Lütfi Zadənin xəbərsiz olduğumuz böyük elmi nəzəriyyələri- İlk dəfə Rafiq Əliyevin təqdimatında-MÜSAHİBƏ
31-01-2018, 08:31
Dünyanın nəhəng alimlərindən biri, bəşər tarixində elmə yanaşmanı dəyişən, elmi nəzəriyyələri ilə inqilab yaradan Lütfi Zadə dünyasını dəyişsə də, onun irsi həm davamçıları, həm də soydaşları tərəfindən davam etdirilməlidir.
Bu istiqamətdə ən böyük addımı onun elmi irsinin varisi, dünya çapında tanınan həmyerlimiz, professor Rafiq Əliyev atıb. Rafiq Əliyev Zadənin ona vəsiyyət etdiyi mirası “Lütfi Zadə irsi və Süni İntellekt” Assosiasiyasına bağışlamaqla Zadə irsinin təbliği ilə yanaşı, gənc alimlərin uğurlarına da töhfə verəcək.
Rafiq Əliyev həm də dünyada Lütfi Zadə şəxsiyyəti və elmi irsinin ən yaxşı bilicisidir. 40 ildən artıq dönəmdə onunla birgə müxtəlif elmi layihələr üzərində işləyib.
Professor Rafiq Əliyev Moderator.az-a Lütfi Zadənin şəxsiyyəti, Azərbaycana bağlılığı, həmçinin, zəngin elmi irsi barədə silsilə müsahibələr verib.
Silsilənin ikinci müsahibəsində biz Lütfi Zadənin qeyri-səlis məntiqə qədərki elmi fəaliyyəti barəsində Rafiq müəllimlə söhbət aparacağıq.
Rafiq müəllim qeyri-səlisə qədərki Lütfi Zadə haqqında- yəni, bu məşhur nəzəriyyəyə qədər alimin gördüyü işlər barəsində ilk dəfə olaraq, çox maraqlı faktlara toxunub. Lütfi Zadə məşhur nəzəriyyəsinə qədər də elm tarixi üçün çox böyük işlər görüb. Bir neçə böyük nəzəriyyənin əsasını qoyub. Rafiq müəllim bu gün ilk dəfə olaraq, həmin nəzəriyyələr haqqında danışacaq
Müsahibə ola bilsin ki, sadə oxucu kütləsinə, geniş auditoriyaya çətin görünsün. Amma Azərbaycanda mütləq kimsə bu barədə də danışmalı idi ki, həmin şəxs də təbii ki, ancaq Rafiq Əliyev ola bilərdi:
-Rafiq müəllim, silsilənin ikinci hissəsini Zadənin qeyri-səlis məntiqə qədərki elmi fəaliyyətinə həsr edəcəyik. Onun elm aləmində ilk böyük işi hansıdır?
-Lütfi Zadənin ilk böyük elmi göstəricisi elə onun doktorluq işi olub. O, həmin doktorluq işini 1949-cu ildə bir konfrans materialında dərc edib. Bu elmi nəzəriyyə parametrləri zamana görə dəyişən dinamik sistemlərin tezlik üsulları ilə işlənməsi üsuludur. Bir az aydın şəkildə deyək. 1930-40-cı illərdə idarəetmə sistemləri nəzəriyyəsi yaranmağa başlayırdı. Ancaq mütəxəssislər belə hesab edirdilər ki, bu sistemlərdəki bütün göstəricilər, parametrlərin hamısı sabitdi, yəni, dəyişmir. Misal üçün, nümunə olaraq, insana dinamik sistem kimi baxaq. Klassik nəzəriyyələrdə - yəni, Zadənin adını çəkdiyimiz nəzəriyyəsinə qədərki elmdə belə hesab olunurdu ki, insan yaşa dolduqca, qocaldıqca onun damarlarının daralması baş vermir; eyni vəziyyətdə qalır. Həmçinin, beynindəki proseslər də dəyişməz qalır. Yəni, nümunə olaraq götürdüyümüz insana stasionar, dəyişilməz sistem kimi baxırdılar. Bu baxış, təbii ki, bütün sahələrdə eyni idi. İdarəetmə elminin dünyaya baxışı sabit, dəyişilməz pəncərədən idi...
Zadə isə gördü ki, yox, istər raket texnikası, istər hərbi, istərsə hər hansı iqtisadi sistem olsun, oradakı parametrlər getdikcə dəyişir. Məsələn, bir sadə misal çəkək: Neftayırma zavoduna aid kiçik bir qurğu götürək. Bu qurğunun içərisində reaksiyaların aparılması üçün katalizator var. Onun vasitəsilə qurğuda benzin, mazut və başqa maddələr ayrılır. Burada iş prosesi zamanı katalizatorun aktivliyindən çox şey asılıdır. Bu aktivlikdən də asılı olaraq xüsusi rejim seçilir ki, onunla ən lazımlı məhsulu, deyək ki, benzini daha çox almaq olsun. Amma zaman keçdikcə iş prosesini həyata keçirən katalizator köhnəlir. Bu zaman artıq əvvəlki tətbiq olunan rejim işə yaramır. Çünki uyğun katalizatorun iş mexanizminə yaramır. O zaman isə yeni rejim seçmək lazımdır. Həmin rejim üçün də yeni göstəricilər ”“ uyğun temperatur, təzyiq və s. parametrlərini seçmək vacibdir ki, qurğuya gələn neftdən bu şəraitdə maksimum benzin almaq mümkün olsun. Müşahidə etdinizmi, həmin sistemin parametrləri, göstəriciləri məhz zamana görə dəyişdi. Çünki zaman amili katalizotarun iş fəaliyyətinə təsir etdi və bu zaman yeni rejimin tətbiqi qaçılmaz oldu. Bax, Zadə ilk elmi işində dünyaya belə bir üsulu hədiyyə etdi. Zadənin dissertasiya işi olan bu nəzəriyyə idarəetmə elmində çox böyük yenilik kimi qiymətləndirildi.
-Böyük elmdə ilk işi olsa da, kifayət qədər uğurlu alınıb. Ondan sonra hansı elmi nəzəriyyələri dünyaya bağışladı?
-Lütfi Zadə mənə həmişə çox böyük minnətdarlıq hissi ilə öz ilk müəllimindən danışardı, o, Raqassini adlı professor idi. Zadənin elmi rəhbəri olub. Zadə mənə deyərdi ki, yuxarıda haqqında danışdığımız dissertasiyanın müdafiəsi qurtarandan sonra yeni bir elmi məsələyə baş vurduq. Bu elmi məsələ barəsində danışaq.
Raqassini ilə ərsəyə gətidikləri bu elmi nəticə ilə bağlı 1950-ci ildə məqalə çap etdilər. Məqalə ABŞ-ın “Tətbiqi fizika” adlı beynəlxalq elmi jurnalında çap olundu və dünya elmi bunu çox böyük maraqla qarşıladı.
-Elə isə, biz də Zadənin ikinci böyük elmi işindən - Raqassini ilə birlikdə ərsəyə gətirdiyi nəzəriyyədən danışaq:
-Danışaq. Amma məqsədli şəkildə bir alimin adını çəkməliyik - kibernetikanın atası sayılan böyük alim Norbert Vinerin... O, həm də riyaziyyatçı idi. “Mən riyaziyyatçıyam” adlı kitabı da var idi. Hə, demək, həmin Viner çox maraqlı bir elmi məsələ həll etmişdi. Qeyd edək ki, onun həmin elmi məsələni işləməsi II Dünya müharibəsinə təsadüf edirdi. Müharibə zamanında da alimlər əsasən, o məqsədə yönələrlər. Viner həmin elmi mülahizəsində bir məsələyə toxunmuşdu: zenit artilleriyasını necə idarə etmək lazımdır ki, düşmən obyektlərini, məsələn, təyyarələrini vurma əmsalı böyük olsun. Yəni, hava obyektini elə dəqiqliklə vura bilim ki, zərbə yalnız dəqiq hədəfə dəysin. O, bu əsnada belə qənaətə gəldi. Uçan düşmən təyyarəsinin koordinatları barədə siqnal alınır. Həmin siqnal isə təsadüfi dəyişəndir, havada obyekt ora ”“ bura yayınır ki, onu vura bilməsinlər. Ancaq alınan həmin siqnalın qəbul vaxtı müxtəlif proseslər baş verə bilər. Məsələn, hava dəyişimi baş verər, bulud qatı, müxtəlif əngəllər yaranar. Viner də məhz bu problem haqqında düşünürdü: mən o siqnalı süzgəcdən necə keçirim ki, alınan siqnallar təmiz olsun, onun əsasında obyekti daha dəqiq vura bilim. Yəni, onun elmi mülahizəsində iki məsələ diqqət mərkəzində idi: göndərilən siqnal və onun üzləşə biləcəyi ehtimal olunan müəyyən əngəllər. Bu, elmi ədəbiyyatda, idarəetmə sistemlərində Viner məsələsi kimi çox məşhurlaşdı.
-Müəllim, yəqin ki, məşhur Vinerin bu uğurunun Zadə ilə Raqassininin ortaq elmi işi ilə hər hansı əlaqəsi var. Olmaya Viner bu nəzəriyyədə onlar üçün hər hansı boşluqlar saxlamışdı?
-Mən də elə buna gəlirdim. Qayıdaq əvvələ. Demək, Zadə dərin hörmət bəslədiyi müəllimi Raqassini ilə məhz Vinerin bu məsələsinin genişlənməsinə çalışdılar. Dedilər ki, Viner bu məsələni çox gözəl həll edib, amma bir şeyi unudub, nəzərə almayıb: həmin gələn siqnal ki var, nə qədər əngəllərə bulaşmış olsa da, o siqnalların üzərində koordinatlar barədə informasiya ilə bərabər obyektin hədəfə getdiyi yol haqqında da informasiya var. Amma bu informasiyanı, siqnalın mürəkkəbəsini Viner nəzərə almayıb. Burada bir haşiyəyə çıxım. Qeyd edim ki, ilk dəfədir ki, bu barədə danışıram. Mən də öz işlərimdə Vinerdən gələn bu məsələni sonralar inkişaf etdirmişəm. Amma bu barədə sonra danışarıq.
Deməli, Zadə ilə Raqassini Viner məsələsinə əlavələr etməklə, oradakı boşluğu doldura bildilər. Vinerin nəzərə aldığı iki faktora - alınan siqnal və onun qarşılaşma ehtimalı olan əngəllərə üçüncüsü ”“ konkret hədəfə gedən yol barədə informasiya daşıyan siqnal da əlavə edildi. Zadə müəllimi ilə bu üç siqnal qarışığını nəzərə alaraq, Zadə - Raqassini nəzəriyyəsini yaratdı. Bu nəzəriyyəyə görə, sistemi elə idarə etmək lazımdır ki, alınan siqnallar əsasında daha dəqiq idarəetmə mümkün olsun. Bu elmi ədəbiyyatda Zadə-Raqassini məsələsi adlanır.
Hə, burada çox vacib bir məsələni qeyd etməliyəm. Zadənin bütün elmi irsinin kökündə bu qayə dayanır.
-Buyurun...
-Zadənin elmdə atdığı ilk addımdan son günlərinə kimi məşğul olduğu bir əsas elmi qayə olub-real həyatda olan qeyri-müəyyənlikləri, təsadüfləri nəzərə alıb, onların əsasında düzgün qərar qəbul etmək! Onun bütün elmi nəzəriyyələri məhz bu qayənin üzərində qurulmuşdu. Qeyri-səlis məntiq də, ondan əvvəlki və ondan sonrakı nəzəriyyələr də bunun üzərində qurulub.
-Rafiq müəllim, Viner, Raqassini və Zadə üçlüyünün ərsəyə gətirib, inkişaf etdirdikləri bu elmi mülahizələr idarəetmədə nəyi dəyişdi və nələrin əsasını qoydu?
-Viner, Zadə və Raqassinidən qabaq hamı belə hesab edirdi ki, idarəetmə sistemin girişində ancaq əvvəlcədən məlum olan konkret bir siqnal var. Həmin sistem qabaqcadan təyin edilən konkret göstəricilərlə işləməli olurdu. Məsələn, temperaturu 200C saxlayan sistemdə tapşırıq siqnalı kimi 20 ədədi göstərilirdi. Mən deməzdim ki, bu, o zamankı alimlərin zəifliyi idi. Xeyr, sadəcə, bütünlükdə dünya elminin yeni baxışa ”“ Vinerdən başlanan yeni elmi mülahizəyə gücü çatmırdı.
Mənim də bəxtim onda gətirib ki, elmi həyatımda ilk addımlarımdan başlamış bugünkü günə kimi ancaq real dünyanın qeyri- müyyənliklərini tuta bilmək və onları istifadə edərək optimalaşdırmaq, daha əlverişli qərar qəbul etmək məsələləri ilə məşğul olmuşam. Bütün elmi fəaliyyətimin əsasında bu qayə dayanır. Və çox qəribədir ki, namizədlik dissertasiyam da məhz bu qayəmə uyğun oldu- Zadə Raqassini məsələsinin genişləndirilməsinə baxdım. Necə ki, vaxtilə onlar Viner məsələsini genişləndirmişdilər, eləcə də mən də Zadə-Raqassini məsələsinin inkişaf etdirilməsi ilə məşğul oldum.
-Sizin bu məsələdə genişləndirməniz nədən ibarət oldu?
-Zadə-Raqassini məsələsinə mən də xüsusi əlavəmi etdim. Nə Vinerdə, nə də Zadə-Raqassinidə həmin əlavə nəzərə alınmamışdı.
Yuxarıda dediyimiz kimi, Vinerin məsələsində idarəetmə sisteminə təsir edən 2, Zadə-Raqassini də isə 3 siqnal nəzərə alınırdı. Oxucular üçün gəl, bir daha xatırlayaq. Zadə-Raqassini məsələsi alınan təsadüfi siqnal, qarşılaşa biləcəyi əngəl və hədəfə gedilən yol barədə informasiyadan ibarət idi. Bizim isə buna bir əlavəmiz oldu: axı sistemə çoxlu həyəcanlandırıcı təsirlər də ola bilər. Amma Zadə-Raqassini məsələsi bunu nəzərə almamışdı. Belə sistemlər kombinə olunmuş sistemlər adlanır. Sistemə çoxlu başqa təsirlər də olur. Bəs bu halda onu necə optimallaşdırmaq olar? Mürəkkəb sistemlərdə həyəcanlandırıcı siqnalları nəzərə almaqla Viner və Zadə-Raqassini məsələsini genişləndirməklə yeni bir nəticə alındı. Bu elmi nəticə 1967-ci ildə müdafiə etdiyim dissertasiyamda və 1971-ci ildə Moskvada çap etdirdiyim kitabımda şərh olunmuşdur. Orada Zadə-Raqassini tənliyinin genişləndirilmiş forması öz əksini tapıb.
-Rafiq müəllim, çox təşəkkür edirik ki, elə söhbətin gedişində sizin də elmi uğurunuz haqqında məlumat aldıq. Viner, Zadə, Raqassini kimi alimlərin mülahizələrindəki boşluqları doldurmaq həqiqətən də böyüklükdür. Demək, Zadə-Raqassini məsələsi Lütfi Zadənin elmdə ikinci böyük işi idi. İndi icazənizlə, onun növbəti elmi uğuruna, nəzəriyyəsinə keçək....
-Biz də dəfələrlə demişik, siz də bir neçə dəfə yazmısınız; Necə olur ki, bu qədər böyük alim olasan, amma heç bir kitab yazmayasan. Zadənin ömrü boyu yalnız bir kitabı olub. O kitabı 1963-cü ildə yazıb. Özü də tək yox, Çarlz Dzoyer adlı professorla birlikdə... Həmin kitabda idarəetmə sistemlərinə tam yeni bir baxış irəli sürüb. Çalışacam ki, onu anlaşıqlı üsulla izah edim. Yuxarıda da dedik ki, Viner və iki davamçısına qədər elmdə hər şey stasionar, dəyişilməz sayılırdı. Mütəxəssislərə görə, qeyri-müəyyən olan heç nə yoxdu. Bütün sistemlərə də belə baxırdılar. Kosmik obyektin, kimyəvi reaktorun içərisində təbii ki, temperaturu sabit saxlayan sistem lazımdır. Bütün klassik sistemlərdə isə o temperaturu ölçürdülər. Əgər temperatur artırdısa, onu soyudur, azalırdısa, qızdırırdılar. Bunu ona görə edirdilər ki, temperatur verilmiş sabit qiymətdə qalsın. Zadə ilə Dzoyer bu kitabda sistemlərin vəziyyəti nəzəriyyəsini irəli sürdülər. Hər hansı sistemdə temperatur niyə ölçülür? Niyə temperatur sistemin içərisində artıb-azalır? Buna nələr təsir edir? Bu cür sualların cavab verdiyi və kitabda da əksini tapan yeni nəzəriyyəyə vəziyyətlər fəzasına əsaslanan idarəetmə nəzəriyyəsi dedilər. Bu anlayış dünya elminə ilk dəfə Zadə və Dzoyer tərəfindən daxil olundu. Onlar elmdə ilk dəfə tək nəticəyə görə yox, həm də səbəbə əsaslanan bir nəzəriyyə yaratdılar.
Daha anlaşıqlı olsun deyə, həyatla bağlı sadə bir misal götürək: İnsan xəstələnəndə, temperaturu qalxanda, yəni məhz son nəticədə onun hərarətini ölçürük ki, görək nə qədərdi. Əgər hərarət yüksəkdirsə, bu, artıq orqanizmdə baş verən hansısa prosesin son nəticəsidir. Hansısa proses getməlidir ki, bədəndə temperatur da qalxmalıdır. Amma Zadənin yeni nəzəriyyəsi həmin temperaturun, yəni nəticənin yox, onu yaradan səbəbləri, insanın vəziyyətini təyin edən əsas parametri öyrənmək üzərində qurulub. İdarəetmə elmi bu anlayış hesabına çox böyük uğur qazandı. Doğrudur, biz sadə misal dedik. Amma bu nəzəriyyəni mürəkkəb idarəetmə sistemlərinə tətbiq edəndə, nə qədər faydalı olduğunu bütün dünya gördü.
Bu gün də bütün kosmik obyektlərdə, NASA-nın oyektlərində, ondan sonra mürəkkəb vacib sistemlərdə, esktrimal situasiyalarda bu nəzəriyyə tətbiq olunur. Demək olar ki, bütün dünyada bu üsullardan istifadə edirlər.
Bəzən, elmdə elə situasiyalar olub ki, çıxışı, yəni nəticəni ölçə bilməyibər. Elə situasiyalar var ki, orada nəticəni hesablamaq mümkün olmur. Məsələn, kimyəvi reaksiya zamanı ortaya elə məhsul çıxır ki, onun tərkibini mütləq ölçməlisən. Tərkibi ölçmək üçün də 40-50 dəqiqə vaxt keçir. Həmin müddətdə isə reaksiya zamanı partlayış da ola bilər. Məsələn, mənə elə gəlir ki, Ukraynadakı atom fəlakətinin, Çernobl hadisəsinin də əsas səbəbi idarəetmənin düzgün olmaması olub. Çünki onlar situasiyanı yalnız çıxışa görə idarə edirdilər. Bu nəzəriyyəyə görə idarə etmirdilər.
-Müəllim, bu kitab 1963-cü ildə buraxılıb. Amma bayaq söhbətimizdə dediniz ki, Zadə bu işdən qabaq, 1952-ci ildə təxminən, qeyri-səlis məntiqə bərabər olan bir nəzəriyyə yaradıb. Çoxusu Zadəni qeyri-səlis məntiqə görə tanıyır. Bəs, ona bərabər olan bir nəzəriyyə barəsində niyə çox da geniş məlumat yoxdu? Bir az o barədə danışa bilərikmi?
-Zadə 1952-ci ildə Raqassini ilə birlikdə pioner ola bilən nəzəriyyə irəli sürdü. Nəzəriyyə “Z-çevirmə nəzəriyyəsi” adlanır. “Z” elə Zadənin soyadının baş hərfindən götürülüb.
1940-ci illərdə həm idarəetmə elmində, həm kommunikasiya texnologiyalarında iki böyük cərəyan var idi: biri Viner, o biri isə Şennon cərəyanı idi. Viner cərəyanında yuxarıda danışdığımız məsələlər kəsilməz təsirli sistemlər üçün keçərli idi. Məsələn, temperaturu, kosmik aparatda trayektoriyanı ölçürüksə, onu hər dəfə kəsilməz surətdə ölçürük. Viner bu üsulla gedirdi. Məsələn, yenə bayaqkı sadə misala qayıdaq. Təsəvvür edək ki, hərarəti bilmə üçün termometri silkələyirik və bədənlə təmasından sonra hərarətin qalxdığını hər an izləyə bilirik.
Amma Şennon deyirdi ki, bu cür ölçmək, hesablamaq lazım deyil. Məsələn, bizim termometrimizdə civə hər saniyədə müəyyən qədər qalxır. Şennon da deyirdi ki, sən onu 0,1 addımdan bir hesabla. Həm də deyirdi ki, bu cür olanda daha informasiyanı daha effektli olaraq uzaqlara ötürmək mümkündür. Amma bu zaman kvantlaşmanı gərək elə seçəsən ki, informasiyanı itirməyəsən. Doğrudan da elədir. Biz öz termometrimizlə bədənimizin hərarətini ölçəndə hər saniyə ona baxmırıq ki?! Ya da lap baxsaq belə, hər saniyə dəyişən rəqəmi nə edirik ki?! Doğrudur bu bəsit misaldır. Amma daha mürəkəb nümunələr çəksək, bu cərəyanın nə qədər effektli olduğunu görə bilərik. Məsələn, bu gün bir dövlətdən başqa dövlətə siqnallar, Yerdən Aya siqnallar ötürülür. Onların hesablanmasında Şennon nəzəriyyəsindən istifadə edilir. Yəni Yerdən aya kəsilməz surətli yox, diskret formalı siqnal ötürülür.
-Belə anladıq ki, Zadə məhz bu iki cərəyandan çıxış edərək, hansısa elmi uğura imza atıb. Özü də qeyri-səlisə bərabər olan elmi işə...
-Bəli, Zadə başa düşdü ki, elmin, texnikanın gələcəyi diskret sistemlərdir. Amma o zaman bu sistemlərlə bağlı hansısa bir nəzəriyyə yox idi. Bütün dünyada mövcud nəzəriyyələr ancaq kəsilməz təsirli sistemlər üçün idi: istər Viner, istərsə də ondan qabaqkılar da həmçinin....
Bu böyük boşluğu məhz Zadə doldurdu. O, ilk dəfə yeni nəzəriyyəsi ilə diskret sistemlərin sintezi üsulunu təklif etdi. Kəsilməz sistemlərin diskret sistemlərə çevrilməsinin əsasını özündə əks etdirən nəzəriyyə yaratdı və adını da “Z-çevirmə nəzəriyyəsi” qoydu. Ondan sonra bütün dünya diskret sistemə keçməyə başladı. Bu çox böyük işdi. Bütün idarəetmə elmini dəyişdi. Elə təxminın qeyri-səlis məntiq miqyasında bir elmi nəzəriyyə idi.
Yeri gəlmişkən, bir əlavə edim ki, məni Zadə ilə ilk dəfə SSRİ Elmlər Akademiyasında Tsıpkin adlı bir professor tanış etdi. O da uyğun nəzəriyyə üzrə işləyirdi və bu işlərinə görə Lenin mükafatı aldı. Amma Zadə bu nəzəriyyəni 1952-ci ildə yaratmışdı. Tsıpkin isə 1960-cı ildə bu işlərə başlamışdı. Amma SSRİ-də təzə idi deyə Lenin mükafatı verildi.
İndi bütün kompüterlər Zadənin təklif etdiyi həmin diskret siqnallarla çalışır. Amma heç kəs demir ki, həmin nəzəriyyədəki “Z” hərfi Zadənin şərəfinədir.
Mən də yazdığım dərsliklərdə Z-çevirməyə çox böyük yer ayırmışam. Tələbələr 20-25 ildir ki, həmin dərslikdən yararlanırlar. “Z çevirmə nəzəriyyəsi”ni oradan öyrənirlər.
-Rafiq müəllim, Lütfi Zadə qeyri-səlis məntiqə qədər həqiqətən böyük işlər görüb. Bir neçə nəzəriyyəsi ilə idarəetmə elminə baxış təmiz dəyişib....
-Əlbəttə, hələ onun qeyri-səlisə qədər gördüyü başqa elmi işlər də var. Amma onlar Z-çevirmənin yanında bəsit göründüyü üçün toxunmaya da bilərik. Amma onu da deyim ki, həmin elmi nəzəriyyələr də öyrənilir və Zadənin bioqrafiyasında onlara da xüsusi yer ayrılır.
Elə bu silsilədən birini də deyim. Amma təkrarlayıram, onlar qeyri-səlis məntiq və “Z-çevirmə nəzəriyyəsi” ilə müqayisədə o qədər də böyük deyil. Amma elmi ədəbiyyatda Zadədən danışanda həmin nəzəriyyənin də adını çəkirlər.
-Elə isə biz də həmin nəzəriyyə barəsində danışmağı sizdən xahiş edək...
-Zadə 1953-cü ildə yeni bir elmi yanaşma irəli sürdü. Bu gün də kosmik texnikada ən çox tətbiq olunan nəzəriyyədir. Dahi də məhz o şəxslərə- öz zəmanəsini 50 -100 il qabaqlayan insanlara deyilir. Görün nə zaman irəli sürüb ”“ 1953-cü ildə. Amma bu gün də kosmik sənaye o nəzəriyyədən yararlanır. Zadə qeyri xətti filtrlər nəzəriyyəsi verdi ki, faydalı siqnalı əngəllərdən xilas etsin.
İkinci müsahibənin sonu...
-Baxın, dahi bu insanlara deyilməlidir. Biz sizinlə hələ qeyri-səlisə keçməmişik. Amma görün, hələ buna keçməzdən əvvəl də biz nə qədər böyük elmi işlərdən danışdıq. Xüsusən də,”Z-çevirmə nəzəriyyəsi” elmdə böyük dönüş nöqtəsi oldu. Bu gün də digital-rəqəmsal anlayışları çox məşhurdu. Onun əsasını Lütfi Zadə elə bu nəzəriyyələrlə qoydu.
Biz hələ sizinlə qeyri-səlis məntiqə keçməmişik....