Peyğəmbərin vaxtında hamı lüt gəzirdi, çünki... - Tarixçi

22-02-2018, 10:23           

Kult.az hicabın tarixi-dini kökləri mövzusunda Finlandiyada yaşayan araşdırmaçı Güntay Gəncalp Bayındırlı ilə müsahibəni təqdim edir.

– Güntay bəy, hicabın, ümumiyyətlə, qadınların örtünməsinin tarixi kökləri və səbəbləri varmı? Qadınlar başlarını niyə örtürlər?

– Bu mövzu üzərinə tarixçilər araşdırma aparıblar. İlk baş örtüyünün nə zaman ortaya çıxmasıyla bağlı bəzi tarixi bilgilər əldə edilib. Məsələnin kökü bəşəriyyətin klan dövrü həyat tərzinə dayanır. Klan şəklində yaşayan insanların iqtisadi qaynağı ovçuluq idi. Qadınlar da kişilər kimi çalışmaq məcburiyyətindəydilər. Lakin bu dövrün ilk çağlarında insanların bir-biriləriylə əlaqə qurmaları üçün dillər hələ yox idi. Dil çox sonrakı dövrlərin nəticəsidir. Dilin hələ olmadığı klanlar dövründə kişilər ovlayıcı, qadınlar isə ovlanan ovları toplayıcı olaraq çalışırdılar. Baş örtüyü filan da yox idi, çünki insan hələ ip əyirməyi, parça əldə etməyi bilmirdi. Ancaq qadınların doqquz aylıq hamiləlik dövrləri, uşaq doğrduqdan sonra uşağa baxmaları kimi bir məsuliyyətləri vardı. Təbiət bu məsuliyyəti qadınlara yükləmişdi. Çünki uşaq ana südüylə böyüyər. Bu müşkülü necə çözəcəkdilər? Yeni doğmuş qadın uşağı mağarada buraxıb ova gedə bilməzdi. Bu kimi durumları anlada biləcək dil də hələ yox idi. O zaman nə etməli?

– Nə?

– Bu vəziyyətdə qadınlar ovlanmış heyvanın dərisindən baş örtüyü düzəldirdilər. Heyvan dərəsi ilə başını sarıyan qadına yardım etmək gərəkirdi. Başını örtən qadın ova çıxa bilməzdi. Yardıma möhtac olan qadınlar başlarını örtər və klan da qadınların yardıma ehtiyaclarının olduqlarını bu şəkildə anlardı. Sadəcə, qadınlar deyil, kişilər də xəstəlik durumlarında başlarını örtərdilər. Lakin qadınların sırf qadınlıq durumlarından qaynaqlanan xəstəlik, uşaq doğma, uşağa baxma kimi vəziyyətləri daha yayğın idi. Tarixdə ilk hicanın bu şəkildə meydana gəldiyi bildirilir.

– Bəs sonrakı dövrdə necə olub?

– Qadının doqquz ay hamilə qalması, ya da bir neçə il ard-arda dünyaya gətirdiyi uşaqlara baxması lazım idi. Bu dövrdə uşağın sadəcə anası var, atası yoxdur. Uşağın atası klandakı bütün kişilərdir. Çünki bu dövr poliqamiya dövrüdür. Yəni bir kişi bütün klan qadınları və bir qadın da bütün klan kişilərinə aiddir. Poliqamiya və ya çox ər-arvadlılıq dövrü adlanan bəşəriyyətin bu mərhələsində uşaq anasını tanıyarkən, atasını tanıya bilməzdi. Bu üzdən qadınlar daha çox uşaqlarla zaman keçirirdilər. Ard-arda doğan qadın 7-8 il mağarada və çevrəsində başını örtərək zaman keçirməliydi. Başını örtən məsul qadınların uzun zaman bir yerdə yaşamaları iki böyük kəşfə yol açdı. Çünki mağarada qadınların boş vaxtları olurdu və bu boş vaxtda uşaqlara baxmaqla yanaşı bir işlər də etməliydilər. Bol zamanları vardı. Beləlikə, qadınlar ovlanan heyvanların yunundan və tüklərindən ip əyirməyi kəşf etdilər. Çünki uzun zaman bir yerdə oturmaq onları əl işləri ilə məşğul olmağa təhrik edirdi.

İp əyirmək tarixdə böyük dəyişiklik yaradan bir kəşf idi. Bir də qadınlar əkinçiliyi kəşf etdilər. Yerə atdıqları toxumların yazda bar verdiyini gördülər və buna davam etdilər. Bu şəkildə ip əyirmə və əkinçilik qadınların kəşfi olaraq tarixə girdi. Bu kəşflərlə tarix və sosial həyat alt-üst oldu. Bu iki kəşf bəşər tarixinin ilk sosial inqilabını yaratdı. Klanların böyük toplumlara çevrilib, dillərinin gəlişməsi də bu iki kəşfdən sonra ortaya çıxdı. Soyuqdan qorunmaq və əkinçilik hesabına bir ölkəyə bağlılıq duyğusu yarandı. Bu üzdən “ata dili” deyil, “ana dili” kimi bir anlayış da tarixə girdi. Çünki klan həyatı dövründə kişilər uzaqda-yaxında ovçuluqla məşğul olaraq mağaraya qida gətirərəkən, qadınlar uşaqları böyüdürdü. Bu gəlişmələrin əsasında qadınlar, daha doğrusu, başlarını örtən qadınlar durub.

– Belə çıxır ki, ilk baş örtüyünün heç bir dini əsası yoxdur?

– Əlbəttə! Hicabın həyatda qala bilmək üçün iqtisadi səbəbi var idi. Dinlər minillər sonradan ortaya çıxdı. Baş örtüyü zərurəti ilk olaraq ortaya çıxanda nə din, nə də dil vardı.

– Bəs sonrakı dövrlərdə hicab niyə tarixdən silinmədi?

– Hicab taxan qadınlar, sadəcə özləri üçün bir iş görməzdilər. Klandakı xəstələrə, ov zamanı vəhşi heyvanlar tərəfindən yaralananlara da xidmət edərdilər. Hicab xidmət etmək rəmzinə dönüşmüşdü. Hicabın xidmət etmə rəmzinə dönüşməsinin çox köklü tarixi var idi. Klan dövründən günümüzə qədər xəstəyə, yaralıya baxan qadınlar fərqli şəkillərdə hicab taxıblar. Bəşəriyyətin sonrakı inkişaf dövrlərində hicab bu ilk tarixi xatirəsini tərk etməmişdi. Məsələn, şumerlər dövründə hər qadının hicab taxma haqqı yox idi. Ancaq aristokrat və tapınaqlarda Allaha xidmət edən qadınlar baş örtüyü geyərdilər. Xüsusən, bəzi qadınlar günahdan arınmaq üçün fahişəlik edərdilər və ancaq günahlardan arınmaq üçün Allah yolunda fahişəlik edən qadınların hicab taxma haqları var idi. Bu haqda Şumer həyatını anladan qədim “Qılqamış” kitabında məlumat var.

– Artıq bu dövrdə uşaq atasını da tanıyırdımı?

– Ailə sosiologiyasında üç dövr olub: poliqamiya, dualqamiya və moniqamiya. Yalnız birinci dövrdə uşaq atasını tanımayıb. Poliqamiya dövrü qadınmərkəzli, dualqamiya dövrü kişimərkəzli tarixi dövrlərdir. Poliqamiya dövrü qapandı və dualqamiya dövrü başladı. Bu dövrdə bir kişinin maddi və fiziki gücünə görə saysız qadını ola bilərdi. Moniqamiya dövrü modern bir hadisədir. İslamda belə moniqamiya dövrünə aid əlamət yoxdur. Ona görə də çoxqadınlılıq İslamda da davam edir. Afrikanın, Hindistanın, Avstraliyanın yerli qəbilələrində çoxərlilik də davam etməkdədir. Tarixdə qəbilələr, topluluqlararası savaş başladıqdan sonra çoxqadınlılıq sosial bir ehtiyac olaraq meydana çıxdı.

– Bunun səbəbi nə idi?

– Çünki düşmən qarşısında savaşacaq əsgər lazım idi. Bütün dastanlarda, mifologiya kitablarında, elə Quranda da bu sosial ehtiyac haqda bəhs olunub. Quranda bir kişinin dörd qadınla və saysız cariyyələrlə evlənə bilməsinin də səbəbi budur. O zaman ərəblərin sayı çox az idi. Bizans və Sasani dövlətləri arasında sıxışıb qalmışdılar. Dövlət qura bilmələri üçün ərəblərin sayı artmalıydı. İslamdan sonra fəthlər adına böyük yağmalar əldə edib zənginləşən ərəblər Quranın dediyi kimi saysız qadınlarla evləndilər. Hz. Məhəmmədin zamanında sayları təqribən yüz min olan ərəblər çox qısa müddətdə milyonları aşıb keçdilər. Bu nüfus artışı olmasaydı, imperatorluqlar qura bilərdilərmi? İmperatorluq üçün gənc adamlar lazım idi. Savaşan ordular olmasa, imperatorluq qurularmı? Ona görə qədim mətnlərdə çox qadınla evlənmək ölkəyə, mənsub olduğun xalqa böyük xidmət olaraq görünüb. Çünki ölkənin qorunmasında və düşmən qarşısında güvənliyin bərqərar olmasında çox qadınla evlənib çoxlu uşaq sahibi olan kişi böyük xidmət etmiş olurdu.

– Tariximizdə də buna bənzər hadisə olubmu?

– “Kitabi-Dədə Qorqud” əsərində bu mövzuya işarə edilib. Dövlət başçısının kimin uşağının olub-olmaması ilə maraqlanması indi bizim üçün mənasız görünə bilər. Ancaq “Qorqud” dastanında dövlət başçısı kimin uşağının olub-olmamasıyla maraqlanır. Bunun bir səbəbi var. Çünki dövlət öz xalqının sayını artırmaq istəyir. Demək, nüfus azlığı var. İqtisadi-hərbi işlərdə çalışacaq gənclər azdır. Bu üzdən də “Qorqud” əsərində xanlar xanı Bayındır Xan oğlu-qızı olmayanı dəyərsiz adam olaraq görür. Çünki oğlu-qızı olmayan dövlətinə heç bir xidmət edə bilməz. “Oğlu-qızı olmayanı qara çadırda oturdun. Altına qara qoyunun qara yunundan düzəldilmiş qara keçə sərin. Önünə qara qoyunun qara ciyərindən qovrulmuş qovurtmac qoyun. Yersə yesin, yeməz isə durub getsin”, - deyir.

– Maraqlıdır ki, buraya qədər danışdıqlarınızda dinin heç bir rolu hiss olunmur...

– Doğrudur. Qadının fiziki özəlliyinə görə iqtisadi və sosial inkişaf tarixində ona bir rol yüklənib. Yüzillər boyunca qadın ölkə və savaşlar üçün uşaq dünyaya gətirən makina kimi görünüb. Dinlər sonradan ortaya çıxdı. Din də sosial bir fenomendir və dinlərin ortaya çıxıb sosial olayları təsiri altına aldığında istər-istəməz qadınlar məsələsinə də öz münasibətini bildirməliydi. Heç bir din qadınlara “başınızı açın!” deməyib. Qadınların başlarını örtməsi iqlimdən, sosial və iqtisadi vəziyyətdən asılı olan bir durum olub. Qadınların başlarını örtüb-örtməmələri Allahın problemi ola bilməz. Elə bir Allah təsəvvür etmək doğru deyil.

– Yəni hicab dindarların təsvir etdiyi kimi əxlaqi və dini səciyyə daşımayıb.

– Bəli, daşımayıb. Qadın istədiyi vaxt başını açardı və başını açması da bir günah və törələrin qanunlarını pozmaq kimi bir davranış olaraq qəbul edilməzdi. Avropada aydınlanma hərəkatının başlamasıyla qadınlar da kişilərin və kişimərkzəli din anlayışının əsarətindən azad olmaq üçün böyük mübarizə apardılar, ədəbiyyat və elm sahələrinə atıldılar. Siyasətlə məşğul olmaq üçün çalışdılar. Sənayeləşmə və texnologiyanın inkişafı qadınların sosial həyata girmələrinə imkan yaratdı. Baş örtüyü məsələsi kişilərin qadınlara zorla sırıyacağı məcburiyyət şəklindən çıxdı. Sadəcə, mədəni, siyasi baxımdan geri qalan və öz tarixlərinin qoxuşmuş bataqlığında gömülü qalan bəzi müsəlman ölkələri və xalqları üçün hələ də qadın insan olaraq görünmür. Daş-qalaq edilir, bütün haqlarından məhrum buraxılır.

– Qadın-kişi arasındakı problemləri çözməyə çalışan Hz.Məhəmməd niyə qadın və kişiləri ibadət sırasında bir-birilərindən ayırdı? Bir yerdə ibadət etmək daha yaxşı olmazdımı?

– Ərəblərin geyimi və paltarları elə durumdaydı ki, rüku və səcdə etdiklərində kişilərin və qadınların cinsi orqanları görünürdü. Bu da ibadət sırasında diqqətləri yayındırırdı. Bunun üçün öncə qadınların ayrılması düşünüldü. Hətta ilk ayələr qadınların örtünməsiylə bağlı deyil, kişilərin öndən və arxadan göbək altılarını, ayıb yerlərini örtmələriylə bağlıdır. Tarix kitablarında Peyğəmbərin də üzərində heç bir geyim olmayacaq şəkildə çılpaq olduğu yazılır.

– Maraqlıdır, Peyğəmbər niyə çılpaq olub?

– Tarix kitablarında və İslam tarixi rəvayətlərində belə yazılır: “Peyğəmbərlikdən öncə idi. Kəbə evi uçaraq daşları yerindən oynamışdı. Kəbənin təmiri sırasında Abdullah oğlu Məhəmməd də orada bulundu. Bütün qəbilələr Kəbənin təmirində qatqıda bulunsunlar və ixtilaf çıxmasın deyə, sonralar peyğəmbər olacaq Abdullah oğlu Məhəmməd daşı sərt bir palazın üzərinə çəkib, birlikdə qaldırmağı təklif etdi. Amma necə palaz? Hər kəs üzərindəki cübbəsini çıxarıb bir-birinə düyünlədi. Hər kəs tam lüt vəziyyətdəydi. Daşı yerinə yerləşdirdikdən sonra hər kəs, o cümlədən Abdullah oğlu Məhəmməd də cübbəsini geyindi.

– Peyğəmbər dönəmində örtünmənin necə olduğu haqda tarixi bilgilər mövcuddurmu?

– Qədim dövrləri insan fərqində olmadan öz dönəminin təsiriylə dəyərləndirir. Bu an hər kəsin 2-3 alternativ geyimi var. Birindən xoşlanmazsa, digərini seçər. Peyğəmbər dönəmində həddindən artıq yoxsulluq vardı. Belə ki, Quran “Mücadilə” surəsinin 3 və 4-cü ayələrində bir günahın kəffarəsini 60 acı doyurmaq olaraq dəyərləndirər. Aclıq səviyyəsində yoxsulluq vardı. O zaman bu yoxsul miskin insanlar üzərlərini örtəcək paltarı haradan alacaqdılar? Bu, müsəlmanların və xalqın çox yoxsul durumda olmasının göstəricisidir. Geyim bir yana dursun, insanlar yeyəcəklərini tapa bilmirdilər. Özəlliklə geyim qiymətləri çox bahaydı. Hələ kölələr lap çılpaq vəziyyətdəydilər. Geyim probleminin yayğın olması nədəniylə Quran “Maidə” surəsinin 89-cu ayəsində imkanlıların hər on yoxsulu geyindirmələrini tövsiyə edər. Burada kimsə Quranın geyindirmək olaraq anlatdığı bilgini bədənin hər tərəfini örtəcək paltar olaraq anlaya bilər, ancaq kəsinliklə belə deyil. Burada örtünmə deyərkən bir parçacıq qumaşla, ancaq qadın və kişinin övrətlərini – cinsi yerlərini örtmələri nəzərdə tutulub. Çünki başqa surələrdə bu mövzu açıqca bəyan edilib. Geyim sorunları üzündən həm kişi, həm də qadının cinsi orqanları açıqda qalaraq, cinsi təhriklərə yol açır, uyğun olmayan cinsi ilişkilərə səbəb olurdu. Hz. Məhəmmədin zamanında ərəb sosial gerçəkliyi bu şəkildə idi.

Belə bir yoxsulluq və məhrumiyyət mühitində İslamın doğuşu zamanı müsəlmanların hicab qumaşı tapma imkanları yox idi. Günümüzdə hicab da bir moda olub. Hicab reklamları gedir. Sanki o dövrdə də belə olub deyə kimsə yanlış xəyala qapılmamalıdır. Kölələr və kənizlər tamamən lüt idilər. Digər tərəfdən, Ərəbistanın isti iqlimi də çılpaqlıq kültürünü şəkilləndirmişdi. İmkanlılar da isti hava şəraitinə görə paltar çılpaq və yarıçılpaq dolaşırdılar. Peyğəmbər dönəminə aid hicab və örtü örnəkləri haqqında heç bir dəqiq bilgi və bəlgə yoxdur. Çünki örtü haqqında olan bilgilər vəfatından 200 il sonra yaranıb və bu haqda mövcud olan hədislərin mübahisəli olduqları üzərinə ortaq görüş var. 200 il sonra həyat və rifah səviyyəsi işğallar və qənimətlər dolayısıyla dəyişib. Saxta hədislər də bu dəyişimdən sonra ortaya çıxmışdı. İşğallar və əldə edilən qənimətlərə görə dəyişən geyim forması Peyğəmbər dönəmində əsla mövcud olmayıb.

(Ardı var)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.