Qorxduğu kimi yaşayıb, qorxduğu kimi ölən aktrisa: Onu addım-addım izləyən nə idi?
9-02-2018, 22:20
Həyatının böyük sevgisini yaşamışdı, amma bu sevgi ailə həyatı ilə tamamlanmamışdı, çünki sevdiyi şəxs onun sənətini qəbul etmirdi
Tənhalıq — milyonların sevgisini qazandığın halda kimsəsiz ölməkdir. Əlinin heç yerə çatmaması, öləndən sonra cəsədinin belə, 3 gün sonra aşkarlanmasıdır tənhalıq. Bəlkə də elə buna görə hamımız tənhalıqdan qorxuruq.
O da qorxurdu. Tamaşaçılarının sevimlisi olsa da, teatr səhnələrində, ana, qaynana obrazları canlandırsa da, heç zaman ailə qurmayan, ana olmayan Xalq artisti Zərnigar Ağakişiyeva dünən gecə saatlarında evində ölü tapılıb.
Aktrisa ilə bağlı xatirələrim çox olmasa da, illər əvvəl 3-4 dəfə müsahibə almışdım. Hər zaman sadə geyinər, amma çox makiyaj edərdi. Deyirdi ki, qocalmaq istəmir. İstəmir ki, kimsə onu üzü-gözü qırışlı, haldan düşmüş vəziyyətdə görsün.
19 yaşında Bakıya gəlmişdi. Düşünürdü ki, Bakı onun xəyallarını gerçəkləşdirəcək. Amma düşündüyü heç bir şey həyata keçməmişdi. Əvəzində isə çoxlu tamaşaçı sevgisi qazanmışdı.
Zərnigar Ağakişiyeva ailə həyatı qurmamışdı. Amma müsahibələrimizin birində 13 il biri ilə eyni evdə yaşadığını demişdi. Bunu da ailə kimi qəbul etmirdi. Düşünürdü ki, əgər iki nəfərin birlikdəliyində uşaq yoxdursa, bu, ailə deyil. Və qadın azaddırsa, kişi də azad olur, belə birlikdəlik isə bir ömür sürə bilməz.
Həyatının böyük sevgisini də yaşamışdı. Amma bu sevgi ailə həyatı ilə tamamlanmamışdı. Çünki sevdiyi şəxs onun sənətini qəbul etmirdi. Zərnigar xanım deyirdi ki, sənətinin həkim və ya müəllim olduğunu deyəndə, hamı "əladır" deyir. Aktrisalıq sənətini isə heç kim qəbul etmək istəmir. Elə məhz buna görə də ailəsi olmamışdı Zərnigar Ağakişyevanın.
Deyirdi ki, tənhalıqdan hələ uşaq vaxtlarından qorxurmuş və bu qorxu bütün həyatı boyu onu addım-addım izləyib. Uşaq götürüb saxlamaq istəsə də, maddi sıxıntılarına görə bunu edə bilməmişdi.
Bir dəfə söhbətimiz zamanı demişdi ki, qohumlarının bir qızı var, ona qızı kimi baxır. Düşünür ki, o qız da ona baxacaq. Sonrakı görüşlərimizdə bu barədə söhbət açanda danışmaq istəməmişdi.
Uzun illər idi ki, şəkər xəstəliyindən əziyyət çəkirdi. Bəzən pəhriz də saxlamaq istəmirdi. Deyirdi ki, pəhriz onun üçün deyil. Ömrünün son illərində isə əsəblərinin qaydasında olmadığını deyirdi. Deyirdi ki, gəncliyində yaşadığı əsəb-stress özünü indi biruzə verir. Buna görə də, tənhalığı sevirdi. Heç kimin xətrinə dəyməmək üçün. Elə həyatdan da tənha getdi.
Aktrisanın sənət dostları onu belə xatırlayır:
Respublikanın Əməkdar artisti Sənubər İsgəndərli Sputnik Azərbaycan-a danışır ki, sonuncu dəfə Zemfira xanımı 2 il öncə 70 illik yubileyində görübmüş: "Özü dəvət etmişdi məni. Çox adam da yox idi. 10-15 nəfər ancaq olardı. Ad günündən sonra bir neçə dəfə telefonla danışdıq, görüşdük. Evinə də gedirdim".
"Amma birdən-birə hamı ilə əlaqəsini kəsdi. Nə telefonlarımıza cavab verirdi, nə də evinə gedəndə qapını üzümüzə açırdı. Bu, təkcə mənə qarşı belə deyildi. Bütün iş yoldaşlarımızla eyni cür davranırdı. Amma başa düşməyə çalışırdıq. Onun tez-tez belə özünə qapılan halları olurdu" — aktrisa deyir.
S.İsgəndərli bildirir ki, Z.Ağakişiyeva sənətdən tez getməsəydi, Azərbaycan səhnəsinə daha böyük obrazlar bəxş edə bilərdi: "Amma təəssüf ki, sənətdən də özü getdi. Dəfələrlə onu geri çağırsalar da, qayıtmadı. Elə özünə qapılmağı da özü seçdi. Böyük sənətkar idi, Allah rəhmət eləsin".
Xalq artisti Məleykə Əsədova da, Zərnigar Ağakişiyeva haqqında öz ürək sözlərini bölüşüb: "Bu gün incəsənət aləminə ağır itki üz verib. Sözün həqiqi mənasında çox böyük sənətkar, çox məsuliyyətli və çətin obrazlara imza atan, mənim çox yaxın sənət dostum, Respublikanın Xalq artisti Zərnigar xanım Ağakişiyeva dünyasını dəyişib".
"Bu sözləri göz yaşı ilə yazıram, çünki sənətdə onunla bir səhnədə, bir çox tamaşalarda tərəf müqabili olmuşam", — deyə Əsədova öz "Instagram" səhifəsində yazıb.
Daha sonra Xalq artisti hisslərini belə ifadə edib: "Bununla belə, illərlə bir qrim otağında yoldaşılıq etmişik. Ən əsas da həyatda ana-bala münasibətlərində olmuşuq. Axır vaxtlar telefonlara cavab vermirdi, evində gedəndə də qapını açmırdı. Telefonda sonuncu danışığımızda dedi ki, "tək qalmaq istəyirəm". Gedib şəhəri gəzir, gəlib televizora baxırdı. Belə rahat hiss edirdi özünü. Dəfələrlə danışığımız olub, demişəm ki, "Zara, sən tək özünə deyil, Azərbaycan səhnəsinə də lazımsan. Tamaşaçılar səni görmək istəyir".
"Zərnigar xanım — mənim çox gözəl ürək dostum, anam, bacım, xalqımın aktrisası, səhnə və mən sizin üçün çox darıxacağıq. Qəlbimdə danışdığımız, güldüyümüz, ağladığımız, kədərləndiyimiz günlər həmişə qalacaq. Siz unudulmayacaqsınız. Sənətkarın nə yaşı, nə ömrü olur. Sənətkar həmişəyaşardır. Allah rəhmət eləsin, ruhun şad olsun", — deyə aktrisa əlavə edib.
Qeyd edək ki, Xalq artisti Zərnigar Ağakişiyeva ürək çatışmazlığından dünyasını dəyişib. Bir neçə gündür ki, yaxınlarının telefonlarına cavab verməyən aktrisadan narahat qalan yaxınları Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətinə müraciət edib. Xüsusi Riskli Xilasetmə Xidməti əməkdaşları tərəfindən qapı açıldıqdan sonra 73 yaşlı aktrisanın 3 gün əvvəl dünyasını dəyişdiyi məlum olub.
Yadımdadır, deyirdi ki, qorxuları var. Bəzən düşünür ki, bəlkə bir ağrısı, çətin vəziyyəti olar, telefona əli çatmaz. Deyəsən, hiss edirmiş dünyadan belə köçəcəyini… Bəzən övlad nisgilini dilə gətirsə də, sonra özünə təsəlli verib deyirdi: Mənim övladlarım rollarımdır…
Xatırladaq ki, Zərnigar Fəti qızı Ağakişiyeva 1945-ci ildə Quba rayonunun Rustov kəndində doğulub. O, 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib. Təhsilini tamamlayandan sonra, bir müddət Tədris teatrında aktrisa kimi çalışan Z.Ağakişiyeva, rejissor Əşrəf Quliyevin dəvəti ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ilk tamaşası 19 may 1973-cü ildə göstərilən A.Ostrovskinin "Müdriklər" dramında Mamayeva rolunu oynayıb. 1974-cü ildən isə Akademik Milli Dram Teatrının aktyor heyətinə aktrisa kimi qəbul olunub.
Zərnigar Ağakişiyeva yaradıcılığının xarakterik xüsusiyyətlərinə görə realist aktyor məktəbinin poetika göstəricilərinə daha uyğundur. Yaratdığı obrazlar tamaşaçılar tərəfindən həmişə maraqla qarşılanırdı. "Vaqif"-də Xuraman, "Kölgələr pıçıldaşır"-da Şəfəq, "Təhminə və Zaur"-da Zivər ana, "Ölülər"-də Kərbalayi Fatma və s. digər rolları ilə tamaşaçılarının ürəyində həmişə yaşayacaq.
Aktrisa Azərbaycan Dövlət Televiziyasının hazırladığı teletamaşalarda və "Azərbaycanfilm"in istehsal etdiyi bir çox filmlərdə çəkilib. 1982-ci ildə Əməkdar artist, 2000-ci ildə Xalq artisti fəxri adlarına, 2014-cü ildə isə "Şöhrət" ordeninə layiq görülüb. Prezident təqaüdçüsü olub.
Xalq artisti bu gün doğulduğu Quba rayonunda dəfn edilib. Allah rəhmət eləsin!
İradə Cəlil, Sputnik Azərbaycan