Ayaz Mütəllibov Xocalı ilə bağlı Serj Sarkisyana cavab verdi - VİDEO
8-02-2018, 17:58
Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov erməni prezident Serj Sarkisyanın AŞ PA-da Xocalı soyqırımı ilə bağlı çıxışı zamanı ünvanına səsləndirdiyi ittihamlara cavab verib.
A.Mütəllibov “Ölkə.Az”-a açıqlamasında Serj Sarkisyanın yalançı və qatil prezident olduğunu bildirib:
“Serj Sarkisyan AŞPA-nın iclasında Səməd Seyidovun Xocalı soyqırımı ilə bağlı sualına dürüst cavab vermək əvəzinə, növbəti dəfə təxribata əl atıb. Mən heç zaman Xocalı soyqırımının azərbaycanlılar tərəfindən törədildiyini deməmişəm. Serj Sarkisyan AŞPA-nın toplantısında növbəti dəfə dünyanı çaşdırmağa və aldatmağa çalışır. O, çox şərəfsizcəsinə öz yalanları ilə dünyanı inandırmağa çalışır. Serj Sarkisyana demək istəyirəm ki, sən, əli günahsız azərbaycanlıların qanına batmış canisən, bu yolla hakimiyyətə gəlmisən. Xocalı soyqırımını da bilavasitə sənin başçılıq etdiyin quldur silahlı dəstələr törədib!”.
A.Mütəllibov qeyd edib ki, Xocalı soyqırımı törədilən zaman Serj Sarkisyan Azərbaycan vətəndaşı olub:
“Yəqin ki, Serj Sarkisyan “Xocalı soyqırımını Azərbaycan törədib” deyəndə, özünü nəzərdə tutub. Çünki həmin vaxtı çox təəssüf ki, Serj Sarkisyan da Azərbaycan vətəndaşı olub. Ermənilər Sarkisyanı Qarabağ ermənisi hesab edə bilər. Ancaq bu o demək deyil ki, Qarabağ Azərbaycandan ayrıdır! Qarabağ hər zaman Azərbaycanın olub, bundan sonra da bizim olacaq. Bütün beynəlxalq sənədlərdə də Qarabağ Azərbaycanın tarixi torpağı kimi göstərilir”.
A.Mütəllibov ermənilərin onu Xocalı soyqırımında “günahkar” kimi göstərməsinə görə AXC-Müsavat hakimiyyətini günahlandırıb:
“AXC-Müsavat üzvləri 1992-ci ildə Xocalı soyqırımından sonra mənim istefamı tələb edəndə mən onlara deyirdim ki, belə etməyin, sonra ermənilər bundan Azərbaycana qarşı sui-istifadə edəcəklər və sairə. Amma həmin dövrdə AXC-Müsavat üzvləri məni dinləmədi. Nəticədə də ermənilər bundan istifadə edərək, dünyaya car çəkdilər ki, guya Xocalı soyqırımının günahkarı ermənilər yox, Azərbaycanın o dövrdəki iqtidarıdır. Yəni, guya günahkar mən olmuşam. Əslində, bu ermənilərin hiyləsi idi. Həmin dövrdə AXC-Müsavat üzvləri mənim istefamı tələb etməklə, ermənilərə əsas yaratmamalı idilər. Bu böyük tarixi səhv idi. Gördüyünüz kimi, Serj Sarkisyan səviyyəsində bu gün də ermənilər bu məqamdan Azərbaycana qarşı təxribat olaraq istifadə edirlər”.
Xatırladaq ki, 22-26 yanvarda Strasburqda keçirilən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında çıxışı zamanı Milli Məclisin deputatı Səməd Seyidov Xocalı soyqırımını törətdiyinə görə erməni prezident Serj Sarkisyanın cəzalandırılmasını istəyib.
İclasda iştirak edən Serj Sarkisyan isə Xocalı soyqırımını törətməsi ilə bağlı suallardan qaçaraq, təxribata əl atıb və Xocalı ilə bağlı sabiq prezident Ayaz Mütəllibovu günahlandırıb.
[media=https://www.youtube.com/watch?v=vPTbO0PSkbA]