Ziya Bünyadovun qətlində iştirak edən şəxsin atasından növbəti şok açıqlamalar

31-01-2018, 09:40           
Ziya Bünyadovun qətlində iştirak edən şəxsin atasından növbəti şok açıqlamalar
Ziya Bünyadovun qətlində iştirak edən şəxsin atasından növbəti şok açıqlamalar

Adil Nağıyev: “Ziya Bünyadovun xanımına dedim ki, Tahirə xanım, sənin ərini bax, bu adamlar öldürüb”

Fevralın 21-də akademik Ziya Bünyadovun qətlə yetirilməsinin 21-ci ildönümü tamam olacaq. Həmin dəhşətli qətl hadisəsində günahlandırılaraq ömürlük həbs cəzası almış Nizami Nağıyevin atası, YAP-ın qurucularından biri, Abşeronun sabiq icra başçısı Adil Nağıyev “Yeni Müsavat”a müraciət edərək qətl hadisəsi ilə bağlı ilginc məlumatlar verib. Redaksiyamızda baş tutan müsahibənin ikinci hissəsini təqdim edirik:

(əvvəli ötən sayımızda)

- Ziya Bünyadova beş bıçaq zərbəsi endirən oğlunuz artıq 18 ildir həbsd
- Bəli. Mən Tahirə xanımla Bilgəh sanatoriyasında təsadüfən görüşdüm (birlikdə çəkdirdikləri fotoları da təqdim edir-red.) Artıq bu işi bilirdim.

- Tahirə xanım sizi görəndə necə reaksiya verdi?

- Görüşənə qədər nə mən onu, nə o məni tanıyırdı. Həkimlərdən biri dedi ki, Ziya Bünyadovun həyat yoldaşıdır. Yaxınlaşıb salam verdim. Soruşdum Tahirə xanım sizsiniz? Dedi, “bəli”. Dedim, mən də Abşeronun keçmiş icra başçısı Adil Nağıyev, sənin həyat yoldaşına sui-qəsdin iştirakçılarından birinin atasıyam. İmkanın varsa, əgər istəyirsənsə, mən bütün “kart”ları sənin üçün aça bilərəm, həqiqəti sənə deyəcəyəm. O da məmnuniyyətlə çəkildi bir tərəfə, çay masasında bütün detalları ona danışdım. 90 yaşındaydı. Dedim, sən də yaşlı adamsan, mən də, bir gün bu dünyadan ikimiz də köçüb gedəcəyik. Bütün hamısını danışdım. Dedim, qoy sənin ürəyində şübhə qalmasın... Bu sözləri indiyədək başqa heç kimə deməmişəm, ona demişəm, bir də sizin qəzetə deyirəm... Həmişə demişəm mənim oğlumun günahı yoxdur, amma bu gün etiraf edirəm. Niyə etiraf edirəm? Çünki artıq xəstəyəm, İstanbulda ürəyimdə üç yerdə əməliyyat olunmuşam, stend qoyublar, bu gün-sabah ölüb-gedəcəyəm, qoy bu iş örtülü qalmasın, açıq qalsın. Bəlkə buna görə Allah məni bağışladı, cənnəti qismət elədi. Ziya Bünyadovun xanımına dedim, Tahirə xanım, sənin ərini bax, bu adamlar öldürüb. Sən əlini ürəyinin üstünə qoy, ürəyini buz kimi saxla, hökumətin bu işlə əlaqəsi yoxdur. Çünki ictimaiyyətdə belə bir fikir var idi ki, Ziya Bünyadovu aradan götürdülər, hökumətin özü təşkil elədi... Xeyr! Bunu “Hizbullah” təşkilatı “Nəsrullah”ı göndərdi, “Alban tarixi” kitabını tərcümə etdiyinə görə aradan götürdülər. Burada məqsəd nə idi? Respublikada çaxnaşma yaratmaq, iqtidarı gözdən salmaq, konstitusiya quruluşuna zərbə vurmaq üçün bunu etdilər. Niyə Ziya Bünyadovu? Çünki Ziya Bünyadov çox hörmətli adam idi, avtoritet idi. Ziya Bünyadov ermənilərə, Azərbaycanı istəməyən adamlara qarşı kəskin mübarizə aparırdı. Bir də ki, Ziya Bünyadov elə-belə adam deyildi, Sovet İttifaqı Qəhrəmanı idi, akademik idi. Sumqayıt hadisələri zamanı Saxarov bura gəldi, Ziya Bünyadov onun atasını yandırdı. Elə adama əl qaldıranın əli qurusun!

“Cənab prezidentimizin ədalət və rəhminə sığınıram - oğlumu əfv etsin”
- Tahirə xanım bu etiraflarınızdan sonra nə dedi? Sizi bağışladımı?

- Bəli, Tahirə xanım məni bağışladı. Mənə dedi sənin bu kişiliyinə, mərdliyinə görə mən də prezidentə müraciət edəcəyəm ki, sənin oğulunun işini yüngülləşdirsinlər. Dedi mən də bu dünyadan gedəcəyəm, qoy Ziyanın ruhu şad olsun. Bundan sonra o, prezidentə ərizə yazdı. Xahiş edirəm, Tahirə xanımın ərizəsinə baxın.

Haşiyə:

A.Nağıyev rəhmətlik Tahirə xanım Bünyadovanın sağlığında ərinin qatili üçün prezidentə ünvanlandığı əfv müraciətini təqdim edir. Böyük ürək sahibi olan akademikin xanımı yazıb: “Həyat yoldaşımın ölümündə iştirakçı kimi təqsirli bilinən Nağıyev Nizami Adil oğlunun ən ağır cəzaya - ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi məni daim narahat edir. Düşünürəm ki, belə bir vəziyyətdə Ziya Bünyadov özü necə davranar və hansı qərarı qəbul edərdi?! Mənə elə gəlir ki, Ziya Nizami Nağıyevi bağışlayardı. Ən qatı günahları Ulu Tanrı bağışlayırsa və bağışlamaq böyüklük əlamətidirsə, mən 14 ildir Qobustan həbsxanasında cəza çəkən Nağıyev Nizami Adil oğlunu bağışlayıram!

Hörmətli cənab prezident!

Nağıyev Nizami Adil oğlunu bağışlayıb əfv edərək cəzasını yüngülləşdirməyinizi Sizdən xahiş edirəm".

- Adil müəllim, 10 ildən sonra oğlunuzla həbsxanadakı ilk görüşü necə xatırlayırsınız?

- Oğlum mənimlə goruşməyə qorxurdu, tərəddüd edirdi və bunu mənə deməyə risk eləmirdi. 10 ildən sonra görüşəndən sonra dedim, ayə, kişiliyin olsun, sən burda çürüyürsən, mənə düzünü de. Yoxsa mən də orda-burda deyirəm ki, mənim oğlumun günahı yoxdur. Axı sən hacısan, namaz qılansan - özü də orda namaz qılıb, oruc tutur - ondan sonra açıb mənə düzünü deyib. Mən bilməmişəm. O vaxt məni yuxarı təşkilatlara çox çağırdılar ki, düzünü danış. Dedim, vallah, əgər bu qətli oğlum törədibsə, güllələyin, mənə elə oğul lazım deyil. Həqiqətən də sən 75 yaşlı qoca kişiyə qarşı niyə belə edəsən?

- Dediniz ki, 10 ildən sonra həqiqəti öyrənə bilmişsiniz. Amma artıq 18 il keçib, bəs bu vaxta kimi niyə həqiqəti açmadınız?

- Mən o görüşdən sonra bu məsələni açmaq fikrindəydim. Bir gün cənab prezident İlham Əliyev bulvarda gəzirdi. Neçənci il olduğunu xatırlamıram. Allah elədi, mən onunla üz-üzə çıxdım, görüşdüm. O, məni tanıdı. Mən bu məsələni prezidentə açmaq istəyirdim. Dedim, cənab prezident, siz nə mənim oğlumu bağışlayın, nə də azad edin, əsl həqiqəti mən sizə demək istəyirəm. Həmin görüşdə onun üzündən öpdüm, qəzetlər şəklimizi çəkdilər. Mən bu sözü prezidentimə deyə bilərdim, başqasına yox. Prezident Vaqif Axundova tapşırdı. O da adımı, telefonumu yazdı, məni onsuz da tanıyırdı. O vaxt yanında Hacıbala Abutalıbov, daxili işlər nazirinin müavini, general Oruc Zalov, BŞBP-nin rəisi Məhərrəm Əliyev də var idi. Sonra isə məni qəbul etmədilər, qoymadılar. Mən Ziya Bünyadovun xanımına dediyim sözü ona deyəcəkdim.

- Yəni bu sözləri ilk dəfədir bizə deyirsiniz?

- Bəli, heç yanda açıb-eləməmişəm, heç kəsə deməmişəm. İndi kim nə deyir-desin. Deyəcəklər Adilə kimsə təzyiq elədi. Mənə heç kəs təzyiq edə bilməz. Mən elə şəxsiyyətəm ki, təzyiqi qəbul etmirəm, heç kəsdən də qorxmuram, çəkinmirəm. Sadəcə olaraq, ürəyim əməliyyat olunduğuna görə, öləcəyəm deyə, qoy açılsın. Niyə sirr olaraq qalsın ki? Bəzi adamlar da bu faktdan istifadə edirlər. Guya mənə canları yanır. Yalandır. Üzümə irişirlər ki, sən oğlunu... Bu, həqiqətdir. Onsuz da hökumət bunu bilir, desəm də, deməsəm də. Ziya Bünyadovun qətlinin ildönümü yaxınlaşdığına görə mən özümə borc bildim ki, sizin redaksiyaya gəlim, bunları deyim. Çünki sizin qəzeti hamı oxuyur, özüm də hər gün alıram, oxuyuram.

- Adil müəllim, indiyədək Ziya Bünyadovun məzarı üstünə gedibsiniz?

- Bəli, həyat yoldaşı ilə birgə getmişəm, bir dəstə də gül aparıb məzarı üstünə qoymuşam. Məni orda maraqlandıran bir şey var, məzarüstü abidənin ayağında gürzə ilanının şəklini çəkiblər. O gürzə gəlib Ziya Bünyadovun ayağından vurur. Mən hələ baş aça bilmirəm ki, o, nəyin rəmzidir, kimdir o gürzə ilan?


- Yəqin düşmənə işarədir...

- Bəlkə də. Bilmirəm. Demək, bu işin təşkilatçısı Tariyel Ramazanov, Cavanşir Aslanovdur. Əsas təşkilatçılarla sifarişçi “Nəsrullah” qaçıb, axtarırlar, tapa bilmirlər. Bir neçə nəfər var, onların hamısını buraxıblar. Mahir Zeynalova da ömürlük veriblər. Oğlumu cəlb eləyən Tarıyel Ramazanovdur, Allah onun evini yıxsın, bizi bu oyuna salan odur. Bizimki cavan oğlan olub, səhv edib, düşüb onların təsiri altına. Atası icra başçısı, qardaşları orqan işçiləri, bu, bizə lazım idi?!

- Çox ağır qətl törətmiş oğlunuzla bağlı indi istəyiniz nədir?

- 18 ildir yatır. Prezidentimizə inanıram, həmişə onu dəstəkləmişəm, bundan sonra da dəstəkləyəcəyəm. Humanist şəxsiyyətdir, çox adamları həbsdən buraxıb. Əfv eləsin oğlumu. Heç olmasa ömürlüyü üstündən götürsün. Baş prokuror Zakir Qaralovdan, daxili işlər naziri Ramil Usubovdan, Əfv Komissiyasının sədri Ramiz Mehdiyevdən xahiş edirəm, yoxlasınlar görsünlər mənim oğlum islah olunubmu? Özünü düz aparır, heç kəsə qoşulmur. Mənim nəslim başda olmaqla, biz Vedibasar camaatı həmişə prezidentin tərəfində olmuşuq. Mən icra başçısı işləyəndə Heydər Əliyev gecə saat 1-2-yə kimi işləyirdi. Biz qorxumuzdan heç yana tərpənə bilməzdik, oturub gözləyirdik, Prezident Aparatının təlimatçısına zəng edirdik ki, Heydər müəllim getdimi? Gedəndən sonra hamımız evə gedirdik. Heydər Əliyev Azərbaycan hökumətini qurdu. Allah ona rəhmət eləsin! Mən sizin qəzetə, şəxsən sənə söz verirəm, oğlumu əfv etsələr, azadlığa çıxsa, neçə ki, ölməmişəm, ailəmlə, gəlinlərimlə, oğullarımla, 13 nəvəm, 13 nəticəmlə bir yerdə gül götürəcəyəm, gedib Heydər Əliyevin məzarını ziyarət edəcəyəm, dua oxutduracağam və onun qəbrinin ayaqlarından öpüb, çıxıb gələcəyəm.

- Bəs Ziya Bünyadovun?

- Ziya Bünyadovun da məzarı üstünə gül qoyacağam. Mütləq. Məni Azərbaycana kim tanıtdı? Heydər Əliyev. Adi sovxoz direktoru idim. Məni indi bütün ölkə, bütün icra aparatı, bütün orqanlar tanıyır. Ona görə də mən ömrüm boyu ona sədaqətli olacağam. Bir şeyi də deyim. Mən Abşeron rayonunda YAP-ı yaradanlardan biriyəm. Xahiş edirəm, bunu da çəkin. (YAP üzvü olmasını təsdiqləyən vəsiqəni göstərir-red.) Bax, bu, Heydər Əliyevin imzasıdır, bu da mənim şəklim. Mən YAP-ın üzvüyəm, ölənə kimi də YAP-ın üzvü olacağam. Adamlar var vəzifədən çıxaranda əqidəsini dəyişir, amma mən ölənə kimi əqidəmi dəyişmərəm. Məni YAP-a zorla aparmayıblar ki. Mən YAP-ı sevmişəm, rayon təşkilatını yaratmışam.


Onu da demək istəyirəm ki, həyat yoldaşım xərçəng xəstəsidir, akademik Əhliman Əmiraslanov onu əməliyyat edib. Elə hey deyir, görəsən, ölmədən oğlumu görə biləcəyəm? Bu arzu ilə yaşayır. Özüm də ürəyim əməliyyat olunub, qocayam, çətin vəziyyətdə yaşayırıq, uşaqlarımız çətin vəziyyətdədir. Mən prezidentimizə inanıram. Mən Mehriban xanıma müraciət etmişəm. Mehriban xanım analar anasıdır, Tomris, Nüşabə kimi xanımlara bənzətmişəm onu, çox ağıllı qadındır, neçə dil bilir. Cənab prezident Davosda çıxış edirdi, nə qədər məntiqli danışırdı...

Nə etmək olar ki, qəzavü-qədər gələndə, faciələr olanda heç də adamın özündən soruşmur. Belə bir həyatı, belə bir taleni bizim ailə də yaşadı. 18 il bundan əvvəl akademik Ziya Bünyadovun qətli ilə əlaqədar oğlum həbs edildi və 18 ildir həbsxanadadır. Bu hadisə belə mənim Azərbaycana, dövlətçiliyimizə, ulu öndərimizə, qanunlarımızın aliliyinə olan hörmətimə zərrə qədər də xələl gətirmədi. Çünki mən özüm də yaranışdan qanuna hörmət ruhunda böyümüşəm. Qanun toxunulmazdır. Bütün bunlarla yanaşı, bir həqiqəti də demək lazımdır ki, qanunun bir tərəfi də humanizmlə bağlıdır. Məhz bu baxımdan oğlumun cinayətinə görə çəkdiyi 18 ili nəzərə alaraq, eyni zamanda mənim, həmçinin ağır xəstə olan ömür-gün yoldaşım Gülüstan xanımın, bütün ailə üzvlərimizin hamısının adından, cənab prezidentimizdən xahiş edirəm - onu da deyim ki, bu müraciəti edərkən mən cənab prezidentimizin ədalət və rəhminə sığınıram - oğlumu əfv etsin. Allah yardımçısı olsun! Siz də sağ olun.

Elşad PAŞASOY,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.