“Üzeyir Mehdizadəni bəyənmirəm, yola verirəm” – Əli Mirəliyev
30-01-2018, 21:05
Budəfəki həmsöhbətimiz müğənni Əli Mirəliyevdir. Onunla söhbətimizin “eni və uzunu” son günlər incəsənət aləmində baş verən qalmaqallı hadisələrdən tutmuş, ARB telekanalında apardığı verilişə qədər oldu.
Əli Mirəliyev hafta.az-a müsahibəsində bildirdi ki, verilişinə qonaq çağırdığı bir çox müğənniləri el dili ilə desək sadəcə "yola verir".
-Əli müəllim bir müddət əvvəl xalq artistləri Məleykə Əsədova ilə Ramiz Məlik məhkəmə ilə gündəmə gəldilər. Ardınca müğənni Röya Aygünü məhkəməyə verdi. Sənət adamlarının, şou-biznes nümayəndələrinin məhkəmə bəyanatları və ya prosesləri ilə gündəmə gəlməsinə necə baxırsınız?
-Çox pis baxıram. Ümumiyyətlə, sənət adamları, professional səhnədə olanlar məhkəmə ilə gündəmə gələ bilməzlər. Gündəm onlarlıq deyil və gündəmə gəlmək ayrı şeydir. Gündəm Ramiz müəllimə, Məleykə xanıma aid deyil. Onlar bizim tanınmış incəsənət işçilərimiz, aktyorlarımızdır. Sadəcə olaraq kimsə- hansısa şeytan onların arasına girib. Bir-biri ilə konfliktə girmək bizim azərbaycanlılarda bineyi-qədimdən olub. Çəkişmələr tək bugünün işi deyil. Keçmişdə də belə şeylər var idi. Sadəcə, olaraq həmin vaxt saytlar yox idi, televiziyalarda da belə şeylər verilmirdi. Tamaşaçı aktyoru ancaq səhnədə görürdü. Aktyor öz rolunu oynayırdı, müğənni də mahnısını oxuyub çıxıb gedirdi. Kiminsə arasında ixtilaf olanda bunu həmin şəxslərə yaxın insanlar bilirdi. Ona görə də söz-söhbətlər ictimailəşmirdi. İncəsənət işçiləri bir-biri ilə yola getməyiblər. Həmişə belə olub. Ola bilsin Məleykə xanımla Ramiz müəllim arasında hansısa söz-söhbət var. Amma məhkəmə düzgün deyil, öz aralarında həll etsələr yaxşıdır. Çünki onlar profesyonal sənətkardırlar. İncəsənət işçisi məhkəməyə getməməlidir, mən belə düşünürəm. Bu onlar üçün ayıbdır. İncəsənət işçisi məhkəməyə müraciət edə bilməz. Düzgün deyil. Ona görə ki, onlar xalq artistləridirlər.
-Röya ilə Aygünün məhkəməsinə necə baxırsınız? Onların sənətkarlığı ilə yanaşı şou-biznesdə də öz çəkiləri var...
-Aygün də, Röya da gözəl oxuyanlarımızdır. Onlara da pis baxıram. Olmaz, məhkəmə ilə gündəmə gəlmək yaxşı hal deyil. Bu elə şou-biznes nümayəndələri üçün də keçərlidir.
-Ara sıra televiziyalarda 70-ci illərdə repertuarınıza daxil olan mahnılarınızdan parçalar oxuyursunuz. Yenidən musiqili meydana qayıtmaq haqqında düşünürsünüzmü?
-Mən hələ də professional səhnədəyəm. Amma əvvəlki dövran getdi. Yenidən əvvəlki kimi səhnəyə qayıtmağım qeyri-mümkündür. Bilirsiniz, hər aşiqin dövranı var. Hər bağın da bağbanı var. O da bənzəməz gülə gülbül. Bizim gözəl bəstəkarımız Ələkbər Tağıyevin mahnısıdır. Yəni, sözümün canı odur ki, indiki musiqili meydanın öz gülləri, bülbülləri var. Bizim dövranımız da 30-40 il bundan əvvəl idi. Hazırda 69 yaşın içindəyəm. Təzədən durub gündəmə gəlməliyəm?! Düzgü çıxmır axı, hətta mən desəm ki, yenidən qayıdıram, gərək buna inanmayasınız. Yalan ifadə olar. Sadəcə olaraq hələ də efirlərdəyəm. Sözümü deyirəm. Gənclərə dəstək olmağa çalışıram. O da ki, yaxşı ifaçı olanda. Özüm hazırda ARB telekanalında veriliş aparıram. Təzədən musiqili meydana qayıtmaqla gündəmə gəlmək kimi niyyətim yoxdur.
-Bir vaxtlar gənc müğənni Üzeyir Mehdizadə ilə yola getmirdiniz. Tez-tez efirlərdə qalmaqallı müsahibələriniz, qarşılıqlı atmacalarınız olurdu. Amma təzəlikcə Üzeyirin mahnılarına əl çalırsınız. Nə dəyişdi birdən-birə?
-Yox, bəyənmək söhbəti deyil. Mən veriliş aparıram. Ev yiyəsiyəm. O, da mənim apardığım verilişə- təsəvvür edin ki, mənim evimə qonaq gəlib. Mən nə etməliyəm?! Onu bayıra qovmalı deyiləm ki! Qonağı yola verməliyəm. Onu bəyənmirəm, bunu xoşlamıram- desəm qonaq gəlməz. Mən ARB kanalında veriliş aparıram. Yüksək maaş alıram. Qonaqlara, yaxşı reytinqli verilişlərə görə. Onun üçün də hamısını yola verirəm. Bir şeyi də deyim, əgər hanısa qonağım mahnı oxuyarkən başım sağa-sola getdisə, deməli onun səsini, oxumağını bəyənmişəm. Yox, əyər əl çalıramsa, üzünə gülürəmsə, deməli yola verirəm (gülür).
-Apardığınız verilişə görə nə qədər maaş yazırlar?
-Yaşlı adamam, təqaüdçüyəm. Nə verirlər Allah bərəkət versin. Hər halda hörmət edib çağırıblar. Sağ olsunlar. Hələ ki, incəsənət yaxşı insanların əlindədir. Sənətimizin durumu tam olaraq pis gündə deyil. Keçmişin müğənnilərinə hörmət edirlər. Kanallar da, rəhbərlik də...
-2018-ci ilə hansı sənətçilərlə küsülü, hansı müğənnilərlə barışaraq daxil oldunuz?
-Mən heç kimlə küsülü deyiləm. Kiməsə qarşı şəxsi-qərəzliliyim də yoxdur. Sadəcə olaraq, bəyənmədiyim ifaçılarla bağlı sözümü deyirəm. Fikrimi də izah edirəm. Heç kimdən küsməmişəm. İncəsənət işçisi küsməməlidir. Sözümdən inciyənlər varsa, sözünü desin, daha niyə küsür ki?! Mən səmimi insanam. Gördüyümü deyirəm ki, ay yoldaş, elə deyil, belədir.
-Yeni nəsil müğənnilərdən kimləri bəyənirsiniz?
- Bir – bir ad çəksəm məndən küsəcəklər. Bəyəndiklərim var. Əsasən muğam müsabiqəsinin iştirakçılarıdır. Hər dövrün özünəməxsus səsləri olur.