Mirmahmud Mirəlioğlu:"Elçibəy Vəzirovu “demokratik adam” adlandırırdı” –MÜSAHİBƏ
22-01-2018, 11:07
Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu “Yeni Müsavat” qəzetinə müsahibə verib.
teref.az müsahibəni oxucularına təqdim edir:
– Mirmahmud bəy, 20 yanvar faciəsinin 28-ci ildönümündə Şəhidlər Xiyabanını ziyarət edərkən nələri düşündünüz, siyasətçi olaraq, həmin qanlı hadisələrin iştirakçısı olaraq ürəyinizdən nələr keçdi?
– 28 ildən sonra sanki heç nə dəyişməyib. Yəni 18-dən başlayaraq, 25-26-sı yanvarda da Neftçala və Lənkəranda baş verənlərə görə bir həftə ərzində bu təbliğat gedir, sonra da unudulur. Yəni o unudulur ki, bu cinayəti törədənlər kim idi? Konkret olaraq adamlardan başqa bu siyasət dəyişməyib axı. Bu hadisənin ardınca Xocalı soyqırımı olubsa, yaxud 100 il əvvəl türk-müsəlman soyqırımı olubsa, bunu unutmaq olmaz. Bunu epizodik olaraq ancaq ziyarətlə, bir dəqiqəlik sükutla da bitirmək olmaz. Olanların həm siyasi, həm hüquqi qiyməti verilməlidir və həmçinin, bundan böyük bir ibrət dərsi çıxarılmalıdır. Qəhrəmanlıq, anım öz yerində, amma həm də siyasətimizdə və fəaliyyətimizdə bu, unudulmamalıdır. Təəssüflər olsun ki, bu, unudulur. Hansı hissləri keçirməyimizdən, onu necə yaşamağımızdan, bir qismin böyük qəhrəmanlıq göstərib şəhid olmasından, böyük bir qismin isə şahid olmasından asılı olmayaraq, həqiqi, dürüst qiyməti verilməlidir. Dürüst qiyməti verilsəydi, bizim sonrakı faciələrimiz olmazdı, həm də torpaqlarımızı işğaldan azad edərdik.
– Keçmiş prezident Ayaz Mütəllibov deyib ki, onu eşitsəydilər, vəziyyət bu həddə çatmazdı. Dediyinə görə, hətta bəziləri silahlarının olduğunu bildirib. Üstündən illər keçib, yenə də belə yanaşmalar var ki, həmin günlərdə biz şəhid verməyə bilərdik. Bunu deyənlər nə dərəcədə haqlıdır?
– O cür düşünənlər, “silahımız var, dayanın, gəlirik” deyənlərlə bu gün ancaq orda ilişib-qalan, ona o cür qiymət verənlər bu hadisənin, bu faciənin, bu qəhrəmanlığın fərqində deyillər, fövqündə də dura bilmirlər. Kim ki deyir, belədir və ona da Ayaz Mütəllibov elə qiymət verir, elə ikisi də eyni səviyyənin adamıdır – o cür yanaşanlar da, ona elə qiymət verənlər də. Ayaz Mütəllibov bu müddət ərzində yaşına, təcrübəsinə görə hələ də primitiv, bəsit obıvatel kimi orda qalıb, bu məsələdə mahiyyətin fərqində deyil. Nə bunun qarşısını almaq mümkün idi, nə də… Bu, böyük bir siyasət idi, imperiyanın siyasəti idi. İşini də elə qurmuşdu ki, beynəlxalq təşkilatlar onda o qədər də fəal deyildilər, amma hər halda dünya dövlətlərinin razılığını almışdı və bu məsələləri belə həll edirdi. Bu məsələyə o zaman primitiv münasibət bildirənlər kimi, indi də öz aləmlərində o cür tarixi yanaşmalar edib o cür qiymət verənlər hər ikisi bərabərdir. Səviyyə və məsələlərə yanaşma etibarilə.
– Bu yaxınlarda eks-spiker İsa Qəmbərin Xalq Cəbhəsinin konfransındakı çıxışı yayıldı. Hələ yanvar faciəsindən iki həftə qabaq İsa Qəmbər gözlənilən təhlükələr barədə anons edibmiş. O zaman situasiyanı düzgün qiymətləndirib qərar vermək olmazdımı?
– Situasiyanı dəyərləndirmək öz yerində. Amma bunu ondan artıq etmək mümkün deyildi. İndi 28 ildən sonra baxıb, təhlil edib nəsə demək olar. Amma o zaman da İsa bəyin də dediklərində, proqnozlarında, xəbərdarlıqlarında bunlar var idi və bütün bunlar da görünürdü. Amma bu məsələnin başqa tərəfi var idi axı. Bunun o tərəfi var idi ki, imperiya bu məsələni hansı şəkildə həll etmək istəyirdisə, o cür də həll etdi. Amma istədiyi nəticəni almadı, özləri də bunu etiraf etdilər.
– Belə bir yanaşma var ki, AXC xalqın iradəsinə tabe olmağa meylli rəhbər obrazında görünən, hətta Ermənistandan deportasiya olunanları Qarabağda yerləşdirməyə başlayan Əbdürrəhman Vəzirovun istefasını tələb etməkdənsə, ona təsir göstərib müəyyən irəliləyişlərə nail olmaq olardı. Hətta onun Moskva ilə körpü rolunu oynadığı iddiası da var. O zaman belə bir yanaşma var idimi? Doğrudanmı bu məsələdə Moskvanın əlinə bəhanələr verməklə səhvə yol verilib?
– Onun istefası məgər bütövlükdə ancaq mitinqlə həll olundu? Xeyr. Bütün ssenari, rejissor, müəllif və icraçı ancaq Moskva idi deyə, təbii ki, onun da bu və ya digər dərəcədə adamları var idi. Elçibəyin Vəzirovla bağlı maraqlı və orijinal bir münasibəti var idi. Onu hətta “demokratik adam” adlandırırdı – başqaları ilə müqayisədə, o zamanın vəziyyətinə və adamlarına görə. Yəni sizin indi dediyiniz bu məsələ 28 ildən artıq bir müddətdə gündəmdə var idi. Amma nə onun istefasının reallaşması, nə də tələblərimiz hamısı təkcə bizim arzu və istəklərimiz, cəmiyyətin tələbləridir deyə, yerinə yetirilmirdi ki. Ssenaridə o variant, onun yola salınma variantı da var idi. Təbii ki, onu hakimiyyətə gətirən Moskva idi və o da yola salırdı. Bu məsələdə şərtlər və şərait təkcə bizim arzularımıza, tələblərimizə, yaxud bugünkü yanaşmalara uyğun deyildi. O zamanın özünün şərti, şəraiti və o şərti, şəraiti yaradan, hökm verən imperiya var idi. Ona görə də bəzi məsələlər var idi ki, o məsələlər təhlil olunanda ancaq iki nəfərin, sizin və bizim sual-cavabı ilə olmalı deyil, həm də obyektiv, ədalətli olsun deyə, təbii ki, alternativ və opponent rəyi ilə müşayiət olunmalıdır. O zaman yanaşma subyektiv olmaz, ədalətli və doğru olar.
– İldönüm ərəfəsində Ayaz Mütəllibovla yanaşı, Nemət Pənahlı, Zərdüşt Əlizadə və digərlərinin fərqli yanaşmaları oldu…
– Adını çəkdiyiniz və çəkmədiyiniz bir sıra adamlar var ki, dünya nə qədər dəyişsə də, hadisələr necə inkişaf etsə də, nə qədər yeni faktlar ortalığa çıxsa da, onların mövqeyi, münasibəti dəyişməz olaraq qalır.
– Yəni onların arqumentlərinə heç bir halda haqq qazandırmırsınız?
– Ola bilsin ki, hardasa bu və ya digər dərəcədə haqlı məqam olsun. Amma kimin haqqı olsa da, Ayaz Mütəllibovun bu məsələdə nə deməyindən asılı olmayaraq, haqqı yoxdur. Mən inanmıram ki, o, obyektiv danışsın. Zərdüşt Əlizadə də dediklərinin böyük qismini təkrarlayır, yeni bir fikri ilə tanış deyiləm. O cümlədən də Nemətin fikirlərində yenilik görməmişəm.
– Zərdüşt Əlizadənin bir yanaşması var ki, Xəlil Rza ermənilərə nifrət aşılayırdı… Bu fikirlərlə bağlı nə deyə bilərsiniz?
– Bu məsələdə Xəlil Rzanın mövqeyi, xidməti ortada, dünyasını da dəyişib, haqqın dərgahına da qovuşub. Qəribə, təzadlı da həyat sürüb. Amma bu həyatın özündə bir inkişaf var. Xalqın sevimlisi idi, amma qəbrini və qəbirüstü abidəsini Cəlal Əliyev həll elədi. Hətta kiməsə gördürsə belə, qəbrinin üstündə bu yazıldı. Təzadlı sözümə bir az izah olsun deyə, bunu deyirəm. Amma Xəlil Rzanın haqqında kimin nə deməsindən asılı olmayaraq, görürsünüz ki, az zaman keçir, sular durulur, hər kəs yerini alır, biri üzr istəyir, digəri başqa söz deyir. Bir var ki, bu məsələyə məhəlli yanaşmaq, subyektiv yanaşmaq, gördüklərini qələmə almaq, “işverənlik” xarakterli şahidlik etmək, bir də var məsələlərə qlobal baxmaq. Alim və ziyalı, kifayət qədər də özünü təsdiq edən, sözünün də çəkisi olan Zərdüşt Əlizadə elə danışmalı deyil. Amma maraq və mahiyyət elədir ki, hətta alimliyi, təhlili, keçdiyi yol da unudulur – təcrübə baxımından və sırf fərdi və qərəzçi, antimilli yanaşma olur. Səhvsiz insan yoxdur. Amma bu səhvlər tamam başqadır. Hər şeyə şahidlik edib və o cür qiymətləndirmək sadəcə olaraq ədalətsizlik, insafsızlıq, allahsızlıq, imansızlıqdır. Digər -sız, -sizi də aid etmək olar.
– Mirmahmud bəy, müxalifət, illərlə eyni yolun yolçuluğunu edənlər yenə də şəhidlərin məzarını ziyarətə ayrı-ayrılıqda getdilər. Ziddiyyətlər bu qədərmi çoxdur?
– Yox. Bu məsələlərdə baxışlar başqadır. Məsələn, adam var gözləyirsən ki, tədbirə gəlsin, gəlir və səni dirsəyi ilə kənara itələyir. Bayaqdan sən onu dəqiqə ilə, saatla gözləyirsən. Yəni böyüklük məsələsi yoxdur. Bu da mahiyyətdir, alınan siyasi tərbiyədir və s. Bir də hər kəsin öz partiyası var və partiyasında da “ayır-buyur” siyasəti var. Partiya üzvləri, yaxud rəhbərliyi belə deyir ki, biz olmalıyıq, vəssalam. Yaxud əlinə fürsət keçir, qələm, kamera olur şeytan əlində və nə istəyir, yazır. Onda da deyirsən ki, axı, bu ziyarətdir, qəhrəmanlıq günüdür. Vətəndaş, tamaşaçı hamının bir yerdə olmasını arzulayır. Amma hamının bir yerdə olması mümkün deyil.
– Belə çıxır ki, seçki ilində müxalifətin vahid namizəd ətrafında birləşməsi də mümkün deyil, eləmi?
– Mümkünsüz olan iki şey var: bir ölümə çarə yoxdur, bir də dünənin geri qaytarılması mümkün deyil. Qalan məsələlərin hamısı mümkündür. 5 il bundan qabaq nə baş verdi? Heç kəsin nəzərdə tutmadığı, amma böyük əksəriyyət üçün də gözlənilməz olan bir adam tapıldı, harda, necə olmasından asılı olmayaraq və hamı da onun ətrafında birləşməyə çalışdı. Yəni bunu mümkünsüz hesab etmək doğru deyil. Hər zaman birliyə doğru addım atmaq olar. Ona görə ki, müqəddəs bir yolu getmək, bütövlük naminə, vəziyyətdən çıxmaq, indiki halda Qarabağ problemini həll etmək üçün hamı bir arada olmalıdır. O cümlədən seçkilərdə birlik ola da bilər, olmaya da. Nə olanda faciədir, nə də olmayanda. Olsa, bəlkə də qələbə əldə etmək olar. Amma olmayanda da faciə deyil ki. Qələbə olmayacaq, deməli, cəmiyyət hələ buna hazır deyil və yaxud istəmir. Ona görə ki, Azərbaycanın böyük bir enerji, ağıl axını xaricə gedib. Qalanlar da bir növ hökumətin istədiyi kimi bir-biri ilə didişməkdədirlər.
– Şəxsən siz namizəd olaraq prezident seçkisində iştirak etmək fikrindəsiniz?
– Partiyamızın bu məsələdə mövqeyi mənimçün indiki halda önəmli olacaq. Ondan asılı olaraq və yaxud olmayaraq, bu məsələyə özümün münasibətim olacaq.
– “Cümhuriyyət ili” ilə bağlı rəsmi səviyyədə bir sıra sərəncamlar var. Siz bu illə bağlı nə təklif edirsiniz?
– Azərbaycan hakimiyyəti bu ili “Cümhuriyyət ili” elan edəndən 70 gün qabaq KXCP olaraq biz də bu ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etmişdik. Kimin nə vaxt deməsindən asılı olmayaraq, hakimiyyətin də bu məsələyə bu cür doğma yanaşması çox normaldır və təqdir edirik. Amma ona görə yox ki, onun qərarıdır. 70 gün öncə özümüzün qərarımız olub. Hakimiyyətin imkanları daha genişdir və bu illə bağlı yürüdəcəyi siyasətin çox böyük təsirləri ola bilər. Bu il çox mühüm ildir. Həm AXC-nin, həm Bakının işğaldan azad olunmasının 100 illiyidir. O cümlədən də bu il seçki ilidir. Bizim də bu il qurultayımız var. Həm də bu il Elçibəyin 80 illik yubileyidir, onunla bağlı tədbirlər planımız var. Bu tədbirlər planı və təqvim planı ilin mahiyyətinə uyğun hazırlanıb, İnşallah Ali Məclisin sessiyasında da təsdiq olunacaq.