“Bu qədər insanın öldürüləcəyini heç Vəzirov da təsəvvür etmirdi” - Keçmiş MTN işçisi
20-01-2018, 13:26
“20 Yanvar hadisələrinin mahiyyətini bilmək üçün arxivlərə ehtiyac yoxdur”.
Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq zabiti İlham İsmayıl Yenicag.az-a müsahibəsində 1990-cı il 20 Yanvar hadisələri ərəfəsində baş verənlərdən danışıb.
– 20 Yanvar hadisələri ilə bağlı qaranlıq məqamların üzə çıxması üçün arxivlərin açılmasına dair təkliflər səslənir. Sizcə, o hadisələrə aid qaranlıq məqamlar çoxdur?
– Burada dəqiqləşdirmə aparılmalıdır ki, söhbət hansı arxivlərin açılmasından gedir? Nəzərə almaq lazımdır ki, Azərbaycanda 20 yanvar hadisələri baş verəndən sonrakı dövrə aid arxiv var. Ancaq 20 yanvara qədər olan hadisələrə aid arxiv materialları Moskvadadır və o sənədlərə də bizim girişimiz yoxdur. Buradakı arxiv sənədləri isə çox deyil və əsasən, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin iclasına dair materiallardır.
Mən bu barədə öz kitabımda da yazmışam ki, bu hadisələrlə bağlı müzakirələr artıq 20 yanvara bir həftə qalmış aparılırdı. Mərkəzi Komitədə müzakirə olunurdu ki, Azərbaycanda hərbi vəziyyət və komendant saatı elan edilsin, ya yox.
Mərkəzi Komitənin Büro üzvlərindən olan Həsən Həsənov o zaman Gəncədə idi. Biz həmin vaxt təsadüfən Gəncədə bir yerdə idik və Həsən Həsənov mənim yanımda Viktor Polyaniçkoya zəng vuraraq dedi ki, mən o qərara imza atmayacam.
Yəni bu gedişata dair müəyyən arxiv sənədləri mövcud olsa da, zəngin deyil. Çünki 20 yanvar Bakıda icra olundu, maraqlı olan isə bu icraya qədər olan arxivdir – o da ki Moskvadadır.
– Bizdəki arxivlərdə Azərbaycanın o zamankı rəhbərliyinin məsuliyyətini təsdiqləyən məqamlar var?
– Yenə deyirəm, bizdəki arxivlərdə Mərkəzi Komitənin, uzağı Büronun bir neçə iclasının stenoqramı var. Azərbaycan rəhbərliyindəki şəxslərin heç biri – Vəzirov, DTK sədri Vaqif Hüseynov və digərləri – 20 yanvar hadisələrinin bu miqyasda olacağını bilmirdi, təsəvvür eləmirdi. Ancaq nəsə ciddi hadisələrin baş verəcəyini hamı təxmin edirdi. Hətta mən özüm də 20 yanvardan bir neçə gün əvvəl işlədiyim Xanlar (indiki Göygöl – red.) rayonundan Bakıya, Etibar Məmmədova zəng vurdum, nəsə gözlənildiyini ona dedim. Fəzail Ağamalı bu söhbətə şahiddir, Etibar Məmmədovla onun köməyi ilə danışdım. Yəni nəyin və hansı miqyasda baş verəcəyi heç kəsə məlum deyildi. Kimsənin ağlına da gəlmirdi ki, Sovet qoşunları Bakıda bu cür ağlagəlməz vəhşilik törədər, bu qədər insan öldürülər.
– O vaxtkı rəhbərlikdə olanlar da bu yanaşmanı qəbul edirlər?
– Bununla bağlı Vaqif Hüseynovun kitabı da var. 20 yanvar hadisələrinin də yer aldığı o kitabda ciddi məlumatlar yer alıb. Mən deyərdim ki, “Bir ömürdən artıq” adlanan o kitab elə ən yaxşı arxivdir. Orada hadisələrin necə inkişaf etməsi, yanvarın 19-da Hüseynovun Əbülfəz Elçibəylə görüşü, edilən xəbərdarlıqlar və sair haqqında ətraflı məlumatlar verilib. Ancaq bir daha təkrar edirəm, qırğınların miqyasını nə Vəzirov, nə başqaları təsəvvür etmirdi. Məncə, bilsəydilər, yəqin ki, buna razı olmazdılar.
O vaxt respublika rəhbərliyi ilə Xalq Cəbhəsinin liderləri arasında danışıqlar aparılırdı. Etiraf edək ki, Xalq Cəbhəsinin rəhbərliyi o ərəfədə idarəedilməz vəziyyətdə olduğuna görə, kiminsə qarşısını almaq mümkün olmadı, əhali küçələrə çıxarıldı və sair. Hər halda, vaxtında müəyyən tədbirlər görülsəydi, itkilərin sayı da az olardı.
– Belə anlaşılır ki, 20 Yanvarla bağlı Moskvadakı o sənədləri əldə etmək mümkün olmayacaq…
– Mənə belə gəlir, Siyasi Büroda aparılmış müzakirələri bəlkə özləri daha neçə il keçəndən sonra açıqlayarlar. Ya da ki 20 Yanvar hadisələri ilə bağlı beynəlxalq səviyyədə istintaq aparılsaydı, o sənədləri tələb etmək mümkün olardı. Ancaq 20 yanvarla əlaqədar beynəlxalq istintaq aparılmayıb. Əslində, 20 Yanvar hadisələrinin bütün mahiyyəti bəllidir, bunu bilmək üçün arxivlərə ehtiyac yoxdur. Yəni 20 Yanvar Sovet hökumətinin Qafqazda laxlamaması və hakimiyyətin itirilməməsi üçün Azərbaycanda həyata keçirdiyi çox ağır cəza tədbiridir.
Bakıdan əvvəl Tiflisdə – 1989-cu il aprelin 9-da Sovet ordusu ilə toqquşmada 16 nəfər həlak olmuşdu. Yəni Sovet hökuməti hər zaman ehtiyatla yanaşdığı Gürcüstanda 16 nəfəri öldürmüşdüsə, bu digər respublikalar üçün siqnal idi. Arxivlərə olan zərurət detallarla bağlıdır: Siyasi Büroda hansı müzakirələr aparılıb, Qorbaçov və digərləri nə danışıblar, Bakıya ordu yeridilməsi üçün nələri əsas götürüblər, Orduya əhaliyə qarşı qəddarlıqla davranmaq əmr edilibmi, həmçinin başqa məqamlar maraq doğurur.
– Artıq 28 ildir ki, 20 Yanvar hadisələri ilə bağlı günahkarların Azərbaycanın öz “iç”ində axtarılmasına cəhdlər olur. Buna ehtiyac varmı?
– Yox, əlbəttə ki ehtiyac yoxdur. “İçəri”də hansısa səhvdən danışa bilərik. Günahkar və o hadisələrin baiskarları içəridə deyil – o, nə Vəzirovdur, nə Vaqif Hüseynovdur, nə də başqası. Məsələn, çox qəribədir ki, Vaqif Hüseynovun üzərində hələ də 20 yanvarla bağlı cinayət işi var. Onu Sovet qoşunlarının Azərbaycana çağırmaqda ittiham edirlər. Hüseynov da bu ittihama klassik cavab verib ki, 1920-ci il aprelin 28-də Azərbaycana gələn Sovet ordusu nə vaxt çıxıb getmişdi ki, mən onu təzədən respublikaya çağırım?
Bu hadisələrdə Azərbaycanın o zamankı rəhbərliyinin və Xalq Cəbhəsi liderlərinin səhvləri var. O səhv də bundan ibarətdir ki, onlar hadisələrin inkişafını düzgün hesablaya bilmədilər.