeyimi ən sonda bildirməliyəm.

- Mən səsvermədən danışıram, şəxs olaraq getdiniz qutu başına... Bu, fərdi məsələdir, kimə səs vermək partiya qərarı ilə olmur ki.

- Nizamnaməyə görə, mən səsvermədə yalnız səslər bərabər olanda səsimi bildirə bilərəm. Yaxud əvvəlcədən layihə verib, o layihəni müzakirəyə çıxara bilərəm.

- Nəzəri cəhətdən, məsələn, prezident İlham Əliyevin namizədliyinə səs verə bilərsinizmi?

- Hələlik şəxsən mənim kiminsə namizədliyini dəstəkləmək barədə niyyətim, yaxud düşüncəm yoxdur, bunu acıq deyirəm.

- Amma özünüzlə bağlı da...

- Partiyanın qərarını gözləyirik.


E.Paşasoy:

- İqbal bəy, Parlament Jurnalistləri Birliyi parlament jurnalistləri arasında keçirdiyi ənənəvi sorğunun 2017-ci illə bağlı nəticələrini elan edib. Deputat olduğunuz zaman adətən ilin fəal deputatları sırasında adınız olurdu. İndi həmin siyahıya baxanda hansı hisslər keçirirsiniz? Orada yer almadığınıza görə daxilən narahat olursunuzmu?

- Vallah, mən belə bir nostalji-filanla, keçmişlə yaşamıram. Mənim həmişə gənclərə dediyim bir şey olub ki, keçmişlə yaşamaq istəsən, yaxud geridə səni nə isə gözləmiş olsaydı, insanı ən mükəmməl varlıq kimi yaradan cənabi-Allah gözümüzün birini arxaya, birini qabağa qoyardı ki, “bir az geriyə, bir az qabağa baxın”. Gözümüzün ikisini də önə qoyubsa, irəli baxmaq lazımdır, geridə bizi heç nə gözləmir.

Rauf bəy:

- Yəni mandatsızlıq dadsızlıq deyil?

- Yox, deyil.

- Mandatsızlıq sizin həyatınızın hansı sahəsinə təsir edib? Biznesə, yaxud da partiyaya, maddi məsələlərə?

- Təbii ki, mən deputat olanda partiyanın maliyyələşdirilməsi büdcədən olurdu, bu, bizə dəstək idi. Amma indi o, yoxdur, bununla bağlı bir az sıxıntılarımız olur. Lakin ümumilikdə mənim həyatımın kredosu o deyil.

- Zəng vurduğunuz adamlar ki, var idi...

- Mən adamlara şəxsi məsələlər üçün heç vaxt zəng vurmamışam.

- Başqa məsələlər üçün.

- İndi səlahiyyətim olmadığı üçün başqa məsələlərlə də məşğul olmuram.

- Yəni əvvəllər zəng etdiyiniz adamlardan kiminsə vəfasını yoxlamamısınız?

- Yox. Əvvəl seçicinin məsələsi üçün müraciət edirdim. İndi məsuliyyətim olmadığı üçün müraciət də etmirəm.

- Parlamentdə ən yaxın deputat dostunuz kim idi?

- Çoxdur mənim dostlarım. Elə indi də var.

- Biri?

- Adını çəkmək istəmirəm.

- Sizdə hər şey məxfidir ki. Demokratiyadan danışırsınız.

- Əgər söhbət şəxsi dostluqdan gedirsə, mənim şəxsi dostlarımın ictimaiyyətə nə aidiyyəti var? Ona görə də mən niyə bunu ictimaiyyətə deməliyəm? (gülür).

- İctimai fiqurun dostlarının da ictimaiyyətə aidiyyəti var.

- Yox, mən istəməzdim ki, Azərbaycan reallığında, bu tipli münasibətlər sistemində kiminsə adını çəkim.

E.Paşasoy:

- Sizin dairədən deputat seçilən Araz Əlizadənin fəaliyyətini izləyirsinizmi? Yeri gəlmişkən, Araz Əlizadə qəzetimizə müsahibəsində xatırlamışdı ki, bircə dəfə Almaniya səfirliyində sizinlə rastlaşıb. Ancaq demişdi İqbal Ağazadə o tərəfdə pivəsini içirdə, mən də bu tərəfdə dayanmışdım...

- Bizim dostlardan kimsə bu fikirlərə cavab yazmışdı. Mən ömrümdə pivə içməmişəm. Spirtli içki içdiyim vaxtlar olub, amma hətta onda da pivə içməmişəm. İndi də nəinki pivə, ümumiyyətlə, heç bir spirtli içki içmirəm.

- İqbal bəy, bu ilin sentyabrında 50 yaşınız tamam olacaq. Yarım əsrlik ömrün hesabatına hazırlaşırsınızmı? Yubiley tədbiri keçirəcəksinizmi?


“İndi ictimai rəydə mənim çəkim və reytinqim daha yüksəkdir”
- Xüsusi tədbir nəzərdə tutmuram. Cümhuriyyətimizin 100 illiyidir. Mənim də bəxtimə düşüb ki, Cümhuriyyətin 100 illiyinin yarısı mənim ömrümə düşür. Eyvallah, yəni bunun timsalında nə isə ola bilər. Amma fərdi qaydada təbii ki, dostlar, yaxınlar, mənim sevdiklərim, məni sevənlər yəqin ki, bu və ya digər şəkildə nələrsə qeyd edəcəklər. 50 ilə baxıb da təbii ki, müəllif yazım olacaq. Mənim yazım olacaq ki, 50 ilin neçə ilini siyasətdə nə etdim? Bu 50 ilin azı 15 ili, 3 dönəm parlament fəaliyyətidir.

R.Arifoğlu:

- Dövlətdən, deputat olduğunuz üçün sizə düşən təqaüdü nə vaxt alacaqsınız?

- Yekələnəndə (gülüşmə).

- Neçə yaşında yekələnəcəksiniz?

- 65 yaşında.

- Hələ xeyli var. Yəni 50+15

E.Paşasoy:

- Amma Allah qoysa, yaxşı təqaüd olacaq...

Rauf bəyin replikası:

- 15-16 il sonra yaxşı təqaüd olacaq.

İ.Ağazadə:

- Hələ hansı təqaüdü alacağıq, onu bilmirik.

R.Arifoğlu:

- 50 illiyinizdə dostlardan, dövlətdən, müxalifətdən, partiyanızdan nə gözləyirsiniz? Ürəyinizdə nələr var?

- Hər kəsdən bir gülümsəmə.

- (Gülərək) Yəni dövlət baba sizə gülümsəsin?


- İnsanlar, dostlar, hər kəs gülümsəsin. Mənim insanlardan maddi umacağım bir şey yoxdur. Nə verirsə, Allah verir, biz insanlar vasitəçiyik. Amma dəstəyin o biri başında bir dostun gülümsəyərək təbrik etməsi yetərlidir. Hətta mən yaxşı münasibətdə olmasam belə, yubileyi olan şəxsi zəng edərək təbrik etmişəm. Yəni onu özümə borc bilmişəm.

- İqbal bəy, rəhbərlik etdiyiniz Ümid Partiyası deputat olduğunuz dönəmdə güclü idi, yoxsa indi güclüdür? Müqayisə olunsa, o mandatın təşkilata yansıması necədir?

- Məsələn, indi ictimai rəydə mənim çəkim və reytinqim daha yüksəkdir.

- Kim ölçüb onu?

- Bizim özümüzün sorğu mərkəzlərimiz var. Sosial şəbəkələrdə olan ayrı-ayrı sorğu mərkəzləri var. 100 minlik səhifələr var. Amma təşkilat üçün təbii ki, pis tərəfləri var. Məsələn, bizim 1500-ə yaxın məntəqə, 41 dairə, 1 MSK üzvümüz var idi və bunların böyük əksəriyyəti dövlətdən maaş alırdı. Üzvlər bu istiqamətdə təşkilatlanırdılar, fəal iş aparırdılar. İndi bu imkanlardan məhrum olmuşuq. Təşkilatlanma baxımından təbii ki, bunlar bir qədər ziyan verir təşkilata. Hər bir təşkilat istəyər ki, ayaqda və prosesin içərisində bunları apara bilsin.

- Partiyadakı struktur necədir? Müavinlərdir, yoxsa İdarə Heyəti?

- Müavinlərdir, bir də Rəyasət Heyəti var.

- Neçə müavininiz var?

- Səhv etmirəmsə, 7 müavindir.

- Sayını dəqiq bilmədiniz, adlarını bilirsinizmi?

- Əlbəttə. 1-ci müavin Ənvər Ağazadə, İcra Aparatının rəhbəri Taleh Əliyev, Bakir Həsənbəyli-təşkilat məsələləri üzrə, Rafael Tağızadə - Ali Məclisin sədri, Rüfət Muradov -ictimaiyyətlə əlaqə və xaricdə yaşayan həmvətənlərlə iş üzrə, Tamella Qulami - təbliğat və təşviqat üzrə, Səməd Hətəmov - humanitar məsələlər üzrə, Xanlar Abbasov - gənclərlə iş üzrə müavindir.

- 8 oldu.

- Yox, mən Ali Məclisin sədrini də ora qatdım.

- İqbal bəy, 2018-ci ildən, ümumiyyətlə, ölkəmizlə bağlı nə gözləyirsiniz? Seçki ilidir, həssas ildir, Azərbaycanın azsaylı güclü düşmənləri, yaxud ona xoş olmayan münasibət bəsləyə dövlətlər var, Qarabağ problemimiz var. 2018 o baxımdan, sizcə, necə keçəcək? Müharibə, hərbi əməliyyatlar ola bilərmi?


- Azərbaycanda 2018-ci il seçkiləri sakit keçəcək və ciddi dinamika olmayacaq. Bu, təkcə Azərbaycan daxilində müxalifətin və s. vəziyyəti ilə bağlı deyil, genəl aləmdə geopolitika ilə bağlıdır. Rusiyadakı seçkilər və ondan sonrakı Rusiyaətrafı, Yaxın Şərqdə, İran ətrafında baş verən proseslər o qədər böyükdür ki, o proseslərin fonunda Azərbaycanda hər hansı bir prosesin baş verəcəyini gözləmək sadəlövhlük olar.

- Çox kəskin deyirsiniz. Niyə sadəlövhlük olur ki?

- Sadəlövhlükdür. Bu, belədir.

- Bəs müəyyən gözləntisi olan siyasətçi olaraq necə bilirsiniz, belə olmağı, sakit olmağı yaxşıdırmı?

- Mən pozitiv dəyişikliklərin tərəfdarıyam, neqativ dəyişikliklərin yox. Bu gün gözlənilən və çoxunun gözlədiyi dəyişikliklər isə neqativ istiqamətdədir. Dediyiniz böyük güclərin seçki ilində olası müdaxiləsi neqativ istiqamətdə baş verən dəyişikliklər olacaq. Mən isə hətta maraqlarım orda təmin olunmuş olsa belə, neqativ istiqamətdə dəyişikliklərin tərəfdarı deyiləm. Mən pozitiv dəyişikliklərin tərəfdarıyam.

- Sizcə, pozitiv dəyişikliklər nədir?

- Pozitiv dəyişikliklər millətin, xalqın, siyasi institutların gücü ilə beynəlxalq aləmin nəzər-diqqətinin və ümumi prosedur daxilində olan dəyişikliklərdir. Mən bir müsahibəmdə demişəm, diqqət edin, tutaq ki, iki birlik var: Avropa Birliyi, Avrasiya Birliyi. Avropa Birliyində deyilir ki, sən bura daxil olmaq üçün bu şərtləri yerinə yetirməlisən, Avrasiya Birliyi deyir ki, sən heç bir şərt yerinə yetirmədən gəl bura. Çünki Avrasiya Birliyinin özü neqativdir. Rusiyadan, İrandan gələn hər hansı dəyişiklik, müdaxilə buna neqativ müdaxilələrdir və bunun da cəmiyyətə, o cümlədən siyasi institutlara verə biləcəyi pozitiv heç nə yoxdur. Amma demokratik dünyadan gələn, uzaqdan olan müdaxilələr, təsirlər bunun pozitiv nəticələrini daxildəki güclər və siyasi institutlarla doğru-dürüst hesablayıb və düzgün dəngələr müəyyənləşdirmiş olsa, bir yerə varıb gedə bilərlər.

- Qarabağla bağlı gözləntiləriniz nədir?

- Qarabağda heç nə olmayacaq, bu, birmənalıdır.

- Qarabağ probleminin həllinə çarə varmı?

- Əlbəttə.

- Çoxları düşünür ki, artıq Qarabağ getdi, onu geri qaytarmaq çox çətin olacaq. Nədir yolu? Sizin düşüncəniz necədir?

- Mən konkret illə deyəcəyəm. 2026-2027-ci illər, post-Putin dönəminin ilk iki ili, Azərbaycan dünya birliyi ilə, Avropa ilə, demokratik dünya ilə münasibətlərini o müddətə qədər düzgün qurmuş olsa, Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün ən optimal dövr, ən optimal vaxtdır. Yox, həmin illərdə Azərbaycan o münasibətlər sistemini yara bilməsə, bu məsələnin növbəti mərhələdə həlli ağır olacaq.

- İqbal bəy, 10 il sonraya proqnoz olarmı? Bu, bir Vanqa sistemidir...

(davamı növbəti sayımızda)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.