Ermənilərin Cigərxanyanı var, bəs bizim? – Qocadan qalmaqal

26-01-2018, 11:28           
Ermənilərin Cigərxanyanı var, bəs bizim? – Qocadan qalmaqal
Kult.az yazıçı-publisist, satirik, sabiq millət vəkili Xeyrəddin Qoca ilə müsahibəni təqdim edir.
– Xeyrəddin müəllim, maraqlıdır, bir satirik olaraq hədəfləriniz kimlərdir?
– Bütün cəmiyyət mənim hədəfimdir. Cəmiyyətdə nə qədər personajım var, hamısından yazıram. Özümdən, ailəmdən, qohumlarımdan da yazıram. Özümə qarşı həddindən artıq qəddaram. Çünki həyatda səhvlərim olub. Düşünürəm ki, mən azərbaycanlı yox, başqa millətin nümayəndəsi olsaydım, tutaq ki, ingilis olsaydım, heç zaman o səhvləri etməzdim.
– Söhbət hansı səhvlərdən gedir ki? İctimai, yoxsa?..
– Hər cür səhvim olub və dərhal da özümə sual vermişəm ki, bu səhvlər mənim təhsilimə, şəxsiyyətimə, ailəmə yaraşırmı? Sonradan papağımı qabağıma qoyub fikirləşmişəm ki, mən nə üçün bu səhvi etdim? Məhz ona görə ki, müsəlmanam.
– Niyə dini mənsubiyyəti əsas götürürsünüz?
– Düzü, mənim dinlə heç bir əlaqəm yoxdur. Hətta məni Dini Komitəyə sədr müavini qoyurdular, imtina elədim. İndi də qoysalar, getmərəm. Dərhal xatırladım ki, 15 ildir işsizəm. Ümumiyyətlə, Azərbaycanda dini bilən adam yoxdur. Deyim ki, Məhəmməd peyğəmbərə hörmət edirəm, onu çox sevirəm. Niyə? Çünki onun qanunları min dörd yüz ildir yaşayır. Niyə yaşayır? Çünki peyğəmbərimiz ağıllı və güclü adam olub.
– Bəs etnik mənsubiyyət sizin üçün nə dərəcədə vacibdir?
– Hansı millətdən olmağın fərqi yoxdur, mənim üçün əsas insandır. Mən zəncini də heç vaxt özümdən əskik tutmuram.
– Erməniləri də özünüzdən əskik tutmursunuz?
– Baxmayaraq ki, onları sevmirəm, amma erməni xalqının böyük sənətkarları var. Armen Cigərxanyanı var. Axı onu necə danmaq olar? Bir dəfə Armen Cigərxanyan haqqında demişdim ki, Azərbaycanda belə aktyor yoxdur, buna görə məni qınadılar.
– Bir satirik kimi konkret siyasi hədəfləriniz yoxdurmu?
– Var. Niyə yoxdur?
– Kimlərdir?
– Ad çəkmək istəmirəm. Amma demək olar ki, siyasətçilərin çoxu mənim hədəfimdədir. Onlar nə cümlə qurur, nə danışa bilirlər, nə də bir siyasətləri var. Məsələn, biri çıxıb dünya birliyindən danışır. Axı dünya nə vaxtdan birlik olub? Dünya heç zaman bir olmayıb, olmayacaq. Yəni bu adamlar ya danışıqlarını bilmirlər, ya da boğazdan yuxarı sözlər deyirlər.
Amerikada son seçkilərlə bağlı AzTV-də müzakirə aparan bir qrup siyasətçi deyirdi ki, Hillari Klinton prezident olacaq. Mən bu haqda böyük bir məqalə də yazmışdım və bir neçə qəzet redaksiyasına zəng edib demişdim ki, Klinton heç vaxt prezident seçilə bilməz.
– Bunu hardan bilirdiniz ki?
– Mən Trampın yaraşığına, biliyinə, savadına, ağlına fikir verdim və Klintona da baxdım, gördüm ki, o qadın elə arvaddır ki arvaddır. Qırmızı şalvar geyinib çıxmışdı xalqın qabağına, beləsindən Amerikaya başçı olar?
– Adətən, görmüşük ki, satiriklər təzyiqlərlə üzləşirlər, sizə isə dövlət təqaüd, ev və hətta orden verir...
– Satiriki öldürməliydilər ki? Bəli, cənab prezident mənə fərdi təqaüd, ev, orden verib. Mənim dövlətə qarşı səhvim olsaydı, mükafatlandırılardımmı? Amma yenə deyirəm, 15 ildir işsizəm.
– Mərhum prezident Heydər Əliyev sizi şəxsən tanıyırdı...
– 1969-cu ildə Heydər Əliyev hakimiyyətə gələndə etdiyi çıxışlara qulaq asırdım. Onun çıxışlarına qulaq asanda anladım ki, Azərbaycanda belə bir şəxsiyyət yoxdur. Elə indinin özündə də yoxdur. Onun sonrakı 14 illik hakimiyyəti zamanı bizim heç bir şəxsi tanışlığımız olmamışdı.
14 il onu gecə-gündüz tərifləyən qələm sahibləri, jurnalistlər hakimiyyətdən gedəndən sonra Heydər Əliyevin eleyhinə böhtan və iftiralarla dolu yazılar yazmağa başladılar. Nəinki Azərbaycanda, hətta Rusiyanın kommunist mətbuatında yazırdılar. Bu zaman mən dözə bilmədim. Heydər Əliyevi müdafiə xarakterli yazılar yazmaq istədim, amma öncə qələmi yerə qoyub düşündüm: Heydər Əliyevin mənim müdafiəmə ehtiyacı varmı?
Mən Heydər Əliyev haqqında yüzdən çox yazı yazdım və hər dəfə onun haqqında yazı yazanda məni işdən qovurdular. Hardasa dörd dəfə işimdən olmuşam. “Mədəniyyət” qəzetinin redaktoru mənə dedi ki, nazir müavini Şəmsəddin Axundov deyir ki, Xeyrəddin Qocanı işdən çıxarın. Dedi, sən getməsən, məni işdən qovacaqlar. Qəzetin bütün iş yükü mənim üstümdə idi, amma işdən çıxarıldım.
İlk dəfə isə “Dan ulduzu” qəzetindən çıxarılmışdım. Daha sonra “Mozalan” qəzetində işləməyə başladım. “Müəllim” qəzetinin keçmiş redaktoru Məhəmmd Baharlı Heydər Əliyevi tənqid etmişdi, mən də bu yazının əleyhinə cavab yazmışdım. Rayona anamın dəfninə getmişdim, qayıdanda gördüm işdən çıxarılmışam.
Doğrudan da, Heydər Əliyevin əleyhinə yazılarlar mənə çox ağır gəlirdi. Bu müdafiə yazılarından sonra Heydər Əliyev mənimlə maraqlanmağa başladı. Bunu mənə rəhmətlik Cəlal Əliyev demişdi. Cəlal müəllimə dedim ki, Heydər Əliyevlə görüşmək istəyirəm. Cəlal müəllim də zarafatla qayıtdı ki, səni Heydər Əliyevlə görüşdürsəm, mənə nə verərsən? (gülür)
– Görüşdürdü?
– Bəli... Heydər Əliyevi aeoroportda qarşıladıq. Orda üzü tüklü adamlar vardı, əllərindəki plakatlarda Heydər Əliyevin əleyhinə sözlər yazmışdılar. Ayaz Mütəllibovun adamları idi. Onlara dedim ki, siz kimsiniz, nə ixtiyarınız var ki, o boyda şəxsiyyəti belə qarşılayırsınız? Dedim ki, VİP salonundan çıxsa, hərəniz bir deşiyə girəcəksiniz. Dedilər, sən kimsən, bizi yuxarıdan göndəriblər, rədd ol burdan! Komendanta müraciət etdim, o da dedi, mənlik deyil, onlara gücüm çatmır.
İlk dəfə Heydər Əliyevlə o zaman görüşdüm. Məni görəndə dedi, sən neyləmisən? Duruxdum, qızardım, soruşdum ki, neyləmişəm? Dedi, mənə görə özünü əjdahaların, ilanların içinə atmısan, səni məhv edərlər. Həmin axşam Cəlal Əliyevin evində oturduq. Heydər Əliyev məni məclisin başında oturmağa dəvət etdi. Dedim ki, yox, siz olan yerdə mən başda otura bilmərəm. Dedi, sən kişilik etmisən, bu, faktdır.
Sonra o, Naxçıvana getdi və bir gün sonra mənə zəng edib dedi ki, gəl gör burda vəziyyət necədir? Getdim, orda Heydər Əliyevi 80 min adam qarşılamışdı.
– Bəs necə oldu ki, deputat seçildiniz? Bunun da maraqlı bir tarixçəsi varmı?
– 1995-ci ildə Heydər Əliyev artıq hakimiyyətdə idi, mən isə qəzetlərdə adi və kasıb bir jurnalist kimi işləyirdim. Həyatda heç kimim yoxdur. Bir gün Bəylər Əyyubov mənə zəng eləyib dedi ki, prezident deyir, deputatlığa namizədliyini versin. Beləcə, təbliğatıma yardım etdilər, deputat seçildim.
– Siz deputat ola-ola Türkiyədə Baş konsul vəzifəsinə də təyin olunmusunuz... Qanuna görə isə vəzifəyə təyin edilənlər deputatıqdan istefa verməli idilər.
– Bəli... Deputat seçiləndən sonra Heydər Əliyev məni Baş konsul vəzifəsinə təyin etdi. Onunla görüşdüm, dedim ki, sizin haqqınızda deyirlər ki, səxavətli adamsınız, birini verəndə, o birini almırsınız... Güldü, dedi ki, get işlə.
– Xeyrəddin müəllim, indi dolanışığınız necədir?
– Əvvəlki kimi pis deyil. Amma ağzımı açmağa qoymurlar, deyirlər ki, sən prezident təqüdü alırsan. Üstəlik, millət vəkili təqaüdü alıram.
– Maraqlıdır, sizin üçün kişilik nədir?
– Kişi qadının və ya başqa bir kişinin qabağında lovğalanmamalıdır ki, mən kişiyəm. Kişisən, hə, nə olsun? Kişilik də, qadınlıq da cins kateqoriyasıdır. Mənə görə kişilik evinə bir loxma çörək qazanıb gətirə bilən adamdır, kişilik ailəsini sevən deməkdir. Mən də ailəmi çox sevirəm, bütün dünyanı ailəmə dəyişmərəm. Ailəm mənim üçün hər şeydən artıqdır, vətəndən də. Mənim üçün yalnız ailədən sonra vətən gəlir. Kişinin sözü, danışığı, müstəqil təfəkkürü olmalıdır.
– Maraqlıdır, bir satrik kimi Azərbaycanda millətçilərə qarşı münasibətiniz necədir?
–Millətçi nədir? Millətini sevən? Onda mən də millətçiyəm? Ziyalı sözünü deməlidir, amma qışqırmamalıdır, qaraçılıq, həyasızlıq etməməlidir. Axı siz millətçi olub nə etmisiniz? Vətənpərvərlik sözü Türkiyədə yoxdur və heç vaxt olmayıb. Vətənpərvərlik anlayışı bizim uydurmamızıdır, ruslardan keçib. İnsan vətənini sevməlidir də, bəs sən niyə bu sevgini gözə soxmalısan? Bu, əməldə görünməlidir. Əgər bir insan vətəndə ədalətsizliyə düçar olursa, ac, susuz qalırsa, heç zaman vətənini sevə bilməz. Yaxud, hərbi vətənpərvərlik nədir axı? Çox gülünc və ruslardan keçmə sözlərdir.
Məhəmməd Əmin Rəsulzadə deyirdi ki, bir kərə yüksələn bayraq bir daha enməz. Bu söz pafosdur. Dünyada o qədər millətlərin bayrağı qalxıb və enib ki... Eləcə də bizdə. Rəsulzadənin qurduğu hakimiyyətin bayrağı iyirmi üç aydan sonra endi. Bəs deyirdi ki, bir kərə yüksələn bayraq, bir daha enməz? Bəs niyə endi? Hərçənd, deyə bilərlər ki, Rəsulzadə uzaqgörən olub və bilib ki, müstəqil olacağıq. Bu cür əsaslandırılma mümkündür. Amma bütün hallarda pafosdan xoşum gəlmir.
– Siz xalq hərəkatında iştirak etmisiniz?
– Bizdə xalq hərəkatı vardı ki? Ancaq boş-boş danışırdılar. Düzdür, mən də o zamanlar meydanlara çıxmışdım, yəni millətin arasında idim, amma onlar elə çıxışlar edirdilər ki, yadıma düşəndə indi də utanıram. Heç onu “xalq hərəkatı” da adlandırmaq olmaz. Azərbaycanın müstəqil olmasını hamı istəyirdi. Amma bu istəyi özəlləşdirənlər vardı, guya müstəqilliyimizi ancaq onlar istəyir. Deyirlər ki, şəhid verdik ki, müstəqil olduq. Mən də deyirəm ki, fikirlərinizi redaktə edin, biz ona görə müstəqil olduq ki, Sovetlər Birliyi dağıldı və digər 14 respublika kimi biz də müstəqil olduq.
– Yəni o fikirdəsiniz ki, 20 Yanvar hadisələri olmasaydı, biz yenə müstəqil olacaqdıq?
– İstəyir, yüz dənə 20 Yanvar hadisəsi baş versin, Sovetlər İttifaqı dağılmasa, biz müstəqil olmayacaqdıq.
– Bəzən iddia edirlər ki, SSR-ni Azərbaycanda baş verən xalq hərəkatı dağıtdı...
– O zaman Azərbaycan xalqı heç özünü idarə edə bilmirdi, Sovetləri necə dağıda bilərdi? Biz o zaman nə gündəydik, xəbəriniz varmı? Heç kimin sözü bir-biri ilə düz gəlmirdi. Bu gün də elədir. Üç nəfəri bir yerə yığa bilmirik, hələ Nizaməddin Şəmsizadə türk imperiyası idealogiyasını irəli sürür. Turançılıq, Turan... Axı bunlar nə deməkdir?
– Turançılığı ideya kimi də qəbul eləmirsiniz?
– Yox! Axı türk dünyasının birləşməsini mən də istəyirəm. Amma neçə min ildən sonra birləşəcəyik? Ümumiyyətlə, belə bir şey mümkünmü? Heç inanmaq da mümkün deyil.
– Xeyrəddin müəllim, deymisiniz ki, kişi inqilab eləməz...
– Bəli, demişəm. Düz də deyirəm. Mənə belə təlqin olunub ki, kişi gedər balasına çörək qazanar, inqilabla məşğul olmaz.
– Bəs bu qədər inqilabları kimlər eləyib?
– Doğrudur, ediblər. Amma inqilab bizlik deyil. Qələm sahiblərindən inqilabçı çıxmaz. Gəncliyində qızla gəzir, sonra bundan povest yazır, adını da qoyur ki, yazıçıyam. Yazıçı xalqın dərdi ilə məşğul olmalıdır.
– İndi yaradıcılıqla məşğul olursunuzmu?
– Bəli, məşğul oluram. Yaxınlarda bir kitabım çap olunacaq.
Bilirsiniz, biz böyük adamlarımızın qədrini heç vaxt bilməmişik. Çünki böyük adamların qədrini bilmək üçün böyük səviyyə lazımdır. Bununla demək istəmirəm ki, millətimizin səviyyəsi yoxdur. Amma təsəvvür edin, Cəlil Məmmədquluzadə əlyazmalarını yandırıb ki, qışda uşaqları soyuqdan ölməsin, Cavidi sürgünə göndəriblər, susmuşuq. Müşfiqi güllələtmişik. Babəki tikə-tikə doğrayıblar, Nəsiminin dərisini soyublar, susmuşuq.
– Bəs indi də böyük insanlarımız varmı? Hansı ki, onların da qədrini bilmirik.
– Bir dəfə televiziyalardan biri mənə zəng vurub deyir, siz ziyalısınız, niyə efirə gəlmirsiniz? Dedim, mənə bir də ziyalı desəniz, ümumiyyətlə, gəlməyəcəm. Ziyalılıq başqa şeydir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.