Şaumyanın Gəncəyə şok məktubu, ermənilərin məşum siyahısı – Brifinq
10-02-2018, 11:10
“Brifinq” layihəsinin növbəti qonağı “Şərq” qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlıdır.
Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şərəfli səhifəsidir
Səxavət Həmid: – Akif bəy, 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə bağlı Prezident İlham Əliyevin yanvarın 10-da imzaladığı sərəncamı necə qiymətləndirirsiniz?
– Təbii ki, çox yüksək, xalqın arzusu, istəyi kimi qiymətləndirirəm. Əgər biz Prezidentin imzaladığı sərəncamdan sonra sosial şəbəkələrə diqqət yönəltsəydik, orada bir cümhuriyyətçilik ab-havasının olduğunu görərdik. Bu da xalqın Cümhuriyyətə olan hörmətindən irəli gəlirdi. Hesab edirəm ki, bu, çox yaxşı bir addım oldu. Digər tərəfdən, Prezident 2017-ci il mayın 16-da müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd edilməsinə dair sərəncam imzalayıb. Yəni, bu iki sərəncama kompleks yanaşılmalıdır və onların hər ikisinin çox böyük əhəmiyyəti var. Bundan başqa Prezident 2018-ci il yanvarın 18-də 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncam imzaladı.
Azərbaycan Xalq Cümhuriyyəti tariximizin çox şərəfli bir səhifəsi, bizim öyünəcəyimiz bir tarixdir. Həm də bu tarix bizə müstəqil dövlət qurmağı, onu idarə etməyi, cümhuriyyətçilik ideyalarını, parlamentarizmi öyrətdi, bizə azad düşüncəyə, plüralizmə malik cəmiyyətin qurulmasını təlqin etdi. Bu baxımdan bir daha qeyd etmək istəyirəm ki, sözügedən sərəncamları çox yüksək qiymətləndirirəm.
AXC qurucularına abidə kompleksi ucaldılmalıdır
S.Həmid: – Cümhuriyyət ili çərçivəsində hansı addımların atılmasını zəruri hesab edirsiniz?
– Hesab edirəm ki, AXC qurucularına bir abidə ucaldılmalıdır. Bu, bir abidə kompleksi şəklində ola və təkcə Bakı şəhərində olmaya da bilər. Bunu Azərbaycanın müxtəlif bölgələrində də etmək olar. Məsələn, bunu Göyçayda, Gəncədə, Qazaxda, yaxud istiqlal savaşını özündə əks etdirən ölkənin digər tarixi məkanlarında da etmək olar.
Qurban Yaquboğlu: – Yeri gəlmişkən, Tiflisdə necə, belə bir abidə ucaldıla bilərmi? Hər halda Tiflis Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi məkandır. Belə bir razılaşma əldə etmək olarmı?
– Ola bilər. Çünki qeyd etdiyiniz kimi Azərbaycan Xalq Cümhuriyyəti ilk dəfə orda elan olunub və iyun ayının 17-də Gəncəyə köçüb. Qafqaz İslam Ordusu Gəncəyə gələndən sonra Azərbaycan milli hökuməti orda fəaliyyətə başladı. Yəni, bu baxımdan ola bilər ki, Tiflisdə də belə bir abidə ucaldılsın. Amma Gürcüstan müstəqil bir dövlətdir. O dövlətin ərazisində bunu etməyin mümkün olub-olmaması kimi, ediləcəksə, hansı şəkildə olması kimi məsələlər var. Amma prinsip etibarilə mümükndür.
Tiflisdə həllini tapan təkcə Azərbaycanın müstəqilliyi məsələsi deyildi. Həm də Gürcüstanın, Ermənistanın, Dağlılar Cümhuriyyəti – Şimali Qafqaz xalqlarının mustəqilliyinin elan olunması Tiflisdə mümkün oldu. Digər tərəfdən həmin dönəmdə siyasi proseslərin mərkəzi Tiflis idi. Alman ordusunun komandanlığının təmsilçiləri Tiflisdə idi, həmçinin, Türkiyənin hərbi-siyasi elitası Batumda danışıqlar aparırdı. Yəni, bu baxımdan hesab edirəm ki, o yerlər də AXC ilə bağlı tarixi məkanlardır.
Pərviz Cəbrayıl: – Yəni, ən azı tədbirlər keçirmək olar…
– Yaxşı bir məqama toxundunuz. Mən düşünürəm ki, bu tədbirlərin Tiflisdən başlanması yaxşı olardı. Sonra bu tədbirlər Gəncədə, Bakıda, İstanbulda, Parisdə davam etsin. Bu yerlərdə konfranslar keçirmək olar. Bunu Almaniyada da etmək olar. Yəni, Azərbaycanın istiqlalının xəritəsini özündə ehtiva edən bir yol xəritəsi çəkmək və yubiley tədbirlərini həmin yerlərdə keçirmək olar.
Nuru Paşaya da abidə qoyulmasına çox ciddi ehtiyac var
Bundan başqa Nuru Paşaya ayrıca bir abidənin qoyulmasına çox ciddi ehtiyac var. Bu, çox böyük tarixi ədalət, onun xidmətlərinin Azərbaycan xalqı tərəfindən qiymətləndirilməsi olardı. Çünki Qafqaz İslam Ordusu gəlməsəydi, Azərbaycanın müstəqilliyi və sərhədlərinin 114 min kvadrat kilometr olması sual altında idi. Məsələn, 1918-1919-cu illərdə Ermənistanın baş naziri olmuş Daşnaksütyun Partiyasının üzvü Ovanes Kadjaznuni etiraf edir ki, Zaqafqaziya Seymində əsas güc Azərbaycanın tərəfində idi. Bunu da Türkiyənin bölgədə artıq böyük bir hərbi-siyasi güc kimi çıxış etməsi ilə əsaslandırır. Yəni, bu baxımdan hesab edirəm ki, bu il yüzilliyi tamam olacaq Bakının qurutuluşunu təmin etmiş Qafqaz İslam Ordusu ilə bağlı abidə qoyulmasına, bu tarixin də yüksək səviyyədə keçirilməsinə ehtiyac var.
Bir məsələni də qeyd etmək istəyirəm. Biz fevralın 3-də Novxanıda olduq. Orda Məmməd Əmin Rəsulzadənin doğulduğu evi ziyarət etdik. Ora hazırda uşaq bağçasıdır. İnanın ki, orda çox yaxşı bir ab-hava var idi. Həyəti, bağı-bağçası olan tarixi bir binadır. Tarixilik qorunub saxlanılıb. Biz o binanı gəzəndə gördük ki, qapıları, qapıların cəftəsi də dəyişilməyib, yerindədir. Baxdıq ki, abidənin arxasında da bir müasir uşaq bağçası var. Beləliklə, hazırda uşaq bağçası olan Rəsulzadənin doğulduğu evi onun ev muzeyinə çevirmək olar. Orda restavrasiyaya da böyük ehtiyac yoxdur, qeyd etdiyim kimi, qədimilik də qorunub saxlanılıb. AXC-nin 100 illiyi və Azərbaycanda AXC ili çərçivəsində bunları etmək olar.
P.Cəbrayıl: – Rəsulzadənin doğulduğu evin indiki durumu necədir?
– Bilirsiniz ki, 1990-cı illərdə əlifba islahatına yeni başlanan vaxtlarda “ə” hərfi “a” hərfinin üstünə iki nöqtə qoyulmaqla yazılırdı. Yəni, orda “Bu evdə Məmməd Əmin Rəsulzadə dünyaya gəlmişdir” yazılan iki plakat da o illərdən – “ə” hərfinin qeyd etdiyim formada yazıldığı dövrdən qalmadır. Ancaq həmin plakatlar o qədər də cəlbedici deyil. Yəni, onları da yeniləmək olar.
AXC jurnalistlərin daha çox öyünəcəyi bir tarixdir
Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan jurnalistlərinin daha çox öyünəcəyi bir tarixdir. Çünki AXC-nin qurucularının böyük əksəriyyəti jurnalistlər olub. Dövlər idarəçiliyində iştirak edən şəxrlədən böyük əksəriyyəti qələm adamları idi. Çünki cümhuriyyətçilik ideyası, ümumiyyətlə daha çox jurnalistlərinin qələmindən çıxıb. Onların yazılarından, fikirlərindən doğuldu. AXC sözdən yarandı. Bu sözləri dilə gətirən də başda baş mühərrir Məmməd Əmin Rəsulzadə olmaqla jurnalistlər oldu. Onun və silahdaşlarının rəhbərlik etdiyi qəzetləri sadalasaq, çox uzun bir siyahı alınar. Xeyli yaxşı tədbirlər keçirməyə ehtiyac var.
P.Cəbrayıl: – Bu kontesktdə jurnalistlər arasında sırf AXC-nin yüz illiyi mövzusunda böyük, sanballı müsabiqənin keçirilməsi yaxşı olmazmı?
– AXC-nin 100 illiyinin qeyd edilməsinə dair prezidentin ötən ilin mayında imzaladığı və az öncə haqqında bəhs etdiyimiz sərəncamda yubileyə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsi Nazirlər Kabinetinə tapşırılıb. Çox təəssüf ki, cəmiyyət bu tədbirlər planının nədən ibarət olması, hansı tədbirlərin keçiriləcəyi barədə hələ məlumatlandırılmayıb.
P.Cəbrayıl: – Əslində, çox az vaxt qalıb...
– Bəli, çox az vaxt qalıb. Yəqin ki, yaxın günlərdə cümhuriyyətin 100 illiyi ilə bağlı tədbirlərin şahidi olacağıq.
O ki qaldı müsabiqənin keçirilməsinə... Müsabiqələr keçirilir, artıq bəziləri elan olunub. Məsələn, İçərişəhər Dövlət Qoruğu İdarəsi bir müsabiqə elan edib, şərtləri açıqlayıb. Bildiyim qədər Parlament Jurnalistləri Birliyi də belə bir müsabiqə keçirir.
KİVDF 100 illiklə bağlı ayrıca müsabiqə elan etsə, yaxşı olar
Düşünürəm ki, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 28 May münasibətilə böyük bir müsabiqə elan etməlidir. Baxmayaraq ki, KİVDF-nin ildə üç dəfə – Novruz bayramı, Milli Mətbuat Günü, Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müsabiqə elan etməsi nəzərdə tutulub. İstisna hal kimi bu il Prezidentin sərəncamından çıxış edərək, ondan yaranan bir ideya kimi mayın 28-i ərəfəsində bir müsabiqənin elan edilməsi çox cəlbedici olar. Özü də bu zaman daha yaxşı şərtlər irəli sürülə, məbləğ də bir qədər artırıla bilər. Məsələn, AXC-nin 100 illiyi ərəfəsində simvolik olaraq 100 jurnalistin mükafatlandırılması yaxşı olar. İndi bunu edərlərsə, çox gözəl, etməzlərsə də, canları sağ olsun.
S.Həmid: – “Şərq” qəzetinin “Cümhuriyyətçi jurnalistlər” layihəsi barədə bir qədər məlumat verməyinizi xahiş edirik. Əvvəlcə bir məqamı dəqiqləşdirək; bu KİVDF-yə təqdim olunub qalib gəlmiş layihədir, yoxsa?
– Xeyr, heç bir qurumun layihəsi deyil, qəzetin özünün təşəbbüsüdür və öz imkanlarımızla bu ideyanı gerçəkləşdirməyə çalışırıq. Bu ideya əvvəlcədən var idi. Biz “Şərq” qəzeti olaraq cümhuriyyətin 100 illiyinə hansı formada töhfə verməyi fikirləşirdik. Müxtəlif fikirlər var idi. Mən hesab etdim ki, ən doğru variant “Cümhuriyyətçi jurnalistlər” layihəsinə start verməyimiz və bir il müddətində bu layihəni həyata keçirməyimiz ola bilər. “Cümhuriyyətçi jurnalistlər” layihəsində AXC-nin qurucularından olan jurnalistlərin anılması nəzərdə tutulub. Layihə çərçivəsində "Şərq” qəzetində cümhuriyyətçi jurnalistlər, onların fəaliyyəti, cümhuriyyət tarixinə verdiyi töhfələrdən bəhs edən araşdırma yazılar hazırlanıb, dərc ediləcək.
Başlanğıc olaraq Fəxri Xiyabanı seçdik. Çünki Fəxri Xiyabanda AXC-nin quruculuğunda iştirak etmiş insanlar uyuyur. 1918-1920-ci illər mətbuatında, ondan əvvəlki dövr, hansı ki, AXC-yə hazırlıq mərhələsi idi – orada iştirak edən jurnalistlər var. İlkin olaraq onların məzarlarını ziyarət etdik. Həsən bəy Zərdabinin məzarını ziyarət etməkdən başladıq. Daha sonra Üzeyir Hacıbəylinin məzarını ziyarət etdik. Bilirsiniz ki, “Azərbaycan” qəzetinin redaktoru onun qardaşı Ceyhun Hacıbəyli idi. O, Versal sülh konfransına getdikdə qəzeti Üzeyir bəyə tapşırdı və 1919-cu ildən 1920-ci ilədək qəzetin baş redaktoru bu şəxs oldu. “Azərbaycan” qəzeti də Cümhuriyyət tarixinin ən böyük salnaməsidir. Ümumiyyətlə, “Azərbaycan” qəzeti cümhuriyyətçilik, istiqlalçılıq ideyasının xalqa aşılanmasında çox böyük xidmətlər göstərmiş bir mətbuat orqanıdır. Onun da başında Üzeyir bəy dayanıb.
Sonra Üzeyir bəyin qardaşı Zülfüqar Hacıbəylinin məzarını ziyarət etdik. Zülfüqar bəy özü opera sənətimizə, milli musiqi sənətimizə nə qədər xidmət edibsə o qədər də Azərbaycan mətbuatına xidmət edib. “Övraqi-nəfisə” məcmuəsi 1919-cu ildə cəmi 5 nüsxə, özü də rəngli formatda çap olunsa da, mətbuat tariximizdə mədəniyyət, sənət tariximizi özündə əks etdirən ilk tarixi mətbuat orqanımızdır. Onun da redaktoru Zülfüqar Hacıbəyli olub.
Cəfər Cabbarlının məzarını ziyarət etdik. Çünki Cəfər Cabbarlı həm Cümhuriyyət dövründə parlamentdə stenoqrafçı işləyib, həm də müxtəlif qəzetlərdə yazılar çap etdirib, Müsavat Partiyasının fəal üzvü olub. 1920-ci il aprel işğalından sonra milli müqavimət hərəkatı ilk dəfə onun evində formalaşıb. Gizli Müsavat Partiyası onun evində qurulub. Buna görə də Cəfər Cabbarlı çox böyük təzyiqlərə məruz qalıb. 1923-cü ildə həbs olunub. Çoxsaylı təzyiqlərə ürəyi dözməyib və 1934-cü ildə dünyasını dəyişib.
Əbdürrəhim bəy Haqverdiyev bizim təkcə yazıçımız, mütəfəkkirimiz deyil. O, həm də AXC dönəmində müəyyən bir vəzifə tutub, Ermənistan Respublikasında səfir olub. Onun da məzarını ziyarət etdik.
“Molla Nəsirəddin”çi jurnalistika məktəbinin ən böyük nümayəndələrindən olan Əzim Əzimzadənin məzarını necə ziyarət etməyə bilərdik? AXC dönəmində həm “Şeypur”, həm “Zənbur” satirik jurnalları çap olunub. Düzdür, Əliheydər Qarayevin redaktorluğu ilə çıxan “Məşəl”, “Tartan-Partan” kimi jurnallar var idi. Ancaq müstəqilliyin əleyinə olanları satirik baxımdan tənqid atəşinə tutan, gülüş obyektinə çevirən Əzim Əzimzadə olub.
Abdulla Şaiq 1920-ci ilədək Arazdan Turana türkçülük ideyalarını təbliğ etmiş, romantik ədəbiyyatımızın formalaşmasında çox böyük xidmətləri olan bir şəxsdir. Onun qardaşı axund Yusif Ziya Talıbzadə həm mətbuatımızda, həm də Türkiyə-Azərbaycan münasibətlərinin formalaşmasında çox böyük xidmətlər göstərmiş insandır. Abdulla Şaiq həm də Məmməd Əmin Rəsulzadənin baş redaktor olduğu “Açıq söz” qəzetində ədəbiyyat bölümünə rəhbərlik edib. Abdulla Şaiq qəzetin səhifələrində milli şüurun oyanışı üçün lazım olan ədəbi nümunələri, milli marşları çap edib, istiqlalı, ordu quruculuğu kimi məsələləri tərənnüm edib. Bilirsiniz ki, əsgərlik məsələsi bir qədər çətin məsələ idi. Çar Rusiyası zamanında azərbaycanlıları uzun müddət hərbi xidmətə qəbul etməmişdilər. AXC qurucuları başa düşürdülər ki, ölkəyə ordu lazımdır. Bu prosesə ədəbi dətək verən Abdulla Şaiq idi. O, Qafqaz İslam Ordusu Bakını 1918-ci ilin sentyabrın 15-də azad edəndən sonra “Neyçün böylə gecikdin” adlı şeir yazıb, çap etdirib. Bütün bunlara görə sovet dönəmində böyük təzyiqlərə məruz qalıb. Biz onu necə unuda bilərik? O qəzetdə əsgərliyə, əsgər analarına çağırış şeirləri çap olunub. Çox dəhşətli bir şeydir. Böyük təəssüf hissi ilə deməliyəm ki, biz ancaq bəzi məhdud şeylərdən yapışırıq və prosesdə kimlərin iştirak etməsinin detallarına vara bilmirik.
P.Cəbrayıl: – Bütün bunlar kompleks şəkildə işlənilməli, kitablar ərsəyə gəlməli deyilmi?
– Bəli, işlənilməlidir. Çox təəssüf ki, qoya bilmirik, qoymamışıq. Şirməmməd müəllim (Şirməmməd Hüseynov-S.Həmid) Məmməd Əmin Rəsulzadənin irsi ilə bağlı xeyli iş aparıb. Ancaq hələlik bu da tam deyil.
S.Həmid: – İş elə gətirir ki, hər bir sualımız məntiqi ardıcıllıqla bir-birinə calanır. Mən elə bu yerdə cümhuriyyət qurucularının irsinin yetərincə öyrənilib-öyrənilmədiyi barədə sual vermək istəyirdim...
– Məsələn, bayaq Abdulla Şaiqin adını çəkdik. Məncə, onun AXC-yə verdiyi töhfələr, cümhuriyyət dövrü ədəbiyyatının formalaşmasında iştirakı hələ tədqiq olunmayıb. Xəlil İbrahim adlı bir şəxsiyyət var. O, Şəfi bəy Rüstəmbəylidən sonra bir müddət “Azərbaycan” qəzetinin rus versiyasının redaktoru olub. Biz Xəlil İbrahimi tədqiq edə bilməmişik. Onun haqında kifayət qədər materiallar var. O özü Şuşalıdır, Qarabağdan yana-yana yazıb, o ağrıları dilə gətirib. Biz onu da tədqiq edə bilməmişik. Haqqında yalnız bir-iki məqalə var, yaxud əsərlərinin, məqalələrinin bir neçəsi transliterasiya olunub.
23 ayda 200-dək qəzet çap olunub
Seyid Hüseyn çox maraqlı bir simadır. Onu öyrənmək lazımdır. Cəfər Cabbarlınının cümhuriyyət dönəmindəki fəaliyyətini tədqiqatçı-alim Asif Rüstəmli tədqiq edib. Bu, çox yaxşı bir haldır. Amma bu işləri hərtərəfli aparmaq lazımdır. Eyni zamanda AXC dövrü mətbuatı çox ciddi tədqiq olunmalıdır. Bu, qısa bir dövr olsa da, 200-ə yaxın qəzet çap olunub. Təkcə Azərbaycan dilində deyil, rus, gürcü, polyak, fransız, alman dillərində qəzetlər dərc edilib. Görün, bu nə qədər böyük bir xəzinədir. Hansı ki, biz hələ onu öyrənə bilməmişik.
Yaxud, Şəfi bəy Rüstəmbəyli ilə bağlı o qədər geniş tədqiqat aparılmayıb. Əkbər ağa Şeyxülislamovla bağlı dərin tədqiqatlarımız yoxdur. Milli ordu qurculuğu prosesində iştirak edən görkəmli sərkərdələrimiz var. 1920-ci ilin mayında Gəncədə baş tutan antisovet üsyanından sonra onların bir qismi Türkiyəyə köçdülər və türk ordusunda xidmətə davam etdilər. Onların fəaliyyəti tədqiq olunmalıdır. Çox təəssüf ki, bu da olunmayıb.
AXC işğal olunduqdan sonra Türkiyə mühacirət etmiş Məmməd Sadiq Aran çox böyük yazar, eyni zamanda Məclisi-Məbusanın, yəni parlamentin üzvü olub, Zəngəzurdan seçilib. Onun türkçülüklə bağlı çox böyük, dəyərli əsərləri var. O, təkcə Türkiyədə deyil, Finlandiyada da qəzetlər buraxıb. Biz onu tədqiq edib ortaya çıxara bilməmişik.
S.Həmid: – Az öncə adlarını çəkdiyiniz ədiblərin də sovet dövründə yalnız çar Rusiyası və sovet dövründəki fəaliyyəti tədqiq olunub...
– Bəli, onların AXC dövründəki fəaliyyəti, həyatlarının bu mərhələsi qaranlıq qalıb. O hissəni çap etməyiblər. Tədqiq etmək lazımdır ki, məsələn, Əbdürrəhim bəy Haqverdiyev hansı ağır şərtlər altında, hansı ağır şəraitdə İrəvanda səfir işləyib.
Yəni AXC dövrü ilə bağlı çox böyük boşluqlar var. Bəzən deyirik ki, biz tədqiq etdik, ortaya kitab qoyduq-filan. Ortaya qoyduqlarımız çox azdır. AXC qurucularının 23 ay müddətində gördükləri işin müqabilində bizim gördüyümüz iş çox cüzidir.
S.Həmid: – AXC qurucularının bəzilərinin, o cümlədən Məmməd Əmin Rəsulzadənin, Ceyhun Hacıbəylinin, Əlimərdan bəy Topşubaşovun məzarı xarici ölkələrdə yerləşir. Onların məzarının ölkəyə gətirilməsi zaman-zaman Azərbaycan cəmiyyətində müzakirə olunan məsələlərdəndir...
– Bilirsiniz ki, Əlimərdan bəy Topşubaşov 1934-cü ildə Paris ətrafında vəfat edib və Sen-Klu şəhər qəbirstanlığında dəfn olunub. Onun dəfn mərasimində çıxış edən Məmməd Əmin Rəsulzadə deyib ki, biz bu məzarları qərib ellərə əmanət kimi qoyuruq. Vaxt gələcək, Azərbaycan istiqlalını qazanacaq, bu məzarlar doğma Vətənə köçürüləcək. Məncə, bu məsələyə kimsə Məmməd Əmin Rəsulzadədən daha aydın, daha düzgün baxış ifadə edə bilməz. Düşünürəm ki, Məmməd Əmin Rəsulzadənin söylədiyi bu fikir siyasi mühacirlərin – ömrünü-gününü Azərbaycanın istiqlalına fəda edən insanların hər birinə şamil oluna bilər.
1918-ci ilin soyqırımına dair yeni sənəd əldə etmişik
– Akif bəy, 1918-ci il azərbaycanlıların soyqırımı məsələsi də Sizin tədqiqat dairənizə daxil olan məsələlərdəndir. Bu istiqamətdə hansı yeni faktlar var?
– 1918-ci il azərbayacanlıların soyqırımı ilə bağlı deyilir ki, tam hər şey araşdırılıb. Düzdür, Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Azərbaycan Xalq Cümhuriyyəti şöbəsinin bu sahədə çox böyük işləri var. Buna şəkk-şübhə yoxdur. Ancaq tam araşdırılmayıb. 1918-ci il soyqırımı ilə bağlı bir fakt deyim. Baxın, mən həmin soyqırımla bağlı yeni sənədlər əldə etmişəm. O sənədləri əldə etmək üçün nə Türkiyəyə, nə də Gürcüstana getmişəm. Öz arxivlərimizdən əldə etmişəm. 64 səhifə həsmində bir sənəd götürdüm. Bu sənəd 1919-cu ildə azərbaycanlıların soyqırımının birinci ildönümünün necə keçirildiyinə dair əlyazısıdır. Bu işin koordinasiyası necə olub, ümumiyyətlə, Bakıda mərasim necə təşkil olunub, Təzəpir məscidinin həyətində kimlər çıxış edib, onlar necə çıxışlar edib, necə bəyanatlar veriblər, bütün bunların hamısı 64 səhifəlik sənəddə öz əksini tapıb. Nə yaxşı ki, bu sənəd arxivdə qalıb. Mən arxivdə Cümhuriyyət dövrünə aid sənədlər üzərində işləyərkən həmin sənədi əldə etdim.
Bir fonda gedib o sənədlərin hamısını bir-bir vərəqləməyə alimin ömrü yetməz. Bir də görürsən, hansısa fondda araşdırma apararkən sənin əlinə elə şeylər keçir ki, o sənəd həmin fonda aid deyil. Tutaq ki, Nəriman Nərimanov fondunda onun özünə aid sənədlər saxlanılır. Amma o sənədlərin içərisinə tamam başqa sənədlər də gəlib düşür.
1919-cu ildə azərbaycanlıların soyqırımının bir illiyini keçirməkdən ötrü Təşkilat Komitəsi yaradılıb. “Azərbaycan”, “İstiqlal” qəzetində bununla bağlı xalqa müraciət çap olunub və Məmməd Əmin Rəsulzadə konfrans keçirib. Konfransda Azərbaycandan, Dağıstandan və Cənubi Azərbaycandan 320 nümayəndə iştirak edib. Onlar soyqırımın bir illiyi ilə bağlı qərarların qəbulunda iştirak ediblər.
Yeni kitab çap etməyi düşünürəm
O dövr üçün çox maraqlı detalları var ki, biz bunları deməliyik. Mən 1918-ci ilin soyqırımının AXC dövrü mətbuatında işıqlandırılmasına dair 6-7 il öncə kiçik bir kitab yazmışam. Kitabda tarixi faktlar, məqalələr, informasiyalar toplanıb. Onların bir hissəsini yığmışdım. Ancaq indi baxıram ki, yenə xeyli material toplanıb. Onları ümumiləşdirib çap edəcəm. Məsələn, məşhur aktyor Mirzəağa Əliyev 1918-ci ilin mart qırğınları zamanı ayağından güllə yarası alıb və bolşevik-daşnak birləşmələri Bakını zəbt etdikdən sonra İrana keçməyə məcbur olub. Ziyalılarımızın bir çoxu, o cümlədən Üzeyir bəy də məcbur olub ailəsi ilə birgə Arazın o tayına keçmişdi. 1920-ci ilin sonralında “Azərbaycan” qəzetində elan dərc olundu ki, vəziyyətdən narahat olub xaricə köç edənlər geri dönə bilərlər.
Ziyalıları güllələyir, ya neft quyularına, ya da Xəzərə atırdılar
1918-ci il soyqırımının bir detalı da var. Biz həmin detala xüsusi fikir verməliyik. Ermənilər həmişə ziyalıların üstünə düşmüşdülər. Çünki ziyalı elə bir simadır ki, cəmiyyəti öz ətrafında toparlaya, müqavimət təşkil edə bilir. Ona görə də harda Azərbaycan ziyalıları varsa, onları qətlə yetirməyi planlaşdırmışdılar. Müəyyən hissəsini 1918-ci ildə qətlə yetirdilər. Sonra bu prosesi bolşeviklər davam etdirdilər. Bir hissəsini 1920-ci ildə hakimiyyətə gəldikdən dərhal sonra həyata keçirdilər. Ən pik nöqtə isə 1937-ci ilin repressiyası oldu. Milləti özgələşdirmək üçün lazım olan ən mühüm tədbir kimi bunu sınaqdan keçirdilər. Yazıb-oxumağı bacaran, qəzet oxuyub camaatı ətrafına yığan insanların hamısının Daşnaksütyun Partiyasında siyahısı var idi. “Qardaş qayğısı” qəzetində yazılır ki, ermənilər bəlli bir siyahı əsasında həmin ziyalıların evlərinə soxulur, onların ailələrini qırır, özlərini isə aparıb güllələyir və neft quyularına, Xəzərə atırdılar. Yəni, 1918-ci ilin soyqırımı ilə bağlı maraq doğura biləcək xeyli məqamlar var ki, onları bilmirik. Gərək onları vaxtında açaq.
Şaumyan Gəncə ermənilərinə yazırdı ki...
Bir məqamı da deyim. Bəzən bizə deyirlər ki, bu bolşeviklər nə ediblər, onların qırğınlarına dair faktınız varmı? Fakt var. 1918-ci ilin Bakı və Şamaxı qırğınlarından sonra bolşevik qoşunları, – hansı ki, onların 80 faizi ermənilərdən ibarət idi, – üzü Gəncəyə doğru gedirdilər. Zaqafqaziya Seyminin qoşunları Hacıqabul dəmiryol stansiyasında onların qarşısını kəsmişdi. Milli Müsəlman Korpusunun hərbçiləri görürlər ki, 4-5 nəfər özünü çox şübhəli aparır. Onları həbs edirlər və üst-başlarını yoxlayan zaman Stepan Şaumyanın Gəncə ermənilərinə məktubunu aşkarlayırlar. Şaumyan yazır ki, siz Gəncə erməniləri rahat olun, gözləyin. Biz müsəlmanları Bakıda necə yerlərində oturtmuşuqsa, Gəncədə də yerlərində oturdacağıq. Şaumyan yazır ki, Bakı ilə Gəncə, Daşnaksütyun Partiyası, Erməni Milli Şurası və bolşeviklər arasında rabitə əlaqəsi yaratmaq üçün filan-filan adamları təhkim etmişəm. Bunun üçün biz filan qədər pul ayırdıq, filan işləri gördük. Daha sonra yazır ki, Bakıda 3 gün əzrində (30 mart-1 aprel 2018) təkcə mənim hesablamalarıma görə 5-6 min müsəlman qətlə yetirilib. Bu Şaumyanın özünün etirafı olan tarixi sənəddir. Gəncəyə ezam olunanların ad-soyadı, onları gürcü əsilli polkovnik Maqalovun dəstəsinin həbs etməsi, üstlərindən hansı sənədlərin çıxması faktdır. Şaumyan onu da yazır ki, külək aeroplanların havaya qalxmasına imkan vermədi. Yoxsa, biz Bakının müsəlman əhalisini yerlə-yeksan edib, onları birbaşa Xəzərə tökəcəkdik. Bax, bu cür faktlar var.
S.Həmid: – Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, həm də baş redaktor kimi ölkə jurnalistlərinin VII qurultayı ilə bağlı fikirlərinizi öyrənmək istərdik...
– Bu, növbəti qurultaydır. Mətbuat Şurasının Nizamaməsindən irəli gələn prosesdir. Nizamnaməyə uyğun olaraq növbəti qurultay 2018-ci il martın 10-a təyin olunub. Qurultayda Mətbuat Şurasının İdarə Heyətinə yeni üzvlər seçiləcək, Nəzarət-Təftiş Komissiyası formalaşacaq. Eyni zamanda ötən müddət ərzində görülən işlərlə bağlı hesabat veriləcək. Qurultayda növbəti illərdə hansı işləri görməyin zəruri olmasına dair qərarların qəbulu gözlənilir. Mətbuat Şurasına üzv olan təşkilatlar yığıncaqlar keçirəcək. Gündəlik qəzetlər iki, həftəlik qəzetlər və saytlar isə qurultaya hər biri bir nümayəndə seçməlidir. Həmin nümayəndələr öz redaksiyalarını təmsil edərək müəyyən məsələlərə münasibət bildirməli və Mətbuat Şurasının yeni strukturunu formalaşdırmaq prosesində iştirak etməlidir.
Jurnalistlərin sosial qayğıları həddən artıq çoxdur
S.Həmid: – Qurultayda çıxış edərək qaldırmaq istədiyiniz hər hansı məsələ varmı?
– Yox, hələlik yoxdur. Amma müxtəlif məsələlər müzakirə olunanda yəqin ki, mən də münasibət bildirəcəm. Bəri başdan bununla bağlı fikir bildirmək çətindir. Hər halda bizim üçün ən mühümü odur ki, artıq jurnalistikada yeni bir keyfiyyət dəyişikliyi baş verir. Operativ xəbər məkanı genişlənir, yeni media sürətlə inkişaf edir. Çap mediasının bir vaxtlar yaşadığı çətinliklər hazırda saytlarda öz əksini tapır. Bu baxımda düşünürəm ki, qurultayda yeni medianın inkişafı baxımından müzakirələrin aparılmasına ehtiyac var. Eyni zamanda biz klassik qəzetçilik ənənələrini qorumaq şərtilə proseslərə yanaşlamlıyıq. Ənənələrin üzərində qurulmayan və ənənələri gözləməyən, ona bağlılığını ortaya qoymayan hansısa strukturun gələcəyi yoxdur. Ona görə də biz ən azı ənənələri yaşatmaqdan ötrü klassik qəzetçiliyi, çap mediasını yaşatmalıyıq. Eyni zamanda jurnalist kadrların hazırlanmasında qəzetlərin çox böyük rolu var. Hesab edirəm ki, bu baxımdan biz həm yeni medianın imkanlarını təftiş etməli, ona dəstəyimizi verməli, eyni zamanda klassik medianın yaşaması, inkişafı, onun biznes strukturuna çevrilməsi üçün müəyyən yollar aramalıyıq. Bu yolları necə arayacağımız qurultayda bilinəcək. Hesab edirəm ki, qurultay normal şəkildə, normal məcrada keçiriləcək. Biz ən azı Mətbuat Şurasının nüfuzunu qorumalı, onun təsir imkanlarını artırmalıyıq. Çalışmalıyıq ki, klassik media ənənələrimiz yaşasın. Təbii ki, jurnalistlərin sosial problemləri çox ciddi məsələdir. Bu, dövlətin də diqqətindədir. Jurnalistlərin sosial qayğıları həddən artıq çoxdur. Çoxu kirayədə yaşayır. Azərbaycan jurnalistlərinin 70-80 faizinin aldığı maaş 400-500 manat civarındadır. Yəni, bu kifayət qədər az bir məbləğdir. Düzdür, hər bir qəzet, sayt müstəqildir. İstərik ki, həm reklam bazarı, həm də jurnalistlərin çiynində olan azad sözü, dövlətçiliyi qorumaq, onun təbliğatını aparmaq imkanları artsın. Qarabağ savaşı kimi böyük bir savaşda təkcə Azərbaycan əsgəri iştirak etmir, həm də Azərbaycan xalqı ilə bir yerdə jurnalistlər iştirak edir. Ziyalı ordusu həm də sosial qayğı problemindən azad olmalıdır. Dövlət bu sahədə iş aparır, Prezident jurnalistlərə evlər bağışlayır, – bu yaxşı haldır, – ancaq çalışmaq lazımdır ki, bu işlər daha geniş sferalarda həyata keçirilsin.
Müəllif: Səxavət Həmid
Teleqraf.com