Əxlaqsız şagird olayı: Daha dəhşətliləri var – Gizlədilənlər...
13-02-2018, 10:51
Bu hadisənin tədricən daha soyuqqanlı, sakit məcrada araşdırılması və gələcəkdə prafilaktik istiqamətdə addımların atılması daha doğru olardı.
Bu sözləri Axar.az-a Bakı şəhərindəki 132-134 Təhsil Kompleksində baş vermiş hadisə ilə bağlı danışan millət vəkili Fazil Mustafa deyib. O bildirib ki, ümumiyyətlə, bu kimi hallar nəinki məktəblərdə, bir çox yerlərdə yayılıb:
“Sadəcə, bu olay video ilə cəmiyyətə çatdırıldı və insanlar belə bir nadir hərəkətin paylaşımını özlərinə rəva bilirlər. Ən dəhşətlisi də elə məhz budur. Yoxsa, bu cür hadisələrdən daha betərləri də var. Buna indiki şərtlədə tam mənada nəzarət etmək imkanları təəssüf ki, məhduddur. Çünki insanların yaşayışları, şəxsi həyatı və valideyn-məktəb münasibətləri əvvəlki kimi çevik deyil. İndi valideynlərin çoxsu özəl sektorda çalışan insanlardır, məktəblə əlaqələri mütəmadi deyil. Məktəblərə psixoloji cəhətdən yetkin insanlar rəhbərlik etmir, psixoloji cəhətdən daha yetkin müəllim kateqoriyası geniş yayılmayıb. Müəllimlər arasında və müəllimlərlə digər təbəqələr arasında diferansasiya böyükdür. Müəllimlərin maaşı az olduğundan, bəzən layiqli insanlar bu sahəyə gəlmək istəmirlər. Bunların hamısı öz təsirini göstərir və keyfiyyətcə daha yetkin bir məktəb kontingenti formalaşdırmaq çətin olur”.
Millət vəkili bildirib ki, bütün hallarda bu məsələdə konkret təhsil müəssisəsinin rəhbərliyi də məsuliyyət daşıyır:
“Məncə, bunun üzərində düşünmək lazımdır. Ancaq bu məsələni uşaqların hər hansı bir şəkildə müəyyən psixoloji və fiziki sarsıntı yaşamasına imkan verəcək həddə qədər gündəmdə saxlamaq doğru deyil. Bu hadisənin tədricən daha soyuqqanlı, sakit məcrada araşdırılması və gələcəkdə prafilaktik istiqamətdə addımların atılması daha doğru olardı”.
Millət vəkili qeyd edib ki, bu tip olay təkcə həmin uşaqlarla məhdudlaşmır:
“Bir çox məktəbdə bu kimi hallar var. Orta məktəblərdə narkomaniya aludəçisi, hətta aborta gedən qızlar barədə xəbərlər mövzuddur. Bu barədə qeyri-rəsmi informasiyalar gəlir. Bunların çoxu gizlədilir. Ona görə də bu, çox təhlükəli tendensiyadır və cəmiyyətlə bağlıdır. Ona görə də bunu birbaşa məktəblə bağlamaq olmaz. Bu tendensiyaya qarşı bütövlükdə mübarizə aparılmasının yolları var”.
F.Mustafa bildirib ki, orta məktəblərdə baş verənlər illərlə təhsil siyasətində yaranan müəyyən mənfi tendensiyaların bugünə kimi yığılıb qalmasının nəticəsidir:
“Məktəbin siması direktordur və o, məktəbin ümumi müəllim obrazına uyğun gəlmirsə, eyni zamanda, müəllim bu adı daşımaq xarakterinə sahib olmursa, bu haqda nə danışmaq olar?! Onların bir qismini sürgün edib, yerinə Marsdan yeni adam gətirəsi deyilik ki?! Orta məktəbdə belə bir hadisənin baş verməsi üzücüdür. Bu baxımdan kompleks şəkildə təhsil siyasətinin dəyişməsinə ehtiyac var”.
Qeyd edək ki, Səbail rayonunda yerləşən 132-134 nömrəli Təhsil Kompleksinin 11-ci sinfində oxuyan C.R. 2017-ci il dekabr ayının 10-da onunla eyni məktəbin 7-ci sinfində oxuyan qızla idman zalının soyunub-geyinmə otağında intim əlaqədə olub və bunu telefona çəkərək sosial şəbəkələrdə yayıb. Onun barəsində Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
C.R istintaq müddətində məhkəmənin qərarı ilə 3 aylıq həbsə məhkum edilib. Hazırda o, Kürdəxanı təcridxanasındadır.