Atdıqları addımla “Barselona”nı heyran qoyan iki Azərbaycan gənci: ölkəmizdə BİR İLK
8-02-2018, 11:15
Feysbukda bir səhifə var ki, bu səhifənin yaradıcıları öz işlərini çox nadir hallarda rast gələ biləcəyiniz bir səbəbdən görürlər. Sevgi, həm də dəlicəsinə sevgi. Həm də üzünü heç vaxt görmədikləri, kəlmə belə kəsmədikləri insanlara, addım atmadıqları məkana, heç bir təmənna gözləmədikləri halda bəslədikləri sevgi. Söhbət İspaniyanın ən nəhənglərindən biri “Barselona” futbol klubunun Azərbaycandakı azarkeş klubundan, daha dəqiq, bu klubun yaradıcılarından gedir. Kiçik bir zaman ərzində bir çox uğurlu işlərə imza atan bu gənclər fan klub yaratmaqla yanaşı, kluba məxsus səhifə və sayt açaraq aktiv şəkildə işlədirlər. "Barselona" rəhbərliyi də bu həvəskar gənclərin əməyinə laqeyd yanaşmayıb və fan klubun fəaliyyətini rəsmi şəkildə təsdiqləyib. Beləliklə, "FCB AZE" Azərbaycanda rəsmi qeydiyyatdan keçən ilk və hələ ki, yaganə fan klub statusunu qazanıb.
Publika.az olaraq qərara gəldik ki, bu fədakar uşaqları daha yaxından tanıyaq.
“Barselona”nın Azərbaycandakı azarkeşlərini bir araya gətirən “FCB AZE” səhifəsinin yaradıcılarından biri Kamal Zeynalovdur. “Barça”nın qatı azarkeşi olan 25 yaşlı bu gənc 2002-ci ildən bu kluba pərəstiş edir.
“Barselona” fanatı olduğu üçün şəxsi işlərini belə önəmsəməyən 22 yaşlı Türkər Cəbrayıl 2007-ci ildən etibarən bu klubun azarkeşidir. O, artıq 3 ildir, səhifənin aktiv idarəçilərindən biridir.
Murad Əlizadə isə 2002-ci ildən “Barça” fanatıdır.
“Barselona”nın Azərbaycan Fan Klubu” necə yarandı?
Türkər:
- Bütün “Barselona” azarkeşlərini bir araya gətirmək üçün əvvəlcə səhifəni yaratdıq. Klub elə bir ölkənindir ki, dünyada hər kəs o dildə başa düşmür. Yəni ispan dili ingilis dili qədər işlək deyil. Biz də sevimli klubumuz haqqındakı xəbərləri öz dilimizdə azarkeşlərə çatdırmaq istədik. Səhifə yaratmağın ikinci məqsədi isə məhz budur. İspan dilini tam bilməsək də, əlimizdən gələni etməyə çalışırıq. Artıq 8 ildir, səhifə formatında fəaliyyət göstəririk. Fan klubun yaranmasında Orxan Əliyev və Vüsal Ağalarovun xüsusi əməyi və təşəbbüsü var.
Kamal:
- Səhifənin əvvəl 41 000 üzvü var idi. Daha sonra feysbuk tərəfindən müəllif hüquqları səbəbilə bağlandı və istifadəçi sayı 11 000-ə düşdü. Daha sonra fan klubumuz “Barselona” tərəfindən tanındı və səhifə də rəsmi statusu aldı.
“Barselona”nın dünya miqyasında 2500-dən çox azarkeş klubu var. Onlardan biri də bizim klubumuzdur. Hazırda klubun 400-ə yaxın aktiv üzvü var. Rəsmi qeydiyyatdan sonra bu say daha dəqiq şəkildə bilinəcək. Klubumuz rəsmiləşəndən sonra bizə fan-kart göndəriləcək. Bu kart sayəsində həm “Barselona” fanatı olduğumuz təsdiqlənəcək, həm də ölkənin bir çox alış-veriş mərkəzlərində, xidmət sahələrində bizə özəl endirimlər əldə edə biləcəyik.
- Fan klubu rəsmiləşdirmək istəyərkən klub sizdən nələri tələb etdi?
Kamal:
- Əsas fəaliyyətlərimizi görmək istədilər. Tələbləri də o oldu ki, biz “Barselona”nı öz ölkəmizdə necə təbliğ ediriksə, bunu onlara göstərək. Biz də oyunlara baxmağa yığışarkən çəkdirdiyimiz foto və videoları, habelə saytımız haqda məlumatları göndərdik.
- Yaxşı, niyə məhz “Barselona”?
Türkər:
- “Barselona” ilk növbədə bir klubdan daha artıq komandadır. Onun əsas şüarı da elə budur. Komandanın tərzi, oyun fəlsəfəsi, qanunları, futbolçuların bir-birinə olan münasibəti, sadiqliyi bizi ən çox cəlb edən səbəblərdəndir. Bu nüansların hamısı “Barselona” akademiyasında futbolçulara aşılanır.
Kamal:
- “Barselona” tarix boyu bir neçə dəfə dağılmaq təhlükəsi ilə üz-üzə qalıb. Bir neçə dəfə dağılıb, sonra sıfırdan qurulub. Məşq stadionu dəfələrlə bombalanıb. Buna baxmayaraq, klubun fəlsəfəsi onu bir arada saxlaya bilib və bu günə qədər gətirib çıxarıb.
- Bir klubun azarkeşi olmaq nələri tələb edir?
Murad:
- İlk növbədə ailə olmağı. Birgə sevinə bilməyi. Və ən əsası rəqibə hörməti bacarmağı tələb edir. Azarkeşlik həm də pis oyunçu ilə yaxşını bir-birindən ayrımağı bacarmaq və bunu etiraf edə bilməkdir. Məsələn, Ramos yaxşı futbolçu olsa da, pis xarakterli oyunçudur. Yəni “Barselona” olmasaydı, mən Ramosun və ya Ronaldonun olduğu "Real Madrid" kimi bir komandaya qətiyyən azarkeşlik etməzdim. Təbii ki, bir azarkeşin ən böyük xüsusiyyəti klubuna qarşılıqsız və təmiz sevgidir. Bir klubun azarkeşi olmaqla fanatı olmaq arasında da fərq çoxdur. Fanat azarkeşə nisbətən daha radikal, daha çılğın olur. Fanatlar adi bir qol epizodunun boşa getməsinə belə inanılmaz reaksiyalar verə bilirlər. Ancaq azarkeşlər daha məntiqli, səbirli yanaşırlar.
- Pis oyunçu dediniz, yadıma məşhur karikaturaçı Omar Momaninin “Suarezin dişləmək xasiyyəti” karikaturası düşdü...
Kamal:
- Yeri gəlmişkən, Omar Momani də fan klubumuzla yaxından maraqlanır. 28 noyabrda fan klubun 8 yaşını qeyd edərkən fan klubun adminlərinin karikaturalarını çəkmişdi. O, 2016-cı ildə saytımıza eksklüziv müsahibə də vermişdi.
- Fan klubda Azərbaycanın tanınmış simalarından kimlərsə iştirak edir?
- Məşhur bəstəkar Eldar Mansurov var. O, saytımıza müsahibə də verib. Daha sonra idman verilişlərinin aparıcısı Fərid Ramazanov “Barça” azarkeşidir və bizimlə birgə tez-tez oyunlara baxır.
- Fikrinizcə, “Barselona” bu yerə gəlməsində kimə borcludur?
Kamal:
- Klub tarixində ən böyük iz qoyan oyunçulardan biri Yohan Kroyfdur. “Barselona” hazırkı oyun tərzini Kroyfa borcludur. O, məşqçi kimi də bir müddət “Barça”da fəaliyyət göstərib. “Barselona” ilk dəfə məhz onun baş məşqçiliyi zamanı Çempionlar Liqasının qalibi olub.
- Fanatlığı hansısa yollarla pula çevrimək mümkündür?
Türkər:
- Bəlkə də olar. Ancaq biz bu barədə heç vaxt düşünməmişik. Heç məqsədlərimiz arasında da belə bir şey yoxdur. Səhifəni də, klubu da yaratmaqda tək məqsədimiz bir arada ola bilməkdir. Bizim “Barselona”ya olan sevgimiz yalnız ibadətə çevrilə bilər. Başqa heç nə.
- Özünəməxsus layihələriniz varmı?
Türkər:
- Demək olar ki, səhifə yaranan gündən xüsusi, kreativ nələrsə etməyə çalışırıq. Keçən il “Barselona”nın 118, fan klubun isə 8 yaşı tamam oldu. Doğum günümüzdə dünyanın məşhur idman jurnalistləri, o cümlədən, Omar Momani bizə təbrik videosu göndərdi. Ondan bir il öncə isə məşhur futbol şərhçisi Ray Hudson “Barselona”nın “Eybar”a qarşı matçında bütün Azərbaycana salam göndərmiş və fan klubumuzun adını xüsusi vurğulamışdı.
Murad:
- Hazırda bir layihə üzərində işləyirik. Komandanın himnini Bakının ən görməli və məşhur məkanlarının önündə səsləndirib videoçarx şəklində hazırlamaq istəyirik. Sonra o videonu “Barselona”nın rəsmi səhifələrində verməyə çalışacağıq.
- Səhifəni idarə edərkən hansı çətinliklərlə qarşılaşırsınız?
Türkər:
- Məsələn, olur ki, hansısa futbolçu haqqında status paylaşırıq və istifadəçilərdən rəy bildirmələrini rica edirik. Oturub səbirsizliklə gözləyirik ki, görəsən, nə yazacaqlar bu futbolçu haqqında. Rəylər gələn kimi tez açıb baxırıq ki, bir istifadəçi sadəcə futbolçunun adını yazıb, qarşısına da bir ürək qoyub. Və yaxud, il olub, 2018, hələ də “Quql”un kəşfindən xəbərsiz insanlar var. Oyun olan gün, ümumiyyətlə, o insanların əlindən zara gəlirik.
- Nə istəyirlər onlar sizdən?
Türkər:
- “Admin, link at, oyuna baxmaq istəyirik”. Onsuz da, Azərbaycanda “Barselona”nın oyunlarını canlı verən 1 kanal var-İdman Azərbaycan. Dövlət Televiziyası isə sadəcə Çempionlar Liqasını yayımlayır. Həmin 1 kanalda oyun getmirsə, deməli, heç yerdə verilmir. Dünyada da vur-tut 2-3 kanal var ki, ölkəmizdə yayım hüququ var. Bu 4 kanalda yoxdursa, “Quql” vasitəsilə axtarıb tapmaq olar. Ancaq tənbəl istifadəçilər oyunu axtarmaqdan bizim səbrimizlə oynamağı daha üstün tuturlar (gülür).
- Gənclər, sizə və klubunuza radikal uğurlar arzu edir və “Barselona”nın bu günədək vurduğu qollar qədər yeni layihələr hazırlaya bilmənizi ümid edirik.
- Biz də sizə fəaliyyətimizi işıqlandırdığınız üçün təşəkkür edirik.
Zümrüd Kərimova,