Ömürlük məhkum Elçin Əmiraslanovun qızı:"Qorxuram ki, evlənərəm və həyat yoldaşım..."- MÜSAHİBƏ

25-01-2018, 23:36           
Ömürlük məhkum Elçin Əmiraslanovun qızı:"Qorxuram ki, evlənərəm və həyat yoldaşım..."- MÜSAHİBƏ
“Babam öldükdən sonra atamın nə qədər qiymətli olduğunu anladım”

Modern.az saytı ömürlük məhkumlar haqda silsilə yazılar təqdim edəcək. Onlar kimdir, nəçidirlər, niyə ömürlük məhkumluq həyatına məruz qalıblar? Bu haqda onların ailə üzvlərinin söhbətindən məlumat alacaqsınız.

Bu mövzuya görə oxucu qınağına tuş gələ bilərik, kimsə “ömürlük məhkumu niyə təbliğ edirsiniz, o qatildir…” deyə irad tuta da bilər. Amma gəlin bəribaşdan hökm çıxarmayaq. Axı kim ömürlük barmaqlıqlar arasına düşməyə razı olar...

Azadlıqdan məhrum edilən şəxslərin keçirdiyi hissləri başa düşmək digər insanlar üçün elə də asan deyil. Hələ bu cəza ömürlükdürsə, vəziyyəti daha da ağırlaşdırır.

Müsahibimiz Qobustan qapalı həbsxanasında cəza çəkən keçmiş “OMON”un Qazax bölməsinin sabiq rəisi Elçin Əmiraslanovun qızı Aytac Əmiraslanovadır.

Ömürlük azadlıqdan məhrum edilmiş keçmiş “OMON”çu Elçin Əmiraslanov 1996-cı ildə Ali Məhkəmənin hökmü ilə ölüm cəzasına məhkum edilib. O, 1995-ci ilin martında baş vermiş “OMON hadisələri”nə görə həbs edilərək, dövlət çevrilişinə cəhddə və digər ağır cinayətlərdə təqsirləndirilib.

1997-ci ildə Azərbaycanda ölüm hökmü ləğv olunub. Bu səbəbdən E.Əmiraslanovun cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəz olunub.

Sonradan E.Əmiraslanov məhkəməyə müraciət ünvanlayaraq cəzasının 20 illik həbslə əvəz edilməsini və azadlığa buraxılmasını istəyib. Hətta bununla bağlı türmədə aclıq aksiyası da keçirib. Lakin məhkəmə müraciəti təmin etməyib.


Elçin Əmiraslanov artıq 21 ildən çoxdur həbsdə saxlanır, onun müxtəlif ağır xəstəliklərdən əziyyət çəkdiyi bildirilir. Qobustan həbsxanasında ölüm cəzası ömürlüklə əvəzlənmiş E.Əmiraslanov və ailəsi hesab edir ki, Azərbaycanda ölüm cəzasının ləğvindən sonra cəzaları ömürlüklə deyil, o zaman Cinayət Məcəlləsində ən ağır cəza olan 15 il azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənməliydi.

Modern.az saytı məhkumun qızı Aytac Əmiraslanova ilə söhbəti təqdim edir:


- Aytac xanım, atanız həbs olunduğu vaxtları xatırlayırsınız?..


- Mən o vaxtlar uşaq olmuşam.Atama hər kəsin böyük hörməti var idi. Düzdür, mən o vaxt uşaq idim, amma anam deyərdi ki, atam hamı tərəfindən qəhrəman kimi tanınıb. İnsanlar ona çox etibar ediblər. Xatırlayıram, nənəm və babamla atam haqqında dəfələrlə söhbət etmişəm. Həmişə nənəm deyərdi ki, mənim qəhrəman oğlum var...

...1996-cı il idi. Mənim o vaxt hələ 10 yaşım vardı. Atamın haqqında güllələnmə hökmü çıxarılmışdı. Sonradan ölüm hökmü mərhum prezident Heydər Əliyev tərəfindən ləğv edildi. Ondan sonra atama ömürlük həbs cəzası verdilər.

- Yəqin ki, atanızın məhkəmə prosesini xatırlamazsınız...

- Uşaq idim, amma xatırlayıram. Nənəmlə babam çox pərişan olmuşdular. Sizinlə maraqlı bir hadisəni də bölüşmək istəyirəm. Düzdür, həmin hakimin adını unutmuşam, ancaq bilirəm ki, o, atamdan əvvəl babamın da cinayət işinə baxıb, onun barəsində hökm çıxarmışdı. Elə məhkəmə prosesi zamanı atamdan soruşdu ki, “siz Səməd Əmiraslanovun oğlusunuz?”. Və maraqlısı bu oldu ki, həmin hakim bir gündən sonra ərizə yazıb işdən çıxdı.


- Deyəsən atanızın verilən hökmə reaksiyası çox sərt olmuşdu...

- Xatırlayıram, atam öz qolunu dişləmişdi və demişdi ki, ona ölüm hömü versinlər. Qərar çıxmazdan əvvəl şəxsən özü bu istəklə çıxış etmişdi.


- Səhv etmiriksə, Elçin Əmiraslanov ölkəni tərk edəndən sonra yenidən geri qayıtmış və tutulmuşdu...

- Bəli, o, xarici ölkəyə qaçmışdı. Ancaq ailə münaqişəsi baş verdi. Təfərrüatlarını bölüşmək istəmirəm. Bu hadisəni eşidib ölkəyə geri qayıtdı və ələ verildi. Kimsə onu satmışdı.



- Aytac xanım, öz atanıza verilən cəza haqda nə deyə bilərsiniz?

- Mən razılaşıram ki, atam hər hansı bir cinayətə görə həbs olunub, bu olmalıydı... Mən buna etiraz eləmirəm. Ancaq ömürlük həbs cəzası qərarı ilə razı deyiləm. Düşünürəm ki, o, buna layiq deyil. Nəticədə namussuzluğa görə həbsdə deyil, kiməsə etdiyi ləyaqətsiz hərəkətə görə həbs olunmayıb. Gəlin ətrafa baxaq, ömürlük həbs cəzasına məhkum edilməli olan nə qədər adam görəcəksiniz. Ancaq rahat gəzib dolaşırlar. Mənim atam 21 ildən çoxdur ki, həbsxanadadır. Yəqin ki, səhvini başa düşüb. Niyə həbsxanada qalmalıdır hələ də? Məncə hər kəsin mərhəmətə ehtiyacı var.


- Bəs yaxınlarınızın sizə münasibəti necədir? Həmin hadisələrdən sonra gediş-gəliş azalıbmı?

- Əksinə, yaxınlarımız hər zaman atamı qəhrəman kimi qəbul edirlər,elə tanıyırlar. Tanıyanlar bilir ki, Elçin Əmiraslanov necə adam olub. Ola bilər ki, hansısa səhvi edib. Amma atam cəsur birisi olub. Onun haqqında sadəcə eşidən,təfərrüatları bilməyən insanlar mənə qatilin, cinayətkarın qızı kimi münasibət göstərə bilərlər. Bunu çox da önəmsəməməyə çalışıram. Eləcə də eyni sözləri ailəm haqqında da deyə bilərəm.


- Nənənizlə babanızın pərişan olduğunu qeyd etdiniz. Bəs atanızın həbs olunmasının acı nəticələri barəsində danışa bilərsinizmi?

- Əlbəttə, nənəmlə babam çox pis olmuşdular. Bir məsələni qeyd edim ki, mənimlə qardaşımı nənəm və babam böyüdüb. Mən babamı dünyada hər kəsdən daha çox istəmişəm. Uşaqlıqda onsuz həyatımı təsəvvür edə bilməzdim. Amma indi o mənim yanımda yoxdur. Babam atam həbsə düşəndən sonra həmişə fikir edərdi ki, bizi necə böyüdəcək, necə qoruyacaq? Nəticədə sonda dözmədi, ürəyi partladı. Düşünürəm ki, o elə bizim dərdimizdən öldü.


- Bəs sonra?

- Sonra Rusiyaya getdik. Mən orada qiyabi təhsil aldım.


- Sonra yenidən Azərbaycana qayıtdınız. Bu ürəyinizcədirmi?

- Səmimi olaraq qeyd eləsəm, yox. Mən Rusiyada yaşamaq istəyirdim, amma ailəm icazə vermədi. İstəyirdim ki, Rusiya Federasiyası vətəndaşlığını alım. Və həmişəlik orada yaşayım. İndi də belə bir arzum var. Sadəcə, Rusiyanı qeyd etmək istəmirəm. Başqa xarici ölkə də olar. Amma atamla. İstəyərdim ki, atam həbsdən çıxsın və onunla birlikdə xaricə köşüm.


- Ailə həyatı qurmamısınız. Yəqin buna Elçin Əmiraslanovun qızı olmağınızın da təsiri olub.

- Deməyim ki, heç vaxt ailə qurmağı arzulamamışam. Əlbəttə, mən də istərdim ki, öz ailəm, övladlarım olsun. Ancaq daim mənə maneçilik törədən bir məsələ olub. Mən atamı həmişə gözləmişəm, atam da deyib ki, məni gözlə. Mənsiz heç nə etmə. Vaxt vardı ki, illərlə atamı görə bilməmişəm. Qorxuram ki, evlənərəm və həyat yoldaşım mənə icazə verməz ki, atamı görə bilim. Yəni qadağan edər. Buna görə də 32 yaşa çatmışam və hələ subayam.


- Bildiyimizə görə, ananızın bu hadisələrdən sonra atanızla münasibətləri dəyişdi...

- Bu hadisələrdən sonra anam atamla ayrıldı. Ancaq o, heç vaxt atam haqqında pis nəsə deməyib. Düzdür, bir müddət atamı görməyə icazə vermədi, amma onun məqsədi bizi qorumaq olub. Həmişə qardaşımla mənə deyərdi ki, bir az böyüyün, sonra atanızla görüşərsiniz. Həmişə onu xoş xatirələrlə xatırlamışıq. Anam onun haqqında heç vaxt pis fikirləşməyib. Və bizi də o ruhla böyüdüb ki, atanız əslində yaxşı birisidir.


- Atanızın bir gün azad olunacağına inanırsınız?..

- Zaman keçdikcə, insan vəziyyətlə barışır. Onun cəzasının nə olduğunu öz-özlüyümdə qəbul edə bilmişəm. Amma ümid edirəm ki, o, bir gün qayıdacaq. Ümidsiz insan canlı ölü kimi bir şeydir. Həm də mən şükür etməyi də bacarıram. Elə məhbuslar var ki, ailələrini bir dəfə də olsun görməyib, ölüblər. Elə övladlar var ki, atalarını sağ olsa da, görə bilmirlər. Amma mən indi atamla görüşə, danışa bilirəm.


- Bəs atanız necə, o da ümidlidir?

- Sizi inandırım ki, bəzən onunla danışanda elə bilirəm, dünyanın ən xoşbəxt insanı ilə danışıram. Həmişə mənə deyir ki, hər şey yaxşı olacaq. Həyatdan küsürəm bəzən, onunla danışandan sonra əhvalım düzəlir, həyata qayıdıram. Elə bilirəm ki, yanımdadır. İllər keçməsinə baxmayaraq, pozitivliyini itirməyib.


- Onun üçün çoxmu darıxırsınız?..

- Təbii ki darıxıram. İstəyirəm ki, ailəm bir arada olsun. Məncə bütün ailələr bir arada olmalıdır. Uşaqlıqda babam mənə həm ana, həm ata əvəzi olub. Demişdim ki, ən çox elə babamı istəmişəm. Babam ölənədək, açıq desəm, atamın yoxluğunu hiss etməmişəm. Onun yanında özümü çox xoşbəxt hiss edirdim. Ancaq o öldükdən sonra atamın bizim üçün nə qədər qiymətli olduğunu anlayıram. Gec də olsa, başa düşmüşəm. Ümid edirəm ki, bir gün o qayıdacaq və atamla yeni həyatımıza başlayacağıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.