Əflatun Amaşov: “Seçki nə zaman olursa-olsun, İlham Əliyevin qalib gəlməsi problem olmayacaq”
15-02-2018, 10:14
MŞ sədri: “Seçki çox böyük kampaniyadır, media da iqtisadi baxımdan bu prosesdən faydalanmalıdır”
Azərbaycan jurnalistlərinin martın 10-da keçiriləcək VII qurultayına çox az bir zaman qaldığı ərəfədə Mətbuat Şurasının sədri Əflatun Amaşov “Yeni Müsavat”ın qonağı olub. “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu, “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan, baş direktor Ələsgər Süleymanov və bu sətirlərin müəllifinin iştirakı ilə baş tutan səmimi görüşdə etdiyimiz söhbəti oxuculara təqdim edirik.
(əvvəli ötən saylarımızda...)
Rauf Arifoğlu:
- Səbəbi nə ola bilər? Sizcə, niyə belə olur?
- Mənim burada vurğuladığım jurnalistika modelini gözü götürməyən insanlar özlərinin istəklərini bu və ya digər formada həyata keçirməyə meylli olan şəxslərdir. Bu model Azərbaycan mətbuatının inkişaf modelidir. Bu gün mediamız peşəkardır. Azərbaycan mediasının milli olması, ümummilli maraqlar baxımından birgə olması müəyyən insanları hansısa səbəbdən qane etmir. Son zamanlar Mehman Əliyevin həbsi ilə də bağlı bəzi nüanslar oldu...
R.Arifoğlu:
- Mehman bəy iddia etmişdi ki, onun həbsində Əli Həsənovun da rolu var. O isə təkzib etdi ki, heç bir rolu olmayıb və ümumiyyətlə, bu məsələ müzakirə olunmayıb. Nə deyə bilərsiniz bu haqda?
- Nəyə görə belə bir fikir səsləndi? Məqsəd nə idi? Əli Həsənovun bu işdə əli olmadığını bilərəkdən məsələnin vurğulanması, informasiya mənbələrinin səhv olması... Bu kimi məqamlar heç ürəkaçan deyil.
- Mehman bəylə, yaxud bu cür opponentlik edən şəxslərlə görüşüb bu mövzularda danışırsınızmı?
- Bəli, Mehman bəylə görüşmüşəm.
- Necə keçir görüşləriniz?
- Görüşürük, məsələləri müzakirə edirik, aydınlıq gətiririk. Sonuncu dəfə həbsdən çıxandan xeyli sonra görüşmüşəm.
Ə. Süleymanov:
- Əflatun bəy, həm Mətbuat Şurasının sədri kimi, həm də millət vəkili kimi dəfələrlə parlamentdə mətbuatın problemləri ilə bağlı məsələ qaldırmısınız. Bildiyiniz kimi, qəzet kağızına tətbiq olunan əlavə dəyər vergisi əvvəllər ləğv olunmuşdu, sonradan həmin qanun qüvvədən düşdü və tətbiq olunmağa başladı. Bizim hesablamalarımıza görə, il ərzində ölkəyə gətirilən kağız məmulatlarının ümumi dəyərinin 18 faizini 400-500 min manat civarında edir.
“Azərbaycan mediasının milli olması, ümummilli maraqlar baxımından birgə olması hansısa səbəbdən müəyyən insanları qane etmir”
Ə. Amaşov:
- Maksimum 600 min manat hesablanır.
Ə. Süleymanov:
- Bəli, bu, dövlət üçün elə də böyük bir pul deyil. Olmazmı bir məsələ qaldırılsın və qəzet kağızı yenidən ƏV-dən azad edilən malların siyahısına salınsın?
R.Arifoğlu:
- Çünki çap mediasının vəziyyəti onsuz da pisdir.
Ə.Süleymanov əlavə edir:
- Yeni il ərəfəsində bildiyiniz kimi, ölkədə qəzet kağızı ilə bağlı bir qıtlıq yarandı. Bu da Rusiyada qəzet kağızının qiymətinin artması ilə nəticələndi. Ölkədə qəzet kağızının qiyməti hər tona görə 120 manat artdı. Heç olmasa 18 faizlik ƏDV ləğv olunsa, bu artım da hiss olunmaz və əvvəlki qiymətə qayıdar. Heç olmasa qəzetlərin vəziyyəti bir qədər yüngülləşər.
Ə. Amaşov:
- Bəli, mən bu məsələni parlamentdə dəfələrlə qaldırmışam. Gömrük rüsumu ləğv olundu.
Ə. Süleymanov:
- Bu çox cüzi təsir etdi.
Ə. Amaşov:
- Bu, birinci mərhələ idi. Bu məsələ Mətbuat Şurasını narahat edən məsələdir. Biz müvafiq qurumlar qarşısında məsələ qaldırmışıq, məsələni irəli aparmağa cəhd göstərəcəyik. Çalışacağıq ki, mətbuatın bu problemi də həllini tapsın.
N.Liftiyeva:
- Hazırda mətbuatda belə bir təklif səslənir ki, “Bank Standart”ın əvvəllər Mətbuat Sarayı olan tarixi binası yenidən mətbuata qaytarılsın və orada mətbuat muzeyi yaradılsın. “Yeni Müsavat” qəzetində də bu barədə material dərc olunmuşdu. Bununla bağlı Mətbuat Şurası hansısa iş görürmü? Bu təklifə münasibətiniz necədir?
“Qəzet kağızına tətbiq olunan ƏDV-nin ləğvi də Mətbuat Şurasını narahat edən məsələdir”
- Göründüyü kimi, bina kitab şəklində inşa olunub. Mətbuat üçün ayrıca binanın tikilməsi məsələsi hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə gündəmdə olub. Ancaq vaxt çatmadı, buna nail oluna bilinmədi. Nəhayət, bina ötən əsrin otuzuncu illərində tikildi və Mətbuat Sarayı adlandı. Sonradan orada “Azərnəşr”, həmçinin müxtəlif redaksiyalar yerləşirdi. Daha sonra isə bina “Bank Standart”a verildi. Əgər bu bina mətbuat üçün tikilibsə, nəyə görə onu yenidən mətbuata qaytarmayaq...
A.Ayxan:
- Orada nə planlaşdırırsınız? Mətbuat muzeyi, yoxsa?
Ə.Amaşov:
- Azərbaycan mətbuatı şərəfli yol keçib. Düşünürəm ki, bu yolun geniş təbliği son dərəcə vacibdir. Bu baxımdan binanın muzey kimi fəaliyyət göstərməsi gözəl olardı. Bu öz yerində. Eyni zamanda orada xaricdən gələn jurnalistlər üçün bir mərkəzin də fəaliyyət göstərməsi arzu ediləndir. Məlumdur ki, xarici ölkələrdən Azərbaycanda keçirilən müxtəlif miqyaslı tədbirləri işıqlandırmaq məqsədilə media təmsilçiləri təşrif buyurur. Qeyd etdiyim mərkəzdə onlar peşə fəaliyyətlərini yerinə yetirə bilərlər. Təbii ki, paralel olaraq Azərbaycan mətbuatının tarixini əks etdirən muzey materialları ilə də yaxından tanışlıq imkanı əldə edərlər. Mənim düşüncəm bundan ibarətdir.
R.Arifoğlu:
- Ölkənin gündəmində hər kəsin, o cümlədən medianın həyatına təsir edə biləcək bir hadisə var - prezident seçkisi. Bir media təmsilçisi, uzun müddət Mətbuat Şurasına rəhbərlik etmiş şəxs kimi sizin baxışınız necədir? Azərbaycan mətbuatının təmsilçisi olaraq sizin prezident seçkisinə münasibətiniz necədir?
Ə.Amaşov:
- Müxtəlif rəy sorğularının nəticələri üstünlüyün Azərbaycan prezidentində olduğunu təsdiqləyir. Fərqi yoxdur, Azərbaycanda seçki nə zaman olursa-olsun, birmənalı şəkildə demək olar ki, cənab İlham Əliyevin qalib gəlməsi problem olmayacaq.
Mətbuat Şurası isə prezident seçkisi ərəfəsində media ilə bağlı monitorinqlər keçirəcək, nəticələri ictimaiyyətə açıqlayacaq. Şura həmçinin seçki prosesini izləyəcək. Qurum çalışacaq ki, seçki bu sahədəki qanunvericiliyə uyğun işıqlandırılsın, eyni zamanda jurnalistlərin sərbəst fəaliyyəti də təmin olunsun. Bu, ənənəvi fəaliyyət xəttidir.
“Əgər ”Bank Standart"ın yerləşdiyi bina mətbuat üçün tikilibsə, nəyə görə onu yenidən mətbuata qaytarmayaq"
R.Arifoğlu:
- Necə edək ki, Azərbaycan mediası da bu cür böyük kampaniyalardan faydalansın, siyasi reklam platformasına çevrilib, para qazansın?
Ə.Amaşov:
- Hələ ki namizədlər verilib. Həmin namizədlər haqqında məlumatların ayrı-ayrı kütləvi informasiya vasitələrində verilməsi, əlbəttə, tərəflərin razılığı ilə olan məsələdir. Yəqin ki, Mətbuat Şurasının toplantılarının birində bu məsələni müzakirə edib, nələr edə biləcəyimizi müəyyənləşdirəcəyik. Seçki çox böyük kampaniyadır, media da bu və ya digər mənada, əsasən də iqtisadi baxımdan bu prosesdən faydalanmalıdır.
Ə.Süleymanov:
- Əflatun bəy, dövlət başçısı 2010-cu ildə Mətbuat Şurasının binasının açılışında iştirak edərkən ölkədə reklam bazarının ədalətli bölüşdürülməsi ilə bağlı müəyyən göstərişlər vermişdi. O vaxtdan bu günə qədər 8 il vaxt keçməsinə baxmayaraq hələ də bu məsələdə heç bir irəliləyiş yoxdur. Bununla bağlı nə isə düşünülürmü, hansısa iş gedirmi? 8 ildə niyə hər hansı irəliləyiş yoxdur?
Ə.Amaşov:
- Təəssüf ki, Azərbaycanda reklam bazarı çox kiçikdir. Hətta biz Türkiyədəki təcrübəni Azərbaycana şamil etməyi düşünürdük. Bu ölkədə Basın Elan Kurumu deyilən bir qurum var. Rəsmi qurumların reklamlarının mətbuatda bərabər qaydada bölüşdürülməsinə nəzarət edir. Mən parlamentdə də bir neçə dəfə bu barədə çıxış etdim. İndi də Azərbaycanda reklamla bağlı yeni qurumlar fəaliyyət göstərməyə başlayıb. Əlbəttə, medianın reklam bazarı ilə təmin olunması kifayət qədər ciddi məsələdir. Hələ ki problemlər qalmaqdadır.
Söhbəti qələmə aldı:
Nərgiz LİFTİYEVA
Fotolar: Məhəmməd TÜRKMƏN