Məhkəmədə qalib gələn aktyor: "Onların hamısı məndən üzr istəməlidir"

12-02-2018, 13:22           

Bir müddət öncə çalışdığı İrəvan teatrının direktoru İftixar Piriyevlə qalmaqal yaşamış aktyor Əjdər Zeynalovun Sputnik Azərbaycan-a müsahibəsini təqdim edirik.

- Əjdər bəy, çalışdığınız teatrın rəhbərliyi ilə qalmaqal yaşadığınız və işdən çıxarılmağınız barədə Sputnik Azərbaycan-a açıqlamanız olmuşdu. Həmin vaxt məhkəməyə müraciət etmək ərəfəsində idiniz. Bildiyimiz qədər, artıq məhkəmə sizin xeyrinizə qərar çıxarıb. Bu barədə ətraflı danışmağınızı xahiş edirik.
— Məhkəmə uzun sürdü, 3 ay çəkdi. Amma çox razı qaldım ki, haqq-ədalət öz yerini tapdı. İnsanlar məhkəmənin Binəqədi rayonunda keçiriləcəyini biləndə mənə deyirdilər ki, Binəqədi rayonunda hamı İftixar Piriyevin adamlarıdır və məhkəməni o udacaq. Qanun isə mənim tərəfimdə oldu. Bunlar elə bilirdilər ki, Azərbaycan Respublikasında qanun yoxdur. Onlara sübut olundu və İftixar Piriyev kimi insanlar anladı ki, bizim qanunlarımız da var, bu qanunlarımızı qoruyan Almaz Süleymanova kimi hakimlərimiz də. Çox sağ olsun. Üç ay əziyyət çəkdi. Xırdalığına kimi hər şeyi yoxladı və sübut etdi ki, İftixar Piriyevin ittihamları yanlışdır, saxtadır, qondarmadır. O direktordur, onun üçün saxta sənədlər hazırlamağa nə var ki? Möhür onun əlindədir. Amma haqq-ədalət öz yerini tapdı.
- Məhkəmədən öncə onun qalib olacağına dair sizin də şübhələriniz var idimi?
— Mən qanuna güvənirdim. Bu, təkcə mənim qələbəm deyil. Məni, mədəniyyəti, teatrı sevən insanların qələbəsidir. Mən teatrla yaşayan, teatrla nəfəs alan insanam. Üç ay mənim üçün üç il kimi keçdi. Üç aydır mən teatrsızam, işsizəm. Artıq məhkəmə mənim işə qaytarılmağımla bağlı qərar verdi. Buna inanırdım. Mən dinə, Allaha inanan insanam və həmişə deyirdim ki, Allah varsa, mənim haqqım bərpa olunacaq.


- Məhkəmə sizin xeyrinizə hansı dəlilləri gətirdi?
— Dəlilləri mənim vəkilim gətirdi. Vəkilim sübut etdi ki, İrəvan teatrının direktoru İftixar Piriyev mənim əleyhimə saxta sənədlər hazırlayıb. Mənim, guya işə gecikməyimlə bağlı hazırladığı sənədlərin hamısı yalandır.

- Məhkəmə direktorun haqqınızda yazdığı təqdimatı saxta sənəd kimi qəbul etdi?
— Bəli. Təkcə təqdimatı yox, digər bütün sənədləri də saxta qəbul etdi. Mənim iş yoldaşlarım – teatrın aparıcı aktyorları məhkəməyə gəlib mənim lehimə şahidlik etdilər. Sübuta yetirildi ki, mən işə gecikməmişəm, hətta direktor da, truppa müdiri də məndən sonra gəliblər işə. İftixar Piriyev deyirdi ki, "12 nəfər qol çəkib ki, sən işə gecikmisən, get sübut elə ki, gecikməmisən". Mən də məəttəl qalmışdım. Həqiqətən də, necə sübut edəcəkdim ki, gecikməmişəm? Truppa müdirinə də, digər işçilərə də tapşırıb ki, mənim gecikdiyimi desinlər. Onları qınamıram. İşlərini itirməkdən qorxduqları üçün məcbur mənim əleyhimə qol çəkiblər. Amma haqqı nahaqqa satmayan və mənim lehimə şahidlik edən o aktyorlar olmasaydı, mən nə edəcəkdim? Deməli, otuz ilini bu teatra həsr edən peşəkar bir aktyor bir özbaşına məmurun, direktorun əlində məhv olub gedəcəkdi.
- Sizin əleyhinizə bu qədər saxta sənəd necə hazırlanmışdı?
— Təsəvvür edin, iki gündə həm töhmət, həm şiddətli töhmət, həm işdən çıxarılma, arda-arda təqdimatlar hazırlandı. Sanki dünya miqyaslı hansısa problemi həll edirlər. Həmkarlar ittifaqının iclasını keçiriblər. O da qeyri-qanuni keçirilib. Çünki iclasda mənim öz iştirakım olmayıb. Qərar çıxarıblar ki, direktorun verdiyi qərar düzgündür. Əslində, həmkarlar direktorun yox, işçinin tərəfində olmalıdır. Direktorun otağında oturublar 4-5 nəfər, direktor da digər tərəfdə oturub, bunlar iclas keçirirlər. Hələ direktor bilmir ki, həmkarların iclası ayrıca keçirilməlidir.
Dünən gələn işçi qol çəkib ki, mən bu adamla işləmək istəmirəm. Adama deyərlər ki, mən otuz ildir burda işləyirəm, sən mənimlə işləmək istəmirsənsə, çıx get də, səni burda saxlayan var? Mühafizəçi qol çəkib, xadimə qol çəkib ki, mən bu adamla işləmək istəmirəm. Mənim mühafizəçi ilə, xadimə ilə nə işim var? Mən yaradıcı insanam, gəlib məşqimi edib çıxıb gedirəm. Məlum məsələdir, onların hamısını direktor məcbur edib. Bu adam, ümumiyyətlə, mədəniyyət, teatr adamı deyil. Özünə zərrə qədər hörmət etsəydi, çoxdan çıxıb getmişdi. Amma elə oturduğu kürsüdən bərk yapışıb ki, çıxıb getmək istəmir.
- Direktor özü iştirak edirdi məhkəmədə?
— Yox. Heç vaxt iştirak etməyib. Vəkili iştirak edib həmişə. Türkiyədə idi. Yanvarın 4-ü onun vəkili məsələ qaldırdı ki, proses başqa vaxta keçirilsin, çünki İftixar Piriyev Türkiyədə olduğu üçün məhkəməyə qatıla bilmir. Hakim Almaz Süleymanova sağ olsun, etiraz elədi ki, bu insan hansı məhkəmə prosesinə qatılıb ki? Heç birinə qatılmayıb. Bu iş də çox uzanıb. Bir aya həll olunmalı idi, üç aya uzanıb. Vəkil gördü ki, hər şey onların əleyhinədir, gecə ilə zəng edib İftixar Piriyevə, o da Türkiyədən gəlib Bakıya, oturub bir gecədə təzə protokol hazırlayıb, ertəsi gün gətiriblər məhkəməyə. Mədəniyyət İşçiləri Həmkarlar Komitəsinin sənədinə deyir yalandı, özünün bir gecədə hazırladığı sənədi məhkəməyə təqdim edib deyir ki, bu düzdür. Hakim də dedi ki, necə yəni bu düzdür? Sən bu sənəddən bir gecədə onunu hazırlayarsan. İftixar Piriyev elə fikirləşir ki, bura uşaq bağçasıdır, hamını aldada bilər. Amma gördü ki, yox, hamısı professional insanlardır. Sənəddə yazır ki, guya mən nizam-intizam qaydalarını, əmək ahəngini kobud sürətdə pozmuşam. Necə olur ki, mən otuz ildə əmək ahəngini pozmadım, iki gündə pozdum? Mən onun vəkilinə də sual verdim, dedim ki, mən hansı əmək ahəngini pozmuşam? Cavab verə bilmədi.

- Kollektiv də sizin əleyhinizə danışır. Buna onları İftixar Piriyev məcbur edirsə belə, nəticədə sizə qarşı çıxırlar və sizinlə işləmək istəmədiklərini deyirlər. Siz işə yenidən qayıtdığınız halda, kollektivlə münasibətləriniz soyuq olmayacaqmı?
— Bilirsiniz, bəzi aktyorlar və texniki işçilər sosial şəbəkələrdə statuslar yazırlar ki, "o, işə necə qayıdacaq, bizim üzümüzə necə baxacaq?". Mənə maraqlıdır ki, mən niyə otuz il işlədiyim, səhnəsində can qoyduğum teatra qayıda bilməyim? Haqsız yerə atıldığım doğma iş yerimə qayıtmağa niyə utanım? Mən niyə heç bir pisliyim dəyməyən adamların üzünə baxa bilməyim? Axı mən onlara nə etmişəm? Onlar mənim əleyhimə saxta sənədlərə qol çəkiblər, əslində, onlar mənim üzümə baxmağa utanmalıdırlar. Yenə deyirəm, başa düşürəm, direktor məcbur edib. Bəs orda başqaları da var, onlar niyə çəkməyiblər? Deməli, istəsəydilər, çəkməyə bilərdilər.
- Məhkəmədə sizin əleyhinizə çıxış edən həmkarlarınız oldumu?
— Yox. Heç bir aktyor qarşı tərəf üçün məhkəməyə gəlməmişdi. Onlar öz sözlərini teatrda demişdilər və mənim əleyhimə qol çəkmişdilər. Mən tərəfdən isə dörd aktyor şahid kimi məhkəmə çıxış etdi.
- Kimlər idi onlar? Hansı aktyorlar idi?
— Əməkdar artist Vaqif Kərimov, Zülfiyyə xanım İsmayılova, Elçin Hacıyev və Elşən Cəfərov.
- Sizin əleyhinizə qol çəkənlərdən kimlərsə sizinlə üzbəüz gələndə bu barədə nəsə deyiblərmi?
— Əlbəttə, məndən üzrxahlıq edən də olub. Deyiblər ki, "bağışla da, məcbur etdi, qol çəkdik". Bilirsiniz, direktor İftixar Piriyev İrəvan teatrında şüurlu sürətdə insanları üz-üzə qoyur. Hamısını bir-birinə qarşı qaldırır. Yaradıcı insanları saat 6-a qədər boş yerə məcburən saxlayır teatrda. Halbuki, Mədəniyyət Nazirliyinin teatr üçün nizam-intizam qaydalarında yazılır ki, yaradıcı insanların iş rejimi tənzimlənməmiş iş rejimidir. Mənim məşqim varsa, teatra gəlməliyəm. Mən məşqə yubansam, məşqi pozsam, bu, başqa məsələ. Amma sən boş yerə saat 6-ya qədər məni niyə teatrda saxlayırsan? Mən seriala, kinoya çəkilirəm, dövlət tədbirlərinə gedirəm. Özü də bizdə şəraitsizlikdir. Soyuqdur, teatr qəza vəziyyətindədir. Orda boş yerə saatlarla niyə gözləyək ki? Özü də saat 6-a qədər hamını saxlamır. Kimlər ki, onun adamı deyil, onun boyunduruq qulu deyil, onları saxlayır. Onun tərəfini tutanlar isə, teatra məşqdən-məşqə gəlirlər.
- Əgər siz iş yerinə qayıtsanız, bu qalmaqallar yenə də davam etsə, bu barədə bir planınız varmı?

— Heç vaxt qalmaqalların tərəfdarı olmamışam. Direktor yaradıb bütün bu xoşagəlməz halları. Qayıtmağına qayıdacağam. Məhkəmə qərar verib, direktor da əməl etməlidir. Etməyə də bilər, apelyasiya şikayəti verə bilər. Belə olsa da, mən yenə qanuna güvənirəm. Teatra qayıdanda da başımı aşağı salıb işimlə məşğul olacağam.
- Belə anlaşılır ki, siz qalmaqala cəhd etməyəcəksiniz. Bəs əgər qarşı tərəf sizə qarşı bu əməllərinə davam edərsə, onda necə?
— Edərsə, cavabını alacaq, əlbəttə. Bu teatr mənim çiyinlərim üzərində yaşayıb. 1989-cu ildə bu teatrı biz yaratmışıq. Biz dörd nəfər idik. Xalq artisti Elmira İsmayılova və Əməkdar artist Vidadi Əliyev idi ki, düşdülər qabağa, mən də onların yanında. Biz İrəvan Teatrını burda bərpa etməyə çalışırdıq. Bir də, Allah rəhmət etsin, Həsən Turabov bizə çox kömək etdi. 1995-ci ildə Heydər Əliyev İrəvan Teatrına dövlət teatrı statusu verdi. Əfsuslar olsun ki, indi İftixar Piriyev 17 illik direktorluq dönəmində bu teatrı məhv edib.
Bəzi aktyorlar deyir ki, mən guya onları təhqir etmişəm. Mən həmişə demişəm, indi də deyirəm ki, İftixar Piriyev İrəvan teatrını dərnək səviyyəsinə endirib. Mən deməmişəm ki, aktyorlar dərnək aktyorlarıdır. Direktor teatrı elə vəziyyətə salıb ki, teatrın əvvəlki hörməti, əvvəlki imici itib. O, teatrdan öz məqsədləri üçün istifadə edib.
- Məhkəmə sizin xeyrinizə qərar verdikdən sonra hər hansı bir təzminat davası açmaq istədinizmi? Axı haqsız yerə aylarla işsiz qaldınız.
— Yox. Belə fikrim olmayıb və yoxdur. Qərar verilib ki, işə bərpa olunum və işləmədiyim ayların maaşı mənə ödənilsin.
- Amma bu maddi zərərdir. Mənəvi zərərə görə təzminat davası açmaq haqqınız da var.
— Elə iddiam yoxdur. Mən yaradıcı insanam, onun kimi biznesmen deyiləm. Mənə teatr və tamaşa lazımdır. Pula hərisliyim yoxdur. Mən pul qazanmaq istəsəydim, özümə biznes qurardım. Amma mən teatrı sevirəm və mənə yaradıcılıq lazımdır.
- Bəs məhkəmənin qərarından sonra İftixar Piriyev və onun komandası tərəfindən sizə təhdid, təhqir ehtiva edən mesajlar, zənglər gəldimi?
— Yox. Belə bir şey olmayıb. Sadəcə sosial şəbəkələrdə statuslar yazırlar. Bir aktyor var, yazır ki, "o, bizim üzümüzə necə baxacaq, teatra necə qayıdacaq?" Sən kimsən ki, mən sənin üzünə baxım? Mən yaradıcılıqla məşğulam…
- Söhbət hansı aktyordan gedir?

— Niyaməddin Səfərəliyev var teatrda. Özü də mənim ona heç bir pisliyim keçməyib. Bir yerdə qastrollarda olmuşuq, çörək kəsmişik. Bu insan mənim əleyhimə qalxanda, şoka düşdüm ki, mən buna nə etmişəm? Mənim davam kollektivlə, aktyorlarla deyil. Mənim işim direktorladır ki, mədəniyyətlə məşğul olsun, teatra qayğı göstərsin. Mən hamının yanında alnıaçıq, üzüağam. Mən haqsız olsam, cəsarətim çatar ki, üzr istəyim. Əgər onların cəsarəti çatsa, mən işə qayıdan kimi onların hamısı məndən üzr istəməlidir.
- Burdan teatrın kollektivinə, direktoruna və ya da ictimaiyyətə demək istədiyiniz xüsusi nə isə varsa, deyə bilərsiniz.
— İrəvan Teatrının direktoru İftixar Piriyevi teatra, sənətə qiymət verməyə, teatrın, aktyorların qayğısına qalmağa, işini şərəf və ləyaqətlə görməyə çağırıram. İnsanları bir-birinə düşmən etməsin. Yaradıcı insanları dövlətə qarşı qaldırmasın. İftixar Piriyevin əməlləri ziyalı insanları, istedadlı, peşəkar insanları dövlətlə üz-üzə qoyur. Bu cür əməllər xalqın da xoşuna gəlmir. Mən ümid edirəm ki, bütün bu mənfi hallar aradan qalxacaq, biz də bir-birindən maraqlı tamaşalarla sevənlərimizi sevindirəcəyik.
Sizə də, Sputnik Azərbaycana da təşəkkür edirəm. Bu işin əvvəlindən mənimlə maraqlandınız, səsimi xalqa çatdırdınız, sizin yazılarınızın da mənim qələbəmdə payı oldu. Minnətdaram.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.