“Bizə düşmən kəsilənlər də var” - Əflatun Amaşov

13-02-2018, 10:57           
“Bizə düşmən kəsilənlər də var” - Əflatun Amaşov
Azərbaycan jurnalistlərinin martın 10-da keçiriləcək VII qurultayına çox az bir zaman qaldığı ərəfədə Mətbuat Şurasının sədri Əflatun Amaşov “Yeni Müsavat”ın qonağı olub. “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu, “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan, baş direktor Ələsgər Süleymanov və bu sətirlərin müəllifinin iştirakı ilə baş tutan səmimi görüşdə ilk olaraq R.Arifoğlu sözə başlayıb.

- Əflatun bəy, Mətbuat Şurasının növbəti qurultayı təyin olunub. Martın 10-da jurnalistlər Mətbuat Şurasının sədrini və İdarə Heyətini seçəcəklər. Bu, həssas bir dönəmə təsadüf edir. Mətbuat Şurasının qurultayından ölkə mediası, ölkənin ictimai-siyasi həyatı nə gözləsin? Azərbaycan jurnalistlərini necə bir qurultay gözləyir?

- Bəli, martın 10-da Azərbaycan jurnalistlərinin VII qurultayı keçiriləcək. Bu qurultayda Mətbuat Şurasının rəhbərliyi və İdarə Heyətinin üzvləri yenidən seçiləcək. Yəqin ki, xəbəriniz var, Mətbuat Şurasının İdarə Heyəti jurnalistlərdən, internet resursları nümayəndələrindən, eyni zamanda ictimaiyyət nümayəndələrindən formalaşır: 8 nəfər jurnalist, 6 nəfər ictimaiyyət nümayəndəsi, 3 nəfər isə internet resurslarının nümayəndələrindən seçiləcək. Seçim jurnalistlərindir. Artıq Təşkilat Komitəsi yaradılıb və bu komitə qurultayın hazırlıq işlərini icra edir.

- Necə gedir hazırlıq?

- Hələ ki qurultaya bir aya yaxın vaxt var. Jurnalistlər hazırda çox aktivdirlər, istər sosial şəbəkələrdə, istər ayrı-ayrı qəzetlərdə fikir mübadiləsi aparırlar. Bu kifayət qədər maraqlı və təqdirəlayiqdir. Artıq bu gün günortaya qədər 50-ə yaxın redaksiya öz nümayəndələrini təqdim edib. Eyni zamanda İdarə Heyətində kimləri görmək istəyirlərsə, onların da adlarını təqdim ediblər. Yəqin ki, yaxın vaxtlarda bu hazırlıq işləri bitəcək, sonra texniki məsələlər müzakirə olunacaq.

R.Arifoğlu:

- Jurnalistlər ən dinamik, ən məlumatlı, eyni zamanda ən iddialı bir zümrədir. Bu baxımdan hər hansı gərginlik gözləyirsinizmi?

- Burada sizinlə söhbət etdiyim müddətdə belə ayrı-ayrı insanlar müraciət edirlər ki, İdarə Heyətinə necə düşə bilərlər, anketlərdə onların adı salınıbmı...

- Anketlərə adların salınmasının seçilmə şansı baxımından hər hansı bir önəmi varmı?

- Əlbəttə. Anketlərdə olan şəxslərin sayı təxminən 100-150 arası olur, bəzi məqamlarda 200-ə çıxır. Onlardan kimin adı daha çox hallanırsa, həmin şəxslər namizədlər sırasında olur. Hər redaksiya 8 nəfər jurnalistlərdən, 6 nəfər ictimaiyyət nümayəndələrindən, 3 nəfər isə internet resurslarının nümayəndələrindən olmaqla, öz namizədlərini verirlər. Sonra bunlar ümumiləşdiriləcək. Ən çox səs toplayan namizədlər- 24 nəfər jurnalistlərdən, 18 nəfər ictimaiyyət nümayəndəsi, 9 nəfər isə internet resurslarının nümayəndələrindən həmin siyahıya daxil olunacaq. Qurultayda jurnalistlərə 51 nəfərin namizədliyi təqdim olunacaq. 51 nəfər arasından İdarə Heyətinə 17 əsas üzv, 5 əlavə üzv seçiləcək. Bu 5 nəfər ehtiyat üzvlərin 2-si jurnalist, 2-si ictimaiyyət nümayəndəsi, 1-i isə internet resurslarının nümayəndəsi olacaq. Jurnalistlər kimi münasib bilsələr anketdə işarə edəcəklər, Səs Komissiyası həmin anketləri araşdırıb ümumi nəticəni qurultay iştirakçılarına təqdim edəcək.

R.Arifoğlu:

- Əflatun bəy, Mətbuat Şurasının statusu kimi önəmli bir məsələ də gündəmdədir. Siz bununla bağlı parlamentdə çıxış etmisiniz. İndiyə qədər Mətbuat Şurası kimi nüfuzlu, media cameəsini özündə birləşdirən bir qurum qeyri-hökumət təşkilatı statusundadır. Yeni statusun verilməsinə zərurət nədən yaranır? Bəziləri bundan narahatlığını səmimi şəkildə etiraf edir. Bəziləri qərəzli şəkildə bunu qara rəngdə göstərməyə çalışırlar ki, mətbuata dair məhdudlaşdırıcı, səlahiyyəti yüksək olan bir qurum yaradılır. Bununla bağlı fikirlərinizi bölüşə bilərsinizmi?

- Maraqlı bir məsələyə toxundunuz, təşəkkür edirəm. Mən düşünürəm ki, Mətbuat Şurası uğurlu bir layihə oldu və hazırda da uğurlu bir layihədir. Hazırda şura 300-ə yaxın KİV-i və jurnalist təşkilatlarını birləşdirir. Bu, kifayət qədər böyük rəqəmdir. Gəlin ona nəzər salaq ki, dünyada mətbuat şuralarının uğurları hansı parametrlərlə ölçülür. Birincisi, şura cəmiyyətdə nə dərəcədə populyardır, insanlar nə dərəcədə mətbuat şuralarına müraciət edirlər. Bizə qonşu ölkələrdə mətbuat şuralarına il ərzində 5-10 şikayət daxil olur. Gürcüstanda 17 şikayət, Rusiyada 30-a qədər, Ukraynada 20-yə yaxın şikayət alır mətbuat şuraları. Azərbaycan Mətbuat Şurasına isə il ərzində təxminən 800-1000 arası müraciət olub. Biz artıq 600-dən çox müraciəti araşdırmışıq. Deməli, insanlar Mətbuat Şurasına inanırlar, ona görə də, bizim quruma müraciət edirlər, kömək gözləyirlər. Deməli, cəmiyyətdə Mətbuat Şurasına inam var.

Mətbuat şuralarının fəaliyyəti başqa bir meyarla da ölçülür. Bu meyar odur ki, ölkə hakimiyyəti quruma nə dərəcədə inanır, ölkə mətbuatı fəaliyyətini nə dərəcədə həmin qurumla görə bilir. Bu yaxınlarda prezidentin köməkçisi Əli Həsənovun çıxışında da vurğulandı ki, dövlət televiziyalarla və radiolarla bağlı fəaliyyətini Milli Televiziya və Radio Şurası vasitəsilə həyata keçirir. Media ilə bağlı bu siyasətini isə Mətbuat Şurası vasitəsilə reallaşdırır. Mətbuat Şurasının müəyyən qurumlarla təmasları, dəfələrlə ölkə prezidenti ilə görüşməsi, dövlət rəhbərinin Şuranın İdarə Heyəti üzvlərini qəbul etməsi, müəyyən müzakirələrin aparılması - bütün bunlar Azərbaycan Mətbuat Şurasının həm cəmiyyət, həm də hakimiyyət tərəfindən qəbul olunduğunu sübut edir. Buna görə də Azərbaycan Mətbuat Şurası kifayət qədər uğurlu layihə hesab olunur.

Siz sualınızda qərəzli olanlara da toxundunuz. Bu yaxınlarda “Müxalifət” qəzetinin redaktoru Rövşən Kəbirli bir yazı hazırlayıb, Meydan TV-də işıqlandırmışdı. Yazı ondan bəhs edir ki, guya jurnalistlərin qurultayının məhz martın 10-da keçirilməsi əvvəlcədən hazırlanmış bir plandır. Prezident seçkilərindən əvvəl Azərbaycan Mətbuat Şurası qurultay keçirəcək və o qurultayda ölkə rəhbərliyinə dəstək nümayiş etdiriləcək.

- Elə bir plan gerçəkdən varmı? Olsa belə, qəbahətmi?

- Mətbuat Şurası müstəqildir. Şura Azərbaycanda siyasi yönündən asılı olmayaraq bütün KİV-lərin birləşdiyi bir qurumdur. Mətbuat Şurasının bu qurultayı əvvəldən planlaşdırılmışdı. Mən hətta “Report” informasiya agentliyinə müsahibə verərkən demişdim ki, bizim qurultayımız yazda keçiriləcək. Belə qərara gəldik ki, qurultayı martın 10-da keçirək. Çünki martın 15-də Azərbaycan Mətbuat Şurasının yaranmasının 15 illiyi tamam olur. Biz istəyirik ki, martın 15-nə qədər MŞ-nin növbəti qurultayını keçirək, ayın 15-də təşkil olunacaq mərasimə yeni bir tərkiblə qatılaq. Və bu prosesdə çox maraqlı məqamlar baş verir... Azərbaycan Mətbuat Şurasının vikipediyada səhifəsi var, orada yazılıb: “Tabeçilik - Azərbaycan Respublikasının prezidenti”. Bir müddət bundan əvvəl kimlərsə Mətbuat Şurasının vikipediya səhifəsinə daxil olub və orada belə bir dəyişiklik edib. Ancaq bu, gerçəkliyə uyğun deyil və təxribatdır. Bununla da Mətbuat Şurasını daha çox iqtidaryönlü olmaqda, qeyri-müstəqil olmaqda ittiham edənlərin əlinə bir əsas verirlər. Bundan başqa, sosial şəbəkələrdə Mətbuat Şurasına etiraz edənlər var. Mətbuat Şurası hansısa media orqanlarının fəaliyyətində qüsurlar görüb aşkar etdikdən sonra bizə düşmən olan kəslər də var. Əlbəttə, həyat davam edir. Mətbuat Şurası bundan sonra da fəaliyyət dəst-xəttinə sadiq qalacaq.

- Biz Mətbuat Şurasının statusu məsələsinə də toxunduq. Bunu dəyişmək təşəbbüsü hansı ehtiyacdan doğdu?

- Bayaq qeyd etdiyim kimi, Mətbuat Şurası cəmiyyətdə qəbul olunan təşkilatdır. Dünyada mətbuat şuralarının fəaliyyətini araşdırdıqda görürük ki, Böyük Britaniyada, İtaliyada, Lüksemburqd, Litvada medianın özünütənzimləməsinə yönələn xüsusi qanunlar var. Onlar öz fəaliyyətlərini qanun əsasında qururlar. Eyni zamanda Mətbuat Şurasının qəbul etdiyi qərarların mexanizminin daha çevik olmasında həmin yuridik sənədlər kifayət qədər mühüm rol oynayırlar. Mən demirəm ki, biz Azərbaycanda jurnalistləri, KİV-ləri cəzalandıracağıq, cərimələyəcəyik. Ancaq ayrı-ayrı ölkələrdə, məsələn, İsveçdə Mətbuat Şurasının büdcəsinin mühüm bir hissəsi KİV-lərin cərimələnməsi hesabına formalaşır. Kanada Mətbuat Şurası büdcəsinin bir hissəsini şikayət edən tərəfin ödədiyi məbləğ hesabına formalaşdırır. Avstriya Mətbuat Şurasının büdcəsinin 100 faizi dövlət tərəfindən maliyyələşdirilir. Ancaq qanunla idarə olunan mətbuat şuraları müstəqilliklərini saxlamaqdadırlar.

- Azərbaycanda fəaliyyət göstərən Mətbuat Şurası indiyə qədər qanunla idarə olunmurdu ki?

- Bu gün Azərbaycan Mətbuat Şurası qeyri-hökumət təşkilatı statusundadır və QHT-lərlə bağlı qanunvericilik əsasında öz fəaliyyətini qurur. Ancaq artıq Azərbaycan mətbuatında yeni bir mərhələ başlayır. Bu mərhələdə Azərbaycan Mətbuat Şurasının fəaliyyəti başqa bir müstəvidə qurulmalıdır. Onun qəbul etdiyi qərarlar da çevik olmalıdır, onların icrası kifayət qədər operativ və kifayət qədər sanballı təsir bağışlamalıdır. Mətbuat Şurasının büdcəsinin formalaşması və digər məsələlər bizi belə bir qanun layihəsi ilə çıxış etməyə məcbur etdi. Mən Mətbuat Şurasının sədri olaraq, həm də Milli Məclisin üzvü kimi parlamentdə bu məsələni qaldırdım. Bu da bəzilərini təşvişə sala bilər ki, Mətbuat Şurası dövlət qurumu olacaq, Mətbuat və İnformasiya Nazirliyi funksiyasını yerinə yetirəcək? Narahatlığa əsas yoxdur, heç zaman Mətbuat Şurası dövlət qurumu ola bilməz, olmayacaq. O, hər zaman müstəqil qurum kimi qalacaq, seçim jurnalistlərin olacaq, bütün qərarlar qurultayda qəbul ediləcək, ərsəyə gələcək qanunla tənzimlənəcək.

R.Arifoğlu:

- Əflatun bəy, Mətbuat Şurasının qurultayı ərəfəsində bəzi tənqidlər, hətta çağırışlar da var. Bəzi həmkarlarımız çağırış edirlər ki, Mətbuat Şurasının rəhbərliyi, İdarə Heyəti tamamilə istefaya getsin. Hətta dostlarımızdan biri də belə bir çağırış etmişdi. Bu çağırışlara necə baxırsınız?

- Birinci çağırışlardan başlayaq... Əlbəttə, bunu edən dostumuz Mehman Əliyevlə biz çörək kəsmişik, bərabər səfərlər etmişik, bir-birimizi kifayət qədər yaxından tanıyırıq. Mən elə bilirəm ki, bunlar medianın inkişafı ilə bağlı fikir müxtəlifliyindən doğan məsələlərdir. Çünki Mətbuat Şurası hələ yeni yarananda iqtidar və müxalifətyönlü jurnalistlər hətta bir məclisdə iştirak etmirdilər. Ayrı-ayrı jurnalistlərin nə qədər cərimələri var idi, o cümlədən sizin nəşrə də cərimələr kəsilmişdi. Artıq o mərhələ arxada qaldı. Mən demirəm ki, Mətbuat Şurası işə qarışdı və bunu həll etdi. Ancaq yeni bir dönəmin yaranmasında Mətbuat Şurası mühüm rol oynadı. Ölkədə jurnalistlərin həmrəyliyinin yaranmasında, jurnalistikanın inkişafında, vətəndaş-jurnalist, hakimiyyət-media münasibətlərinin formalaşmasında Mətbuat Şurası həqiqətən böyük rol oynadı. O zamanlar biz düşündük ki, hansı yolla getmək münasib ola bilər? Biri əvvəlki yol idi. 2000-ci ilə qədərki dövrdə, çoxlu mitinqlər, piketlər, etirazlar və xarici donorlardan qrantlar... Qrantlar da daha çox siyasi yönümlü təşkilatlara, KİV-lərə ayrılırdı. Yardımlar əsasən müxalifətyönlü jurnalistikaya, hakimiyyətdən narazı olan tərəflərə edilirdi.

Belə məqamda biz Mətbuat Şurasında dostlarımızla düşündük ki, yolumuzu necə quraq? Yardımı xaricdən, yoxsa öz dövlətimizdən alaq... Ona görə də, kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyası üzərində işlənildi. O konsepsiyada nəzərdə tutulan məsələləri həyata keçirmək üçün Fond yarandı. İndi sizin qəzet də, ayrı-ayrı nəşrlər də oradan layihələr alır. Eyni zamanda jurnalistlərin sosial problemlərinin həlli üçün 2010-cu ildə Mətbuat Şurasının binasının açılışında cənab prezidentə xahiş olundu ki, jurnalistlərin sosial problemlərinin həlli məqsədi ilə bina tikilsin.

Sadaladıqlarımın fonunda jurnalistika dəyişdi, daha peşəkarlaşdı, bir qədər aqressivliyini müsbət mənada itirdi. Aqressivlikdə bir qədər korşalma getdi. Jurnalistika artıq dövlət tərəfindən maliyyələşdi. Bir var ki, xaricidən pul alıb öz dövlətinə qarşı aqressiv mövqe tutasan, onu yolverilməz tərzdə aşağılayasan, bir də var öz dövlətin tərəfindən maliyyələşəsən, halal haqqından alasan...

Qeyd etdiyimiz nüanslar reallaşdı, artıq 400 nəfərə yaxın jurnalist ev alıb. Nəyə görə jurnalist ev almasın? Vaxt çox sürətlə gedir və mən əmin deyiləm ki, Azərbaycan KİV-ləri nə vaxtsa varlanacaq, öz əməkdaşlarını bu qədər evlə təmin edə biləcək. Bütün bu nüanslar kənarda Azərbaycan mediasına münasibəti dəyişdi. Artıq jurnalistlər piketlərə getmədilər, öz dövlətləri ilə əməkdaşlığa üstünlük verdilər, dövlət səviyyəsində mükafatları qəbul etdilər. Bu da kənar qüvvələrə xoş gəlmədi. Onların istədiyi aqressiv jurnalistika dövrü arxada qaldı. İndiki Azərbaycan mətbuatının modeli budur. Mətbuat Şurası yaranandan bu sayaq medianın modelini hazırlayan əsas qurumdur.

- Ona görə deyirlər ki, Mətbuat Şurasının İdarə Heyəti tamamilə istefa versin?

- Söhbət ona gəlir... Azərbaycan mətbuatı bu gün peşəkar mətbuatdır. Əvvəlki dövrlərə baxanda bu gün Azərbaycan mediası həm daha peşəkardır, həm də ümummilli maraqlarda birləşə bilən bir mediadır. Nəyə görə Amerika mediası ümummilli maraqlarda birləşə bilsin, ancaq biz birləşməyək? Nəyə görə Böyük Britaniyanın, Fransanın, Almaniyanın mediası Avropa dəyərlərini əsas götürərək birləşə bilsin, ancaq biz Azərbaycanda bunu bacarmayaq?! Belə bir məqamda ümummilli maraqlar, vətənpərvərlik və digər məsələlər istər daxildə, istər kənarda ayrı-ayrı adamları qane etməyə bilər. Mən elə bilirəm ki, söhbət məhz jurnalistikanın o sayaq olmaması ilə bağlıdır. Jurnalistikanın mövcud olan modelinin istənilməməsi ilə bağlıdır.

- Əflatun bəy, Mətbuat Şurası rəhbərliyinə namizədliyinizi verəcəksinizmi, yoxsa istefa verəcəksiniz?

...

(davamı var...)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.