Əfvlə bağlı siyahı dartışmaları və ittihamlar başladı

2-02-2018, 09:21           
Əfvlə bağlı siyahı dartışmaları və ittihamlar başladı
Mirvari Qəhrəmanlı: “Oqtay Gülalıyev hansı məhkəmədə oturub monitorinq aparıb?”; Əvəz Zeynallı: “30 nəfər deyirlərsə, onları buraxdırsınlar, bizim siyahı ilə nə işləri var?”


Azərbaycanda hər zaman olduğu kimi, indi də əfv öncəsi siyasi məhbuslardan ibarət hazırlanan siyahılar ətrafında narazılıq yaranıb. Belə ki, mart ayında veriləcək əfvlə bağlı İnsan Haqları üzrə Birgə İşçi Qrupu təxmini 30, Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) isə 161 nəfərlik siyasilərdən ibarət siyahı hazırlayıb.

Tərəflər bir-birinin siyahılarını ən sərt şəkildə tənqid edirlər. Hər iki tərəfin də özünəməxsus tutarlı arqumentləri var. İşçi qrupunun üzvləri hesab edirlər ki, SMMM siyahıları şişirtməklə əsl siyasi məhbus olanların azadlığa çıxmalarına ciddi maneələr yaradır. Onlar bildirirlər ki, əfv öncəsi bu tipli siyahıların meydana çıxması təsadüfi deyil. Qurumun təmsilçiləri SMMM-ı siyasi məhbus kateqoriyasına aid olmayan şəxsləri siyahılarına salmaqda ittiham edirlər. SMMM üzvləri isə qarşı tərəfin 30-a yaxın siyahı hazırlamaqla, hökumətin “Azərbaycanda siyasi məhbus yoxdur” fikirlərinə xidmət etdiyini bildirirlər. İşçi qrupu hesab edir ki, jurnalist Əfqan Muxtarlı, AXCP sədrinin müavini Gözəl Bayramlı və digər bunlar kimi siyasi motivlərlə həbs edilən şəxslərin məhkəmələri tam bitmədən siyahılara salınması doğru deyil.

“Biz - Hüquq Müdafiəçilərinin Monitorinq Qrupu bu siyahının bir qismi ilə razı deyilik. Çünki orda elə insanlar var ki, siyasi məhbus kriteriyasına cavab vermir”. Bu fikirlər İşçi Qrupun üzvü Səidə Qocamanlıya məxsusdur. Onun sözlərinə görə, Siyasi Məhbusları Müdafiə Mərkəzinin 161 nəfərlik siyahısında siyasi məhbus olmayanların adları da yer alıb. Hərçənd hüquq müdafiəçisi ad çəkmir: “Ad çəkmək istəməzdim. Heç lazım da deyil. Amma belələri var. Özü də bir deyil, iki deyil. Əfv sərəncamı haqda xəbər çıxan kimi bəziləri özlərini göstərməkdən, hüquq müdafiəçisi kimi cəmiyyətə sırımaqdan ötrü hər bir şeyə gedirlər. Belə olmaz. Bizim təcrübəmiz var. 1994-cü ildən bu işlə məşğuluq. Biz nəzərə alırıq ki, hər bir adın arxasında insan taleyi durur, onların ailəsinin, uşaqlarının taleyi durur. Bu məsələyə incə yanaşmaq lazımdır ki, qarşıdakı məqsədə - onların azadlığa çıxmasına nail ola bilək. Bunun ətrafında səs-küy qaldırmaqla öz miskin məqsədlərini ortaya qoyurlar. Bizim siyahıda 30 nəfərə qədər insanın adı var. Onların azadlığa çıxmasına nail olmaqdan ötrü əlimizdən gələni edirik. Yəni siyahı nə qədər böyük olsa, bir o qədər də onların azadlığa çıxması məhdudlaşır. Bilirsiniz ki, əfv sərəncamı gözlənilir, Demokratik Cümhuriyyətin 100 illiyi ilə bağlı böyük amnistiya da gözlənilir. Ona görə də biz Əfv Komissiyasına öz siyahımızı təqdim etmişik. Çox təəssüflər ki, bəziləri siyasi məhbus siyahılarını hazırlayanda, cəmiyyətə təqdim edəndə bunların hamısının birdən azadlığa çıxması təəssüratı yaradırlar. Orda eləsi var ki, təkrar məhkəməsi tələb edilməlidir. Və ya ömürlük azadlıqdan məhrum edilənlər var, onlar birdən-birə buraxıla bilməzlər. Əvvəlcə onların cəzalarını azaltmaq, sonra işlərinə baxmaq lazımdır. Hər şeyi birdən tələb etmək alınmır”.

SMMM-nın təmsilçisi, hüquq müdafiəçisi Oqtay Gülalıyev İşçi qrupunun siyahısının həqiqətdən tam uzaq olduğunu bildirib.

İşçi qrupunun üzvlərindən biri olan hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı “Yeni Müsavat”a açıqlamasında bunları dedi: “Kim deyir ki, Gözəl Bayramlı siyasi məhbus siyahısına salınmayıb? Onunla əlaqədar müzakirələrimiz daim gedir. Əfqan Muxtarlıya gəlincə, onun məhkəməsi tam başa çatıb? Onlar başa düşməlidirlər ki, bir şəxs həbs olunan kimi onu siyasi məhbus elan etmək olmaz. Heç kəs inkar etmir ki, Əfqan Muxtarlının həbsində qanunilik var. Oqtay Gülalıyev elə şəxslərin adlarını çəkməyə başlayıb ki, bu, cəmiyyətdə ciddi narazılıq doğurmağa başlayıb. Onu hər sahədə görmək olur. Bəla ondadır ki, elə şəxslər hüquq müdafiəçisi olurlar ki, sonunda bugünkü acı mənzərə yaranır. Sual verirəm ki, Oqtay Gülalıyev hansı məhkəmədə oturub, məhkəmənin monitorinqini aparıb? Nə edirsə etsin, özü bilər, amma şərt atmağı düzgün deyil. Bu gün ölkədə o qədər qeyri-peşəkar hüquq müdafiəçiləri ortaya çıxıb ki, dedikləri bir cümlənin belə həbsdəki məhbusa, onların ailələrinə necə bir təsir etdiyini anlamırlar. 3-4 siyahının hazırlanması beynəlxalq təşkilatlarda çaşqınlıq yaradır. Yaxşı olardı ki, yoxa çıxmış peşəkar hüquq müdafiəçilərinin bir yerə toplanmalarına şərait yaradılsın”.

SMMM üzvü Əvəz Zeynallı hazırladıqları 161 nəfərlik siyahının tam reallığa söykəndiyini söylədi: “İşçi qrupu siyahılarını hər zaman məhdud tutur. Biz həbsdə olanda da belə idi. Siyahılarındakı şəxslərin sayı adətən 25-30 olur. Əslində bütün siyahılara normal yanaşıram. Azərbaycanda siyasi məhbusların sayı 160-dan çoxdur. Bunu bilməyən adam yoxdur. Düşünürəm ki, bizim siyahımızda bu qədər məhbusun adının olması digər siyahılarda olan şəxslərin azadlığa buraxılma ehtimallarını artırır. İşçi qrupu bizim siyahılar əsasında 30 nəfəri hazırlayır. Biz siyahımızı elan edirik, İşçi qrupu siyahımızın içərisindən ən populyar olanlarından 30-35 nəfərini seçir. Bu siyahıların cəmiyyətə heç bir ziyanı yoxdur. Kaş İşçi qrupunun siyahısındakıların hamısı azad olunsun. İndi 30 nəfər buraxılacaqsa, növbəti dəfə də bu qədər şəxs azad olunacaq. Mən qarşıdurmadan yana deyiləm. Bizdə siyasi məhbusların sayı 160-dan da çoxdur. Sadəcə, biz yaxşı işləyə bilmirik. Onlar 30 nəfər deyirlərsə, onları buraxdırsınlar, bizim siyahı ilə nə işləri var?”

Cavanşir ABBASLI,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.