Hafiz Hacıyev sabiq nazirləri biabır etdi
31-01-2018, 10:07
“Ziya Məmmədov və Fazil Məmmədovun dizlərini yerə qoydum”
Siyasi qüvvələr artıq 2018-ci il prezident seçkisinə namizədlər irəli sürməyə başlayıblar. Daha əvvəlki üç prezident seçkisində iddiaçı olan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev hələlik susqundur. Onunla seçkilərlə bağlı söhbət etdik.
- Qarşıdan gələn prezident seçkilərində sizi yenə də namizəd kimi görəcəyik?
- Biz artıq seçkilərə start vermişik. Sadəcə, rəsmiləşdirmək qalıb. Partiyamızın Siyasi Şurasının ya fevralın axırlarında, ya da martın ilk on günlüyündə iclası keçiriləcək. Bizdə qurultay arası dönəmlərdə qanunverici orqan Siyasi Şuradır. Son qurultayımız bir il öncə keçirilib. Siyasi Şuranın qarşıdan gələn iclasında namizədliyim rəsmiləşdiriləcək. Biz artıq seçkilərə hazırlaşırıq. Rayon təşkilatlarının və partiyanın orqanlarının keçirilən iclaslarında bu məsələ diqqətə çatdırılır, müzakirə edilir. İctimaiyyətlə də görüşlərimiz olur. Hafiz Hacıyev 2018-ci il seçkilərində iştirak edəcək. Bu seçkilərdə qalib gəlmək istəyirik. İndiyə qədər namizədliklərini elan edənlərlə bağlı onu deyə bilərəm ki, onlar “əldəqayırma namizədlərdir”. Bu şəxslər haqqında namizəd kimi danışmağa dəyməz. Gərək bu xalqın yanında üzün, haqqın ola ki, namizədliyini verə biləsən. Baxırsan ki, iki nəfəri idarə edə bilmir, prezidentliyə namizəd olur. Görürsən ki, xalqa xəyanət edən adamlar iddialarını açıqlayırlar. Biz hadisələri izləyə-izləyə gedirik. Düşünürəm ki, Müasir Müsavat Partiyasının namizədinin qarşısına çıxa biləcək bir qüvvə olmayacaq. Seçkiqabağı görüşlərdə, mitinqlərdə, debatlarda xalq bunun şahidi olacaq. İstənilən halda biz qalib gəlmək uğrunda əlimizdən gələni edəcəyik. Son illərdəki fəaliyyətimizlə, xalqımızın qayğısına qalmaqla hər şeyi sübut etmişik. Partiyalar var ki, xarici dövlətlərin tapşırığı ilə bir şəxsdən yapışıblar. Onlara biz imkan verməyəcəyik ki, Azərbaycanın idarəetməsində iştirak etsinlər. Kim namizədliyini verirsə, bilməlidir ki, kiminlə duelə çıxacaq, üzbəüz görüşlərdə udacaq, ya uduzacaq. Bundan əvvəlki seçkiləri mütləq nəzərə alsınlar. Lentləri fırlasınlar, onlar hər şeyi görəcəklər. Onlar heç bir halda Hafiz Hacıyevin qarşısında duruş gətirə bilməyəcəklər.
- Daim qələbədən danışırsınız, amma nəticələrdə son sıralarda yer alırsınız...
- Bunu daim deyirlər və hörmətli media nümayəndələri bunu hər zaman başıma qaxırlar. Amma unutmaq olmaz ki, iki rəqibdən biri qalib gəlir. Son nəticələrdə bəzən səslərimizin bir hissəsini güzəştə gedirik. Qoy məni son sıraya atsınlar. Mənim üçün əsas olan odur ki, Hafiz Hacıyevin istədiyi şəxs dövlətin başında olur. Burada əsas söhbət dövlətçiliyə sadiqlikdən gedir. İndi nə edək ki, bizim hakimiyyət dövründə xəyanətkar olanlar müxtəlif cür fikirlər formalaşdırırlar. Teledebatlarda çəkdiyim əziyyətlər, rəqiblərimlə apardığım mübarizə dövlətimizin bu günə gəlib çıxmasına səbəb olub. Bəzi problemlərə baxmayaraq, dövlətimiz inkişaf edir. Canımda nə qədər can var, dövlətçiliyimiz üçün əlimdən gələni edəcəyəm. Çünki bizlər ağır məhrumiyyətlər yaşamışıq, Elçibəy hakimiyyətinin necə devrildiyini, Qarabağın necə itirildiyini, içərimizdən bizə olan xəyanətləri görmüşük. Heç zaman mən xarici kəşfiyyata işləməmişəm. O birilərdən əsas fərqli cəhətim budur. Dəfələrlə Azərbaycanda fəaliyyət göstərən bəzi ölkələrin səfirləri mənə ismarış göndəriblər ki, bizimlə çalışsan, sənin üçün daha yaxşı olar. Bu gün yaxşı yaşamamağım, kirayədə qalmağım, bir qarnı ac, bir qarnı tox ömür sürməyim elə bir fərq etmir. Dövlətçiliyimizin inkişafı üçün bundan sonra da fəaliyyətimi davam etdirəcəyəm. Son seçkilərdə bir partiya sədrini nəticələrdə qabaqladım. Kim hansı rəqəmi yazırsa yazsın.
- Deyirsiniz ki, kim hansı rəqəmi yazırsa yazsın, bununla nə demək istəyirsiniz? Səsinizin oğurlandığını iddia edirsiniz?
“Bəziləri deyir ki, Hafiz Hacıyev seçkidə bizimlə olmasa, onu öldürməliyik”
- Mən bunu deməzdim. Çünki könüllü şəkildə səslərimi kimə verdiyimi yaxşı bilirəm. O qədər də sadəlövh insan deyiləm. Başqaları laborantlıqdan qabağa gedə bilmədi, Qərbin projelərindən kənara çıxmadılar. Səslərimin müəyyən hissəsini sonda bəzi razılaşmalarla kiməsə verdimsə, bu normal bir haldır. Bu gün ölkəmdə neqativləri deyirəmsə, dövlətə cüzi olsa da, kömək edə bilirəmsə, rüşvətxor məmurlarla mübarizə aparıramsa, prezidenti qorumağı bacarıramsa, bunun özü prezident olmağımdan yaxşıdır. Bu gün hökumətin içərisində Azərbaycan müxalifətini saxlayanlar üzərində qalib gəlmişəmsə, bunları vəzifədən kənarlaşdıra bilmişəmsə, bu mənim qalibiyyətimdir. Bundan əlavə, ölkə başçısına xəyanət edən, milyardları oğurlayanlara qarşı çıxıb, onları diz çökdürə bilmişəmsə, bu ən böyük uğurumdur. Ziya Məmmədovun üstünə getmişəm, dizini yerə qoymuşam. Sonda Fazil Məmmədovun üzərinə getdim, onun da dizini yerə qoydum. Onlardan qabaq da çökdürdüyüm nazirlər az olmayıb. Bu gün də xəyanət edənlər var. Hakimiyyət daxilində Qərbə işləyən qüvvələr var. Bu gün bəziləri Fərhad Əliyevin yolunu gedir. Əgər bu şəxslərin üstünə gedib, onları zərərsizləşdirib, dövlətə xidmət edirəmsə, bu mənim üçün prezidentlik deməkdir. Səsimi kimə verəcəm, gizli şəkildə kiminlə sövdələşəcəm, yaxud kim səsini mənə verəcək, bu iki şəxs arasında olan söhbətdir. Bu sirr olaraq qalacaq. Üç seçkiyə qatılmışam, mən deyənlər olub. Bunlar mənim üçün unudulmaz tarixdir. Azərbaycanla bağlı rəhmətlik Elçibəyin vəsiyyətlərini cüzi də olsa, yerinə yetirə bilmişəm.
- Ola bilər ki, hakimiyyətin namizədindən əlavə başqa birini dəstəkləyəsiniz?
- Bu, qətiyyən mümkün deyil. Onların hamısı satılmış insanlardır. Elçibəyə zəhər verib öldürən Kərimli Əlini, Həsənlı Cəmili, xaricdə qarşılarına viski qoyub ölkəmiz əleyhinə fəaliyyət göstərənləri, yaxud ildə bir dəfə onun-bunun tapşırığı ilə banlayan digər namizədlərimi dəstəkləyim? Hafiz Hacıyev dövlətçiliyimizi qoruyan insanlara səsini güzəştə gedə bilər. Bu gün məni hədəfə alıblar və bəziləri deyir ki, Hafiz Hacıyev bizimlə olsa, qalib gələrik, olmasa bunu öldürməliyik. Seçki ərəfəsində debatlar olacaq və onları bir daha başa salacam. 15 il öncə dediklərim bu gün öz yerini tutub. Mən yalnız bircə prezidentə güzəştə gedərəm.
- O zaman Hafiz Hacıyev niyə namizəd olur?
- Niyə də namizəd olmayım? Niyə Hafiz Hacıyev xəyanətkarların qarşısını alıb, efirdən həqiqətləri xalqa çatdırmasın? Mən namizəd olmasaydım, Həsənli Cəmil bu xalqın başına hansı oyunları açardı. Bu xalq yazıq deyilmi? Prezident seçkiləri oyun-oyuncaq bir proses deyil. Mən bilsəm ki, cənab prezidentdən layiqli biri var, müraciət edərəm ki, gəlin onu dəstəkləyək. Axı bu yoxdur. Gözlərim bəlkə kordur görmürəm, sizlər deyin, varmı? Mən nə işlər gördüyümü yaxşı bilirəm. Mən namizədliyimi verməyim, onlar da çıxıb tele-debatlarda ağızlarına gələni danışsınlar? Son seçkidə Cəmil Həsənlinin özünü necə apardığının şahidi olduq. Bu şəxslərə baxın, bir dəfə də hakimiyyətdə olub rüşvətxorluqla məşğul olanları tənqid etmirlər. Çünki onların əllərinə baxırlar. Yalnız bir nəfəri hədəf alıblar. Mən dediyimin bir faizini onlar desinlər, niyə demirlər? Sosial şəbəkələr və mətbuatda məndən başqa bu millətin dərdinə qalan varmı? Kərimli Əli müxalifət deyil. Bir vaxt o, Eldar Mahmudovun nəzarətində idi. Bunların hamısı hakimiyyətin müəyyən qollarına xidmət edirlər. Mən hər zaman cənab prezidentin üzərinə bəzi “siyasi tulaları” qısqırdanların qarşısında olacam. Həyatımı bu yolda riskə atmışam, mən öləndən sonra nə olacaq? Bunları düşünmək lazımdır.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”