Bakıda daş-qalaq üsulu ilə evdən qovma: - “Elə bil Suriya idi...”

8-02-2018, 16:54           
Bakıda daş-qalaq üsulu ilə evdən qovma: - “Elə bil Suriya idi...”
Xəbər verdiyimiz kimi Bakının Yasamal rayonu, Hüseyn Cavid prospekti, 566-cı məhəllədə çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksi inşa edən “Olympus park” tikinti şirkəti sakinləri kompensasiyanın məbləğindən narazı olan sakinləri öz evlərindən çıxarmaq üçün misli görünməmiş üsula əl atıb. Fevralın 5-də şirkətə məxsus ağır texnika ilə birlikdə 20-yə yaxın şəxs gecə saatlarında qəfildən sakinlərə hücum edərək onları daş-qalaq edib.

Bakıda sökülən evlərinə görə təklif olunan kompensasiyanın məbləğindən narazı qalan və nəticədə evlərini tərk etmək istəməyən sakinlərlə tikinti şirkətləri arasında münaqişələr bundan əvvəl də dəfələrlə baş verib. Lakin beləsini-narazı sakinləri evlərindən daş-qalaq üsulu ilə qovmağı hələ nə eşidən, nə görən olmamışdı.

Ötən gün fevralın 7-d Tikinti baronlarının sakinlərə qarşı bu misli görünməmiş aqressivliyinin, daha doğrusu cinayətinin (daş-qalaq zamanı bir neçə sakin xəsarət alıb) baş verdiyi ünvana baş çəkdik. Sakinlər bu hücumun şokundan hələ çıxa bilməyiblər.


“Elə bil Suriya idi...”

Onlar danışırlar ki, şirkət 4 ildir burada tikinti aparır və indiyə qədər 50-dən artıq ailəni eyni üsulla- qorxudub təhdid etməklə evlərindən köçürüblər. Azad Məmmədov evini dəyər-dəyməzə tikinti şirkətinə satmaqdan imtina edən və bütün təzyiqlərə baxmayaraq dörd tərəfi nəhəng katlavanlarla əhatə edilmiş , qəzalı vəziyyətə salınmış evlərində yaşamağa çalışan sakinlərdən biridir. Deyir ki, belə vəziyyətdə yaşayan 6 ailə var, onlar təklif edilən kompensasiyanın məbləğindən razı deyil və evlərini satmaq istəmir.

-Fevralın 5-dən 6-a keçən gecə saat 12-yə qalmış qəfildən evimizə hücum elədilər. Qabaqda traktor gəlirdi, ardınca isə 20-yə yaxın şəxs bizi daşlayırdı. Uşaq, qoca bilmirdilər, daş-kəsəklə haramıza gəldi vururdular. Biz də qışqırırdıq, haray salırdıq, amma heç əhəmiyyət də vermirdilər. Daşları elə atırdılar, elə bil başımıza güllə yağırdı. Sanki Suriya idi, əsl qırğın...Belə zülmü heç düşmən adama eləməzdi,-Azad Məmmədov tikinti baronlarının adamlarının atdıqları daşlardan aldığı xəsarətlərin yerini göstərib danışır.

-Bunlar əvvəlcə vurulanlardır,- daş-qalaqdan zərər çəkmiş digər sakin Zemfira İbrahimova söhbətə qoşulur.


Bu yaşlı qadının da əlləri və ayaqları atılan daşlardan göyərib.

-Əvvəl daşları ayaqlarıma vurdular, sonra əllərimə dəydi. Hələ qızımın əl-ayağı lap betər gündədir, heyf işdədir, onu göstərə bilmirik. Daşları da bu gün təmizləmişik, bütün bura daş-kəsək idi. Zivədə asılan paltarlarımızı da parça-parça ediblər. Uşağın gödəkçəsinin yarısı tapılmayıb, bir hissəsini də buradan asmışıq, - qadın ipdən asılmış gödəkçənin qalıqlarını bizə göstərir.

“Qarabağ döyüşçüsünün anasını oturduğu kreslo ilə atdılar çölə...”

Sakinlər deyirlər ki, son 2-3 gün ərzində o qədər həyəcan keçiriblər ki, bu gün “çildağa” üz tutmalı olublar.


-İndi Məşədi Dadaş məscidindən çıldağdan gəlirik. Bütün ailəni aparmışdım, körpə uşaqlar, böyüklər, hamısı qorxublar. Bu qış günündə bizi evimizdən didərgin salmaq istəyirlər. Daş-qalaq edən gün ipdə nə qədər paltarımız var idi, hamısı cırıq-cırıq olub. Baxın, bu soyuqda gedib özümə başmaq almışam, ayaqqabılarımın da ələ gələsi deyil, - qışqırmaqdan səsi batmış A. Məmmədov dərdini danışmaqda davam edir.

Sakinlər danışır ki, “Olympus park” şirkəti indiyə kimi heç kimi razılıqla köçürməyib, hamını hədə-qorxu ilə evlərindən çıxarıblar. Onların dediyinə görə, hələ evi sökülən sakinlərdən heç biri tikinti aparanlara “xeyrini görəsən” deməyib. Çünki hamını təhdidlə, zülmlə, dava-dalaşla çıxarıblar. Artıq məhkəmələr də bu şirkətdən olan şikayətlərdən bezib, onların işinə baxmaq istəmir.


-Bizim bəxtimiz gətirib ki, bir neçə ailə bir yerdə yaşayırıq. Tək olsaydıq, çoxdan kürüyüb atmışdılar küçəyə. Qarabağ döyüşçüsünün anasını, tənha yaşayan qadını qəfildən buldozerin qabağına qatıb oturduğu kreslo ilə birlikdə atdılar çölə. Özü də şəkər xəstəsi idi. Yazıq qorxusundan onların dediyi ilə razılaşıb həmin gün evindən çıxdı, - bunu da Nazilə İbrahimova adlı sakin deyir.

Alanda 1500 manat, satanda 2500

Bu şirkətin əsl sahibini sakinlərdən heç kim tanımır. Deyirlər heç üzünü də görməyiblər. Sakinlərlə söhbəti şirkətin sıravi işçiləri aparır, onlar da ancaq təhdid dili ilə danışırlar.

“Bizim evlərimizi söküb yerində 20-mərtəbəli bina tikirlər, bütün mərtəbələrini də indidən satırlar. Amma mənim evimin ikinci mərtəbəsini hesaba almır ki, guya kvadrata düşmür. Bəs sən niyə 11-ci mərtəbədə bir mənzili 200 minə satırsan? Satma da, ver havayı. Mənim mülküm hesaba alınmırsa qoy sənin tikdiyin mənzillərdən də biri sayılmasın”, - Tural İsmayılov adlı sakin tikinti şirkətinin qarasınca deyinir.


Sakinlər deyirlər ki, onların evlərinə əvvəlcə hər kvadrat metrinə görə 1500 manat, sonra isə minnətlə 1650 manat qiymət müəyyən ediblər. Amma sökülən evlərin yerində tikilən 23 mərtəbəli binada təmirsiz mənzilin kvadrat metrini 2500 manata satırlar.

Hər kvadratmetrə görə təklif edilən məbləğin az olması bir yana, sakinlərə yuxarı mərtəbənin hesaba alınmayacağını, yaxud yuxarı mərtəbənin aşağı mərtəbədən ucuz olduğunu da deyirlər.

“Mənim evimin aşağısını 55 kv metr, yuxarısını 35 kv metr hesablayır. Ev bəyəm qarmondur, yuxarıdan yığılır? Həyətimizi isə heç saymırlar. Deyirlər onsuz da boş yerlər bizimdir”-sakin A.Məmmədov deyir.

İcra başçısı tikintini dayandırdı, amma...

Daş-qalaqdan sonra Yasamal rayonun yeni təyin olunmuş icra başçısı Əziz Əzizov da sakinlərə baş çəkib. Sakinlər deyirlər ki, icra başçısının göstərişindən sonra tikinti müvəqqəti dayandırılıb. Habelə Yasamal Rayon 27-ci polis bölməsinin rəisi də sakinlərlə görüşüb. Sakinlər daş-qalaq olunmaları ilə bağlı polis bölməsində ərizə yazsalar da, hələ ki, nəticəsi yoxdur. Üstəlik tikinti baronları məhəllədə şaiyə yaydırır ki, narazıları evlərindən çıxarmaq üçün kişiləri tutdurmaq lazımdır.

“Deyirlər ki, bir-iki nəfərinin cibinə narkotik atıb içəri atacaqlar. Necə olur ki, həbsdən qaçan dustağı heç 20 saat kemədən tutdular, bizə daş atan 20 nəfərdən birini də tuta bilmirlər? ”,-sakinlər sual edir.

“Olympus park” şirkətindən daş-qalaq hadisəsi ilə bağlı açıqlama almaq istəsək də, şirkətin ofisdə heç kimi tapa bilmədik...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.